Məhkəmə qərarları › İş №2-1(103)-4883/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4883/2025

06.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(103)-4883/2025 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X1 və Ismayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçı İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “bağ-torpaq sahəsinə plan ölçünün verilməsi” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2024-cü tarixli, 003013060826 reyestr və ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında iddiaçı X2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən və sahəsi 1005.0 kv.m olan *** saylı bağ sahəsinə dair plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin (hakim Aygün Əhədova) e-*-*(***)-*****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Hazırda həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün işin Bakı Inzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin mübahisəsiz faktiki hallarından göründüyü kimi, ##.##.1967-ci il təvəllüdlü Hüseynov Mehman Mehrac oğlu Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən və sahəsi 1005.0 kv.m olan *** saylı bağ sahəsini məhkəmə qərarı əsasında öz adına özəlləşdirib. Nəticədə ona Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ##.##.2024-cü tarixli, 003013060826 reyestr və ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilib. Bundan sonra o, torpağını satmaq qərarına gəlib və həmin torpaq sahəsini * saylı Bakı "ASAN Xidmət" Mərkəzində Notariat ofisində bağlanan ##.##.2024-cü il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında iddiaçı İddiaçı satıb. Iddiaçı həmin müqavilə əsasında sözügedən torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması üçün qanunamüvafiq qaydada səlahiyyətli dövlət orqanına müraciət etmiş, buna müvafiq olaraq ona ##.##.2024-cü tarixli, 003013060826 reyestr və ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış verilmişdir. Daha sonra adıçəkilən torpaq sahəsinin plan və ölçüsünün tərtib olunması üçün ##.##.2025-ci il tarixli, ********** nömrəli ərizə ilə cavabdehə müraciət etmişdir. Təəssüflər olsun ki, DƏDKR ##.##.2025-ci tarixli məktubla torpaq sahəsinə dair plan və ölçünün verilməsindən imtina etmişdir. Bu məktub əsasında məlum oldu ki, torpaq sahəsinin əvvəlki mülkiyyətçisi - Hüseynov Mehman Mehrac oğlu tərəfindən də DƏDKR-ya müraciət edilib və ona ##.##.2024-cü tarixli məktubla torpaq sahəsinə dair plan və ölçünün verilməsindən imtinaya dair cavab verilmişdir. Ümumiyyətlə, bu imtina qanunsuz və əsassız olmaqla cavabdehin formal bəhanələrindən ibarətdir. Buna görə də torpaq sahəsinə plan və ölçü sənədinin verilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Təəssüf ki, məhkəmə işin həqiqi hallarına düzgün hüquqi qiymət verməyib. Nəticədə, Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-*****/**** saylı qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Təbii ki, məhkəmənin iş üzrə gəldiyi yekun nəticə mülkiyyət hüquqlarının tam şəkildə icra olunmasına ciddi şəkildə maneə yaradıb. Çünki işə baxan məhkəmə ilkin iddianın verilməsindən sonra keçən zaman ərzində əvvəlki mülkiyyətçinin "bağ-torpaq sahəsinə plan ölçünün verilməsin"də icra qaydasında atdığı hüquqi addımlara cavabdeh tərəfindən biganə yanaşılmağı, ona əsassız və qanunsuz yerə maneələrin yaradılmasına dair iş materiallarında mövcud olan hüquqi və faktiki əsasları nəzərə almayıb. Cavabdeh məhkəmənin yekun və qanuni qüvvəli qərarını və yuxarı instansiya məhkəməsinin bu məsələ ilə bağlı qəbul etdiyi çoxsaylı qərarlarını gözardı edərək, qanunsuz əməllərinə davam edir. Bu isə birbaşa olaraq iddiaçının hüquq və qanuni mənafelərinin kobud şəkildə pozulmasına səbəb olur. Məhkəmənin mövqeyinə görə, iddiaçının hüquqi marağı qanuni qüvvəyə minmiş məhkəmə qərarının tam şəkildə icrasına nail olmaqdan ibarət olduğundan iddiaya ayrıca iddia icraatında baxılması mümkün hesab olunmur. Yəni mövcud mübahisə icra qaydasında həll olunmalıdır. Lakin əfsuslar olsun ki, nə məhkəmə, nə də cavabdeh orqan üzərinə düşən vəzifələri layiqli bir şəkildə icra etmir. Ümumiyyətlə, cavabdehin qanunsuz əməllərinə son qoyulması üçün yeganə çıxış yolunu universal müdafiə vasitəsi olan məhkəməyə müraciət etməkdə görür. Lakin işə baxan məhkəmə pozulmuş hüquq və qanuni mənafeyinə biganə qalaraq, işin mahiyyətindən kənar qanunsuz və ədalətsiz qərardad qəbul edib. Birinci instansiya məhkəməsi mübahisəyə yanlış nöqteyi nəzərdən yanaşaraq, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edib. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli *-**/*-*-F- ***/**** nömrəli əmri ilə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra-DƏDKR) publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Apellyasiya baxışı zamanı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi onun hüquq varisi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Iddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, IPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Işin faktiki hallarından görünür ki, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarının icrası ilə əlaqədar olaraq cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, *** saylı bağ sahəsi üzərində Hüseynov Mehman Mehrac oğlunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilmişdir. Daha sonra həmin torpaq sahəsi satıcı Hüseynov Mehman Mehrac oğlu tərəfindən ##.##.2024-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən alıcı İddiaçı satılmışdır. Hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və o, həmin torpaq sahəsinə plan-ölçünün verilməsini xahiş edir. Göründüyü kimi, cavabdeh tərəfindən məhkəmə qərarının icrası çərçivəsində torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsa da, torpaq sahəsinin plan-ölçüsü tərtib edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik normaları daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatını həmin əmlakın müvafiq əlamətlərini özündə əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsi ilə şərtləndirir. Hazırkı işin hallarına görə isə daşınmaz əmlakın dövlət reyestrində məhkəmə qərarına əsasən müvafiq qeydiyyat aparılsa da, həmin torpaq sahəsinin planı və ölçüsünün tərtib olunması təmin edilməmişdir. Halbuki şəxsin daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması üçün ilk əvvəl onun təqdim etdiyi hüquqmüəyyənedici sənəd əsasında torpaq sahəsinin planı və ölçüsü tərtib edilir, daha sonra isə hüququ qeydə alınaraq bu barədə şəxsə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilir. Qeyd edilməlidir ki, plan və ölçü çıxarış verilən torpaq sahəsinin identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) əks etdirən texniki sənəd olmaqla, çıxarışla birlikdə vahid sənəd kimi qiymətləndirilməlidir. Buna görə də daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı barədə çıxarış verilirsə, həmin çıxarışı verən cavabdeh eyni zamanda həmin çıxarışın ayrılmaz hissəsi olan, barəsində çıxarışın verildiyi daşınmaz əmlakı eyniləşdirən plan-ölçü sənədinin verilməsini də təmin etməlidir. Daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması üçün ilkin olaraq torpaq sahəsinin planı və ölçüsü tərtib edildiyi və bundan sonra hüququn qeydə alınması barədə müvafiq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verildiyi üçün, habelə hazırkı iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında hüququn qeydiyyatı həyata keçirildiyindən torpaq sahəsi ilə bağlı plan və ölçünün tərtib edilməsi həmin qərarın icrası qaydasında vahid şəkildə həll edilməlidir. Əks halda qərar tam icra edilmiş hesab edilə bilməz. Belə olan halda hazırki iddia tələbi əslində əvvəlki qərarın tam şəkildə icrasına yönəldiyindən iddiaya ayrıca iddia icraatında baxılması mümkün hesab olunmur. Iddiaçı qeyd olunan məhkəmə qərarının tam icra olunması üçün qərarı qəbul etmiş məhkəməyə ərizə ilə müraciət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” * nömrəli, ## ##### 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. Işin araşdırılması prinsipi bu hallara da şamil olunur. IPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. IPMin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.1. Iddia mümkün sayılmadıqda məhkəmə IPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 11. Inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. 12. Inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar