Məhkəmə qərarları › İş №2-1(103)-49/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-49/2025

09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-49/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər Dövlət Neft Şirkəti) qarşı “torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması” haqqında iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli 2-1(112)-11098/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu Zığ Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 06 saylı Sərəncamı əsasında "Torpaqların alqı-satqısına dair" Aktı ilə ona fərdi yaşayış evinin tikintisi üçün Zığ Bələdiyyəsi tərəfindən satılmış və X7 kitabında 21246 nömrə ilə uçota alınmış (A № 277831) – 500 (beş yüz) kv.m. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun Dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2000-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ Bələdiyyəsinə ərizə ilə müraciət edərək ona fərdi yaşayış evi tikintisi üçün 500 kv.m torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Adı keçən Zığ Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli Sərəncamı ilə İddiaçı yaşayış şəraiti, sosial vəziyyəti, onun bələdiyyənin ərazisində abadlıq işlərində fəal iştirakı nəzərə alınaraq, sonuncunun uzun illər ərzində təsərrüfat qulluğu etdiyi Zığ qəsəbəsi, Göyüşov küçəsi 36 ünvanı yaxınlığındakı 500 (beş yüz) kv.m torpaq sahəsinin fərdi yaşayış evin tikintisi üçün İddiaçı ayrılması, müvafiq alqı-satqı müqaviləsilə özgəninkiləşdirilməsi qərara alınmışdır. AR Prezidentinin xx.xx.1997-ci il tarixli, 534-saylı Fərmanı ilə təsdiq edilmiş "Torpaqların alqısatqısı Qaydalarına" olan Əlavəyə uyğun qaydada iddiaçı (alıcı) İddiaçı və Zığ Bələdiyyəsi (satıcı) arasında "Torpaqların alqı-satqısına dair" xx.xx.2000-ci il tarixli Akt imzalanmaqla bu 500 kv.m torpaq sahəsinin müəyyən edilmiş dəyəri iddiaçı (alıcı) tərəfindən tam ödənilməklə alqı-satqı əqdi bağlanmışdır. Bu alqı-satqı əqdinin tərəfləri Zığ Bələdiyyəsinin tərtib etdiyi xx.xx.2001-ci il tarixli Akt üzrə bu 500 kv.m. olan torpaq sahəsi, onun ölçülərinin naturada isfadəsi ilə pay bölgüsü aparılmaqla (daimi nişanlar qoyulmaqla) alıcı İddiaçı təhvil verilmişdir. Aktdan göründüyü kimi, həmin torpaq sahəsindən heç bir kommunukasiyalar, o cümlədən "Bakkanalizasiya", qaz xətti, su kəməri, telefon xətti keçmir. Adı keçən torpaq sahəsinin özgəninkiləşdirilməsinin əsaslarının, qaydasının qanunvericiliyin tələblərinə uyğun olmasını nəzərə alaraq, AR Prezidentinin xx.xx.2007-ci il tarixli, 536 saylı Fərmanı ilə təsdiq edilmiş formada (kağız daşıyıcıda) İddiaçı ona aid "Torpaq sahəsinin planı və ölçüsü" barədə AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2010-cu il tarixdə X7 kitabından heç bir üçüncü şəxslərin hüquqları ilə yüklü olmayan və bu torpaq sahəsinin məhz ona İddiaçı aid olmasını təsdiq edən çıxarış verilmişdir. Bundan sonra İddiaçı bu torpaq sahəsi üzrə hüquqyaradan sənədlərlə cavabdehə müraciət edərək onun bu torpaq sahəsi üzərində hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmasını və ona bu barədə müvafiq Çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən imtina etmişdir. Cavabdehin iddiaçının müraciətinə imtinası əsassız və inzibati, mülki qanunvericiliyin tələblərinə ziddir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamış və yerləşmə cizgisində istinad və məsafələr göstərilməmişdir. Həmçinin, torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməklə dövlət mülkiyyəti torpaqlarıdır. Həmçinin, qeyd olunan torpaq sahəsinin bir hissəsi su kəmərinin mühafizə zonasında yerləşir. Bundan başqa, torpaq sahəsinə dair təqdim edilən alqı-satqı aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiqlənməmişdir. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə iddiaçıya **********59 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehin vəsatəti əsasında Dövlət Neft Şirkəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli 2-1(112)-11098/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli Sərəncamı ilə İddiaçı yaşayış şəraiti, sosial vəziyyəti, onun bu bələdiyyənin ərazisində uzun illər ərzində təsərrüfat qulluğu etdiyi: Zığ qəsəbəsi,Göyüşov küçəsi 36-ünvanı, yeni Yaşayış Massivində 500(beş yüz) kv.m torpaq sahəsinin fərdi yaşayış evin tikintisi üşün İddiaçı ayrılması/ müvafiq alqı-satqı əqdi ilə özgəninkiləşdirilməsi qərara alınmışdır. AR Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş "Torpaqların alqı-satqısı Qaydalarına" olan Əlavəyə uyğun formada/qaydada iddiaçı (alıcı) İddiaçı və Zığ Bələdiyyəsi (satıcı) arasında "Torpaqların alqı-satqısına dair" xx.xx.2000-ci il tarixli Akt imzalanmaqla bu 500 kv.m torpaq sahəsinin müəyyən edilmiş dəyəri iddiaçı(alıcı) tərəfindən tam ödənilməklə alqı-satqı əqdi bağlanmış/baş tutmuşdur. Zığ Bələdiyyəsinin tərtib etdiyi xx.xx.2001-ci il tarixli Akt üzrə, alqı-satqının predmeti olan bu 500 kv.m. torpaq sahəsi, onun ölçülərinin naturada ifadəsi ilə pay bölgüsü aparılmaqla (daimi nişanlar qoyulmaqla) alıcıya-İddiaçı təhvil verilmişdir. Aktdan göründüyü kimi, həmin torpaq sahəsindən heç bir kommunukasiyalar, o cümlədən "Bakkanalizasiya", qaz xətti, su kəməri, telefon xətti keçmir. Bu torpaq sahəsinin özgəninkiləşdirilməsinin əsaslarının, qaydasının qanunvericiliyin tələblərinə uyğun olmasını və heç bir 3-cü şəxslərin hüquqları ilə yüklü olmamasını nəzərə alaraq, AR Prezidentinin xx.xx.2007-ci il tarixli, 536 saylı Fərmanı ilə təsdiq edilmiş formada (kağız daşıyıcıda) İddiaçı 500 kv.m torpaq sahəsinə aid ona "Torpaq sahəsinin planı və ölçüsü" barədə AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2010-cu il tarixdə, AR Torpaq Məcəlləsinin, "X7, torpaqların monitorinqi və yerquruluşu haqqında" AR Qanununun tələbləri nəzərə alınmaqla, ona-İddiaçı/vicdanlı alıcıya adı keçən torpaq sahəsinin yalnız 404.0 kv.m sahəsinin ona aid olmasını təsdiq edən-o dövrdə mövcud olmuş vahid torpaq kadastrı kitabından kağız daşıyıcıda kadastr sənədi verilmişdir. Belə ki, 500 kv.m torpaq sahəsinin bir tərəfindən yeraltı su kəməri borusunun keçdiyi nəzərə alınaraq, İddiaçı satılmış bu torpağın sahəsi azaldılmışdır. Bu hal, həm Kadastrda, həm cavabdehin məhkəməyə təqdim etdiyi müayinə aktında da qeyd edilib. Bundan başqa, tərəflərin məhkəməyə təqdim etdiyi sənədlərdən göründüyü kimi, iddiaçıya aid edilmiş torpaq sahəsi məhz yaşayış massivində yerləşir vədağ-mədən sənayesinə, təsdiq edilmiş faydalı qazıntı yataqlarına, vahid energetika, magistral boru kəmərlərinə, nəqliyyat/rabitə, müdafiə obyektlərinə, dövlət sərhəd zolaqlarına, mühüm meliorasiya/su təsərrüfatı obyektlərinə, yaxud hər-hansı istehsalat obyektinə aid torpaq sahəsi deyil və onun ətrafında da sadalanan infrastruktur (yaxud onun struktur vahidləri) faktiki mövcud deyil. Adı keçən torpaq sahəsinin təyinatına müvafiq olaraq orada iddiaçı tərəfindən fərdi yaşayış evi tikilmiş və 13 (on üç) ildir ki orada iddiaçı çoxsaylı ailə üzvləri ilə yaşamaqdadır. Göründüyü kimi, 13 (on üç) il müddətində sözügedən torpaq sahəsi üzərində olan iddiaçının-vicdanlı əldə edənin hüquqlarını, eyniliklə-bu hüquqlara əsas olmuş Bələdiyyənin adı keçən Sərəncamını, Alqı-satqı, təhvil/təslim Aktlarını, iddiaçıya aid Dövlətin Kadastrındakı qeydini və iddiaçıya təqdim olunmuş "Torpaq sahəsinin planı və ölçüsü"-nü təsbit edən Kadastr Sənədini heç bir 3-cü şəxs (şəxslər) mübahisələndirməmişlər. Əksinə iddiaçı adı keçən torpaq sahəsi üzrə hüquqmüəyyən edən sənədlərlə cavabdehə müraciət edərək bu torpaq sahəsi üzərində öz hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmasını və ona bu barədə müvafiq çıxarışın verilməsini xahiş etdikdə, cavabdeh onların çeşidinin/sayının kifayət etdiyini bildirməklə xx.xx.2023-cü il tarixdə iddiaçıya müvafiq "hazır sənədin 1 (bir) ay müddətində təqdim edilməsi" barədə ********** saylı talon vermişdir. Bununla belə, cavabdeh öz xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçının adı keçən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının Dövlət Reyestrində qeydiyyatının aparılmasından və bu barədə ona müvafiq çıxarışın verilməsindən boyun qaçırmışdır. Cavabdeh öz imtina cavabında, eyniliklə 1-ci instansiya məhkəməsində iddiaya bildirdiyi etirazda aşağıdakılara istinad etmişdir: elektron kadastr məlumatına görə, adı keçən torpaq sahəsinin AR Dövlət Neft Şirkətinin (SOCAR) istifadəsinə verilmiş ərazidə yerləşməklə dövlət mülkiyyəti torpaqlarına aid olmasına; torpaq sahəsinin bir hissəsinin su kəmərinin mühafizə zonasında yerləşməsinə; AR Prezidentinin xx.xx.1997-ci il tarixli, 534-saylı Fərmanı ilə təsdiq edilmiş alqı-satqı X8 və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməməsinə; İş üzrə 1-ci instansiyası Məhkəməsinin təşəbbüsü ilə 3-cü şəxs qismində AR Dövlət Neft Şirkəti (SOCAR) işə cəlb olunmuşdur. AR Prezidentinin xx.xx.2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları"-nın qüvvəyə minməsindən sonra yaradılmış vahid elektron kadastr məlumatlarına istinadən cavabdeh və 3-cü şəxs məhkəməyə bildirmişlər ki, iddiaçıya bələdiyyə tərəfindən satılmış torpaq sahəsi sonuncunun deyil, dövlətin mülkiyyətindədir, SOCARİN istifadəsində/sahibliyindədir. Bununla belə, 3-cü şəxs tərəfindən məhkəməyə olduqca şübhəli, qeyri-mötəbər, əslində SSRİ dövrünə (bütün torpaqların yalnız dövlət, yaxud kolxoz-kooperativ mülkiyyətində olmasını əks edən-1964-cü ilə aid göstəricilər əsasında tərtib edilmiş və vahid elektron kadastrında guya 2012-ci ilə olan vəziyyəti əks etdirən sənəd-xəritə təqdim edilmişdir. (Halbuki, Məhkəmənin sorğularına cavab olaraq X5 bildirmişdir ki, həqiqətən də iddiaçıya 2000-ci ilə təsadüf edən alqı-satqı əqdi əsasında satılmış, qeyd edilən torpaq sahəsi Bələdiyyənin ərazisinə aid yaşayış massivində yerləşir və orada, müvafiq Aktda qeyd edildiyi kimi hər-hansı mərkəzi kommunikasiya boruları və s. mövcud deyil). Göründüyü kimi, AR Prezidentinin xx.xx.2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş adı keçən Qaydaların 6.6.-cı bəndinə zidd olaraq cavabdeh eyniliklə AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi mövcud daşınmaz əmlakın vahid dövlət kadastrının tərkib hissəsi kimi sistemi daşınmaz əmlakın dövlət reyestrinə inteqrasiya olunmasını və torpaq sahələri üzərində qeydiyyata alınmış hüquqlara dair məlumatları vaxtında sistemə inteqrasiyasını təmin etməmişlər. Beləliklə, təkzibedilməz haldır ki, cavabdehin, 3-cü şəxsin təqdim etdiklərinə (o cümlədən 3-cü şəxsin qeyri-mötəbər sənədinə), formal mülahizələrinə üstünlük vermiş 1-ci instansiya məhkəməsi qərar çıxararkən istinad etdikləri-əsaslandıqları "elektron kadastr uçotu informasiya sisteminin (vahid elektron kadastrının) 2016-cı ildən sonra yaradılması-təşkili, iddiaçının isə bundan öncə, 2000-ci ildə o dövrdə qüvvədə olmuş qanunvericiliyə müvafiq alqı-satqı əqdi ilə özgəninkiləşdirdiyi faktına əhəmiyyət verməmişdir. Halbuki, Bələdiyyənin Sərəncamı, eyniliklə bu əqdə aid Alqı-satqı və Təhvil-təslim Aktları, Kadastr qeydi leqitim, qüvvədə olduqlarından vicdanlı alıcı/iddiaçının hüquqlarının cavabdeh tərəfindən qeydə alınmaması əsassız və qanunsuzdur. Məhkəmə isə iddiaçını, ilk növbədə vicdanlı alıcı olaraq qanuni üsulla mülkiyyət əldə etmiş adi vətəndaşı müdafiə etməmişdir. Məhkəmə qərar çıxardıqda, əsasən 3-cü şəxsin təqdim etdiyi və 2000-ci ilə olan vəziyyəti: torpaq sahəsinin iddiaçı tərəfindən əldə edildiyi dövrə, eyniliklə-2010-cu və bundan sonrakı illərdə Dövlət Kadastrında aparılmış olan qeyd dövrünə deyil, əslində- SSRİ-nin mövcud olduğu/Azərbaycanın müstəqilliyindən əvvəlki 1964-cü ilə aid (yəni, torpaqların müstəsna dövlət mülkiyyətində olduğu dövrə olan vəziyyəti əks etdirən elektron kadastr (2016-cı ildən sonra yaradılmış) göstəricilərinə "əsaslanıb. " İlk növbədə məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 5-ci hissəsinə əməl olunmamışdır. Qərardan göründüyü kimi, buna əsas olmadan- normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmişdir. Məlum olduğu kimi, məhkəmələr tərəfindən mövcud münasibətləri, hüquq və vəzifələrin yaranması, əmələ gəlməsi zaman (o dövrdə) qüvvədə olan maddi hüquq normaları, işə baxılan zaman isə hazırda qüvvədə olan prosessual hüquq normaları tətbiq edilməlidir. Məhkəmə, eyni zamanda AR Konstitusuya Məhkəməsi Plenumunun müvafiq qərarlarında təsbit edilmiş hüquqi mövqeyə əsaslanmalıdır. Əmlakı vicdanlı əldə edən şəxsin hüquqlarının müdafiəsi ilə bağlı AR Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında təsbit edilmiş hüquqi mövqeyə görə, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsi ilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərir. "S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil edilir. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıçıda əqdin leqitimsizliyi barədə şübhə yaranmadıqda o, vicdanlı alıcı qismində qəbul olunur.Bundan başqa,əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab olunur. Gələcəkdə, əqdin bağlanması anında ona mane olan hərhansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Göründüyü kimi, işə baxdıqda birinci instansiya məhkəməsi ümumiyyətlə AR Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında təsbit olunmuş "vicdanlı alıcılara" aid hüquqi mövqeyə əhəmiyyət belə verməmişdir. Eyni zamanda məhkəmə işin faktiki hallarına mütənasib, tətbiq edilməli aşağıdakı maddi normalarını da tətbiq etməmişdir: "Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə “AR Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı Fərmanının 2-ci bəndi/hissəsi. Halbuki orada təsbit edilmişdir ki, "...Müəyyən edilsin ki, bələdiyyə mülkiyyətinə veriləcək torpaqlar bələdiyyələr yaradılanadək müvafiq yerli icra hakimiyyətlərinin sərəncamında saxlanılsın..." (Məlum olduğu kimi, Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri xx.xx.1999-cu ildə keçirilmişdir, o dövrdə Respublikada 2.700 bələdiyyə yaradılmış, sonradan isə kiçik bələdiyyələrin birləşdirilməsi nəticəsində bələdiyyələrin sayı 1.771-ə endirilmişdir). Təbii ki, bundan sonra müvafiq yerli icra hakimiyyətinin sərəncamında saxlanılan bələdiyyələrə verilməsi nəzərdə tutulan torpaqlar onlara verilmiş-ayrılmışdır,o cümlədən Suraxanı rayonu,Zığ Bələdiyyəsinə. "X2 edilməsi haqqında"AR Qanununun 4.0.1.-ci maddəsində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barəsində sərəncam verməyin bələdiyyələrin səlahiyyətlərində olması göstərilmişdir. Həmin Qanunun 20.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların alqı-satqısı ilə bağlı münasibətlər bələdiyyələrlə müvafiq fiziki şəxslər arasında bağlanılan müqavilələrlə rəsmiləşdirilir. AR Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş "Torpaqların alqısatqı Qaydaları"-nın 1-ci hissəsinin b) bəndinə görə, bələdiyyənin ehtiyat fondunun özəlləşdirilə bilən, o cümlədən kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar alqı-satqı müqavilələrin predmeti ola bilər. Həmin Qaydaların 5-ci hissəsinə görə,:"... bələdiyyə torpaqlarının vətəndaşlara...satışı...onların ərizələrinə əsasən bələdiyyələrin Qərarı və tərəflər arasında bağlanan müqavilə ilə...həyata keçirilir..." - Eyni zamanda məhkəmə tətbiq olunmamalı maddi hüquq normalarını tətbiq etmişdir, belə ki, qərarda məhkəmənin istinad etdiyi, Respublikada torpaqların elektron kadastrının yaradılmasına, təşkilinə AR Prezidentinin xx.xx.2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydalar əsasında bu müddətdən sonra başlanılmışdır. Halbuki, qeyd edildiyi kimi, iddiaçıya (vicdanlı əldə edənə) alqı-satqı müqaviləsi ilə satılmış torpaq sahəsinin planı və ölçüləri onun adına X7 kitabında sabiq AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hələ xx.xx.2010-cu il tarixdə 21246 nömrə ilə uçota/qeydiyyata alınmış və ona AR Prezidentinin xx.xx.2007-ci il tarixli, 536 saylı Fərmanı ilə təsdiq edilmiş formada/kağız daşıyıcıda təqdim olunmuşdur. Tərəflərin izahatları: Bakı Apellyasiya Məhkəməsinin 29 fevral 2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı rayonu Zığ bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə kollegiyası iclasında üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı, cavabdeh və üçüncü şəxs Bakı şəhəri Suraxanı rayonu Zığ bələdiyyəsinin nümayəndləri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassızdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... - 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İnzibati işin hallarından müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 06 saylı Sərəncamı ilə 500 kv.m torpaq sahəsi İddiaçı istifadəsinə verilmişdir. İddiaçı qeyd olunan hüquqmüəyyənedici sənədə istinad etməklə qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun Dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan imtina əsası kimi aşağıda qeyd olunan hallara istinad etmişdir: elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır; yerləşmə cizgisində istinad və məsafələr göstərilməmişdir; torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməklə dövlət mülkiyyəti torpaqlarıdır; qeyd olunan torpaq sahəsinin bir hissəsi su kəmərinin mühafizə zonasında yerləşir; torpaq sahəsinə dair təqdim edilən alqı-satqı aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiqlənməmişdir; Hazırki tələbində iddiaçı həmin torpaq sahəsinə çıxarış verilməsini tələb edir. Birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, torpaq sahəsi mişar daşla hasarlanmış və üç hissəyə bölünmüşdür. Sənəd üzrə sahəsi 500.0 kv.m, faktiki sahəsi isə 580.0 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməklə dövlət mülkiyyəti torpaqlarıdır. Qeyd olunan torpaq sahəsinin mərkəzindən Azərsu ASC-yə məxsus çirkab boru xətti keçir. Həmçinin sahəsinin bir hissəsi su kəmərinin mühafizə zonasında yerləşir. Eyni zamanda sözügedən ərazinin 404.0 kv.m hissəsinə ləğv edilmiş X3 Komitəsi tərəfindən İddiaçı adına verilmiş kadastr planının baza məlumatı mövcuddur. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən müayinə aktı təqdim edilmişdir. Həmin müayinə aktına əsasən: - Göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 580.0 kv.m təşkil edir. - Torpaq sahəsi dörd tərəfdən mişar daşla hasarlanıb və üç hissəyə bölünüb. - Torpaq sahəsində iki ədəd 2 mərəbəli və bir ədəd 1 mərtəbəli yaşayış evləri mövcuddur. - Torpaq sahəsinin bir tərəfdən 500 mm diametrli yer altı su kəmərləri keçir. Torpaq sahəsinin kadastr planında su kəməri göstərilib və sahə azalaraq 404.0 kv.m təşkil edib. Məhkəmənin sorğusuna əsasən “Azneft” İB-nin X1 Mədəninin daimi istifadəsində olan torpaq sahələrinin 1:5000 miqyasda topoqrafik planından görünür ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin ərazilərin hüdudları daxilində yerləşir. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanaraq işin obyektiv araşdırılması məqsədilə, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin təyinatı ilə bağlı ətraflı məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya cavab məktubunda qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 580,0 kv.m təşkil edir (üç hissəyə bölünüb). Vahid elektron kadastr baza məlumatına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməklə dövlət mülkiyyəti torpaqlarıdır. Həmçinin, qeyd olunan torpaq sahəsinin çox hissəsi su kəmərinin mühafizə zonasında yerləşir. Bundan başqa, qeyd olunan torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiqlənmiş alqısatqı aktı təqdim edilməmişdir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı eyni zamanda Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinə sorğu ünvanlanaraq işin obyektiv araşdırılması məqsədilə, Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 06 nömrəli Zığ qəsəbəsi, Göyüşov küçəsi, 36 ünvanı yaxınlığındakı 500 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılması haqqında sərəncamın və həmin sərəncamın verilməsi ilə bağlı bütün inzibati icraat materiallarının məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Zığ Bələdiyyəsi tərəfindən vətəndaş İddiaçı Naib qızına “X2 edilməsi" haqqında Azərbaycan Respublikası Qanunu (29 iyun 2001-ci il 160-1İQ) 6-cı maddəsinin 7-ci bəndinə istinad olunmayaraq xx.xx.2000-ci il tarixli 06 saylı sərəncamla torpaq sahəsi ayrıldığına dair bələdiyyənin arxivində digər sənədlər aşkarlanmamışdır. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsində iş üzrə araşdırma aparılarkən mübahisəli torpaq sahəsinin koordinatları (sahə sərhədləri), ölçüsü, təyinatı (dövlət və ya bələdiyyə torpağı olub-olmaması), torpaq sahəsi ayrılan zaman Zığ bələdiyyəsinin inzibati ərazi hüdudları daxilində olan əraziyə aid olub-olmaması, eyni zamanda torpaq sahəsinin yerləşdiyi ərazinin yaxınlığında işlək və ya ləğv olunmuş neft quyusunun olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməmiş, həmçinin, iş üzrə mütəxəssis rəyləri alınmamışdır. Apellyasiya instansiya məhkəməsində icraat zamanı məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində aidiyyəti qurumun mütəxəssisləri cəlb olunmaqla iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 06 saylı Sərəncamı və 05 iyul 2001-ci il tarixli aktı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı istifadəsinə verilmiş və X7 kitabında 21246 nömrə ilə uçota alınmış (A № 277831) – 500 (beş yüz) kv.m. torpaq sahəsinin koordinatları (sahə sərhədləri), ölçüsü, təyinatı (dövlət və ya bələdiyyə torpağı olub-olmaması) müəyyən edilsin. - Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 06 saylı Sərəncamı və 05 iyul 2001-ci il tarixli aktı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı istifadəsinə verilmiş və X7 kitabında 21246 nömrə ilə uçota alınmış (A № 277831) – 500 (beş yüz) kv.m. torpaq sahəsinin naturada yeri müəyyən edildikdən sonra başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşürmü və müəyyən olunacaq yer başqa şəxsin adına qeydiyyatdan keçmişdirmi? - Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 06 saylı Sərəncamı və 05 iyul 2001-ci il tarixli aktı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı istifadəsinə verilmiş və X7 kitabında 21246 nömrə ilə uçota alınmış (A № 277831) – 500 (beş yüz) kv.m. torpaq sahəsinin yerləşdiyi ərazinin həmin torpaq sahəsi ayrılan dövrdə Zığ bələdiyyəsinin inzibati ərazi hüdudları daxilində olan əraziyə aid olub-olmaması müəyyən edilsin. -Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 06 saylı Sərəncamı və 05 iyul 2001-ci il tarixli aktı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı istifadəsinə verilmiş və X7 kitabında 21246 nömrə ilə uçota alınmış (A № 277831) – 500 (beş yüz) kv.m. torpaq sahəsinin yerləşdiyi ərazinin yaxınlığında işlək və ya ləğv olunmuş neft quyusunun olub-olmaması müəyyən edilsin? Əgər varsa, torpaq sahəsinin yerləşdiyi ərazi ilə işlək və ya ləğv olunmuş neft quyusu arasındakı məsafə nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Teymur Məmmədov məhkəməyə vəsatət ilə müraciət edərək, xx.xx.2024-cü tarixli qərardadla təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası qarşısında qoyulmuş suallardakı məsələlərnin həll edilməsi məqsədi ilə mübahisəli torpaq sahəsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq mütəxəssis rəyinin, tədqiqi olunan torpaq sahəsinə dair koordinatların, baza və arxiv məlumatlarının təqdim edilməsini xahiş etmiş, məhkəmə tərəfindən 22 iyul 2024-cü il tarixli məktubla 1 saylı Bakı Ərazi İdarəsinə məktub ünvanlanaraq idarənin mütəxəssisi tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilməsi, müvafiq mütəxəssis rəyinin, baza məlumatlarının, mübahisəli torpaq sahəsinin koordinatlarının təqdim edilməsi xahiş olunmuş, 1 saylı Bakı Ərazi İdarəsinin 27 avqust 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, AR Tarif (qiymət) Şurasının 31 iyul 2023-cü il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qurumları tərəfindən daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərinin tarifləri”nin Xİ bəndində torpaq kadastr məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsinə dair mütəxəsыis rəyinin verilməsinə görə xidmət haqqı ödənilməsi nəzərdə tutulmuşdur, odur ki, Tarif Şurasının Xİ bəndinə uyğun olaraq nəzərdə tutulan 95 manat xidmət haqqı ödənildikdən sonra mütəxəssis rəyinin verilməsi təmin ediləcəkdir. Bununla bağlı iddiaçının nümayəndəsi və vəkilinə qeyd olunan məktubun surəti icra edilməsi üçün göndərilmiş, iddiaçının nümayəndəsi və vəkili ərizə ünvanlayaraq, xx.xx.2024-cü il tarixli, 2-l(103)-1274/2024 saylı qərardadla təyin olunmuş məhkəmə tikintitexniki ekspertizanın keçirilməsi ilə bağlı məhkəmədən əlavə tələb olunan mütəxəssis rəyinin verilməsi iş üzrə maraqlı olan cavabdehə- DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə deyil, Azərbaycan Respublikasında hazırda mövcud olan və müvafiq texniki vasitələrlə (CPS və s) torpaq sahələrinin ölçülərinin /lokasiyasının və s. bununla bağlı göstəricilərinin müəyyən edilməsinə qadir olan digər/başqa inzibati təsisatlara həvalə edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkilinin ərizəsi nəzərə alınmaqla Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərardadı rəy verilməsi üçün X6 və Ekspertiza Mərkəzi MMC-yə göndərilmişdir. X6 və Ekspertiza Mərkəzi MMC-nin 14 fevral 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, tədqiqat obyektinə baxışın keçirilməsi üçün iddiaçının vəkili ilə dəfələrlə əlaqə saxlansa da, torpaq sahəsinə baxışın keçirilməsinə şərait yaradılmamışdır, ona görə də qərardadda qoyulmuş sualların cavablandırılması mümkün olmadı. Sonda mütəxəssis rəyi təqdim edilmədiyindən, ekspert tərəfindən ekspertizanın aparılmasından imtina edilmişdir. AR İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. AR MPM-in 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Beləliklə, iddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsi üçün mübahisəli torpaq sahəsinə baxış keçirilməsinə şərait yaradılmadığından, bununla da ekspertizanın keçirilməsinə mane olunduğundan məhkəmə kollegiyası ekspert qarşısından qoyulmuş müəyyən edilməli olan faktların, yəni Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 06 saylı Sərəncamı və 05 iyul 2001-ci il tarixli aktı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı istifadəsinə verilmiş və X7 kitabında 21246 nömrə ilə uçota alınmış (A № 277831) – 500 (beş yüz) kv.m. torpaq sahəsinin başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi, yerləşdiyi ərazinin həmin torpaq sahəsi ayrılan dövrdə Zığ bələdiyyəsinin inzibati ərazi hüdudları daxilində olan əraziyə aid olmaması, torpaq sahəsinin yerləşdiyi ərazinin yaxınlığında işlək və ya ləğv olunmuş neft quyusunun olması hallarının mövcudluğunu təsdiq olunmuş hesab edir. Eyni zamanda məhkəmə araşdırması zamanı əldə olunan sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 06 saylı Sərəncamı ilə İddiaçı istifadəsinə verilmiş 500 kv.m torpaq sahəni Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi" barədə Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanında qeyd olunmuşdur:

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndinin 1-ci hissəsinə əsasən ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq, zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədi ilə İNBK-mn marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa əsasən neftqazçıxarma sənayesi (magistral neft-qaz boru kəmərlərini daxil etməklə) təhlükə potensiallı istehsal obyektləri kateqoriyasına aiddir. Məhkəmə kollegiyası qeyd edir ki, təhlükə potensiallı obyektlərin ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonalarının yaradılmasının məqsədləri əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması olduğundan həmin ərazilər yaşayış üçün nəzərdə tutulmamışdır. Odur ki, həmin ərazidə Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 06 saylı Sərəncamı ilə İddiaçı istifadəsinə verilmiş 500 kv.m torpaq sahəninə mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz və iddiaçının hüquqlarına həmin müdaxilə X10 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin 3-cü qaydasına uyğun olmuşdur (mülkiyyətdən isitifadəyə nəzarət). Belə ki, müdaxilə qanuni olmuş, qanuni məqsəd daşımış (əhalinin təhlükəsizliyinin təmin olunması) və zəruri olmuşdur (borunun istismarına lazımi şərait yaradılması). Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli 2-1(112)-11098/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar