Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4889/2025 15.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə təyin olunmuş əmək pensiyası üzrə ötən dövr üzrə yaranmış fərq məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X6 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9545/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. Şuşa rayon Qeydiyyat şöbəsi tərəfindən 24 may 2023-cü il tarixdə verilmiş AZ-İİ № 347828 “Ölüm haqqında şəhadətnamə”dən müəyyən olunur ki, X5 xx.xx.1992-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1992-ci ilin 08-ci ayının 07-cı günündə 69 № ilə qeyd edilmişdir.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixli 3- 25/2- 8/1699-2023 №li məktubu ilə Müdafiə Nazirliyi xətti ilə pensiya təyin olunması üçün kiçik leytenant X3 aid MN-11459 №li “Məlumat vərəqi” Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir.
3. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-15941/2023 №-li qərarın surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanun 20.17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Ötən dövr üzrə hesablanmış pensiya məbləğləri: xx.xx.2020-xx.xx.2023 (10463.61 manat).
4. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 10 mart 2025-ci il tarixli 3- 17-1/2-B-58256/2025 №li imtina məktubunda qeyd olunmuşdur ki, “... Siz 05 iyul 2023-cü il tarixində Mərkəzi Filiala ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunması üçün müraciət etmisiniz. Bununla əlaqədar olaraq, Sizə 28 iyul 2023-cü il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.17-ci maddəsinin 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, şəhid X2 vaxtilə xidmət keçdiyi sonuncu vəzifə üzrə müvafiq təminat xərcliyinin (757,00 manat) 80 faizi-605,60 manat məbləğində (maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi və 2023-cü ildə indeksləşdirilmə nəzərə alınmaqla 764,09 manat) ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilib. Eyni zamanda, keçmiş üç il müddət üçün hesablanmaqla sizə ödənilməli olan 10463,61 manat pul vəsaiti müəyyən edilib. Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. Göründüyü kimi, qanunvericiliyə əsasən alınmamış əmək pensiyasının məbləği ən çoxu üç il üçün hesablanaraq ödənilir. Həmin vəsait xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində hissə-hissə (hər ay 3487,87 manat) əmək pensiyanızın üzərinə əlavə edilməklə müvafiq kart hesabınıza köçürülüb. Əlavə olaraq bildiririk ki, müraciətinizdə qeyd etdiyiniz “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 184-İİİQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının 19 oktyabr 2007-ci il tarixli 462-İHQD nömrəli Qanununun 17-ci bəndinin birinci abzasına əsasən qüvvədən düşmüşdür. Məlumat üçün bildiririk ki, Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyalarının 2024-cü ildə və növbəti dəfə cari ildə indeksləşdirilməsi ilə əlaqədar pensiyanız hazırda 918,49 manat məbləğində müəyyən edilməklə sizə ödənilir”.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 1992-ci ildən etibarən indiyədək ödənilməmiş hərbi qulluqçu olan ailə başçısını itirməyə görə pensiya fərqinin hesablanaraq tam şəkildə ödənilməsi öhdəliyinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın üzərinə üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1992-ci il tarixində Şuşa uğrunda döyüşlərdə şəhid olmuş əri X1 ailə üzvü kimi 1993-cü ildən etibarən ailə başçısını itirməyə görə pensiya alır. Ərinin hərbi qulluqçu kimi şəhid olması faktının uzun illər boyunca tanınmaması səbəbilə ona müvafiq qanunvericiliyə əsasən təyin edilməli olan pensiya təminatı verilməmişdir. O, bir neçə dəfə Müdafiə Nazirliyinə və aidiyyəti qurumlara müraciətlər etsə də, yalnız 2023-cü ildə Müdafiə Nazirliyi tərəfindən ərinin hərbi qulluqçu olması rəsmi olaraq təsdiq edilmiş, ona Dövlət Sosial Müdafiə Fondu tərəfindən hərbi qulluqçu olan ailə başçısını itirməyə görə pensiya təyin edilmiş və son üç ilin pensiya fərqi ona ödənilmişdir. Təyin edilməli olan pensiya təminatının verilməməsi müvafiq inzibati orqanın təqsiri üzündən baş verdiyindən ödənilməyən pensiya təminatı yalnız əvvəlki üç ilə görə deyil, keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilməlidir. Məsələ ilə əlaqədar ünvanladığı müraciətə cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə imtina verilmişdir.
7. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, İddiaçı Mərkəzi Filiala müraciət edərək ona 1992-ci il tarixdən hal-hazıradək ödənilməmiş əmək pensiyası fərqinin hesablanaraq ödənilməsini xahiş etmişdir. Mərkəzi Filialın müraciətə cavab olaraq iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 3-17-1/2-B-58256/2025 nömrəli imtina məktubunda bildirilmişdir ki, ona 1992-ci il tarixdən hal-hazıradək ödənilməmiş əmək pensiyası fərqinin hesablanaraq ödənilməsi aşağıda qeyd olunan əsaslarla qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. İddiaçı 5 iyul 2023- cü il tarixində Mərkəzi Filiala ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. Bununla əlaqədar olaraq, ona 28 iyul 2023-cü il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.17-ci maddəsinin 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, şəhid X2 vaxtilə xidmət keçdiyi sonuncu vəzifə üzrə müvafiq təminat xərcliyinin (757,00 manat) 80 faizi-605,60 manat məbləğində (maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi və 2023-cü ildə indeksləşdirilmə nəzərə alınmaqla 764,09 manat) ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda, keçmiş üç il müddət üçün hesablanmaqla iddiaçıya ödənilməli olan 10463,61 manat pul vəsaiti müəyyən edilib. Qanunun 32.1- 1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. Göründüyü kimi, qanunvericiliyə əsasən alınmamış əmək pensiyasının məbləği ən çoxu üç il üçün hesablanaraq ödənilir. Həmin vəsait xx.xx.2023- xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində hissə- hissə (hər ay 3487,87 manat) iddiaçının əmək pensiyasının üzərinə əlavə edilməklə onun müvafiq kart hesabına köçürülmüşdür. İddiaçının inzibati orqana müraciətində qeyd etdiyi “Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanunu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 184-İİİQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında" Azərbaycan Respublikasının 19 oktyabr 2007-ci il tarixli 462-İİİQD nömrəli Qanununun 17- ci bəndinin birinci abzasına əsasən qüvvədən düşmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020- ci il tarixli qərardadında kollegiya qeyd edir ki, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmlaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında da istər inzibati orqanlara, istərsə də vətəndaşlara münasibətdə konkret hərəkətlərin müəyyən edilmiş müddətlər daxilində edilməsini tələb edən normalar mövcuddur. Odur ki, kollegiya hesab edir ki, yeni tənzimləmə həm də hüquqi müəyyənliyi və sabitliyi təmin etməyə dair əsaslı legitim məqsədə də xidmət edir. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarından göründüyü kimi 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017- ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9545/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
9. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, iddiaçının pensiya hüququ 1992-ci ildən yarandığından, onun ailə başçısını itirməyə görə pensiya hüququ ilə bağlı mübahisə Əmək pensiyaları haqqında" Qanunun 32.1- 1-ci maddəsinin tələbləri əsasında deyil, iddiaçının pensiya hüququnun yarandığı zaman qüvvədə olmuş "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Qanunun müddəaları əsasında həll edilməlidir. İddiaçı dəfələrlə Müdafiə Nazirliyinə və aidiyyəti qurumlara müraciətlər etsə də, yalnız 2023-cü ildə Müdafiə Nazirliyi tərəfindən həyat yoldaşının hərbi qulluqçu olduğu rəsmi olaraq təsdiq edilmiş və bundan sonra ona Dövlət Sosial Müdafiə Fondu tərəfindən hərbi qulluqçu olan ailə başçısını itirməyə görə pensiya təyin edilmiş, həmçinin, son üç ilin pensiya fərqi ona ödənilmişdir. Halbuki, "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 49-cu maddəsinə əsasən, pensiyanı təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilməlidir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmuşdur. Etiraz iddiaya dair etiraza uyğun əsaslandırılmışdır.
c) Proses iştirakçılarının izahatları
12. Məhkəmədə cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləi baxımından məhkəmə kollegiyası iclası iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 3. Əmək pensiyası təminatı hüququ. 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4. Əmək pensiyasının növləri və tərkibi. 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: ... 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası .... Maddə 14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri. ... 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə;
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
16.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 17.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-ci maddələrinə əsasən)
19. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 13-15-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
20. Belə ki, iddiaçı ona 1992-ci ildən etibarən indiyədək ödənilməmiş hərbi qulluqçu olan ailə başçısını itirməyə görə pensiya fərqinin hesablanaraq tam şəkildə ödənilməsini tələb edir.
21. Cavabdeh orqan isə şəhid X4 vaxtilə xidmət keçdiyi sonuncu vəzifə üzrə müvafiq təminat xərcliyinin (757,00 manat) 80 faizi-605,60 manat məbləğində (maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi və 2023-cü ildə indeksləşdirilmə nəzərə alınmaqla 764,09 manat) ailə başçısını itirməyə görə əmək pensiyası təyin edildiyini, keçmiş üç il müddət üçün hesablanmaqla sizə ödənilməli olan 10463,61 manat pul vəsaiti müəyyən edildiyini və həmin vəsaitin xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində hissə-hissə (hər ay 3487,87 manat) əmək pensiyasının üzərinə əlavə edilməklə ödənildiyini bildirərək, imtina cavabı vermişdir.
22. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 12 dekabr 2025-ci il tarixli sorğuya cavab məktubuna əlavə edilmiş “məlumat vərəqələrinin” təsdiq olunmuş kserosurətlərindən görünür ki, xx.xx.2018-ci il tarixli məlumat vərəqəsinə 640 manat, xx.xx.2023-cü il tarixli məlumat vəqəsinə əsasən 757 manat pul təminatı hesablanmışdır.
23. İş materiallarından göründüyü kimi iddiaçı 5 iyul 2023-cü il tarixində Mərkəzi Filiala ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. İddiaçıya hərbi qulluqçu olan ailə başçısını itirməyə görə pensiya təyin olunması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən “Məlumat vərəqi” xx.xx.2023-cü il tarixdə cavabdeh inzibati orqana göndərilmiş və sonuncu tərəfindən də xx.xx.2023-cü il tarixdə, ona 3 (üç) il geriyə, yəni xx.xx.2020-ci il tarixdən hesablanmaqla müvafiq pensiya təyin olunmuşdur.
24. Lakin Bakı Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərilən sorğunun cavabından məlum olmuşdur ki, şəhid Nasir Hüseynqulu oğlunun barəsində məlumat vərəqəsi xx.xx.2023-cü ildən başqa həmçinin xx.xx.2018-ci ildə də tərtib edilərək DSMF-yə göndərilmişdir.
25. Nəzəri cəhətdən belə hesab edilir ki, şəhid Nəsir Hüseynqulu oğlunun barəsində xx.xx.2018-ci ildə məlumat vərəqəsi tərtib edilməklə mərhumun kiçik leytenant hərbi rütbəsi tanındığı vaxtdan onun həyat yoldaşına çatışmayan pensiya məbləği xx.xx.2018-ci ildən 3(üç) il geriyə hesablanmaqla ödənilməlidir. X10 haqqında Qanunun 37.7-ci maddəsinin tələbləri baxımından keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən isə pensiyanın ödənilməsi üçün ərizənin verilməsi mütləqdir.
26. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir.
27. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
28. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
29. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9545/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9545/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.