Məhkəmə qərarları › İş №2-1(103)-4879/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4879/2025

05.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4879/2025 05.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (üçüncü şəxs "xxxx" MMC, Nəsimi Rayon İcra Hakimiyyəti) qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6650/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Notarial qaydada təsdiq edilmiş müqavilədən görünür ki, "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış müqaviləyə əsasən Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli qərarının icrası ilə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 16 oktyabr 2017-ci il tarixli sərəncamına əsasən Bakı şəhərinin Nəsimi rayonu da daxil olmaqla abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yeni binalaların inşa edilməsi və qəzalı olan binalarda yaşayan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuş, MMC-ilə binaların inşası ilə əlaqədar yerli icra hakimiyyəti orqanı arasında müqavilə bağlanılmışdır. İddiaçının da qəzalı vəziyyətdə olan, mülkiyyət hüququ mövcud olmuş qeyri-yaşayış sahəsinin söküntüsü əvəzinə ümumi sahəsi 110 kv.m sahənin iddiaçıya tikilərək təhvil verilməsi müqavilə ilə razılaşdırılmışdır.

2. MTK-nın ümumi yığıncağının qərarından çıxarışdan, təhvil təslim aktı və maliyyə arayışından görünür ki, 110 kv.m ölçüdə qeyri-yaşayış sahəsi iddiaçıya verilmiş, buna dair təhvil-təslim aktı tərtib edilmişdir. MTK-ya iddiaçının hər hansı borcunun olmadığı da təsdiq edilmişdir.Məhkəmənin binada mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaısna dair sorğusuna cavab olaraq Cavabdehin 19 mart 2025-ci il tarixli məktubu ilə mənzil və qeyri-yaşayış sahələrinə dair çıxarışları təqdim etmişdir.

3. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən binaya dair hər hansı sənəd, sərəncam aşkar edilməmişdir.

4. Ali Məhkəmənin 16 may 2023-cü il tarixli qərarından görünür ki, İddiaçı cavabdehlər X1 və qeyrisinə, eləcə də sonuncunun cavabdeh İddiaçı qarşı iddia məhkəmənin icraatında olmuş, məhkəmə mübahisəsi hal-hazırkı 110 kv.m qeyri-yaşayış sahəsinin 41 kv.m hissəsi ilə əlaqədar olmuş, İddiaçı həmin hissədə cavabdehlərin istifadəyə maneə olması, həmin hissəyə istifadəsində olmalı olmasına dair iddiası həmin hissə üzrə təmin edilmişdir. Birinci instansiya məhkəməsinin həmin iş üzrə qətnaməsində qeyd edilir ki, qeyri-yaşayış sahəsinin əvəzi olaraq MTK tərəfindən verilmiş qərar, maliyyə arayışı, mübahisəli qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun tanınması üçün əsasdır. Müqavilə bağlanılmış, hansı hissədə sahənin iddiaçıya təhvil verilməli olması aydın göstərilmişdir. "xxxx" MMC-nin nümayəndəsinin izahatında da, qeyriyaşayış sahəsinin iddiaçıya təhvil verildiyi qeyd edilmişdir. Müayinə aktından görünür ki, faktiki sahə 106 kv.m təşkil edir.

5. 23 oktyabr 2017-ci il tarixli müqavilədən görünür ki, Nəsimi Rayon İcra Hakimiyyəti və "xxxx" MMC arasında bağlanılmış həmin müqaviləyə əsasən sökülən binaların əvəzində yeni binaların inşa edilməsi və binada yaşayan şəxslərə təhvil verilməli olması barədə razılaşma əldə edilmişdir.

6. Nəsimi Rayon İcra Hakimiyyətinin 16 oktyabr 2017-ci il tarixli sərəncamından görünür ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 02 sentyabr 2017-ci il tarixli məktubu, Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli qərarı nəzərə alınmaqla yaşayış və qeyriyaşayış binalarının layihələndirilməsi və sökülərək inşa ediləcək ərazidə torpaq sahəsinin "xxxx" MMC-nin istifadəsinə verilməsi qərara alınmış və bina üzrə ərazi planlaşdırma sənədləri təsdiq edilmişdir.

7. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 05 sentyabr 2017-ci il tarixli məktubundan görünür ki, yeni inşa edilmiş binanın eskiz layihəsinə rəy bildirilməsinə dair məktubuna əsasən eskiz razılaşdırılmışdır.

8. MTK-nın 06 may 2025-ci il tarixli məktubundan görünür ki, əvəzlənmə yolu ilə qeyriyaşayış sahəsinin verilməsinə dair öhdəlik tərəflər arasında müqavilədə öz əksini tapmışdır.

9. Nəsimi Rayon İcra Hakimiyyətinin 08 avqust 2018-ci il tarixli sərəncamından görünür ki, binanın tikintisinə Nazirlər Kabinetinin müvafiq qərarı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılaşma məktubu, FHN-nin Tikintidə Təhlükəsizliyə X4 rəyi nəzərə alınmaqla razılış verilmiş, məlumatların reyestr və kodlaşma üçün Komitəyə təqdim edilməsinin təmin edilməsi qərara alınmışdır.

10. Obyektin tikintisinə icazə sənədindən görünür ki, binanın tikintisinə icazə verilmişdir.

11. TikintidəTəhlükəsizliyə X4 rəyindən görünür ki, binaya dair aidiyyəti tikinti layihəsi üzrə rəy təqdim edilmişdir.

12. Nəsimi Rayon Məhkəməsini 24 iyun 2025-ci il tarixli qərardadından görünür ki, əmlak üzərində məhdudiyyət götürülmüşdür.

a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsinə çıxan hissədə ümumi sahəsi 106 kv.m qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeyd edilməklə çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı bildirir ki, Nazirlər Kabinetinin qərarına uyğun olaraq Nəsimi Rayon İcra Hakimiyyətinin sərəncamı əsasında iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi sökülərək əvəzində "xxxx" MMC-nin tikinti apardığı yerdə ümumi sahəsi 110 kv.m qeyri yaşayış sahəsinin verilməsi öhdəliyə götürülmüş, notariat qaydada müqavilə bağlanılmışdır. Hal-hazırda həmin sahə qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərir.

15. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, çoxmənzilli binanın istismara qəbul aktı, razılaşdırılmış layihə təqdim edilməmişdir. Bundan əlavə, Nəsimi Rayon İcra Hakimiyyətinin icra vərəqəsi əsasında əmlak üzərində qadağa mövcuddur. Bundan əlavə qeyri-yaşayış sahəsinin ölçüsü 106 kv.m təşkil edir.

16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6650/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

17. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

18. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, qeyd olunan qeyri-yaşayış sahəsi üzərində Nəsimi Rayon Məhkəməsinin e-MTT(006)-112/2022 №-li, xx.xx.2022-ci il tarixli icra vərəqəsi əsasında qadağa qoyulmuşdur. Belə ki, qadağanın götürülməsi barədə xx.xx.2025-ci il tarixli qərardad iddiaçı tərəfindən məhkəməyə təqdim edilsə də, idarəyə rəsmi qaydada daxil olmamışdır. Əlavə olaraq bildiririk ki, Azərbaycan RespublikasıAli Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-1842/2023 saylı qərarında iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən halların araşdırılması əsas kimi qəbul edilmişdir. Faktiki vəziyyətdə isə müvafiq ünvanda yerləşən "xxxx" MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasında hər hansımənzil və ya qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün Azərbaycan RespublikasıAli Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-1842/2023 saylı qərarında qeyd edilən bərabərlik və etimadın qorunması prinsipinin tətbiqi mümkün olmamışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binası da 2019-cu ildən sonra tikilmişdir, onda ortaya çıxan vəziyyət ondan ibarətdir ki, iddiaçıya məxsus qeyriyaşayış sahəsinin yerləşdiyi çoxmənzilli yaşayış binası faktiki olaraq istismara qəbul edilmiş, sadəcə olaraq müəyyən səbələrdən İstismara qəbul Aktı əldə oluna bilməmişdir. Üstəlik də ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi "xxxx" MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasında hazırda təxminən 200 ailə yaşayır (iddiaçının özü də həmin binada yaşayır), həmçinin də 40-45 ədəd qeyriyaşayış obyekti fəaliyyət göstərir. Həmin evlər və obyektlər yaşayış və istifadə üçün zəruri olan kommunal xidmətlərdən də qanuna müvafiq şəkildə istifadə edir. Həmçinin də qeyri-yaşayış obyektləri aidiyyatı vergi orqanında qeydiyyatdan keçərək dövlət büdcəsinə vergiləri ödəyirlər. İddiaçıya məxsus qeyri-yaşayış obyekti hazırda tam qanuni şəkildə vergi orqanından kod əldə edərək ticarət fəaliyyəti göstərir. Bütün bunlar bir daha onu təsdiq edir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi çoxmənzilli yaşayış binası Dövlət tərəfindən faktiki olaraq istismara qəbul edilmişdir. Əks təqdirdə sözügedən binada təxminən 200 nəfərin yaşamasına müvafiq dövlət orqanları icazə verməzdilər.

c) Proses iştirakçılarının izahatları

20. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili Siracəddiin Kərimov iddia tələbinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkləməsinin qərarının qüvvədə saxlanmasını xahiş etmişdir.

21. Cavabdeh təşkilat məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə kollegiyası apellyasiya şikayətinə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

22. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

23. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)

28. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 22-24-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

29. Belə ki, iddiaçı Bakı ş, Nəsimi r, Mirəli Qaşqay küçəsinə çıxan hissədə ümumi sahəsi 106 kv.m qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeyd edilməklə çıxarışın və texniki pasportun verilməsini tələb edir.

30. Cavabdeh orqan isə çoxmənzilli binanın istismara qəbul aktının, razılaşdırılmış layihənin təqdim edilmədiyini, Nəsimi Rayon İcra Hakimiyyətinin icra vərəqəsi əsasında əmlak üzərində qadağa qoyulduğunu və qeyri-yaşayış sahəsinin ölçüsünün 106 kv.m təşkil etdiyini bildirərək, imtina cavabı vermişdir.

31. İşin apellyasiya baxışı zamanı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən bildirilir ki, qeyd olunan ünvanda pilot layihə çərçivəsində "xxxx" MMC tərəfindən tikinti işləri davam etdirilir. Tikinti işləri şirkət tərəfindən tam başa çatdırıldıqdan və Fövqəladə Hallar Nazirliyi tərəfindən yaşayış kompleksinin istismara hazırlıq aktı, habelə digər müvafiq sənədlər Rayon İcra Hakimiyyətinə təqdim edildikdən sonra sözügedən yaşayış binasına dair tikinti obyektinin istismara icazə sənədi MMC-yə təqdim ediləcəkdir.

32. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli sorğuya cavab məktubuna əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 55 kv.m təşkil edən qeyri-yaşayış sahəsi xx.xx.2019-cu il tarixdə "xxxx" Kiçik Müəssisəsinin adına qeydiyyata alınmışdır.

33. Belə ki, iş materiallarında olan müqavilə, protokoldan çıxarış, maliyyə arayışı və təhvil təslim aktından görünür ki, qeyri yaşayış sahəsi tikintini həyata keçirən şəxs tərəfindən tikilərək iddiaçıya təhvil verilmişdir. Eyni zamanda həmin qeyri-yaşayış sahəsinə iddiaçının mülkiyyət hüququnun yaranmasının əsasları məhkəmə qərarları ilə də öz təsdini tapmışdır. Belə ki, qərarlarda qeyd edilir ki, əvvəlki qeyri-yaşayış sahəsinin əvəzi olaraq MTK tərəfindən verilmiş qərar, maliyyə arayışı, mübahisəli qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun tanınması üçün əsasdır. Nəzərə alınmalıdır ki, eyni MTK tərəfindən eyni ünvanda inşa edilmiş qeyri-yaşayış sahəsi üzərində DƏDRX-də mülkiyyət hüququ qeydiyyata alınmışdır. Bu isə bərabərlik prinsipi baxımından iddiaçının tələbini əsaslı edir.

34. Eyni zamanda iddiaçının qeyri-yaşayış sahəsinin yerləşdiyi əvvəlki binanın sökülməsi dövlət və ictimai məqsədlərə xidmət etmiş, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yeni binalaların inşa edilməsi və qəzalı olan binalarada yaşayan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə yerli icra hakimiyyəti orqanının sərəncamı əsasında həyata keçirilmişdir.

35. Odur ki, cavabdeh təşkilat qeyd olunan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasına dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi ilə bağlı gətirdiyi arqumentləri əsassızdır.

36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

37. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6650/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6650/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar