Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-489/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və X5 ibarət tərkibdə, X17 oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi və vəkili X1, nümayəndəsi X12 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X2rşı "xxxx" qapalı səhmdar cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7799/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunazidd hərəkəti və ona məxsus Biznes Planının saxtalaşdırılması nəticəsində ona dəymiş 2.450.390 (iki milyon dörd yüz əlli min üç yüz doxsan) manat məbləğində zərərin (əldən çıxmış faydanın) cavabdehdən tutularaq ona ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra–İPM) 54-cü maddəsinin tələblərinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən cavabdehin qanunsuz hərəkəti və ona məxsus Biznes Planının saxtalaşdırılması nəticəsində ona dəymiş 2.650.390 (iki milyon altı yüz əlli min üç yüz doxsan) manat ziyanın cavabdehdən alınaraq, onun xeyrinə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2012-ci ildən etibarən fərdi sahibkarlıqla məşğul olur. 2014-cü ildə o, aqrar sahədə biznes qurmaq məqsədilə Biznes Planı hazırlamış və İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət edərək, ona güzəştli kredit ayrılması ilə bağlı köməklik göstərilməsini xahiş etmiş və bununla əlaqədar tərəfindən investisiya layihəsi təqdim edilmişdir. Daha sonra o, İqtisadiyyat Nazirliyi yanında X3 qəbulunda olmuş və onun vasitəçiliyi ilə ona güzəştli kreditin ayrılması məqsədilə "xxxx" ASC-yə getmiş və həmin təşkilatın mütəxəssisi sənədləri qəbul etmiş və ona aid daşınmaz əmlakların qiymətləndirilməsi üçün ekspertiza təyin olunmuşdur və həmin ekspertizanın keçirilməsi xərcləri onun tərəfindən deyil, "xxxx" ASC tərəfindən ödənilmişdir. "Roveks Konmark" Konsaltinq şirkəti tərəfindən tərtib edilmiş 141683AGB №li ekspert rəyinə əsasən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında mülkiyyətində olan 0.08 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 301.6 kv. metr olan 7 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 150.000, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 97.34 kv. metr olan 18 mərtəbəli binanın 13-cü mərtəbəsində yerləşən 3 otaqlı mənzilin bazar dəyəri 145.000 (bir yüz qırx beş min) manat müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən ünvanlanmış 10 dekabr 2014-cü il tarixli məktuba əsasən ona 120.000 manat məbləğində güzəştli kreditin ayrılmasına hər hansı etiraz edilməmişdir. "xxxx" ASC-i tərəfindən ona ünvanlanmış xx.xx.2014-cü ii tarixii 591 №-li məktubda qeyd olunmuşdur ki, kredit mütəxəssisi tərəfindən sahibkarlıq fəaliyyəti yoxlanılmış və nəticədə kreditin ayrılması "Sahibkarlığa Kömək Milli Fondu" tələblərinə cavab vermədiyi, torpaq sahələrinin mülkiyyətdə olmadığı, gəlirlərin alınacaq krediti ödəmə imkanlarından aşağı səviyyədə olması müəyyən edilmişdir." Bununla bağlı "xxxx" ASC tərəfindən qəbul edilmiş qərar hüquqları pozularaq bu günə kimi ona təqdim edilməmişdir. "xxxx" ASC-nin qərarının təqdim edilməsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə tərəfindən müraciət edilmiş və Bakı Kommersiya Məhkəməsi tərəfindən Əmanətlərin Sığortalanması Fonduna "xxxx" ASC-nin həmin qərarla bağlı protokol qeydiyyat kitabını surətlərini məhkəməyə təqdim edilməsi barədə sorğu ilə müraciət edilmiş, lakin sorğuya cavab almadan, Komitə qərarı mövcud olduğu halda iddianın təmin edilməməsi ilə bağlı qətnamə çıxarılmışdır. "xxxx" ASC tərəfindən ona kredit ayrılmasından imtina edilmişdir. Belə ki, "xxxx" ASC-nin İdarə Heyəti tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə ünvanlanmış 05\8998 saylı, xx.xx.2014-cü il tarixli məktubda bildirilmişdir ki, "kredit mütəxəssisi tərəfindən sifariş alınmış, sahibkarlıq fəaliyyəti tam təhlil edilmiş, məntəqəyə baxış keçirilmiş və mülkiyyət sənədləri yoxlanmışdır. Təhlil zamanı torpaq sahələrinin mülkiyyətdə olmadığı, gəlirlərin alınacaq krediti ödəmə imkanlarından aşağı səviyyədə olması müəyyən edilmişdir." Bundan narazı qalaraq o, "xxxx" ASC -nin ona kredit verilməsindən yayınmasının tamamilə əsassız olması barədə İqtisadiyyat Nazirliyinə və X4 müraciətlər etmiş və müraciətinin biznes layihənin qiymətləndirilməsi və kreditləşdirilməsi məqsədilə yenidən "xxxx" ASC-yə yönləndirilmişdir. Daha sonra İqtisadiyyat Nazirliyi tərəfindən onun girovlarına uyğun olaraq 120.000-200.000 məbləğində kredit ayırmaq əvəzinə cəmi 50.000 manat məbləğində kredit vəsaiti ayırmışlar. "xxxx" QSC-nin məsul şəxsləri isə ona bildirmişlər ki, ayırdıqları kredit vəsaiti olan 50.000 manatı müvəqqəti olaraq verirlər, qoyunları aldıqdan sonra monitorinq keçirəcəklər, daha sonra o, İqtisadiyyat Nazirliyi yanında X4 müraciət edəcək və onlar yenidən 120 000 (bir yüz iyirmi min) manat məbləğində kredit vəsaiti verəcəklər. "xxxx" QSC əməkdaşlarının yuxarıda göstərilən qanunsuz hərəkətləri ilə bağlı "xxxx" QSC-nin rəhbərliyinə və İqtisadiyyat Nazirliyinə dəfələrlə şikayət edərək bildirmişdir ki, Biznes Layihəsinə Biləsuvar rayonunda yerləşən və ona məxsus olan 60 hektar torpaq sahəsinin müqaviləsini əlavə etdiyi halda və həmin torpaq bankda girov saxlanıldığı halda "xxxx" QSCnin həmin torpaq sahəsini girov predmeti kimi tanımaq istəməməsi və dəfələrlə rəsmi müraciət etməsinə baxmayaraq həmin torpaqda monitorinq keçirməkdən imtina etməməsi tamamilə qanunsuzdur və bunun nəticəsində ona külli miqdarda ziyan dəymişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7799/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddianın mümkün sayılmamasına dair gəldiyi qənaət və nəticələri ondan ibarət olmuşdur ki, “guya iddia ərizəsində iddiaçıya verilmiş 50.000 (əlli min) manat güzəştli kredit üzrə biznes layihəsinin müvəkkil kredit təşkilatı və ya fond tərəfindən saxtalaşdırılmasını, eləcə də mənə məxsus Biləsuvar rayonunda yerləşən 60 ha icarə torpaq sahəsinə dair məlumatların Biznes layihəsindən çıxarıldığını göstərsə də, məhkəməyə qeyd olunan faktları təsdiq edən mötəbər sübutlar təqdim edilməmiş və bu iddia yalnız formal mülahizələrə əsaslanmışdır. Həmçinin iddia ərizəmdə təqdim etdiyim Biznes layihəsində Biləsuvar rayonunda iddiaçıya məxsus olan 60 ha torpaq sahəsinin olduğu, lakin ona kredit verilərkən bu halın nəzərə alınmadığını qeyd etsə də, həmin torpaq sahəsinin mülkiyyətində, icarəsində və ya istifadəsində olduğunu təsdiq edən sənəd təqdim edilməmişdir. Eləcə də, M.Ə.Sabir adına DDKTİM İMnin direktoru X13 ilə X15 arasında bağlanmış “torpaq sahəsinin icarəyə verilməsi haqqında” 06 iyun 2007-ci il tarixli müqavilə tərəfimdən təqdim edilsə də, həmin müqavilədən də görünür ki, icarəyə verən B.Mehdiyev 60 ha torpaq sahəsini icarəçi Zamin Məmmədova icarəyə vermişdir. Daha sonra Z.Məmmədov 15 oktyabr 2014-cü il tarixli notarial qaydada verdiyi etibarnamə ilə bütün əmlakı idarə etməyi və onun üzərində Sərəncam verməyi İddiaçı etibar etmişdir. Lakin, həmin etibarnamə yalnız Z.Məmmədovun xüsusi mülkiyyətində olan əmlakının idarə edilməsi üçün verildiyindən qeyd edilən etibarnamənin icarəyə verilmiş torpaqla bağlı hüquqi qüvvəsi yoxdur. Ona görə də iddiaçıya kredit verilərkən bu müqavilə nəzərə alınmamışdır. Həmçinin hazırki iddiada göstərilən xüsusatlarla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri mövcud olduğundan Azərbaycan Respublikası İPM-nin 1.2-ci və Azərbaycan Respublikası MPM-nin 82.3 maddəsinə əsasən, bu xüsusatlar və faktlar başqa məhkəmə prosesində mübahisələndirilmir və sübuta yetirilmir. Həmçinin tərəflərin və üçüncü şəxsin nümayəndələrinin izahatlarından müəyyən olunur ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsində qeyd olunan “əldən çıxmış faydanın ödənilməsi” tələbi cavabdeh inzibati orqanın ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı yaranmış (İPM-nin 2.2.7-ci maddəsində nəzərdə tutulmuş) iddialara aid deyil. Belə olan halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır” Məhkəmənin hazırki Qərardadında gəldiyi qənaət və nəticələri qeyri-mötəbər olmaqla, işin həqiqi halları ilə təkzib olunur. Belə ki, iş materiallarında hazırda 2014 və 2015-ci il tarixli Biznes Plan (investisiya layihələri) mövcud olmaqla, həmin layihələrə müqayisəli şəkildə baxış keçirərkən 2015-ci il tarixli biznes layihəsinin 3,9, 15- ci səhifələrində özbaşına dəyişiklik edilməklə, qanuni əsaslarla istifadəsində olan 60 ha icarə torpaq sahəsinə aid olan məlumatların həmin layihədən saxtalaşdırma yolu ilə çıxarıldığı açıq-aşkar müəyyən edilir və bu, işin mübahisəsiz halıdır. 2015-ci ildə tərtib edilmiş biznes plan (investisiya layihəsi) cavabdehin özü tərəfindən tərtib edildiyindən aparılmış həmin saxtalaşdırmadan iddiaçının xəbəri olmamış, həmin saxtalaşma faktı 2019-cu ildə ona bəlli olmuşdur. Eləcə də, 60 ha torpaq sahəsinə iddiaçının hər hansı hüququnun olmaması ilə bağlı məhkəmənin gəldiyi qənaəti tamamilə əsassız hesab edir. Belə ki, həmin torpaq sahəsi uzunmüddətli icarə müqaviləsi ilə X8 icarəsində olsa da, icarədar Z.Məmmədov ona məxsus bütün əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi notarial təsdiq edilmiş etibarnamə ilə iddiaçıya həvalə etmişdir. “İcarə haqqında”AR Qanunun 15.1-ci maddəsinə əsasən, icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. Bu baxımdan, icarəçi Zamin Məmmədova icarə hüququ ilə məxsus olan torpaq sahəsinin idarəçiliyi və onun üzərində sərəncam verilməsi barədə etibarnamənin hüquqi qüvvəsinin olmaması əsassız olmaqla məhkəmənin qüvvəsinin olmaması əsassız olmaqla məhkəmənin yanlış subyektiv fikridir. Həmçinin məhkəmənin cavabdeh inzibati orqanin mövqeyinə əsaslanmaqla Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına maliyyələşdirilmək üçün "xxxx" QSC tərəfindən mənə təqdim olunmuş investisiya layihəsinin ekspertizasının nəticələrinə dair Rəydə və xx.xx.2019-cu il tarixli SİF- 07\01 -7\87 nömrəli məktubda Arif Vəliməmmədovun imzalarının eynilik təşkil etməməsi və hər iki sənədin Arif Vəliməmmədovun özü tərəfindən imzalanması barədə gəldiyi qənaəti məhkəmənin birtərəfli mövqe nümayiş etdirməsi kimi dəyərləndirilməlidir. Belə ki, hər iki sənəd (rəy və məktublar) iş materiallarındadır və həmin sənədlərə də müqayisəli şəkildə baxdıqda X22 adı qarşısındakı imzaların ayrıayrı imzalar olduğu tam aydın görünür. Onu da qeyd edirəm ki, hazırda iddiamda göstərilən xüsusatlarla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin mövcud olmasına dair məhkəmənin gəldiyi qənaəti tamamilə əsassızdır. Belə ki, hazırki iddiamın predmeti yalnız iddiaçıya məxsus Biznes Planın və digər rəsmi sənədlərin saxtalaşdırılması nəticəsində əsaslı investisiya layihəmə və təqdim etdiyi girovlarına uyğun planlaşdırılmış kredit məbləğini ala bilməməyi səbəbindən iddiaçıya dəymiş ziyan (əldən çıxmış fayda) tələbi ilə əlaqədardır və qeyd edilən mübahisəli hüquq münasibətləri bundan əvvəlki məhkəmə münasibətlərinin predmeti olmamışdır. Buna baxmayaraq hazırki iddiada göstərilən faktlara bundan əvvəlki mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamalərində qiymətləndirildiyi barədə məhkəmə əsassız bir qənəaətə gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Üçüncü şəxs "xxxx" QSC-nin nümayəndələri V.Babayev və B.İmanverdiyev apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh Azərbaycan Respublikası X11 tərəfindən məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilmişdir ki, İddiaçı onunla "xxxx" QSC arasında bağlanmış kredit müqaviləsinə əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 162 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydasına uyğun olaraq Fondun vəsaiti hesabına müvəkkil kredit təşkilatı olan "xxxx" BOKT QSC vasitəsilə heyvandarlığın inkişafı məqsədilə xx.xx.2015-ci il tarixdə 50.000 (əlli min) manat məbləğində güzəştli kredit verilmiş, sözügedən kredit məbləğinin heyvandarlıq təsərrüfatının yaradılması məqsədilə alındığı və bu təsərrüfatın təsərrüfatın Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində fəaliyyət göstərəcəyi iddiaçı tərəfindən "xxxx" QSC-nin Bakı filialına təqdim edilmiş biznes planda nəzərdə tutulmuşdur. Həmçinin İddiaçıla "xxxx" QSC arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmini üsulu kimi X9 ilə "xxxx" QSC arasında ipoteka müqaviləsi bağlanmış və ünvan 3 ünvanda yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir. Daha sonra yuxarıda göstərilən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə verilmiş kredit məbləğinin İddiaçı tərəfindən təyinatına uyğun istifadə edilib-edilməməsinin yoxlanılması məqsədilə "xxxx" QSC-nin baş ofisinin və Bakı filialının mütəxəssisləri tərəfindən monitorinq aparılarkən kredit vəsaiti hesabına alınması nəzərdə tutulan 180 baş ana qoyunun İddiaçı aid Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən təsərrüfatda olmadığı müəyyən edilmiş və bununla əlaqədar İddiaçı onun tərəfindən "xxxx" QSC-yə təqdim edilmiş biznes plana əsasən təsərrüfatın Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində fəaliyyət göstərməli olduğu diqqətinə çatdırılmaqla götürülən kreditin təyinatı üzrə istifadə olunması barədə xəbərdarlıq olunmuşdur. Eyni zamanda "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə sonuncu tərəfindən öhdəliklər lazımınca icra edilmədiyindən müvəkkil kredit təşkilatı tərəfindən Bakı Nəsimi Rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmənin xx.xx.2018-ci il tarixli 2(006)-790/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qeyd olunan qətnamədən İddiaçı və ipoteka müqaviləsi üzrə ipoteka qoyan G.Hüseynova tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)- 6597/2018 saylı qətnaməsi ilə cavabdehlər tərəfindən verilən apellyasiya şikayətləri təmin edilməyərək müvafiq iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa İddiaçı “Aqrarkredit" QSC ilə bağladığı kredit müqaviləsindən irəli gələn mübahisə üzrə barəsində məhkəmə qətnaməsi qəbul edildikdən sonra dəfələrlə təsərrüfatında müvəkkil kredit təşkilatının əməkdaşları tərəfindən monitorinqin keçirilməsi ilə bağlı müxtəlif dövlət orqanlarına, o cümlədən Azərbaycan Respublikası X4 müraciətlər etmiş və həmin müraciətlər Fond tərəfindən cavablandırılmışdır. Habelə İddiaçı bir neçə dəfə Azərbaycan Respublikası X3 qəbul edilmiş, qəbulda olarkən etdiyi şifahi müraciətlərə və Fonda ünvanladığı yazılı müraciətlərə əsaslandırılmış cavablar verilmişdir. Bundan başqa İddiaçı iddia ərizəsində ona verilmiş 50 000 (əlli min) manat güzəştli kredit üzrə biznes layihəsinin müvəkkil kredit təşkilatı və ya Fond tərəfindən saxtalaşdırılmasını, ona məxsus Biləsuvar rayonunda yerləşən 60 hektar torpaq sahəsinə dair məlumatların biznes layihəsindən çıxarıldığını göstərsə də, məhkəməyə qeyd olunan faktları təsdiq edən mötəbər sübutlar təqdim etməmiş və bu iddiası yalnız onun formal mülahizələrinə əsaslanmışdır. Xüsusilə qeyd olunur ki, müvəkkil kredit təşkilatı "xxxx" QSC tərəfindən Fonda İddiaçı təkrarən güzəştli kreditin verilməsi ilə bağlı müraciəti daxil olmamış və bu səbəbdən də İddiaçı yenidən güzəştli kreditin verilməsi mümkün olmamışdır. Belə ki, tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 162 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydası”nın 4.2-ci bəndinə əsasən Fondun vəsaiti hesabına güzəştli kredit almaq üçün sahibkarlıq subyektləri ilkin olaraq müvəkkil kredit təşkilatlarına müraciət edirlər. Müvəkkil kredit təşkilatları müraciətləri qeydiyyata alır və sahibkara müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatları onlar üçün müəyyən edilmiş limit çərçivəsində 10 (on) bank günündən gec olmayaraq öz biznes maraqları və Fondun müəyyən etdiyi investisiya layihələrinin tərtib olunmasına dair minimal tələblər və qiymətləndirmə meyarlarına əsaslanaraq investisiya layihələrin təhlil edir və müsbət qiymətləndirdiyi layihələrə dair Fondun müəyyən etdiyi məlumatları və sənədləri Fonda təqdim edir. Fond investisiya layihəsinin tam və hərtərəfli ekspertizası üçün əlavə məlumatlar və sənədlər tələb edə bilər. İnvestisiya layihəsi mənfi qiymətləndirilən sahibkarlıq subyektlərinə isə müvəkkil kredit təşkilatları tərəfindən 3 (üç) bank günü müddətində əsaslandırılmış imtina məktubu verilir. Yəni müvəkkil kredit təşkilatı güzəştli kreditin verilməsi barədə sahibkarlıq subyektinin ona təqdim etdiyi sənədlər əsasında qiymətləndirmə aparıldıqdan sonra Fonda müraciət etmədən Fond tərəfindən müvəkkil kredit təşkilatına məbləğin ayrılması mümkün deyildi. xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin bağlanması məqsədilə İddiaçı tərəfindən müvəkkil kredit təşkilatına təqdim olunmuş, daha sonra "xxxx" QSC tərəfindən Azərbaycan Respublikası X4 göndərilmiş biznes planda Biləsuvar rayonunda yerləşən 60 hektar torpaq sahəsi ilə bağlı məlumatlara rast gəlinmir. O cümlədən hazırkı iş üzrə tərəf olmamasına baxmayaraq "xxxx" QSC-nin əməkdaşlarının kreditin təyinatı üzrə istifadə edilibedilməməsi ilə bağlı monitorinqin aparılmasına dair qanunsuz hərəkətləri ilə əlaqədar bildiririk ki, adıçəkilən məsələlər İddiaçı tərəfindən kredit müqaviləsindən yaranan mübahisə üzrə işə Bakı şəhəri Nəsimi Rayon Məhkəıməsində baxılarkən mübahisələndirilmiş və bu faktlar öz təsdiqini tapmadığından müvəkkil kredit təşkilatının iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. Bu səbəbdən də göstərilən xüsusatlar bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilməsi zərurəti yoxdur. İnzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş "xxxx" QSC tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair etirazda göstərilmişdir ki, İddiaçı cavabdehə qarşı əldən çıxmış faydanın tutulması barədə iddia ərizəsi ilə bağlı bildiririk ki, həmin iddia ərizəsində "xxxx" QSC tərəfindən verilmiş kreditlə bağlı göstərilənlər tam əsassızdır və iddiaçının formal mülahizələrinə əsaslanır. İddiaçı R. Hüseynov iddia ərizəsində 2012- ci ildən fərdi sahibkar kimi fəaliyyətə başladığını bildirsə də, təqdim olunan sənədlərdə onun 2012- ci ildə deyil, 2014- cü ildə vergi orqanlarında fərdi sahibkar kimi qeydiyyatda olduğu müəyyən edilmişdir. İlk növbədə qeyd edilməlidir ki, İddiaçı iddia ərizəsində cavabdeh Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən konkret olaraq hansı normativ hüquqi aktın tələblərini pozmasını göstəməyərək yalnız ümumi sözlərlə kifayətlənmişdir. İddiaçı iddia ərizəsində ona dəymiş ziyanın cavabdehin hansı qanuna zidd hərəkətləri nəticəsində vurulmasını, bu hərəkətlərin nədən ibarət olması və olduğu halda həmin hərəkətlərlə vurulmuş ziyan arasında səbəbli əlaqəni, habelə ziyanın məbləğini də əsaslandırmamışdır. İddiaçı iddia ərizəsində göstərir ki, ona 120.000-200.000 manat kredit ayırmaq əvəzinə cəmi 50.000 manat kredit ayrılmış, nəticədə o, işini qura bilməyərək ona guya göstərdiyi məbləğdə ziyan dəymişdir. Qeyd edilməlidir ki, kredit vermək hər hansı bir orqanın vəzifəsi deyil, hüququdur və kreditin verilməsi tərəflər arasında bağlanan müvafiq müqavilə ilə tənzimlənilir. "xxxx" QSC-nin Bakı filialından İddiaçı 06 fevral 2015- ci il tarixli kredit müqaviləsinə əsasən heyvandarlıq təsərrüfatının yaradılması məqsədilə “Azərbaycan Respublikası Sahibkarlığa kömək Milli Fondunun vəsaiti hesabına güzəştli şərtlərlə illik 6 faizlə 36 ay müddətinə 50.000 (əlli min) manat kredit verilmişdir. İddiaçı da öz növbəsində həmin vəsaiti alıb tam istifadə etmişdir. Həmin kreditin təminatı kimi İddiaçı həyat yoldaşı X6 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 3169-cu məhəllə. Mir Cəlal küçəsi, 59 k saylı evin 129 saylı mənzil ipoteka qoyulmuşdur. İddiaçı iddia ərizəsində göstərir ki, kredit təşkilatı ona təqdim etdiyi girova uyğun düşəcək kredit məbləğini, 120.000 manatı ona verməkdən yayınmışlar. Əgər 50.000 manat məbləğ İddiaçı qane etmirdisə o,həmin müqaviləni imzalamamlı və verilən krediti də qəbul etməməli idi. Qeyd edilməlidir ki, sahibkarlıq fəaliyyəti ilə bağlı kreditlər verilərkən, fərdi sahibkara ayrılacaq kredit vəsaitinin məbləği onun girov kimi kredit təşkilatına təqdim etdiyi əmlakların dəyəri ilə müəyyən edilmir. Kreditlər verilərkən ilk növbədə sahibkarın biznes fəaliyyəti, onun bu sahədə təcrübəsi, layihənin gəlirliliyi və alınacaq gəlirlərin kredit borcunu qaytarmağa yol verməsi imkanları mühüm şərt kimi nəzərə alınır. Məhz bütün bunlar nəzərə alınaraq İddiaçı 120.000 manat deyil, 50.000 manat həcmində güzəştli kredit ayrılmışdır. Kredit verildikdən sonra həmin kredit vəsaitinin İddiaçı tərəfindən təyinatına uyğun istifadə edilib-edilməməsinin yoxlanması məqsədilə "xxxx" QSC-nin Baş ofisinin və onun Bakı filialının mütəxəssisləri tərəfindən xx.xx.2015-ci il tarixdə monitorinq aparılarkən kredit vəsaiti hesabına alınması nəzərdə tutulan 180 baş ana qoyunun İddiaçı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən təsərrüfatında olmadığı müəyyən olunmuş və bununla İddiaçı onun tərəfindən "xxxx" QSC-yə təqdim olunmuş biznes plana əsasən təsərrüfatın Abşeron rayonu Güzdək qəsəbəsində fəaliyyət göstərməli olduğu diqqətinə çatdırılmaqla, götürülən kreditin təyinatı üzrə istifadə olunması barədə xəbərdarlıq olunmuşdur. Bundan əlavə İddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər pozulduğuna görə "xxxx" QSC tərəfindən ona qarşı məhkəmədə iddia qaldırılmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsi ilə Kredit Təşkilatının iddiası təmin edilərək İddiaçı cəmi 35147,56 manat məbləğində pulun alınaraq "xxxx" QSC -yə ödənilməsi, tutmanın ipoteka qoyulmuş X6 məxsus mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 186577,0) manat müəyyən edilməklə, açıq hərracdan satılması, satışdan əldə oluinan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin X6 qaytarılması qət edilmişdir. Nəsimi rayon məhkəməsinin qətnaməsindən İddiaçı və Günel Hüseynova tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2018- ci il tarixli qətnaməsi ilə həmin şikayət təmin olunmamışdır. İddiaçı və Günel Hüseynova Bakı Apellyasiya Məhkəməsinin 10 oktyabr 2018- ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 may 2019-cu il tarixli 2(102) -3160/2019 saylı qərarı ilə onların kassasiya şikayəti təmin olunmamış, həmin qətnamə dəyişdirilmədən saxlanmışdır. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin qətanməsi qüvvəyə mindikdən sonra icra vərəqəsi verilmiş, icra işi Ağdam rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Ağdam rayon İcra və Probasiya şöbəsi tərəfindən icra işi ərazi aidiyyatına göndərilməsi üçün Nəsimi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən qərar qəbul edilərək icra sənədi ipotekaqoyan Günel Hüseynovamn əmlakının yerləşdiyi Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İddiaçı "xxxx" QSC ilə bağladığı xx.xx.2015- ci il tarixli kredit müqaviləsindən irəli gələn mübahisələr üzrə barəsində yuxarıda sadalanan məhkəmə qərarları qəbul edildikdən sonra da dəfələrlə təsərrüfatında müvəkkil kredit təşkilatı tərəfindən monitorinqin keçirilməsi üçün müxtəlif dövlət orqanlarına orqanlarına müraciət etmiş və həmin müraciətlər cavablandırılmışdır. İddiaçı iddia ərizəsində ona verilmiş 50.000(əlli min) manat güzəştli kredit üzrə biznes layihəsinin "xxxx" QSC və Fond tərəfindən saxtalaşdırıİmasını, ona məxsus Biləsuvar rayonunda yerləşən 60 hektar torpaq sahəsinə dair məlumatların biznes layihəsindən çıxarıldığını göstərsə də, məhkəməyə təqdim olunan sənədlərdən göründüyü kimi həmin faktları təsdiq edən sübutlar yoxdur, bunlar iddiaçının yalnız formal mülahizələrinə əsaslanır. İddiaçı iddia ərizəsində göstərdiyi, təqdim etdiyi biznes layihəsində Biləsuvar rayonunda ona məxsus olan 60.0 ha torpaq sahəsinin olduğu, lakin ona kredit verilərkən bu halın nəzərə alınmadığını bildirsə də, o, həmin 60.0 ha torpaq sahəsinin ona məxsus olduğunu (mülkiyyətində, icarəsində, istifadəsində) təsdiq edən sənəd təqdim etməmişdir. İddiaçı yalnız M.Ə.Sabir adına DDKTİM İM-nin direktoru X14 ilə X15 arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 06 iyun 2007-ci il tarixli müqaviləni təqdim etmişdir. Həmin müqavilədən də görünür ki, icarəyə verən-B.Mehdiyev 60.0 ha torpaq sahəsini icarəçiZ.Məmmədova icarəyə vermişdir. Daha sonra Z.Məmmədov 15 oktyabr 2014-cü il tarixli notarial qaydada verdiyi etibarnamə ilə bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi İddiaçı etibar etmişdir. Lakin həmin etibarnamə yalnız Z.Məmmədovun xüsusi mülkiyyətində olan əmlakının idarə edilməsi üçün verildiyindən, qeyd edilən etibarnamənin icarəyə verilmiş torpaqla bağlı hüquqi qüvvəsi yoxdur. Ona görə də İddiaçı kredit verilərkən bu hal nəzərə alınmamışdır. Bundan başqa "xxxx" QSC-nin əməkdaşlarının kreditin təyinatı üzrə istifadə edilibedilməməsi ilə bağlı monitorinqin aparılmasına dair qanunsuz hərəkətləri ilə bağlı bildiririk ki, göstərilən məsələlər İddiaçı tərəfindən kredit müqaviləsindən yaranan mübahisə üzrə işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsində ''Aqrarkredit” QSC tərəfindən ona qarşı kredit borcunun tutulması barədə işə baxılarkən mübahisələndirmiş və bu faktlar öz təsdiqini tapmadığından, iddianın təmin olunmasına dair qətnamə qəbul edilmişdir. Yəni iddiaçının iddia ərizəsində göstərilən xüsusatlarla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan Azərbaycan Respublikası İnzibatri Prosessual Məcəlləsinin 1.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçı "xxxx" QSC ilə bağlı iddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyil, bunlar yalnız iftira və böhtan xarakteri daşıyır. İddiaçı "xxxx" QSC qarşısında olan müqavilə öhdəliklərini icra etməməklə və aldığı krediti təyinatından yayındırmaqla yanaşı, eyni zamanda müxtəlif orqanlara çoxsaylı şikayət məktubları yazaraq "Aqrarkredit” QSC-ni və onun rəhbərliyini ona qarşı qərəzli mövqe tutmaqda əsassız olaraq ittiham etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun xx.xx.2012-ci il tarixli “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair qərarında qeyd edilmişdir ki, təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibatiiqtisadi məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Sahibkarlığın X7»nin: 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (bundan sonra – Fond) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində yaradılmış, Azərbaycan Respublikasında sahibkarlığın inkişafına maliyyə dəstəyi verən publik hüquqi şəxsdir. 1.2-ci maddəsinə əsasən Fond Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur. 2.1-ci maddəsinə əsasən Fondun fəaliyyətinin məqsədi Azərbaycan Respublikasında sahibkarlığın inkişafına maliyyə dəstəyi verməkdən ibarətdir. Fond bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərini həyata keçirərkən qabaqcıl beynəlxalq təcrübə və standartları əsas götürür. 2.2-ci maddəsinə əsasən Fondun fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.2.1. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini güzəştli kredit vəsaiti hesabına maliyyələşdirmək; 2.2.1-
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallarda və qaydada sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə zəmanət və faiz subsidiyası vermək; 2.2.1-2. sahibkarlığın inkişafına dəstək sahəsində proqramların (o cümlədən dövlət proqramlarının) hazırlanmasında, həyata keçirilməsində və maliyyələşdirilməsində iştirak etmək; 2.2.2. müasir texnologiyalara əsaslanan investisiya layihələri üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə müvafiq təhlil və araşdırmalar aparmaq; 2.2.3. sahibkarların yeni bazarlara çıxış imkanlarını öyrənmək və əldə olunan beynəlxalq təcrübəni sahibkarlara çatdırmaq, maarifləndirmə işləri aparmaq və onlara məsləhət xidmətləri göstərmək. 3.1-ci maddəsinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Fondun vəzifələri aşağıdakılardır: 3.1.1. Fondun vəsaiti hesabına Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini maliyyələşdirmək; 3.1.1-1. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallarda və qaydada sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə zəmanət və faiz subsidiyası vermək; 3.1.3. Fonda sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üçün verilmiş vəsaitdən səmərəli və təyinatı üzrə istifadəni təmin etmək; 3.1.4. Fonda təqdim olunan investisiya layihələrinin ekspertizasını həyata keçirmək; 3.1.5. sahibkarlığın inkişafına yönəldilmiş dövlət proqramlarından irəli gələn investisiya layihələrinin maliyyələşdirilməsinə üstünlük vermək; 3.1.8. kreditlərdən öz təyinatına uyğun istifadə olunmasına nəzarət etmək məqsədilə monitorinqlərin keçirilməsi qaydasını müəyyən etmək; 3.1.9. sahibkarlıq subyektlərinə zəruri hüquqi, iqtisadi və digər məlumatların toplanmasında və yayılmasında, bazar konyunkturunun öyrənilməsində, sahibkarlıq fəaliyyəti ilə bağlı proqramların və investisiya layihələrinin işlənib hazırlanmasında kömək etmək. İşin araşdırılmış hallarından görünür ki, Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış, Azərbaycan Respublikasında sahibkarlığın inkişafına maliyyə dəstəyi verən publik hüquqi şəxsdir. Sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli kredit vəsaiti hesabına maliyyələşdirilməsi, sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun yerinə yetirdiyi vəzifələrdəndir. Bu sahədə cavabdehin yerinə yetirdiyi vəzifələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydalarla tənzimlənir. Bu sahədə yaranmış münasibətlər publik hüquq münasibətləridir və cavabdeh Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun bu sahədə həyata keçirdiyi funksiyalar inzibati funksiyalardır. Bu səbəbdən də hazırki iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə «İnzibati orqanların təsnifatı»nın V bəndində qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər nəzərdə tutulmuşdur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarında qeyd olunur: -2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. -14. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. -15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Qeyd olunan əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7799/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Anar Tanrıverdiyev