Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-489/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X10 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxs Q.Əliyevin nümayəndəsi X12, Üçüncü şəxs X.Məmmədovanın vəkili Vəkil iştirakları ilə, İddiaçı “AYF” Beynəlxalq Kompaniyasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxslər X8 və X13 qarşı torpaq sahəsinə dair qeydiyyatların reyestrdən silinməsi, reyestrdən çıxarışların və texniki sənədlərin ləğv edilməsi barədə inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5510/2020 saylı qərardadından iddiaçı apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı “AYF” Beynəlxalq Kompaniyası cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxslər X8 və X13 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ərazi orqanında dövlət aktı qeydiyyatı kitabında xx xxxxxx 2004-cü il tarixli 7747 nömrə ilə dövlət qeydiyyatına alınmış və “AYF” Beynəlxalq Kompaniyasına verilmiş JN12xx xxx 30800001 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı” ilə onun qanuni sahibliyi və faktiki istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəzulzadə qəsəbəsində yerləşən faktiki 0,20 ha ərazidəki torpaq sahəsinin 0,06 ha ölçüdə olan hissəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində x xxxxxx 2019cu il tarixdə X4 adına aparılmış ilkin qeydiyyatın, xx xxxxxx 2020-ci il tarixdə X9 adına aparılmış təkrar qeydiyyatın və xx xxxxxx 2020-ci il tarixdə X6 adına aparılmış təkrar qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrindən silinməsinin və qeydiyyatdan silinmənin hüquqi nəticələrinin tətbiqinin verilmiş reyestrdən çıxarışların və texniki sənədlərin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5510/2020 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim R.Kərimli). Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq əsassız qərardad qəbul etmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan ekspert rəyinə qiymət verməmişdir. Subyektiv hüququn olmaması ilə qərardadda ifadə olunan qənaətin əsas dəlili budur ki, AYF Beynəlxalq Kompaniyasına aid torpağın koordinatları ilə mübahisəli 0,06 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Bununla bağlı nümayəndə bildirdi ki, koordinat sistemi - nöqtənin düz xətt üzərində, müstəvi üzərində və fəzada vəziyyətini təyin etmək üçün şərtlər toplusu. Bu sistemlər daha çox coğrafiya və geodeziyada tətbiq olunur. Coğrafi koordinat sistemi - Yer üzərindəki obyektlərin yerini müəyyənləşdirmək üçün istifadə olunan koordinat sistemidir. Coğrafi koordinat sistemi coğrafi uzunluq və coğrafi enliklərdən ibarətdir. Geodeziyada tətbiq olunan koordinat sistemləri isə planalmalarda geniş tətbiq olunur. Bunlardan düzbucaqlı, qütb, bipolyar, coğrafi Qauss-Kryuker düzducaqlı və GPS-84 Beynəlxalq koordinat sistemlərini qeyd etmək olar. Bizə 2004-cü il tarixdə verilmiş Dövlət Aktındakı koordinatlar keçmiş SSRi məkanında daha çox tətbiq olunan coğrafi Qauss-Kryuker düzducaqlı koordinat sistemi ilə təyin olunan koordinatlardır. Mütəxəssis rəyindəki koordinatlar isə GPS-84 koordinat sistemi ilə təyin edilib. Bu üzdən uyğunsuzluqların olması mümkündür. Lakin bu uyğunsuzluqlar o demək deyil ki, 20 il ərzində faktiki iddiaçının istifadəsində olan torpaq sahəsi onun deyildir, yaxud da Dövlət Aktındakı torpaq sahəsi 0,06 ha mübahisəli ərazi ilə üst-üstə düşmür. Praktikada bu uyğunsuzluqlar mümkündür, konfiqurasiya, ölçü, sərhədlərin müqayisəsi, həmçinin faktiki yerləşmə koordinatları ilə bu uyğunsuzluqlar aradan qaldırılır. Bu uyğunsuzluqların həlli üçün ilk olaraq sahə ilkin hüquqi və texniki sənədlər əsasında naturada təyin edilir, sonra koordinatlar çıxarılır. Bu üzdən, mübahisəli hallarda əsas götürülməli olan koordinatlar deyil, ilkin hüquqi sənədlərdir. İşdəki mütəxəssis rəyində deyilir ki, AYF Beynəlxalq Komaniyasına ayrılan torpaq sahəsinin naturada sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, mütəxəssis rəyi naqis, ziddiyyətli və natamamdır. Belə bir rəyə necə istinad oluna bilməz. Halbuki, hər bir daşınmaz əmlakla bağlı hər bir hüquqi və texniki sənədin obyekti olur, bu obyekt üzə çıxarılmalı və naturada təyin edilməlidir. Nümayəndə qeyd etdi ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 13.11-ci maddəsinə əsasən, “Dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Məhkəmə bu normanı tətbiq etməmişdir. Həmçinin nümayəndə bildirmişdir ki, iddiaçıya verilmiş dövlət aktındakı döngə nöqtələri və koordinatlar dövlət reyestrinə 2004cü ildə daxil edilmiş yazını əks etdirir. Lakin həmin döngə nöqtələri və koordinatlarının əks oldunduğu dövlət aktının verilməsinə əsas olan sənəd isə Abşeron RİH Başçısının xx.xx.1999-ci il tarixli 275 saylı sərəncamı və bu sərəncama əlavə olunan texniki sənəd torpaq sahəsinin yerləşmə sxemidir. Döngə nöqtələri və koordinatlarının düzgünlüyünə qiymət vermək üçün ilkin sxemin konfiqurasiyası və yerləşmə yeri, ölçüsü ilə bunların arasında müqayisə aparılmalıdır. Bu isə yalnız ekspertizanın köməyi ilə mümkün idi. İddiaçının sifarişi üzrə belə bir ekspertiza keçirilmiş və rəy alınmışdır. Lakin, məhkəmə bilərəkdən həmin ekspert rəyini qiymətləndirməmiş və qərardadda tərəfin təqdim etdiyi sübut olaraq heç adını belə çəkməmişdir. Göründüyü kimi, kağız üzərində və elektron formadakı yazılarda, yaxud əl yazısı ilə sənədlər arasında uyğunsuzluq sadə bir məsələ deyildir, bütün bunlar məhkəmədə araşdırılmalı, iş üçün əhəmiyyəti olan bütün sübutlar, o cümlədən ekspert rəyi tədqiqi olunmalı, müzakirə olunmalıdır. Buna isə yalnız işə mahiyyəti üzrə baxılarkən nail olmaq mümkündür. İddiaçıya məxsus torpaq sahəsi ilə X6 adına rəsmiləşdirilmiş 0,06 ha torpaq sahəsinin koordinatlarının müxtəlif olmasına dair hakimin qənaətinə gəldikdə, hakimin istinad etdiyi mütəxəssis rəyində bildirilir ki, guya iddiaçının torpaq sahəsinin koordinatları fərqli bir yerə düşür. Nümayəndə bildirdi ki, praktikada koordinatların döngə nöqtələrində sürüşmə və xətalar ola bilər. Bu, hətta dövlət səviyyəsində belə etiraf olunmuşdur və bu nöqsanların, faktiki və qanuni hüquq sahiblərinin hüquqlarını qorumaqla aradan qaldırılması üçün hətta müvafiq Fərman da verilmişdir. Belə bir halda, qərardadda dəqiqləşdirilməyən, ziddiyyətli döngə koordinatlarına istinad olunması hazırlıq icraatında məhkəmənin subyektiv hüquqla bağlı istinad edə biləcəyi mötəbər dəlillər deyildir, bunlar hazırlıq icraatında məhkəmənin araşdırma predmetinə aid ola bilməzdi və sözügedən məsələlər hazırlıq iclasında deyil, işə mahiyyəti üzrə baxılması zamanı araşdırıla bilər və araşdırılmalıdır da. Bundan əlavə, 1999-cu ildə iddiaçıya boş torpaq sahəsi deyil, dövlət əmlakı obyektlərinin yerləşdiyi ərazi istifadəyə verilmişdi. Bundan sonrakı tarixdə tərtib olunmuş “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Akt”ındakı döngə nöqtələrində xətalar olsa belə, bu, heç nəyi dəyişmir. Belə ki, iddiaçı konkret ölçüləri, konfiqurasiyası və yerləşmə mövqeyi olan daşınmaz əmlak obyektlərinin (keçmiş DƏK-si tərəfindən inventarizasiyası aparılmış və buna dair Texniki Pasportu verilmiş obyektlərin) yerləşdiyi torpaq sahəsinin qanuni və faktiki sahibi olmuşdur, düz 21 il ərzində. Bu yerin, iddiaçının istifadəsində olması təkcə koordinatlarla deyil, həmçinin ərazinin müxtəlif vaxtlarda tərtib olunmuş texniki sənədləri, qonşu obyektlərin yerləşmə yerləri, yol infrastrukturu obyektləri və ictimai obyektlərin yerləşmə yerləri ilə də tam təsdiq olunur. Nümayəndə onu da qeyd etdi ki, 2004-cü ildə tərtib olunmuş “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı” iddiaçının 1999-cu ildə verilmiş sərəncam və yerləşmə sxemi ilə qanuni və faktiki sahibliyində olan torpaq sahəsi ilə bağlı tərtib olunmuşdur. Bu aktdakı döngə nöqtələri və koordinatlar iddiaçıya torpaq ayrılması zamanı verilmiş koordinatlar və döngə nöqtələri deyildir ki, onlara əsaslanaraq iddiaçının torrpaq sahəsini başqa bir yerdə olması iddiası irəli sürülsün. Keçmiş DƏK-nin mütəxəssisləri inventarizasiya işləri və əmlakların möcvud vəziyyətləri ilə bağlı müxtəlif vaxtlarda gələrək ərazidə ölçmə-biçmə işləri aparıblar, texniki müayinələr ediblər, Texniki Pasport tərtib ediblər, obyekti ərin yerləşmə yerlərini və bu obyektlərə aid olan torpaq sahəsini sənədlərdə əks etdiriblər. Belə bir halda, faktiki istifadə yeri ilə, döngə nöqtələri arasında uyğunsuzluq əsas vermir ki, bu torpaq sahəsinin iddiaçıya məxsus olmaması qənaətinə gəlinsin. Uyğunsuzluq hazırlıq icraatında deyil, yalnız məhkəmədə mahiyyəti üzrə araşdırılma aparılmaqla aydınlaşdırıla və səbəbləri müəyyən edilə bilər. Bu səbəbdən koordinatlarla məhkəmənin qənaəti və dəlilləri əsassızdır. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Q.Əliyevin nümayəndəsi X17 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X.Məmmədovanın vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. İşdə olan xx.xx.2004-cu ildə qeydiyyat kitabında 7747 nömrə ilə qeydiyyata alınmış torpaqdan daimi istifadə hüququna dair JN 1280 nömrəli kod 30800001 Dövlət aktından görünür ki, Abşeron rayonu İHB-nın xx.xx.1998-ci il tarixli 275 saylı sərəncamı ilə AYF Beynəlxalq Kompaniyasına tikinti məqsədi üçün 0,48 ha torpaq sahəsi verilmişdir. İşdə olan AR Dövlət Arxivinin Bakı filialın xx.xx.2019-cu il tarixli, Ə-497 saylı arxiv arayışından görünür ki, Binəqədi rayon İcra Hakimiyyəti Başçısını xx.xx.2000-ci il tarixli, 2180 saylı sərəncamı ilə X7 Binəqədi rayon qəsəbələri ərazisində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m. torpaq sahəsi ayrılmışdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, X4 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi 6-cı mkr yerləşən 0,06 ha torpaq sahəsinə dair hüquqları dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla xx.xx.2019-ci il tarixli, **********40 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X4 vərəsəsi X16 AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2019-cu il tarixdə X7 verilmiş **********40 reyestr nömrəsi, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı mkr ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsindən ibarət miras əmlakdan 1/1 hissədə pay almalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, X9 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi 6-cı mkr yerləşən 0,06 ha torpaq sahəsinə dair hüquqları dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla xx.xx.2020-ci il tarixli, reyestr nömrəsi **********40, ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X16 (satıcı) AR ƏMDK-nın yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə ona verilmiş **********40 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan 0.06 ha torpaq sahəsini X14 (alıcı) satmışdır. İşdə olan digər sənədlərlə müəyyən olunur ki, X6 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi 6-cı mkr yerləşən 0,06 ha torpaq sahəsinə dair hüquqları dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla xx.xx.2020-ci il tarixli, reyestr nömrəsi **********40, ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, hazırkı iddiaçı “AYF” Beynəlxalq Kompaniyası ona Abşeron RİH-in x xxxxxx 1999-cu il tarixli 275 nömrəli sərəncamı ilə ayrılmış və AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən JN 12xx xxx 30800001 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı” ilə rəsmiləşdirilmiş 0,48 ha ölçüdə torpaq sahəsinin bir hissəsinin daşınmaz əmlakın dövlət reyestrində hazırkı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən üçüncü şəxs X6 mülkiyyəti kimi sonuncunun adına xx xxxxxx 2020-ci il tarixli ********** nömrə ilə qeydiyyata alınmış (daşınmaz əmlakın reyestr nömrəsi **********40) 0,06 ha ölçüdə torpaq sahəsinin üst-üstə düşdüyünü iddia edərək, həmin qeydiyyatı və sözügedən torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində digər şəxslərin adına aparılmış əvvəlki qeydiyyatları, eləcə də onun nəticələrini (çıxarış və s.) mübahisələndirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin vurğulanmışdır ki, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Birinci instansiya məhkəməsi iddiaçının tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını yoxlanılması məqsədilə xx.xx.2020-ci il tarixli qərardadı ilə AR İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən mütəxəssis rəyinin alınması qərara alınmışdır. Həmin qərardada əsasən tədqiqat obyektinə baxış keçirilmiş və AR İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli məktubu ilə mütəxəssis rəyi göndərilmişdir. Rəydən görünür ki, mübahisələndirilən torpaq sahəsi ilə əlaqədar araşdırma təqdim edilmiş sənədlərə (hüquqmüəyyənedici və texniki sənədlərə), cavablanmış sorğulara, naturada müəyyən edilmiş koordinatlara və elektron kadastr bazasında aparılmış və sxemlər hazırlanmışdır. Mübahisəli əraziyə baxış zamanı məlum olmuşdur ki, ərazi formalaşmış yaşayış məntəqəsidir, iddia edilən torpaq sahəsində yaşayış evi və köməkçi tikililər mövcuddur. Abşeron RİH başçısının xx.xx.1999-cu il tarixli 275 nömrəli sərəncamına əsasən “AYF” Beynəlxalq Kompaniyasına 28.12 .2004-cü il tarixdə tikinti işlərinin aparılması məqsədilə verilmiş JN 12xx xxx 30800001 “Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı”nda qeyd edilən koordinatları müasir koordinat sistemində olmaması, müraciətə əlavə edilmiş sxemlərin hazırlandığı müddətdən uzun illərin keçməsi, ərazidə situasiyanın dəyişməsi, arientirlərin itməsi, eləcə də infrastrukturun dəyişməsi, ərazinin yaşayış massivi kimi formalaşdığı üçün JN 12xx xxx 30800001 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı” ilə rəsmiləşdirilmiş 0,48 ha ölçüdə torpaq sahəsinin naturada yerini müəyyən etmək mümkün deyil. Lakin Abşeron RİH başçısının xx.xx.1999-cu il tarixli 275 nömrəli sərəncamı ilə ayrılmış və AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən JN 12xx xxx 30800001 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı” ilə rəsmiləşdirilmiş 0,48 ha ölçüdə torpaq sahəsinin dövlət aktında qeyd edilən koordinatlar Pulkovo-2 koordinat sistemindən WGS koordinat sisteminə çevriləndə JN 12xx xxx 30800001 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı” ilə daşınmaz əmlakın dövlət reyestrində hazırda X6 mülkiyyəti kimi onun adına xx xxxxxx 2020-ci il tarixli ********** nömrə ilə qeydiyyata alınmış (daşınmaz əmlakın reyestr nömrəsi **********40) 0,06 ha ölçüdə torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Əlavə edilən sxemdən göründüyü kimi, aralarındakı ən yaxın məsafə 43 metrdir. Daşınmaz əmlakın dövlət reyestrində hazırda X6 mülkiyyəti kimi onun adına xx.xx.2020-ci il tarixli ********** nömrə ilə qeydiyyata alınmış (daşınmaz əmlakın reyestr nömrəsi **********40) 0,06 ha ölçüdə torpaq sahəsi Binəqədi rayonu, Mərcanlar küçəsi, 48-dir. Birinci instansiya məhkəməsinin qənaətinə görə inzibati icraat çərçivəsində aidiyyət üzrə səlahiyyətli qurumdan (Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən) əldə edilən mütəxəssis rəyində iddiaçı “AYF” Beynəlxalq Kompaniyasına ayrılmış və müvafiq qaydada JN 12xx xxx 30800001 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı” ilə onun adına rəsmiləşdirilmiş torpaq sahəsinin koordinatları ilə üçüncü şəxs X6 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixli ********** nömrə ilə qeydiyyata alınmış (daşınmaz əmlakın reyestr nömrəsi **********40) və reyestrdən çıxarışla rəsmiləşdirilmiş torpaq sahəsinin koordinatlarının hər hansı hissədə üst-üstə düşməsi nəinki təsdiqini tapmamışdır, hətta koordinatlar üzrə sözügedən torpaq sahələrinin müxtəlif ünvanlarda yerləşməklə aralarında 43 metr məsafənin mövcudluğu müəyyən edilmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı “AYF” Beynəlxalq Kompaniyası Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı mikrorayon ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə dair xx xxxxxx 2020-ci il tarixdə üçüncü şəxs X6, əvvəllər isə X4 və X9 mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın mübahisələndirilməsi üzrə subyektiv hüquqa malik deyil. Odur ki, iddia mümkün sayıla bilməz. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və belə nəticəyə gəlir ki, qərardadın ləğv edilməsi üçün heç bir əsas yoxdur, ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5510/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-489/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-489/2021
04.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver