Məhkəmə qərarları › İş №2-1(103)-4900/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4900/2025

28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4900/2025 28.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası X4 Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X3, Nümayəndə3, X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-8301/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə xx.xx.2026cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçıya hərbi qulluqçu kimi xx.xx.2012-ci il tarixdən 27 il 06 ay 20 gün xidmət illəri hesablanmaqla hərbi xidmətdən tərxis olunmuşdur. O, pensiyaya çıxdıqdan sonra halhazıradək işləyir. İddiaçıya xx.xx.2012-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2016-cı il tarixdən müharibə iştirakçıları sırasından olan İİ qrup əlil kimi yaşa görə əmək pensiyasının üzərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 70 faizi məbləğində əlavə hesablanmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının 7 fevral 2006-cı il tarixli Qanununun (2006-cı il yanvarın 1-dən qüvvəyə minmişdir) 19.2.5-ci maddəsinə əsasən müharibə veteranı və İİ qrup əlil olmağı nəzərə alınaraq xx.xx.2016-cı il tarixli məhkəmə qərarına əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin üzərinə baza hissəsinin 70 faizi məbləğində əlavənin hesablanaraq ona ödənilməsinin təmin edilməsi və pensiyasının yenidən düzgün hesablanıb ödənilməsi üçün DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı tərəf iddianın dəyişdirilməsi barədə ərizə verərək, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 19.1.7.2-ci maddəsinə əsasən müharibə veteranı və İİ qrup əlil olduğuna görə 2017-ci il 1 iyul tarixinədək yaşa görə əmək pensiyasının baza hissəsinə təyin edilmiş 70% əlavənin tutulmasının dayandırılması və tutulduğu tarixdən bərpa edilməsi, əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-6712/2023 nömrəli qərara uyğun olaraq hesablanmış aylıq məbləğin həmin artımın qüvvəyə mindiyi tarixdən keçmiş dövr (2023-cü ilin yanvar-fevral ayları) üzrə ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddianın dəyişdirilməsi qeyd edilən məzmunda qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-8301/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 19.1.7.2-ci maddəsinə əsasən müharibə veteranı və İİ qrup əlil olduğuna görə 2017-ci il 1 iyul tarixinədək yaşa görə əmək pensiyasının baza hissəsinə təyin edilmiş 70 faiz əlavənin tutulmasının dayandırılması və tutulduğu tarixdən bərpa edilməsi, əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2023-cü il tarixli 3- 17-1/3-7-6712/2023 nömrəli qərara uyğun olaraq hesablanmış aylıq məbləğin həmin artımın qüvvəyə mindiyi tarixdən keçmiş dövr (2023-cü ilin yanvar-fevral ayları) üzrə ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-1279/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1977/2024 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)- 1279/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə qərarının tam formada icra edilməsinin təmin edilməsini xahiş etmişdir. Ərizədə bildirmişdir ki, ona gələn sms mesajında yenidən hesablanılan pensiya məbləğinin 1672,46 manat müəyyən olunduğu görünür. Lakin məhkəmə qərarına əsasən 1703,83 manat məbləğində müəyyən edilməli idi. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-8301/2023 nömrəli qərarı qanuni qüvvəsini aldığından icra olunması üçün xx.xx.2024-cü il tarixli məktubla cavabdeh orqana göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli, 3-17-1/2- 27170/2025 saylı məktub ilə bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-8301/2023 nömrəli qərarının icrası məqsədilə İddiaçı yaşa görə əmək pensiyası yenidən hesablanaraq 1801,69 manat məbləğində müəyyən edilmiş, həmçinin ona ötən dövr üzrə ödənilməli olan 2063,79 manat fərq məbləği müəyyən edilmişdir. Həmin məbləğ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1- 1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünməklə xx.xx.2025-xx.xx.2026-cı il tarixləri arasındakı dövr ərzində hər ay 89,73 manat olmaqla adıçəkilən şəxsin əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməklə məhkəmə qərarının icrası tam başa çatdırılacaqdır. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixindən qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli 2- 1(112)-8301/2023 saylı qərarı tam şəkildə icra edilmədiyindən, cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala məcburi icra haqqında yazılı formada xəbərdarlıq edilməsini və icranın tam həyata keçirilməsi üçün 15 gün müddət müəyyən edilməsini, xx.xx.2023-cü il tarixli 2-1(112)-8301/2023 saylı məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliklər cavabdeh tərəfindən tam şəkildə icra edilmədiyindən, iddiaçı (tələbkar) qismində bu ərizəsinə əsasən cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala icra üçün müddət müəyyən edilməsi və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq cərimə tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edilməsini, Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli 2- 1(112)-8301/2023 saylı qərarının cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məcburi qaydada tam şəkildə icra edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Bakı İnzibati Məhkəməsinin 2024-cü il 1 noyabr tarixində qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli 2-1(112)-8301/2023 saylı qərarı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuş öhdəliklər beş aydan artıq vaxt keçməsinə baxmayaraq Filialın bəzi məsul işçiləri tərəfindən bu günədək tam şəkildə icra edilmədiyindən, Azərbaycan Respublikasının İPM-nin 120.1-ci maddəsinə uyğun olaraq məhkəmə qərarı müəyyən edilmiş müddətdə icra olunmadığından, həmin Məcəllənin 120.2 və 120.3-cü maddələrinin tələblərinə uyğyn olaraq 50 min manatadək məbləğdə cərimə məbləğini müəyyən etməklə, inzibati orqanın həmin məbləğdə cərimə edilməsi barədə qərardad qəbul edilməsi və görülmüş tədbirlər barədə məlumatlandırılmağı barədə göstəriş verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli, 3-17-1/2-75195/2025 saylı məktubu ilə bildirmişdir ki, X2 Mərkəzi Filial tərəfindən 20 dekabr 2012-ci il tarixindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. 8 aprel 2025-ci il 3-17-1/2-75195/2025 Qanunun 37.3.2-1-ci maddəsinə əsasən, Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında Qanuna uyğun olaraq həyata keçirilir. Qanunun 45-ci maddəsinə əsasən, Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci maddəsinə əsasən, Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddəti 144 ay (12 il) nəzərdə tutulur. Bakı İnzibati Məhkəməsinin 17.10. 2023-cü il tarixli 2-1(112)-8301/2023 nömrəli qərarının icrası məqsədilə İddiaçı əmək pensiyası (886,79 manat) müharibə ilə əlaqədar İİ dərəcə əlilliyi olan şəxslərə və müharibə iştirakçıları sırasından olan İİ dərəcə əlilliyi olan şəxslərə 77,00 manat məbləğində əlavə nəzərə alınmaqla aşağıdakı qaydada hesablanıb: 1 yanvar 2021-ci il tarixindən 963,79 (886,79+77,00) manat; 1 yanvar 2022-ci il tarixindən 1052,47 (975,47 (886,79+10%) + 77,00) manat; 1 yanvar 2023-cü il tarixindən 1195,86 (1118,86 (975,47+14,7%) + 77,00) manat məbləğində müəyyən edilib. Eyni zamanda, İddiaçı Mərkəzi Filiala müraciət etdiyi 17 yanvar 2023-cü il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 35066,21 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 111 aya (65 il-61 il 9 ay=39 ay+72 ay (144 ay-72 ay)) bölünərək əmək pensiyasının (1118,86 manat) üzərinə 315,91 manat (35066,21:111 ay) əlavə edilərək pensiya məbləği həmin tarixdən 1511,77 manata (1434,77 (1118,86+315,91)+77,00) artırılıb. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar İddiaçı əmək pensiyası: 1 yanvar 2024-cü il tarixindən 1672,46 (1595,46 (1434,77+11,2%) + 77,00) manat; 1 yanvar 2025-ci il tarixindən 1801,69 (1724,69 (1595,46+8,1%) + 77,00) manat məbləğində müəyyən edilib. Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinə əsasən keçmiş dövr üçün hesablanmış pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlara əsasən, İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 2063,79 manat fərq məbləği cari ilin yanvar ayından etibarən hər ay 89,73 manat olmaqla pensiyasının (1801,69 manat) üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülür. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmə qərarında pensiyasından xx.xx.2023-cü il tarixindən tutulmağa başlanılmış vəsaitin bərpa edilib ödənilməsi qərara alınsa da, (xx.xx.2023-cü il tarixindən tutulan həmin 97,15 manat vəsait, 2024-2025-ci illər üzrə müvafiq olaraq 11,2 və 8,1 faiz indeksləşdimə aparıldıqdan sonra xx.xx.2025-ci il tarixindən 116,78 manat təşkil edir) cavabdehin məktubunda 77,0 manat məbləğində vəsaitin bərpa edildiyi göstərilmişdir. “Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli 1077 nömrəli Sərəncamı ilə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2010-cu il sentyabrın 1-dən 85 manat, xx.xx.2013cü il tarixli 3096 nömrəli Sərəncamı ilə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2013-cü il sentyabrın 1-dən 100 manat və xx.xx.2016-cı il tarixli 1704 nömrəli Sərəncamı ilə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1dən 10 faiz artırılaraq 110 manat müəyyən edilmiş və həmin “Sərəncamların hər birində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır ki, əmək pensiyasının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin həmin “Sərəncam’ların 1-ci hissələrinə uyğun olaraq artırılaraq yenidən hesablanmasını təmin etsin. Onun da pensiyası üzərinə hesablanmış baza hissəsinin 70 faizi məbləğində əlavə də 2016-cı il fevral ayının 1-dən 10 faiz artırılaraq baza hissəsinə 77,0 manat əlavə edilmiş və xx.xx.2017-ci il tarixli, 543-VQD nömrəli Qanuna əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyaları yenidən hesablanmış, baza hissəsi və baza hissəsinə hesablanmış 70 faiz əlavə toplanaraq cəmi məbləğin (110+77=187 manat) sığorta hissəsinə şərti çevrilməsi aparılmış və baza hissəsi ləğv edilmişdir. Baza hissəsinin ləğvi ilə əlaqədar 19-cu maddə yeni redaksiyada “Əmək pensiyasının sığorta hissəsinə əlavələr” şəklində verilmiş və 19.1.7.2-ci maddədə göstərilmişdir: “19.1.7.2. İİ dərəcə əlilliyi olan şəxslərə 77 manat məbləğində;”. Həmçinin baza hissəsi ləğv edildiyinə görə əmək pensiyasının sığorta hissəsinə əlavələr artıq faizlə deyil, konkret məbləğlə (77 manat) göstərilmişdir. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli 3-17-1/2- 75195/2025 saylı məktubunda düzgün hesablama aparılmamış və bütün illər üzrə indeksləşdirmə aparılmadan 77 manat əlavə göstərilmişdir. Əslində isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2017-ci il tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə baza hissəsi ləğv edilərkən baza hissəsi ilə baza hissəsinə əlavə toplanaraq 110+77=187 manat (cəmi) olmaqla əmək pensiyasının sığorta hissəsinə birləşdirilmiş, yəni əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılmışdır və indeksləşdirmə əmək pensiyasının cəmi məbləğinə aid edilmişdir. 77 manat məbləğində keçmiş əlavə də, aşağıda qeyd etdiyi şəkildə sığorta hissəsinin tərkibində indeksləşdirilmişdir. “Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cı il tarixli, 3096 nömrəli Sərəncamı ilə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2013-cü il sentyabrın 1-dən 100 manat, baza hissəsinə əlavə baza hissəsinin 70 faizi (70,0 manat) məbləğində: 1 sentyabr 2013-cü il tarixindən 1 fevral 2016-cı il tarixinədək 70,00 manat müəyyən edilmişdir. Belə ki, 2023-cü il üzrə pensiyadan qanunsuz olaraq tutulan məbləğ 1615,22 manat, (bir min altı yüz on beş manat iyirmi iki qəpik), 2024-cü il üzrə isə 1233,56 manat, (bir min iki yüz otuz üç manat əlli altı qəpik) olmuşdur. Ötən dövr üzrə, yəni 2 il üzrə cəmi 1615,22 manat + 1233,56 manat = 2848,78 manat (iki min səkkiz yüz qırx səkkiz manat yetmiş səkkiz qəpik), 2025-ci ilin 4 ayı ərzində isə 74,28 manat x 4 ay = 297,12 manat təşkil edir. Belə olan təqdirdə ötən dövr üzrə ödənilməli olan məbləğ: 2848,78 manat (xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək qanunsuz olaraq faktiki tutulmuş məbləğin cəmi) : 23 ay (ödənilməsi nəzərdə tutulmuş müddət: yanvar 2025-ci il-noyabr 2026-cı il) = 123,86 manat (qanunsuz olaraq faktiki tutulmuş məbləğ 23 ay ərzində ödəniləcəyi təqdirdə hər bir ay üzrə ödənilməli olan vəsaitin məbləğidir). Bu məbləğin üzərinə də 2025-ci ilin 4 ayı ərzində ödənilməmiş 297,12 manatı 19 aya (23 - 4 = 19 ay) bölüb, alınan 15,64 manat qisməti 123,86 manatla toplasaq alınan cəm 139,50 manatdır. Deməli, ötən dövr üzrə ödəniləcək məbləğ 2026-cı ilin noyabr ayınadək hər ay 139,50 manat olmalıdır. Ödənilməyəcəyi təqdirdə hər keçən ay üçün məbləğ 74,28 manat hesabı ilə artacaq, ödəniş üçün bölünəcək ayların sayı isə 1 ay hesabı ilə azalacaqdır. Cavabdehin məktubunda hər ay 89,73 manat, yəni 123,86 - 89,73 = 34,13 manat az hesablandığı göstərilmişdir. Pensiyamın aylıq məbləği isə 8,1 faiz indeksləşdirmə aparıldıqdan sonra 1841,84 manat (bir min səkkiz yüz qırx bir manat, səksən dörd qəpik) təşkil etməsinə baxmayaraq cavabdehin məktubunda hər ay 1801,69 manat, yəni 1841,84-1801,69=40,15 manat az məbləğdə müəyyən edildiyi bildirilmişdir. Belə olan təqdirdə: 40,15 manat (pensiyamdan qanunsuz tutulan) + 34,13 manat (ötən dövr üzrə ödənilməli olan əlavədən qanunsuz tutulan) = 74,28 manat (yetmiş dörd manat iyirmi səkkiz qəpik), xx.xx.2025-ci il tarixindən başlayaraq yaşa görə əmək pensiyasından Qanunsuz olaraq tutulan, yəni tutulması davam etdirilən məbləğin cəmidir. İddiaçının daha sonrakı tarixlərdə təqdim etdiyi münasibət və etirazlar mahiyyət etibarilə yuxarıdakı məzmunda olmuş və təkrarlamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(103)-8301/2023 saylı qərardadı ilə, ərizə rədd edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin həmin qərardadından apellyasiya şikayəti vərərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixində qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 2-1(112)-8301 /2023 nömrəli qərarının nə üçün tam şəkildə icra edilmədiyi araşdırılmamışdır. xx.xx.2024cü il tarixində qanuni qüvvəyə minmiş qərar tam şəkildə icra edilmədiyindən, cavabdehə (borcluya) məcburi icra haqqında yazılı formada xəbərdarlıq edilməsi və icranın tam həyata keçirilməsi üçün 15 gün müddət müəyyən edilməsi məsələsi araşdırılmamışdır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın üzərinə qoyulmuş öhdəliklər 1 ildən artıq müddət ötməsinə baxmayaraq, cavabdeh tərəfindən bu günədək tam şəkildə icra edilməməsinə baxmayaraq Azərbaycan Respublikasının İPM-nin 120.2 və 120.3-cü maddələrinin tələblərinə uyğun olaraq 50 min manatadək məbləğdə cərimə məbləğini müəyyən etməklə, inzibati orqanın həmin məbləğdə cərimə edilməsi barədə ərizə araşdırılmadan rədd edilmişdir (ərizənin məzmunu ilə eynilik təşkil edir). Apellyasiya şikayətinə etirazın dəlilləri: Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim edərək, əlavə olaraq bildirmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-8301/2023 nömrəli qərarının icrası məqsədilə İddiaçı əmək pensiyası (886,79 manat) müharibə ilə əlaqədar İİ dərəcə əlilliyi olan şəxslərə və müharibə iştirakçıları sırasından olan İİ dərəcə əlilliyi olan şəxslərə 77,00 manat məbləğində əlavə nəzərə alınmaqla aşağıdakı qaydada hesablanmışdır: 1 yanvar 2021-ci il tarixindən 963,79 (886,79+77,00) manat; 1 yanvar 2022-ci il tarixindən 1052,47 (975,47 (886,79+10%) + 77,00) manat; 1 yanvar 2023-cü il tarixindən 1195,86 (1118,86 (975.47+14,7%) + 77,00) manat məbləğində müəyyən edilib. Eyni zamanda. İddiaçı Mərkəzi Filiala müraciət etdiyi xx.xx.2023-cü il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 35066,21 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 111 aya (65 il-61 il 9 ay=39 ay+72 ay (144 ay-72 ay)) bölünərək əmək pensiyasının (1118,86 manat) üzərinə 315.91 manat (35066,21:111 ay) əlavə edilərək pensiya məbləği həmin tarixdən 1511,77 manata (1434,77 (1118,86+315,91)+77,00) artırılmışdır. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar İddiaçı əmək pensiyası: 1 yanvar 2024-cü il tarixindən 1672,46 (1595,46 (1434.77+11,2%) + 77,00) manat; 1 yanvar 2025-ci il tarixindən 1801,69 (1724,69 (1595,46+8,1%) + 77,00) manat məbləğində müəyyən edilmişdir. Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinə əsasən keçmiş dövr üçün hesablanmış pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlara əsasən, İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 2063,79 manat fərq məbləği cari ilin yanvar ayından etibarən hər ay 89,73 manat olmaqla pensiyasının (1801.69 manat) üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülür. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Apellyasiya şikayətinin mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı məhkəmə qərarının cavabdeh tərəfindən icra edilmədiyini bildirsə də, iş materiallarından görünür ki, qərarın icrası istiqamətində müəyyən hərəkətlər cavabdeh tərəfindən aparılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin: 120.1-ci maddəsinə əsasən, bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir; 120.2-ci maddəsinə əsasən, bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir; 120.3-cü maddəsinə əsasən, cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər; 120.4-cü maddəsinə əsasən, cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarına əsasən, ...İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. ...İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir. İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. İPM-in 120.3 və 120.4-cü maddələrinə görə cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Bu normaların mənasına əsasən təkrar cərimə əvvəlki məcburi icra tədbirinin davamı kimi deyil, yeni müstəqil məcburi icra tədbiri kimi qiymətləndirilməlidir. İnzibati prosessual qanunvericilikdə isə borclu inzibati orqanın məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyinin davam etdirilməsi və onun tələbkar qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınması ilə müşayiət olunan hüquq pozuntusuna görə tətbiq edilən məcburi icra tədbirlərinin nə ümumi sayına, nə də təyin edilən cərimələrin ümumi məbləğinə hər hansı məhdudiyyət qoyulmamış, əksinə, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqi imkanı nəzərdə tutulmuşdur. Bu mənada, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilikdə təyin edilmiş cərimə və təkrar cərimələrin birlikdə toplam ümumi məbləğinin 50.000 manatı aşmayacağına dair məhdudiyyət yoxdur. Yeganə məhdudiyyət bir dəfə tətbiq ediləcək cərimənin (və ya təkrar cərimənin) maksimal məbləğinin 50.000 manatdan çox ola bilməyəcəyi ilə bağlıdır. Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Təyin edilmiş cərimə və təkrar cərimə məbləğlərinin məcburi qaydada tutulması isə İPM-in 119-cu maddəsi ilə müəyyən olunmuş qaydada icra olunmalıdır. Cərimənin və ya təkrar cərimənin tətbiqi məcburi icra tədbiri hesab olunur və məhkəmə bu barədə məsələyə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etməklə məhkəmə iclasında baxaraq müvafiq qərardad çıxarmalıdır. İnzibati orqan üçün müəyyən edilmiş müddət bitdikdən sonra icra yenə də təmin edilməmiş qalarsa, məhkəmənin məcburi icra tədbiri kimi cərimənin tətbiqi ilə bağlı məsələni müzakirə etmək borcu yaranır. Məhkəmə bu məsələyə həm xidməti vəzifəsinə görə, həm də tərəflərin vəsatəti əsasında baxmalıdır. Məhkəmənin cərimənin təyin edilməsi, cərimənin təkrar təyin edilməsi və ya cərimənin (təkrar cərimənin) təyin edilməsindən imtina barədə qərardadlarından maraqlarına toxunan şəxslər şikayət verə bilərlər. Məhkəmə cərimənin və ya təkrar cərimənin təyin edilməsinə baxmayaraq inzibati orqan tərəfindən yenə də icranın təmin olunmasına yönəlik real hərəkətlər edilmədiyi qənaətinə gəldikdə, bu barədə müvafiq qərardad çıxarmaqla “İcra haqqında” Qanunda nəzərdə tutulan məcburi icra tədbirlərinin tətbiqi üçün icra vərəqəsi verməklə onu icraya yönəltməlidir. Öz növbəsində icra vərəqəsini icraatına qəbul etmiş icra qurumu icranı təmin etmək üçün “İcra haqqında” Qanunun müəyyən etdiyi hərəkətləri etməli, xüsusən həmin Qanunun 70 və 82-ci maddələrində nəzərdə tutulmuş tədbirləri görməli və məhkəməni görülmüş işlər barədə məlumatlandırmalıdır. (25-29-cü bəndlər) Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı cavabdeh tərəfindən düzgün olaraq icra edildiyindən cərimənin təyin edilməsindən imtina etməklə birinci instansiya məhkəmə düzgün nəticəyə gəlmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2021-ci il tarixədək qüvvədə olmuş 19.1.7.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası ödənilən müharibə ilə əlaqədar İİ dərəcə əlilliyi olan şəxslərə və ya müharibə iştirakçıları sırasından olan İİ dərəcə əlilliyi olan şəxslərə 77,00 manat məbləğində əlavə ödənilirdi. Müharibə ilə əlaqədar iddiaçının İİ dərəcəli əlilliyi olduğundan sözügedən əlavə iddiaçıya ödənilmişdir. “Əmək pensiyaları haqqında" Qanuna edilmiş müvafiq dəyişikliyə uyğun olaraq 1 yanvar 2021-ci il tarixdən həmin əlavə ləğv edilmişdir. Cavabdeh aparılan araşdırma zamanı müəyyən etmişdir ki, qeyd edilən əlavənin ləğv edilməsinə baxmayaraq, sonrakı dövrlərdə də iddiaçıya ödəniş həyata keçirilmiş, nəticədə xx.xx.2021-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində İddiaçı ümumilikdə 1669,37 manat artıq pul vəsaiti ödənilmişdir. Əsas iş üzrə mübahisə “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2021-ci il tarixədək qüvvədə olmuş 19.1.7.2-ci maddəsinin həmin tarixdən sonra da iddiaçıya şamil edilib-edilməməsi ilə bağlı olmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-8301/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 19.1.7.2-ci maddəsinə əsasən müharibə veteranı və İİ qrup əlil olduğuna görə 2017-ci il 1 iyul tarixinədək yaşa görə əmək pensiyasının baza hissəsinə təyin edilmiş 70 faiz əlavənin tutulmasının dayandırılması və tutulduğu tarixdən bərpa edilməsi, əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2023-cü il tarixli 3- 17-1/3-7-6712/2023 nömrəli qərara uyğun olaraq hesablanmış aylıq məbləğin həmin artımın qüvvəyə mindiyi tarixdən keçmiş dövr (2023-cü ilin yanvar-fevral ayları) üzrə ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçıya yaşa görə əmək pensiyası xx.xx.2017-ci il tarixdən əvvəl təyin edildiyindən sözügedən 19-cu maddənin ləğvinin iddiaçıya tətbiq edilməsi qanuni hesab edilə bilməz. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-8301/2023 nömrəli qərarının icrası məqsədilə iddiaçının əmək pensiyası (886,79 manat) müharibə ilə əlaqədar İİ dərəcə əlilliyi olan şəxslərə və müharibə iştirakçıları sırasından olan İİ dərəcə əlilliyi olan şəxslərə 77,00 (110 manat baza hissəsinin 70 faizi) manat məbləğində əlavə nəzərə alınmaqla aşağıdakı qaydada hesablanmışdır: 1 yanvar 2021-ci il tarixindən 963,79 (886,79+77,00) manat; 1 yanvar 2022-ci il tarixindən 1052,47 (975,47 (886,79+10%) + 77,00) manat; 1 yanvar 2023-cü il tarixindən 1195,86 (1118,86 (975.47+14,7%) + 77,00) manat məbləğində müəyyən edilib. İddiaçı məhkəmə qərarı ilə nəzərdə tutulan 77,00 manatın ödənilməsini qəbul etsə də, hazırkı ərizə ilə narazığı, şikayəti həmin 77,00 manatın “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən illər üzrə indeksləşdirilməməsidir. Qeyd edilənlərlə bağlı məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı ərizələrini (mülahizələrini) sözügedən əlavənin qanunvericiliyin tələbinə əsasən indeksləşdirilməli olması ilə əsaslandırsa da, hazırkı ərizə üzrə araşdırılmalı olan yeganə məsələ 77,00 manatın indeksləşdirilməsinin məhkəmə araşdırmasının predmeti olub-olmaması və məhkəmə qərarında bu hissədə cavabdehin üzərinə vəzifə qoyulub-qoyulmamasıdır. İş materiallarından və məhkəmə qərarından görünür ki, 77,00 manatın indeksləşdirilməsi məhkəmə araşdırmasının predmeti olmamış, bu barədə qərarın hər hansı hissəsində, o cümlədən nəticə hissəsində münasibət bildirilməmiş, 70 faiz əlavənin (77,00 manatın) tutulmasının dayandırılması və tutulduğu tarixdən bərpa edilməsi qərara alınmışdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçının məhkəmə qərarının “77,00 manatın illər üzrə indeksləşdirilməsi”ni də ehtiva etməsinə dair qərara izah verilməsi ilə bağlı məhkəməyə müraciəti olmamışdır. Cavabdehin nümayəndələrinin məhkəmə iclasında izahatlarda bildirdiyi mövqeyinə əsasən, qeyd edilən məbləğ sığorta hissəsinə əlavə olduğundan “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən, indeksləşdirilməli deyil. Göründüyü kimi, sözügedən əlavənin “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilməli olub-olmaması ayrı bir mübahisədir. Bununla bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etməli, müraciəti təmin olunmadığı halda iddia qaldırmalıdır. Hazırkı ərizə çərçivəsində, əsas iş üzrə araşdırma predmeti olmamış və hüquqi qiymət verilməmiş məsələyə münasibət bildirilməsi prosessual qanunvericiliyin tələbinə ziddir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-8301/2023 nömrəli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-8301/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar