Məhkəmə qərarları › İş №2-1(103)-488/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-488/2021

16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-488/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı vəkili Vəkil (Xırdalan şəhər Vəkil Bürosu) iştirakı ilə, İddiaçı ( xx.xx.1962-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəh., Təzə Corat qəs., məh. 74, ev 116 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-2759/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı xx xxxxxx 2020-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun DT-İ 772175 saylı xx.xx.1982-ci il tarixli diplomunda qeyd edilmiş xx.xx.1978- xx.xx.1982-ci ilə kimi olan təhsil müddəti sosial sığorta stajına daxil olunaraq, ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iş üzrə məhkəmə qərarının icra ediləcəyi günədək alınmamış pensiya məbləğinin hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, xx.xx.1978-xx.xx.1982-ci illərə kimi SSRİ Yollar Nazirliyinin Bakı Dəmiryol Nəqliyyatı texnikumunda “Dəmir yollarının elektrikdartma təsərrüfatı” ixtisası üzrə təhsil almış, xx.xx.1982-xx.xx.1984-cü illər ərzində hərbi xidmətdə olmuşdur. xx.xx.1982-ci il tarixdən etibarən əmək fəaliyyətinə başlamaqla müxtəlif müəssisələrdə işləmişdir. Məhkəməyə təqdim etdiyi diplomdan, hərbi biletdən və əmək kitabçasından da görünür ki, iddiaçının təhsil müddəti, hərbi xidmət müddəti də daxil olmaqla və müxtəlif vəzifələrdə çalışmaqla xx.xx.2006-cı il tarixədək olan müddət üçün, ümumilikdə, 25 ildən artıq sosial sığorta stajı var və bu müddətin 12 il 6 aydan artıq bir müddətini güzəştli şərtlərlə pensiya hüququ verən əmək şəraitində işləmişdir. İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ərizə ilə rəsmi qaydada müraciət edərək, ona güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh təşkilat onun müraciətini təmin etməmiş və güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyinatı üçün tələb olunan 25 ildən az ümumi iş stajının olduğunu və xx.xx.1986-cı il tarixdən indiyədək "Azərkimya” İB-nin “Etilen-Polietilen" zavodunun Dəmir yolu xəttində teplovoz maşinisti, teplovoz maşinisti köməkçisi işlədiyi sahənin dəmir yolu nəqliyyatına aid olmadığını göstərmişdir. Hesab edilir ki, cavabdeh DSMF-nin Xüsusi şərtlərlə təyinat idarəsinin iddiaçıya güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etməsi, tamamilə, qanunsuz və əsassızdır. Həmçinin, bu imtina iddiaçının sosial təminat kimi konstitusion hüquqlarını kobud şəkildə pozur. Belə ki, onun müraciətinə baxılması ilə əlaqədar cavabdeh təşkilat tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21, 24, 28, 45 və 61-ci maddələrinin tələblərinə tam əməl olunmamışdır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə baxılarkən xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının "Vətəndaşların pensiya təminatı haqqında” xx.xx.1992-ci il tarixli Qanununun tələblərinə istinad edilməlidir. Cavabdeh DSMF-nin Xüsusi şərtlərlə təyinat idarəsi iddiaçının 1978-1982-ci illər ərzində təhsil aldığı müddəti nəzərə almır. Şifahi olaraq ona bildirilir ki, həmin illərdə məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmadığı üçün tərəflər arasında qarşılıqlı hüquq münasibətləri yaranmamışdır. Halbuki, iddiaçı xx.xx.1978-xx.xx.1982-ci illər ərzində SSRİ Yollar Nazirliyinin Bakı dəmiryol nəqliyyatı texnikumunda “Dəmir yollarının elektrikdartma təsərrüfatı” ixtisası üzrə təhsil almış və bu müddət qanunun tələbinə görə sığorta stajına daxil edilməlidir. Bunun üçün kifayət qədər əsaslar vardır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq xx xxxxxx 2016-cı il tarixədək 25 il ümumi sosial sığorta stajı olmuşdur və bu müddətin 12 il 6 ayını güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı təşkil edir. Belə ki, iddiaçı qeyd edilən 12 il 6 ay ərzində “Azərkimya” İB-nin keçmiş “Sintezkauçuk” zavodunda (indiki “Etilen-Polietilen” zavodu) teplovoz maşinisti və teplovoz maşinistinin köməkçisi işləmiş, hazırda da həmin yerdə işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 saylı siyahının 28-ci bölməsinin 23001000-14241 saylı şifrinə əsasən iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməlidir. Lakin cavabdeh təşkilat qanuni pensiya təyinatından yayınmaq üçün istənilən növ bəhanələrdən istifadə edir. O, cümlədən, iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli imtina məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin sıyahısı”na istinad edərək göstərmişdir ki, onun işlədiyi “Azərkimya” İB-nin keçmiş “Sintezkauçuk” zavodunun (indiki “Etilen-Polietilen” zavodunun) dəmiryol sexi (nəqliyyatı) dəmiryol nəqliyatına aid deyil. Halbuki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinin tələbinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Belə olan halda, iddiaçıya pensiya təyin olunarkən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu və xx.xx.2006-cı ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 saylı siyahı tətbiq edilməlidir. xx.xx.2020-ci il tarixdə cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək,iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-2759/2020 nömrəli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-2759/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Sumqayıt ŞPİ QŞVŞ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, yaşayış yeri üzrə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.1962-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. - İddiaçıya məxsus ДT-İ seriyalı, 772175 saylı diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1978-ci ildə SSRİ Yollar Nazirliyinin Bakı X1 daxil olmuş və 1982-ci ildə həmin texnikumun “Dəmiryollarının elektrikdartma təsərrüfatı“ ixtisası üzrə tam kursunu bitirmişdir. - “xxxx” ASC tərəfindən verilmiş 093 saylı, xx.xx.2019-cu il tarixli arayışda göstərilmişdir ki, İddiaçı xx.xx.1981-ci ildə 3 nömrəli Evtikmə Kombinatının sabiq 3 nömrəli İripanellərdən Evtikmə zavodunun Betonqarışdırma qovşağında fəhlə kimi işə qəbul edilmiş ( Əmr № 103k xx.xx.1981-ci il) və xx.xx.1982-ci ildə ordu sıralarına çağırılması ilə əlaqədar işdən azad edilmişdir (əmr № 224k xx.xx.1982-ci il). Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 414 saylı xx xxxxxx 1993-cü il tarixli sərəncamı ilə 3 №-li Evtikmə Kombinatı Sumqayıt İcarə Evtikmə Kombinatı adlandırılıb. Azərbaycan Respublikası Dövlət X7 üzrə Dövlət Komitəsinin 66 saylı xx xxxx 2006-cı il tarixli sərəncamı ilə Sumqayıt İcarə Evtikmə Kombinatı «xxxx» ASC-yə çevrilmişdir. Arayış İT-1 № ******* saylı əmək kitabçası əsasında tərtib edilib, tələb edilən yerə təqdim edilmək üçün verilir. - SOCAR “Azərkimya” İB “Etilen-polietilen” zavodu tərəfindən verilmiş 222 saylı, xx.xx.2019-cu il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1986-xx.xx.1988-ci illərdə “Azərkimya” İB-nin “Sintezkauçuk” zavodunun nəqliyyat sexində teplovoz maşinistinin köməkçisi vəzifəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarının 28-ci bölməsinin 23001000 – 14241 şifrinə əsasən 2 saylı siyahıda sadalanan teplovoz maşinistinin köməkçisi istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. SOCAR “Azərkimya” İB “Etilen-polietilen” zavodu tərəfindən verilmiş 223 saylı, xx.xx.2019-cu il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1988-xx.xx.1994-cü illərdə “Azərkimya” İB-nin “Sintezkauçuk” zavodunun dəmiryolu sexində lokomativ maşinistinin köməkçisi, teplovoz maşinisti vəzifələrində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarının 28-ci bölməsinin 23001000 – 14241 şifrinə əsasən 2 saylı siyahıda sadalanan teplovoz maşinistinin köməkçisi və teplovoz maşinisti istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. - SOCAR “Azərkimya” İB “Etilen-polietilen” zavodu tərəfindən verilmiş 224 saylı, xx.xx.2019-cu il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1994-xx.xx.2005-ci illərdə “Azərkimya” İB “Etilen-polietilen” zavodunun dəmiryolu sexində teplovoz maşinisti (peşəsində, vəzifəsində) işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarının 28-ci bölməsinin 23001000 – 14241 şifrinə əsasən 2 saylı siyahıda sadalanan teplovoz maşinistləri istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. - SOCAR “Azərkimya” İB “Etilen-polietilen” zavodu tərəfindən iddiaçının vəkilinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 3104/0N-06-1928 saylı məktubda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 saylı siyahının XXVİİİ (Nəqliyyat) bölməsinə əsasən dəmiryol nəqliyyatı, dəmiryol lokomativ briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçiləri, həmçinin teplovoz maşinistləri və maşinist köməkçiləri güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Müəssisə tərəfindən İddiaçı verilmiş arayışlardan və özünün əmək kitabçasından göründüyü kimi İddiaçı müəssisənin dəmiryol nəqliyyatını təmin edən Dəmiryolu sahəsində teplovoz maşinisti və maşinist köməkçisi peşələrində çalışmışdır. - İddiaçıya məxsus olmaqla xx.xx.1985-ci ildə açılmış İT-İ seriyalı ******* saylı əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1982-ci il tarixədək Cəfərov adına Azərbaycan dəmiryolu Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi vəzifəsində işləmiş, xx.xx.1982-xx.xx.1984-cü illərdə Sovet Ordusunda hərbi xidmət keçmiş, xx.xx.1985-xx.xx.1994-cü illərdə Sumqayıt Sintetik Kauçuk zavodunda (SSRİ Neft-Kimya Sənaye Nazirliyinin xx.xx.1987-ci il tarixli, 20 saylı əmrinə əsasən zavodun adı “Sintezkauçuk” İstehsalat Birliyi adlandırılmışdır) tərtibaçının 4-cü dərəcəli köməkçisi, teplovozun maşinist köməkçisi, dəmiryolu lokomotivinin maşinist köməkçisi, teplovoz maşinisti, xx.xx.1994 - xx.xx.2002-ci illərdə Sumqayıt Etilen-Polietilen zavodunun dəmiryolu sexində teplovoz maşinisti, xx.xx.2002- ci il tarixdən xx.xx.2011-ci il tarixədək isə zavodun 51 saylı dəmiryolu sexində teplovoz maşinisti vəzifələrində işləmişdir. - NZ seriyalı, ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1982- xx.xx.1984-cü illərdə Sovet Ordu sıralarında xidmət keçmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********5 saylı, xx xxxxxx 2019-cu il tarixli məktubda iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat hissəsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər (214) bəndində teplovoz, elektovoz maşinistləri və maşinist köməkçiləri nəzərdə tutulmuşdur. İdarəyə təqdim edilmiş əmək kitabçasında xx.xx.1986-cı il tarixindən bu günədək “Azərkimya” İB-nin “Etilen-Polietilen” zavodunun Dəmir yolu sexində teplovoz maşinisti, teplovoz maşinist köməkçisi işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahə dəmiryol nəqliyyatına aid deyil. Bundan başqa onun x xxxxxx 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 9.1 -ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2007-ci il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 12 il 06 aylıq güzəştli iş stajına malik deyildir. Belə ki, onun iş materiallarına əsasən onun işlədiyi sahə üzrə teplovoz maşinisti və maşinist köməkçisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıda nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”nın XXVİİİ. Nəqliyyat bölməsinin 23001000—14241 şifr kodu altında “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri” vəzifələri göstərilsə də, hazırkı iş üzrə iddiaçının çalışdığı vəzifələr dəmiryolu nəqliyyatı sahəsinə aid deyildir. Əlavə olaraq, məhkəmə kollegiyası qeyd edir ki, işin apellyasiya icraatı zamanı iddiaçının vəkili xx.xx.2021-ci il tarixdə məhkəməyə vəsatət təqdim edərək, iddiaçı ilə eyni sahədə və eyni peşədə işləmiş və Dövlət Sosial Müdafiə Fondu tərəfindən barələrində eyni əsaslarla güzəştli şərtlərlə pensiya təyinatı aparılmış şəxslər: X2, X6 və X3 məxsus pensiya işlərinin Dövlət Sosial Müdafiə Fondundan tələb olunaraq hazırkı iş üzrə müqayisə edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən vəsatət rədd edilmişdir. Həmçinin iş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş 093 saylı, xx.xx.2019-cu il tarixli arayışda İddiaçı xx.xx.1981-ci ildə 3 nömrəli Evtikmə Kombinatının sabiq 3 nömrəli İripanellərdən Evtikmə zavodunun Betonqarışdırma qovşağında fəhlə kimi işə qəbul edilmiş ( Əmr № 103k xx.xx.1981-ci il) və xx.xx.1982-ci ildə ordu sıralarına çağırılması ilə əlaqədar işdən azad edilməsi göstərilmişdir (əmr № 224k xx.xx.1982-ci il). xx.xx.1985-ci ildə açılmış İT-İ seriyalı ******* saylı əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1982-ci il tarixədək Cəfərov adına Azərbaycan dəmiryolu Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi vəzifəsində işləmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, arayışda iddiaçının № 224k , xx.xx.1982-ci il tarixli əmrlə işdən azad edildiyi qeyd edilsə də , əmək kitabçasına əsasən onun xx.xx.1982-ci ildən Cəfərov adına Azərbaycan dəmiryolu Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi vəzifəsinə qəbul edildiyi göstərilmişdir. Göründüyü kimi , “xxxx” ASC tərəfindən verilmiş 093 saylı, xx.xx.2019-cu il tarixli arayışı ilə əmək kitabçası arasında ziddiyyət mövcuddur. Həmçinin, müvafiq arayışda arayışın İT-1 № ******* saylı əmək kitabçası əsasında tərtib edildiyi qeyd edilsə də, iş materiallarında göstərilən əmək kitabçasının surəti iş materiallarında mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-2759/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-2759/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar