Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-488/2025 11.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-293/2023 saylı, 20 aprel 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Birinci instansiya məhkəməsində aparılan icraat İddiaçı 11 iyun 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********1060 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Türkiyədən və Özbəkistandan müxtəlif çeşidli xalça malları alaraq, topdan və pərakəndə satış vasitəsilə ticarət fəaliyyəti aparır. Malların satışı zamanı demək olar ki, mallar pərakəndə satış vasitəsilə həyata keçirilir. Az miqdarda və təsadüfən alış məqsədi ilə hüquqi şəxslər müraciət edir. Hər bir şəxsə elektron qaimə-faktura təqdim edilməsi qeyri-mümkündür. Belə ki, hər bir şəxs vergi ödəyicisi olmur. Xalça mallarının satışı anbarda və anbara yaxın yerdə elektron kassa aparatı vasitəsilə həyata keçirilir. Cavabdeh iddiaçının pərakəndə satdığı xalça mallarının alıcılarının vergi ödəyicisi olmasını müəyyən etməmişdir. Qanunvericiliyin tələbinə görə, alıcı tərəf əgər vergi ödəyicisi olarsa, iddiaçı, o halda elektron qaimə-faktura təqdim etməli idi. Lakin iddiaçı hər-hansı bir sifariş əsasında vergi ödəyicisi olan hüquqi şəxsə xalça mallarını satmamış, bu səbəbdən də, elektron qaimə-faktura təqdim etməyə lüzum olmamışdır. Bakı İnzibati Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2-1(112)-293/2023 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsində aparılan birinci icraat: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi ödəyicilərinə münasibətdə vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamalarının keçirilməsi zamanı vergi orqanları qanunauyğun və əsaslı qərarın qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları da aydınlaşdırmağa borcludurlar.Belə ki, Vergi Məcəlləsinin 36.2-ci maddəsinin tələbinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.Bu tələb həmçinin "İnzibati icraat haqqında Qanunun 24.2-cü maddəsində də təsbit olunmuşdur. Bundan başqa, həmçinin qeyd edilməlidir ki, qanunvericiliklə pərakəndə satış zamanı təqdim edilə bilən mallar hər hansı say həddi və ya həcmi ilə məhdudlaşdırılmamışdır.Bu baxımdan, topdansatış fəaliyyətinin pərakəndə fəaliyyətdən fərqləndirilməsi zamanı yalnız malların say həddinə və ya həcminə istinad olunması qanuna ziddir.Qanunvericilik vergi ödəyicisinə eyni təsərrüfat subyektində malların həmpərakəndə, həm də topdansatış qaydasında təqdim edilməsini qadağan etmir və yalnız malların mədaxilinin və məxaricinin uçotunun ayrılıqda aparılmasını elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Cavabdeh etirazının şikayətinin əsası kimi iddiaçı tarafindan malların alıcıya satışının son istehlak məqsədi üçün deyil, sahibkarlıq fəaliyyəti məqsədləri üçün hayata keçirildiyini bildirsə də, həmin halı sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə vergi ödəyiciləri, eləcə də onlar tərəfindən iddiaçıdan elektron-qaimə faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına daxil olmuş hər hansı şikayət və müraciət barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Başqa sözlə, cavabdeh vergi orqanı iddiaçı tərəfindən nəzarət kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satılmış malların əslində topdansatış qaydasında satılmasını iddia etsə də, bu halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir.Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi hüquq pozuntusu hadisəsi mövcud olmamışdır.İddiaçının pərakəndə satış ilə satdığı malların dövriyyəsi vergi orqanı əməkdaşla tərəfindən əsassız və qanunsuz olaraq topdansatış kimi qəbul edilsə də, malları alan şəxslərin həmin malları məhz sahibkarlıq fəaliyyəti məqsədləri üçün aldıqları faktları sübuta yetirilməmişdir. ("Pərakəndəticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası"na dair Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli Fərmanı). Həmçinin, malların pərakəndə ticarət qaydasında satışını hayata keçirən iddiaçı həmin malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış vǝ eyni zamanda hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Cavabdeh etirazının şikayətinin əsası kimi iddiaçı tarafindan malların alıcıya satışının son istehlak məqsədi üçün deyil, sahibkarlıq fəaliyyəti məqsədləri üçün hayata keçirildiyini bildirsə də, həmin halı sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə vergi ödəyiciləri, eləcə də onlar tərəfindən iddiaçıdan elektron-qaimə faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına daxil olmuş hər hansı şikayət və müraciət barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Başqa sözlə, cavabdeh vergi orqanı iddiaçı tərəfindən nəzarət kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satılmış malların əslində topdansatış qaydasında satılmasını iddia etsə də, bu halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir.Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi hüquq pozuntusu hadisəsi mövcud olmamışdır.İddiaçının pərakəndə satış ilə satdığı malların dövriyyəsi vergi orqanı əməkdaşla tərəfindən əsassız və qanunsuz olaraq topdansatış kimi qəbul edilsə də, malları alan şəxslərin həmin malları məhz sahibkarlıq fəaliyyəti məqsədləri üçün aldıqları faktları sübuta yetirilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 2- 1(103)-2925/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2-1(112)-293/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində aparılan icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 799/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 2-1(103)- 2925/2023 nömrəli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun və Vergi Məcəlləsinin tələblərinin pozulması hallarına hərtərəfli qiymət vermədən vergi orqanının mübahisələndirilən qərarının qanuni olması nəticəsinə gəlmişdir. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi hazırkı qərarda əks olunan hüquqi mövqeni nəzərə almaqla mübahisələndirilən qərarın qanuniliyinə qiymət verməlidir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu, birincii nstansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, kassasiya instansiya məhkəməsinin mövqeyini nəzərə alaraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********9865 nömrəli qərarı ilə iddiaçıya məxsus obyektdə xx.xx.2021-ci i tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) Vergi Məcəlləsinin 23, 41 və 50-ci maddələrinə əsasən operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”a əsasən, iddiaçıya məxsus obyektdə növbədənkənar operativ vergi nəzarəti keçirilməsi barədə qərar reyestrdə qeydiyyata alınmış və yoxlamanın təyin edilməsinin əsası kimi Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə istinad edilmişdir. xx.xx.2021-ci il tarixli 001604 saylı operativ vergi nəzarətinin nəticəsi haqqında Aktda iddiaçıya məxsus obyektdə 13.998.829,93 manat dəyərində malın elektron qaimə- faktura təqdim edilmədən, başqa sözlə, Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozulmaqla topdansatış qaydasında satılması faktının aşkar olunduğu qeyd edilmişdir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsinə dair qərarını onunla əsaslandırmışdır ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən, plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas kimi Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə əsasən vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qeyd edilən məlumat qismində plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas kimi vergi orqanının elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı üzrə əldə edilən məlumat çıxış etmişdir. Odur ki, məhkəmə operativ vergi nəzarətinin təyin edilməsi zamanı vergi orqanı tərəfindən hüquqlarından sui-istifadə halını müəyyən etmir. Bundan əlavə, qanunvericilik pərakəndə və topdansatış ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddini nəzərdə tutmamışdır. Lakin bu hal, təsərrüfat subyektlərində bir malın eyni vaxtda toplu halında satılması və ya təqdim edilən malın növü, dəyəri nəzərə alındıqda, bu fəaliyyətin topdansatış ticarət fəaliyyəti kimi qiymətləndirilməsinə mane hesab olunmamalıdır. İşin hallarından bəllidir ki, iddiaçı xalça mallarının təqdim edilməsini həyata keçirmişdir. Anbar təsərrüfat subyektində nəzarətkassa aparatının quraşdırılmasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçıya nəzarətkassa aparatının quraşdırılması özlüyündə vergi ödəyicisi kimi onun üzərinə fəaliyyət növünün dəyişdirilməsi ilə bağlı tədbirlərin də görülməsini qoyur. Hazırkı iş üzrə iddiaçı bilavasitə iddiasında topdansatış əməliyyatı həyata keçirdiyini etiraf etsə də, elektron qaimə-fakturaların təqdim edilməməsi səbəbini alıcıların özlərini vergi ödəyicisi qismində təqdim etmədiklərini, lakin vergi ödəyicisi olan iddiaçının yenə də satdığı malları NKA-ya vurmaqla vergidən yayınmadığı, satdığı mallara görə müvafiq vergiləri ödədiyindən maliyyə sanksiyasının tətbiqini əsassız hesab edir. Məhkəmə iddiaçının mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, yuxarıda da göstərildiyi kimi, Vergi Məcəlləsinin 58.13-cü maddəsi bilavasitə malları təqdim edən şəxsə - satıcıya münasibətdə tətbiq edilən vergi məsuliyyəti normasıdır. Bu normanın məqsədi satıcını vergi məbləğinin ödənilməsindən yayınmağa görə deyil, bilavasitə vergi hüquqpozmasına şərait yaradan halların aradan qaldırılmasına, həmin hallardan çəkinməyə, vergi orqanında vergi uçotunda durmayan şəxslərin bilavasitə qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa məcbur edilməsinə xidmət edir. Üstəlik qanunverici bu vəzifənin icrasını bilavasitə vergi orqanının uçota aldığı vergi ödəyicisinə həvalə edir. Bu baxımdan, vergi ödəyicisi olan iddiaçının VÖEN təqdim etməyən alıcılara münasibətdə mal alışını yalnız nəzarət kassa aparatına daxil etməsi onu VM-nin 58.13-cü maddəsinin müəyyən etdiyi məsuliyyətdən azad etmir. Buna baxmayaraq, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC-nin kassa çekləri üzrə cəmi 10.629.986,94 manat ƏDV əsasən vergi ödəyicisi kimi qeydə alınmış eyni şəxslər tərəfindən geri qaytarılmışdır (qeyd edilən siyahı vergi orqanı tərəfindən məhkəməyə təqdim edilərək iş materiallarına əlavə edilmişdir). Odur ki, vergi orqanı həmin malların məhz vergi ödəyicisi kimi qeydə alınmış şəxslərə elektron qaiməfaktura təqdim edilmədən mal təqdim edilməsi qənaətinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə eyni zamanda qeyd edir ki, fəaliyyət növü saxlama və anbarlara yığma olan təsərrüfat subyektinin 30 dəqiqə ərzində 50.000-60.000 manat dəyərində olan malların ayrı-ayrı çeklərlə pərakəndə qaydada satılması inandırıcı deyil. Bundan başqa, o da nəzərə alınmalıdır ki, qeyd edilən dövrdə malların satışı ölkə ərazisində pandemiya ilə bağlı ticarət mərkəzlərinin açıq şəkildə fəaliyyət göstərmədiyi dövrə təsadüf edir. Bu isə qeyd olunan malların faktiki olaraq topdansatış qaydasında satılması anlamına gəlir. Bu mənada məhkəmə razılaşır ki, operativ vergi nəzarəti zamanı nəzarət kassa aparatı məlumatlarına əsasən malların alışının elektron qaimə-faktura təqdim edilmədən nəzarət kassa aparatına vurulmaqla keçirilməsi halı müəyyən edilmiş və bu səbəbdən, cavabdeh vergi orqanı 13.998.829,9 manat məbləğində NKA-ya mədaxil edilən malın dəyərinin 10 faizi həddində maliyyə sanksiyası tətbiq etmişdir. Odur ki, operativ vergi nəzarəti tədbiri nəticəsində cavabdeh tərəfindən 1.399.882,9 manat maliyyə sanksiyasının tətbiq edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu məhkəmə araşdırması nəticəsində sübut edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərar işin bütün hallarına ətraflı qiymət verilmədən qəbul edildiyi üçün ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: (operativ vergi yoxlaması keçirilən zaman qüvvədə olan redaksiya) Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri (maddə 50.1.1-50.1.14) əhatə edən vergi nəzarəti formasıdır. ..... 50.1.13. Malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi; 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları ... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İş materiallarından müəyyən edilir ki, vergi orqanı iddiaçı barəsində “operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərar qəbul edilmişdir. Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən, malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. Göründüyü kimi, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilibedilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərardan müəyyən edilir ki, operativ yoxlamanın müddəti 17 may 2021-ci ildən 15 iyun 2021-ci ilədək müddəti əhatə etmişdir. Lakin işin hallarından isə müəyyən edilir ki, nəzarət tədbiri zamanı tədbir anında olan deyil, yoxlama başlananadək olan əməliyyatlar əsasında da iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Göründüyü kimi, vergi orqanı operativ vergi nəzarətinin faktiki olaraq həyata keçirilmədiyi dövr üzrə həyata keçirilən əməliyyatlara görə iddiaçıya maliyyə sanksiyası tətbiq etmişdir. Formalaşmış məhkəmə təcrübəsini nəzərə alan Kollegiya bildirir ki, cavabdehin 17 may 2021-ci ildən 15 iyun 2021-ci ilədək olan dövrlər istisna olmaqla, əvvəlki dövlər üzrə aparılmış əməliyyatlar əsasında hesablanmış maliyyə sanksiyası qanunsuz olmuşdur. Operativ vergi yoxlamasının keçirilməli olduğu 17 may 2021-ci ildən 15 iyun 2021-ci ilədək dövr üzrə isə Kollegiya aşağıdakıları qeyd edir: Məhkəmənin sorğusuna əsasən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanan 21 fevral 2025-ci il tarixli sorğuya cavab məktubundan və əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, operativ vergi nəzarətinin həyata keçirildiyi xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə nəzarət kassa aparatına 760839,79 manat məbləğində mədaxil edilmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən, bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Sadə riyazı hesablama ilə müəyyən edilir ki, operativ vergi yoxlamasının keçirildiyi dövr üzrə cavabdehin tətbiq etməli olduğu maliyyə sanksiyasının məbləği 76.083,979 (760839,79*10%) manat olmalıdır. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməli, digər hissələrə münasibətdə isə rədd edilməlidir. Beləliklə, qeyd edilənlərə məcmu halında qiymət verən Kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********1060 nömrəli qərarı iddiaçıya tətbiq olunan maliyyə sanskiyasının 76.083,979 manat hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti qismən təmin edilsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-293/2023 saylı, 20 aprel 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********1060 nömrəli qərarı cavabdehə tətbiq olunmuş maliyyə sanksiyasının 76.083,979 manat hissəsi istisna olmaqla qalan hissədə ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-488/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-488/2025
11.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver