Məhkəmə qərarları › İş №2-1(103)-4895/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4895/2025

15.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4895/2025 15.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), X7 və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Tərəflərin iştrakı olmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6125/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışdan müəyyən olunur ki, ünvan 2 (Yeni qaydalara: AZ 1061, ünvan 1 ünvanında yerləşən **********49-11301 reyestr nömrəli daşınmaz əmlak (135.20 kv.metr bağ evi və 0.2330 ha torpaq sahəsi) üzərində İddiaçı xüsusi mülkiyyət hüquqları xx.xx.2024-cü il tarixdə № ********** qeydiyyat nömrəsilə qeydiyyata alınmışdır.

2. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə ünvan 2 (Yeni qaydalara: AZ 1061, ünvan 1 ünvanında yerləşən **********49-11301 reyestr nömrəli daşınmaz əmlaka dair tərtib olunmuş “Texniki pasport”dan müəyyən olunur ki, sənəd üzrə torpaq sahəsi 0.233 ha, tikintialtı sahə 0.02955 ha, digər sahələr 0.203387 ha təşkil edir.

3. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, **********44 №-li məktubunda qeyd olunmuşdur ki, “... Bakı şəhəri, Xəzər rayonu, Şimal DRES Bağlar küçəsi, 184-185/3493-3499, 186-187-3500-3501 (Yeni qaydalara: AZ 1061, ünvan 1 ünvanında yerləşən bağ evinin yerləşdiyi torpaq sahəsi sənəd üzrə 0.233 ha qeyd edilsə də, faktiki sahə 0.3578 ha təşkil edir. Sözügedən ünvanda yerləşən əlavə torpaq sahəsi isə 1247.5 kv.m təşkil edir.

4. Cavabdeh inzibati orqan DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli, **********57 №-li imtina məktubunda qeyd olunmuşdur ki, “... əlavə torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsin əsasən 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir”.

5. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-8808/2025 №-li məktubu ilə təqdim edilmiş xx.xx.2024-cü il tarixdə tərtib olunmuş “Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən 3 otaqlı bağ evi yaşayış sahəsi hüquqmüəyyənedici sənəd üzrə və faktiki olaraq 64.5 kv.metr, köməkçi sahəsi 46.8 kv.metr olmaqla ümumi sahəsi 111.3 kv.metr təşkil edir. Torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 2330.0 kv.metr və faktiki olaraq 3578.0 kv.metr təşkil edir. Torpaq sahəsinin bir tərəfi yol, üç tərəfi qonşudur. Texniki pasporta əsasən torpaq sahəsi 2330.0 kv.metr, faktiki isə 3578.0 kv.metr təşkil edir. Torpaq sahəsi 1248.0 kv.metr artıqdır.

6. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2- 24234/2025 №-li məktubunda göstərilmişdir ki, ünvan 2, (yeni qaydalarla: Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 125-ci Şüvəlan küçəsi, giriş 28) ünvanında yerləşən bağ evinin yerləşdiyi torpaq sahəsi sənəd üzrə 0.233 ha qeyd edilsə də, faktiki olaraq hasardaxili 0.3578 ha təşkil edir. Sözügedən ünvanda əlavə 1247.5 kv.m (0.12475 ha) torpaq sahəsi istifadə olunur. Qeyd olunan əlavə torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməyib.

a) Birinci instansiya məhkəməsində icraat.

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətinin qanunsuz hesab edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Şimal DRES Bağlar küçəsi, 184-185/3998,186-187/3500-3501, (Yeni qaydalarla: AZ1061, ünvan 1 ünvanında yerləşən bağ sahəsi üzərində tam olaraq mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması və buna dair plan və ölçü sənədinin tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı İcraiyyə Komitəsinin Bağlar təsərüfatının İnkişafı və İstismarı birliyi tərəfindən Şimal DRES bağ sahəsindən X6 Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 25-ci Şüvəlan küçəsi, giriş 28 tikintinin tutduğu sahə 23.4 kv.metr, tikintinin kubaturası 67,9 kv. metr bağçılıq yoldaşçılıq təsərüfatı hesabından torpaq sahəsi ayrılmışdır. Bundan əlavə həmin ərazidə eyni əsalarla tikintinin tutduğu sahə 196.3 kv. metr, tikintinin kubaturası 871.1 kv.metr olan torpaq sahəsi X3 bağçılıq yoldaşçılıq təsərüfatı hesabından torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahələrinə dair xx.xx.1998-ci il tarixdə X5 adına Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən 001977 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Eyni hüquqmüəyyənedici sənədlər əsasında X2 adına 001975 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Hər iki torpaq sahəsi 1998-ci il ildən faktiki olaraq onun sahibliyindədir. Toraq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyesterində onun adına qeydiyyata alınması və torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə bildiriş məktubu ilə torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı ərizənin icrasından qismən imtina etmişdir. Belə ki, həmin torpaq sahəsi üzərində tərəfindən 1998-ci ildən 1 mərtəbəli, 1 otaqlı, 10.3 kv.metr yaşayış, 7 kv.metr köməkçi sahədən ibarət bağ evi tikdirərək yaşayır. Hətta həmin evə dair mülkiyyət hüquqları xx.xx.2007-ci il tarixdən daşınmaz əmlakın dövlət reyesterində qeydiyyatdan keçmiş və mülkiyyət hüquqna dair ona çıxarış verilmişdir. Bundan əlavə tərəfindən 1998-ci ildən 1 mərtəbəli, 3 otaqlı, 64.5 kv.metr yaşayış kv.metr, qeyri yaşayış, 111 kv.metr köməkçi sahədən ibarət bağ evi tikdirərək yaşayır. Hətta həmin evə dair mülkiyyət hüquqları xx.xx.2007ci il tarixdən daşınmaz əmlakın dövlət reyesterində qeydiyyatdan keçmiş və mülkiyyət hüququna dair ona çıxarış verilmişdir. Cavabdeh təşkilata etmiş olduğu müraciət əsasında qeyd olunan ünvanda (ünvan 3eni qaydalarla AZ1061, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsi 135.20 kv.metr, torpaq sahəsinin ölçüsü 0.2330 olan hissəsi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş və bu barədə ona xx.xx.2024-cü il tarixli çıxarış və plan ölçü sənədi verilmişdir. Göründüyü kimi cavabdeh qurum eyni hüququmüəyyənedici sənədlər əsasında daşınmaz əmlakın bir hissəsini qeydiyyatdan keçirib bu barədə çıxarış və plan ölçü sənədi vermiş olsa da, lakin həmin əmlakın digər hissələrini daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçirilməsindən heç bir əsaslandırma aparmadan imtina etmişdir.

9. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, əlavə torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7- ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7- ci maddəsin əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. İdarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxış zaman məlum olmuşdur ki, bağ evinin yerləşdiyi torpaq sahəsi sənəd üzrə 0.233 ha qeyd edilsə də, faktiki sahə 0.3578 ha təşkil edir. Sözügedən ünvanda yerləşən əlavə torpaq sahəsi isə 1247.5 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6125/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildildirilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlər əsasında həmin ərazidə qonşuluqda onunla bərabər torpaq sahəsi ayrılmış bütün qonşulara məxsus torpaq sahəsi həmin şəxslərin adına mülkiyyət hüququ dövlət qeydiyyatından keçmiş və həmin şəxslərə mülkiyyət hüququna dair çıxarışlar verilmişdir. Həmin ərazidə torpaq sahəsi ayrılmış yeganə şəxs iddiaçıdır ki, ona məxsus torpaq sahəsi üzərində mülkiyyət hüquqları tam olaraq dövlət qeydiyyatından keçməmişdir. Hesab edir ki, cavabdeh qurum tərəfindən başqa şəxslərin eyni ərazidə yerləşən eyni əsaslarla sahibliyində və istifadəsinə olan torpağa dair mülkiyyət hüququnun dövlət qeydiyyatına aldığı halda, mənə münasibətdə bu hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi özlüyündə iddiaçının konstitusion hüququnun (bərabərlik hüququnu) pozulmasına səbəb olmuşdur.

c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

f) Proses iştirakçılarının izahatları

14. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştrak etməmiş və nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Ona görədə məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında,yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6.mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8.bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3 -ci maddələrinə əsasən)

21. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 15-17-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

22. Belə ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şimal DRES Bağlar küçəsi, 184- 185/3998,186-187/3500-3501, (Yeni qaydalarla: AZ1061, ünvan 1 ünvanında yerləşən bağ sahəsi üzərində tam olaraq mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması və çıxarışın verilməsini tələb edir.

23. İddiaçının dəlili isə ondan ibarətdir ki, həmin torpaq sahəsi 1998-ci il ildən faktiki olaraq onun sahibliyindədir.

24. Cavabdeh orqan isə bildirir ki, əlavə həyətyanı torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.

25. İş materiallarına əlavə edilmiş sənədlərdən məlum olmuşdur ki, ünvan 2 (Yeni qaydalara: AZ 1061, ünvan 1 ünvanında yerləşən 135.20 kv. metr bağ evi və 0.2330 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətinə verilmiş və o, həmin torpaq sahəsinə münasibətdə sahiblik, istifadə və sərəncam vermək hüququna malik olmuşdur. Hazırda iddiaçı iddia etdiyi əlavə 0.12475 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını məhz həmin torpaq sahəsinin uzun müddətdir ki, onun istifadəsində olması əsası ilə realizə etmək istəyir.

26. Nəzərə alınmalıdır ki, İddiaçı X4 aldığı 186-187 saylı bağ evinin texniki göstəricilərini əks etdirən sənəddə torpaq sahəsinin ölçüsünü 1187,4 m2, X1 aldığı 184-185 saylı bağ evinin texniki göstəricilərini əks etdirən sənəddə torpaq sahəsinin ölçüsünün 1143,4 m2 olması qeyd olunmuşdur. Həmin bağ sahələrinin cəmi isə 2330,8 m2 təşkil etmişdir ki, həmin ölçü də İddiaçı adına verilmiş xx.xx.2024-cü il tarixli mülkiyyət hüququna dair çıxarışda öz əksini tapmışdır. Göründüyü kimi iddia olunan 0.12475 ha torpaq sahəsinin əldə edilməsi ilə bağlı hər hansı bir hüquqi əsas yoxdur.

27. Məhkəmə kollegiyası qeyd edir ki, həmin əlavə torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olması şəxsin həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını realizə etmək üçün kifayət etmir. Belə ki, uzun illər ərzində istifadə qanuni istifadə anlayışını tam ehtiva etmir və hüquqmüəyyənedici sənədlər mövcud olmadan torpaq sahəsinin uzun müddətli istifadəsi qanuni istifadə anlayışı ilə əhatə olunmur. İddiaçı bu hüquqlarının qeydiyyatını yalnız o zaman tələb edə bilər ki, əgər o, həmin əlavə həyətyani torpaq sahəsinə münasibətdə yuxarıda göstərilən qanunvericilikdə nəzərdə tutulmuş sənədlərin birinə malik olsun. Hazırki mübahisə üzrə iddiaçının əlavə həyətyani torpaq sahəsinə münasibətdə hüquqmüəyyənedici sənədlərə malik olması, əlavə həyətyanı torpaq sahəsinə dair hər hansı hüquqi xarakter daşıyan münasibətlərin olması müəyyən edilməmiş, iddiaçı tərəfindən bu halın əksini təsdiq edən sənəd təqdim edilməmişdir.

28. Qanunvericiliyin müddəalarına əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Lakin, hazırkı iş üzrə mülkiyyət hüququnun qeydiyyata alınması tələb edilən əlavə həyətyani torpaq sahəsi üzərində isə həmin hüququn qeydiyyata alınması üçün nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.

29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları ilə bağlı düzgün nəticəyə gəlmişdir.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

31. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6125/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6125/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar