Məhkəmə qərarları › İş №2-1(103)-49/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-49/2022

25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-49/2022 25.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı (xx.xx.1958-ci il tarixində Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2-1(82)-2618/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 20.06.2018-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı 12-24 ünvanlarında yerləşən 14 saylı binanın 13-cü mərtəbəsində yerləşən 134 kv.metr mansard sahəsini hüquqi qeydiyyata almaqla müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, ünvan 3 ünvanlarda yerləşən bir ədəd 3 girişli 12, 14, 16 və 2 ədəd 2 girişli 18, 20 və 22, 24, 12 mərtəbəli yaşayış binaları "xxxx" MTK-ya məxsusdur. Qeyd olunan MTK-nın sədri V.B.Əsədovla hazırkı iddiaçı arasında 16 may 2016-cı il tarixdə 14/13 saylı müqavilə bağlanmışdır. Müqavilədə həmin ünvandakı 14 saylı binanın 13-cü mərtəbəsində yerləşən 134 kv.metr mansard sahəsinin iddiaçının öz şəxsi vəsaiti hesabına tikilməsi və gələcəkdə bununla bağlı bütün kommunal xərcləri onun öz üzərinə götürməsi nəzərdə tutulmuşdur. "xxxx" MTK tərəfindən ayrılmış mansard sahəsinin yerləşmə cizgisi müvafiq qaydada tərtib olunaraq ona verilmişdir. İddiaçı da öz növbəsində həmin sahədə öz vəsaiti hesabına qeyri-yaşayış sahəsini inşa edib, neçə müddətdir istifadə edir. Bunu "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışı da sübut edir. İddiaçı müvafiq qaydada sənədlərini toplayıb sözügedən mansard sahəsinə dair çıxarışın və texniki pasportun verilməsi ilə bağlı 10 yanvar 2018-ci il tarixli ********** saylı ərizə ilə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh təşkilat 30 yanvar 2018ci il tarixli, **********01 saylı məktubu ilə Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən təsdiqlənmiş eskiz layihə, tikintiyə icazə verilməsi barədə qərar, obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktının (istismara icazə sənədi) ərizəyə əlavə edilmədiyini, sözügedən əlavə sahə on iki mərtəbəli yaşayış binasının dam hissəsində binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədə yerləşməsini səbəb gətirərək sözügedən əmlaka dair reyestrdən çıxarışın verilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin hərəkəti qanuna ziddir və təqdim etdiyi sənədlər qanunvericiliyə əsasən ona məxsus mansard sahəsinin üzərində hüquqların qeydiyyata alınması üçün əsasdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi, qeyri-yaşayış sahəsi qanuna müvafiq ona ayrılmış, həmin mansard ona naturada təhvil verilmiş, iddiaçı da öz növbəsində mansardı öz vəsaiti hesabına inşa edərək hal-hazıra kimi faktiki sahiblik hüquqları həyata keçirir. Cavabdeh təşkilatın imtinada qeyd etdiyi hallar həqiqəti əks etdirmir, belə ki, mansard sahəsi 2016-cı ildən etibarən iddiaçının istifadəsindədir və onun "xxxx" MTK-ya borcu yoxdur. Bu səbəbdən iddiaçı hesab edir ki, qanuni istifadəsində olan mansard sahəsinə dair iddiaçının adına çıxarış və texniki pasport verilməlidir. Göstərilənlərə və İPM-in 2, 45 – 46-cı maddələrinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsaslanaraq, ünvan 3 ünvanında yerləşən 14 saylı binanın 13-cü mərtəbəsində yerləşən 134 kv.metr mansard sahəsini hüquqi qeydiyyata almaqla müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul olunması xahiş edilir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli, 2-1(82)-3111 nömrəli qərardadı ilə (hakim R.Kərimli) iddia geri götürülmüş hesab edilmiş və iş üzrə icraata xitam verilmişdir. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1119/19 saylı, 01 may 2019-cu il tarixli qərardadı ilə (hakimlər A.Nuriyeva, V.Ağayev, C.Yusifov) iddiaçının apellyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli qərardadının ləğv edilməsi və işin baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2-1(82)- 2618/2019 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 12–24 ünvanında yerləşən 14 saylı binanın 13-cü mərtəbəsində yerləşən 134 kv.m mansard sahəsinə İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti vermiş, qərarın ləğv olunması və iddianın təmin olunmaması barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, ərizəyə əlavə edilmiş sənədlər surətdir və sənədlərin əsilləri İdarəyə təqdim edilməmişdir. Bundan əlavə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiqlənmiş eskiz layihə, tikintiyə icazə verilməsi barədə qərar, obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı (istismara icazə sənədi) ərizəyə əlavə edilməmişdir. Belə ki, qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 08.12.2016-cı il tarixli, 495 saylı qərarı ilə təsdiq olunmuş “Obyektin Tikintisinə İcazənin vahid forması"na uyğun tərtib edilmiş tikintiyə icazə verilməsi barədə qərar və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11.09.2014-cü il tarixli, 302 saylı qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması" və Azərbaycan Respublikası Prezidentinin 17.11.2014-cü il tarixli, 349 saylı Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları” na uyğun tərtib olunmalı, təsdiqlənməli və təqdim olunan sənədlər toplusuna əlavə olunmalıdır.Bundan başqa, sözügedən əlavə sahə on iki mərtəbəli yaşayış binasının dam hissəsində, binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ mülkiyyətçilərə məxsus sahədə yerləşir. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. ünvan 4 07.02.2020-ci il tarixli qərarı ilə (hakimlər S.Seyidova,V.Ağayev,A.Nuriyeva) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2618/2019 saylı, 20.08.2019cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 5 ünvanında yerləşən 14 saylı binanın 13-cü mərtəbəsində yerləşən 134 kv.m mansard sahəsinə onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin olunmamışdır. Qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş,Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1414/2020 saylı, 06.08.2020-ci il tarixli qərarı ilə (hakimlər N.Rəsulbəyova, Z.Quliyev, İ.Hüseynov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.02.2020ci il tarixli, 2- 1(103)-105/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, iddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və əvvəlki məhkəmə kollegiyası iclaslarında iştirak etmiş X1, X4 və X10 oğlu apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişlər. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş iddiaçının vəkili Məmmədli Yaqub Həbib oğlu apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş "xxxx" MTK-nın sədri X7 izahat verərək eskiz layihə və maliyyə arayışı vermədiklərini, eskiz layihənin onlara aid olmadığını, sakinlərlə illik xidmətlərə görə kommunal müqavilə bağladıqlarını, iddiaçı ilə mansardla bağlı heç bir münasibətlərinin olmadığını, binanın üstünün dam örtüyü olduğunu, mansard barədə sərəncamın olmadığını, konstruktorlara yoxlatdırmalı olduğunu, iddiaçı tərəfindən onların adlarından təqdim olunan sənədlərin saxta olduğunu, məhkəmənin saxtakarlıqla bağlı prokurorluğa müraciət etməsini xahiş etdiyini bildirdi. İddiaçı, onun vəkili və üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri sonuncu məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası proses iştirakçısının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırıb belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İş materiallarında olan: - 16.05.2016-cı il tarixli, 14/13 saylı müqavilənin surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 1 ədəd 3 girişli, 12, 14, 16 və 2 ədəd 2 girişli 18, 20, 22, 24, 12 mərtəbəli yaşayış binaları "xxxx" MTK-nın sədri V.B.Əsədov və "xxxx" MTK-nın 14 saylı binasının 12-ci mərtəbəsinin payçısı İddiaçı ilə müqavilə bağlanmış, ona görə ki, 14 saylı binanın 13-cü mərtəbəsində yerləşən 134 kv.m mansard sahəsini öz şəxsi vəsaiti hesabına tikdirmiş və gələcəkdə bununla bağlı bütün kommunal xərcləri öz üzərinə götürmüşdür. Bundan sonra 14 saylı binanın 13-cü mərtəbəsində yerləşən 134 kv.m mansard sahəsinin təmir işlərini öz vəsaiti hesabına aparacaqdır - "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışının surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 1 ədəd 3 girişli, 12, 14, 16 və 2 ədəd 2 girişli 18, 20, 22, 24, 12 mərtəbəli yaşayış binaları "xxxx" MTK-ya məxsusdur. Aşıq Alı küçəsi 14 ünvanında yerləşən 13 mərtəbədə tikilmiş mansard sahəsi 134 kv.m olan, 12-ci mərtəbədə yerləşən İddiaçı şəxsi vəsaiti hesabına tikilmişdir. Onun "xxxx" MTK-ya borcu yoxdur. - AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin İddiaçı ünvanladığı 30.01.2018-ci il tarixli, **********01 saylı imtina məktubundan görünür ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiqlənmiş eskiz layihə, tikintiyə icazə verilməsi barədə qərar, obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı (istismarına icazə sənədi) ərizəyə əlavə edilməmişdir. Eyni zamanda bildiririk ki, sözügedən əlavə sahə on iki mərtəbəli yaşayış binasının dam hissəsində, binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədə yerləşir. Bu səbəblərdən ərizənizin icrası mümkün olmamışdır. Həmçinin bildiririk ki, qeyriyaşayış binasına dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 08.12.2016-cı il tarixli, 495 saylı qərarı ilə təsdiq olunmuş "Obyektin Tikintisinə icazənin vahid forması"na uyğun tərtib edilmiş tikintiyə icazə verilməsi barədə qərar və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11.09.2014-cü il tarixli, 302 saylı qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması" və Azərbaycan Respublikası Prezidentinin 17.11.2014-cü il tarixli, 349 saylı fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları” na uyğun tərtib olunmalı, təsdiqlənməli və təqdim etdiyiniz sənədlər toplusuna əlavə olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında" əsasnaməsinin 4.11.11.5. və 4.11.12.-cı bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək, müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsə də, əsasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının İcra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında” əsasnaməsinin Əlavəsi olan rayon icra hakimiyyəti başçıları aparatının nümunəvi strukturunda memarlıq xidməti nəzərdə tutulmadığından Bakı şəhərində qeyri-yaşayış sahələrinin layihələrinin təsdiqi, həmçinin fərdi yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsi yalnız Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətinə aiddir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə görə, yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 16-cı maddəsinə görə, yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. AR Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd; 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009- cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 139-1.1.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8- ci maddəsində həmçinin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar sadalanır ki, həmin əsaslardan hər hansı birinin olduğu hazırkı işdə müəyyən edilmir. 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.15-ci maddəsinə əsasən mansarda mərtəbəsi – binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyriyaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahədir. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi göstərişi ondan ibarət olmuşdur ki, “İşə yenidən baxan apellyasiya instansiya məhkəməsi ünvan 6 ünvanında yerləşən 14 saylı binanın 13-cü mərtəbəsində yerləşən 134 kv.metr mansarda sahəsinin sözügedən binanın təsdiqlənmiş eskiz layihəsində yaşayış sahəsi kimi nəzərə alınıb-alınmadığını müəyyən etməli, nəticədən aslı olaraq əsaslı qərar qəbul etməlidir.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən Ali Məhkəmənin müvafiq göstərişinə uyğun olaraq araşdırma aparılmış "xxxx" MTK-ya, Bakı şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə sorğular ünvanlanaraq, işin obyektiv və hərtərəfli araşdırılması üçün Ali Məhkəmənin göstərişinə və "xxxx" MTK tərəfindən verilmiş arayışa əsasən ünvan 6 ünvanında yerləşən 14 saylı binanın 13-cü mərtəbəsində yerləşən 134 kv.metr mansarda sahəsinin sözügüdən binanın təsdiqlənmiş eskiz layihəsində yaşayış sahəsi kimi nəzərə alınıb-alınmaması barədə məlumatları, mansarda mərtəbəsi-binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulubtutulmaması barədə məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Sorğulara cavab olaraq, - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 21.09.2021-ci il tarixli, 37/24-06744 №-li cavab məktubuna əsasən qeyd edilmişdir ki, “ "xxxx" MTK tərəfindən inşa edilən bu binaların layihəsi ilkin olaraq Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Ekspertiza Mərkəzinin 03.09.2004-cü il tarixli 1057-E/4 nömrəli rəyi ilə razılaşdırılmışdır. Daha sonra, Azərbaycan Respublikası Baş Nazirinin müavininin 02 mart 2010-cu il tarixli 17/925-12 №-li tapşırığına müvafiq olaraq 31 dekabr 2009-cu il tarixə olan vəziyyətə tikintisinə 01 08.2005-ci ildən sonra başlanılmış və yükdaşıyan konstruksiyaları dəmir-beton karkasdan qəbul edilmiş binaların (hündürlüyündən və mərtəbə sayından asılı olmayaraq) işçi layihələrinin konstruktiv hissələrinə Dövlət Ekspertiza Baş İdarəsində baxılması və nəticədə müsbət rəy almış layihələr üzrə binaların tikintisinin müvafiq qaydada sənədləşdirilməsinə müstəsna hal kimi icazə verilməsi ilə əlaqədar olaraq "xxxx" MTK-nin sifarişi əsasında «ünvan 9 ünvanında yaşayış binası» üzrə layihə sənədləri 05.12.2011-ci il tarixli 13559 saylı ekspertiza rəyi razılaşdırılmışdır. Bu zaman tikintinin artıq başa çatdığını nəzərə alaraq layihənin memarlıq həllinə münasibət bildirmədən binalarının təhlükəsizlik və dayanığlığının təmin olunması baxımından layihənin yalnız konstruktiv hissələrinə baxılmışdır. Ekspertizaya təqdim edilən sənədlərə əsasən bu ünvanda göstərilən kompleks 7 binadan ibarət olaraq inşa edilmişdir və burada binalardan 6-sı (layihə sənədlərinə əsasən - İ bina A, İ bina B, İİ bina A, İİ bina B, İİİ bina A, İİİ bina B) 1 səviyyə zirzəmi, 11 yerüstü və 1 mansarda (dubleks) mərtəbədən, biri isə (İİ bina C) 1 səviyyə zirzəmi, 12 yerüstü mərtəbədən ibarət olmuşdur. Qeyd olunanları nəzərə alaraq sorğuda göstərilən 14 saylı 13 mərtəbəli bina barədə məlumatlar layihə sənədlərində göstərilmədiyindən tələb olunan məlumatların verilməsi mümkün deyil. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 03.09.2021-ci il tarixli, 7-3743/17 saylı məktubunda qeyd edilmişdir ki, “qeyd olunan ünvandakı binanın layihələndirilməsi və tikintisi ilə bağlı zəruri olan sənədlər toplusu ( obyektin inşaat pasportu, razılaşdırılmış layihə sənədləri, tikintiyə icazə və s. ) Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin arxivində olduğundan və adı çəkilən İdarə müvafiq arxiv sənədləri ilə birlikdə Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 01 avqust 2018-ci il tarixli, 226 saylı Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verildiyindən, sorğunuzda qeyd olunan həmin xüsusatlara dair məlumatın tərəfimizdən təqdim olunması imkanlarımız xaricindədir.” - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 20.10.2021-ci il tarixli, XO-01-09-2021-06793 №-li məktubunda qeyd edilmişdir ki, “Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 16.09.2004-cü il tarixli 18/04-665 nömrəli məktubu ilə "xxxx" MTK-ya məxsus yaşayış binalarının 5 girişli 12 mərtəbəli və 2 girişli 12 mərtəbəli (1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi və yeraltı qaraj) olmaqla işçi layihəsinin memarlıq hissəsi razılaşdırılmışdır. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır və özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir.” Eyni zamanda məhkəmə sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 13.01.2022-ci il tarixli, MİHO/2.1.1-2-2022- 129 №-li məktubu ilə Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 16.09.2004-cü il tarixli 18/04-665 nömrəli məktubu ilə razılaşdırılmış Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 864-cü məhəllədə tikintisi nəzərdə tutulan yaşayış binalarının (5 girişli 12 mərtəbəli, 2 girişli 12 mərtəbəli 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi və yeraltı qaraj) işçi layihəsinin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəməyə təqdim edilmiş müvafiq yaşayış binalarının işçi layihəsində ünvan 6 ünvanında yerləşən 14 saylı binanın 13-cü mərtəbəsində yerləşən 134 kv.metr mansarda sahəsinin sözügedən binanın təsdiqlənmiş eskiz layihəsində yaşayış sahəsi kimi nəzərə alınması qeyd edilməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirdiyi mansard sahəsinin sözügedən çoxmərtəbəli yaşayış binasının təsdiqlənmiş eskiz layihəsində yaşayış sahəsi kimi nəzərə alınması iş materialları və işin hazırkı apellyasiya araşdırması ilə öz təsdiqini tapmadığından cavabdeh inzibati orqanın mansardın mənzil kimi qeydiyyata alınmasından imtina etməsi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı əssasız olduğundan ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 90, 94-cü və 99-cu maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı : Cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2-1(82)- 2618/2019 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 10 ünvanında yerləşən 14 saylı binanın 13-cü mərtəbəsində yerləşən 134 kv.m mansard sahəsinə İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmaqla bu barədə reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddia tələbi rədd edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər . Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar