Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4894/2025 17.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqənin verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-11688/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2009cu il təvəllüdlü İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı X3 ərizə təqdim edərək əsl olmayan iddiaçı X1 əsl İddiaçı ilə əvəz edilməsini xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, e-2- 1(112)-11688/2025 saylı qərardadı ilə ərizə təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, e-2-1(112)-11688/2025 saylı qərarı ilə (A.Ə.Əhədova) iddia tələbi rədd edilmişdir. İş materiallarından müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 10 sentyabr 2025ci il tarixli, e-2-1(112)-11688/2025 saylı qərarı əvvəlki iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Eyni zamanda hazırkı İddiaçı apellyasiya şikayətində qərarı xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə oxuduğunu qeyd etmişdir. Lakin apellyasiya şikayəti Bakı İnzibati Məhkəməsinə xx.xx.2025-ci il tarixdə - qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük müddət keçdikdən sonra təqdim edilmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı məhkəməyə prosessual müddətin bərpa olunmasına dair ərizə təqdim edərək, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutlmuş müddətin ötürülməsinin üzrlü hesab edilməsini (=*iddiaçı özü müddətin ötürülməsini etiraf edir) və buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qərar vəkilin elektron kabinetində xx.xx.2025-ci il tarixndə oxunmuş və iddiaçı həmin qərardan apelyasiya şikayətini hazırlayaraq xx.xx.2025-ci il tarixində "xxxx" MMC-nin kuriyer xidmətindən istifadə edərək kuryerə şikayəti təqdim etmişdir. Kuryer tərəfindən məhkəməyə şikayət xx.xx.2025-ci il tarixində təqdim edilib. Məktubu təhvil verən zaman kuryerin verdiyi qəbzə diqqət etməmiş və orada şikayətin təhvil verildiyi müddət xx.xx.2025-ci il olaraq qeyd edilib. Texniki səhf olaraq 10 noyabr 2025-ci il əvəzinə 11 noyabr 2025-ci il qeyd olunub. İddiaçı məhkəmə bildirişini aldıqdan və orada yazılanlarla tanış olduqdan sonra dərhal "xxxx" MMC-yə müraciət etdi və şirkət baş vermiş yalnışlıq barədə arayış verdi. Lakin məhkəmə kollegiyası tərəfindən iddiaçının istinad etdiyi arayış nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, arayış aşağıdakı məzmundadır: “ ... Bildirilir ki, İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixində Bakı İnzibati Məhkəməsinə ünvanlanmış məktubu xx.xx.2025-ci il tarixində Bakı İnzibati Məhkəməsinə təhvil verilmişdir. Göndəriş qəbzində göndəriş tarixi xx.xx.2025 tarixi kuryer tərəfindən səhvən yazılıb”. Yəni, arayışda mücərrəd ifadələrdən istifadə olunub və məktubun çatdırılma xidmətinə məhz xx.xx.2025-ci il tarixdə təhvil verilməsi açıq qeyd olunmayıb. Göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)- 11688/2025 saylı qərarı vəkilin elektron kabinetində xx.xx.2025-ci il tarixdə oxunmuşdur. Bu hal apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin başlanğıc anını müəyyən edir və tərəflər arasında mübahisə doğurmur. Bununla belə, apellyasiya şikayəti yalnız xx.xx.2025-ci il tarixində (tərəfin sözlərinə görə, xx.xx.2025-ci il tarixdə) çatdırılma şirkərinə təqdim edilmiş, məhkəməyə isə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. İş materiallarında olan kuryer qəbzində göndərişin çatdırılma şirkətinə xx.xx.2025-ci il tarixdə təqdim edildiyi açıq şəkildə göstərilmişdir. Bu fakt apellyasiya şikayətinin prosessual müddətin bitməsindən sonra verildiyini təsdiq edir. Diqqətəlayiq məqam ondan ibarətdir ki, kuryer qəbzinin üzərində qeyd olunmuş ad və soyadın baş hərflərindən (G.Ş. – Vəkil – bu məlumatlar qəbzin üzərinə çatdırılma şirkətinin internet səhifəsindən çatdırılmanın izlənməsi üçün qeyd edilir) göndərişi təqdim edən şəxsin iş üzrə (əvəz edilmiş) iddiaçının vəkili olduğu müəyyən edilir. Bu isə onu göstərir ki, şikayətin təqdim edilməsi birbaşa peşəkar hüquq fəaliyyəti həyata keçirən, prosessual müddətlərin mahiyyətini və nəticələrini bilməli olan şəxs tərəfindən icra edilmişdir. Belə olan halda, prosessual müddətlərin hesablanmasında və sənədlərin vaxtında təqdim edilməsində yol verilmiş nöqsanlar sadə diqqətsizlik kimi deyil, vəkilin davranışının nəticəsi kimi qiymətləndirilməlidir. Eyni zamanda, vəkilin qərarın elektron kabinetdə oxunduğu tarixdən etibarən kifayət qədər vaxt mövcud olduğu halda, apellyasiya şikayətini məhz müddətin son günlərində təqdim etməsi özü-özlüyündə müəyyən suallar doğurur. Prosessual hüquqda müddətlərin sonuna saxlanılaraq riskli davranış nümayiş etdirilməsi və sonradan bu riskin nəticələrinin məhkəmənin üzərinə yönəldilməsi ədalətli məhkəmə araşdırması və hüquqi müəyyənlik prinsipi ilə uzlaşmır. İddiaçı buraxılmış müddətin bərpasını "xxxx" MMC-nin verdiyi arayışla əsaslandırmağa çalışır. Lakin həmin arayışda yalnız ümumi formada “tarixin kuryer tərəfindən səhv yazıldığı” qeyd olunmuş, bu səhvin nə ilə bağlı olduğu, hansı texniki qeydlərlə təsdiqləndiyi və faktiki olaraq göndərişin hansı tarixdə qəbul edildiyi konkret sübutlarla göstərilməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, çatdırılma xidmətinin rəsmi internet səhifəsində göndərişlərin izləmə (tracking) sistemi mövcuddur. Bu sistem vasitəsilə bağlamanın qəbul edildiyi tarix və hərəkət mərhələləri dəqiq şəkildə müəyyən edilə bilir. Əgər apellyasiya şikayəti iddia edildiyi kimi həqiqətən xx.xx.2025-ci il tarixdə kuryer şirkətinə təqdim edilmiş olsaydı, bu hal həmin izləmə sistemində əksini tapmalı idi. Lakin iş materiallarına belə bir izləmə məlumatı və ya elektron sübut təqdim edilməmişdir. Bu vəziyyət onu göstərir ki, təqdim edilmiş arayış obyektiv rəqəmsal məlumatlarla təsdiqlənmir, məzmunu mücərrəddir və prosessual müddətin bərpası üçün tələb olunan sübutetmə yükünü ödəmir. Nəzərə alınmalıdır ki, prosessual müddətlərin bərpası yalnız tərəfin iradəsindən asılı olmayan, qarşısıalınmaz və obyektiv maneələr mövcud olduqda mümkündür. Peşəkar vəkil tərəfindən sənədin müddətin sonuna saxlanılması, göndəriş tarixinin yoxlanılmaması və sonradan bu halın üçüncü şəxsin “texniki səhvi” kimi təqdim edilməsi üzürlü səbəb hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinə müvafiq olaraq, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. İnzibati Prosessual Məcəllənin 22.1-ci maddəsinə müvafiq olaraq, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. İnzibati Prosessual Məcəllənin 23.1-ci maddəsinə görə, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. İnzibati Prosessual Məcəllənin 24.1-ci maddəsinə müvafiq olaraq, bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən isə, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. «K.N.Qəribovanın şikayəti ilə əlaqədar» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti üzrlü səbəblərdən ötürməsinə münasibətdə məhkəməyə hər hansı mötəbər sübut təqdim etmədiyindən, prosessual müddət bərpa edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2-1(112)-11688/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı, apellyasiya şikayətinin qəbul olunmasından imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARA ALDİ: Prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-11688/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan qərardadın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-4894/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4894/2025
17.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver