Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4907/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, X1 və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı (üçüncü şəxs Bakı şəhəri Səbail Bələdiyyəsi) “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9657/2025 nömrəli, 19 sentyabr 2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Səbail Bələdiyyəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən həyətində qaraja mülkiyyət hüququnun qeydiyyat alınmasına dair pasportun verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) e-2-1(112)-9657/2025 nömrəli, 19 sentyabr 2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 10 saylı binanın həyətində yerləşən qaraja mülkiyyət hüququnu təsdiq edən texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) e-2-1(112)- 9657/2025 nömrəli, 19 sentyabr 2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə cavabdeh tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Hazırda cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və Əmlak Məsələləri Dövlət Xidmətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zaman məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. İşin hallarından göründüyü kimi, Əmlak Məsələləri Dövlət Xidmətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə vəsatətin təmin edilməməsi barədə məhkəmə qərardadından Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən deyil, cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Həmçinin Əmlak Məsələləri Dövlət Xidmətinin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə müraciət etməsi də müəyyən edilmir. «İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 01/2022 nömrəli qərardadı:
44. İPM-in 28-ci maddəsi üçüncü şəxslərin icraata cəlb edilməsinin iki qaydasını müəyyən edir – məhkəmənin öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında. Həmin şəxslər bu barədə vəsatət verirlərsə, onlar işə “daxil olmaq” iradələrini bildirirlər, digər proses iştirakçılarının müvafiq tələbi olduqda və ya məhkəmə öz təşəbbüsü əsasında bunu zəruri hesab etdikdə isə işə “cəlb edilmə” baş verir. İPM-də anlayış kimi istifadə olunmuş cəlb edilmə ifadəsi hər iki qaydada qoşulmanı ehtiva edir.
45. Həmin an proses iştirakçısı olmayan aidiyyəti şəxs məhkəmə icraatının iştirakçısı olmaq (qoşulmaq) arzusunu ifadə edir və ərizə verməklə bunu məhkəmə qarşısında bəyan edir. Həmçinin icraatın digər iştirakçıları da (iddiaçı, cavabdeh və artıq cəlb edilmiş üçüncü şəxslər) üçüncü şəxsin cəlb edilməsi ilə bağlı iradələrini bildirir və vəsatət verməklə bunu məhkəmənin diqqətinə çatdırırlar. Nəhayət, məhkəmə öz təşəbbüsü əsasında icraata üçüncü şəxsin cəlb edilməli olduğu qənaətinə gəlirsə, bu halda, iradə məhkəməyə məxsus olur.
46. Bununla belə, prosesə daxil olmaq və ya cəlb edilmək üçün iradə ifadəsi kifayət deyil, çünki proses iştirakçısı olmayan şəxsin üçüncü şəxs qismində icraat iştirakçısına çevrilməsi üçün həlledici olan məhkəmənin gələcəyi qənaətdir və bu barədə qərarı məhkəmə ona daxil olmuş ərizə və ya vəsatətə qiymət verərək qəbul etməlidir. Hər bir halda, üçüncü şəxslərin prosesdə iştirakı məsələsi məhkəmə tərəfindən həll edilir, yəni yalnız məhkəmə müvafiq əsasların mövcud olduğu qənaətinə gəldikdə onlar icraatda iştiraka cəlb edilə bilərlər. Məhkəmənin təşəbbüsü əsasında həyata keçirilmiş cəlbetmə zamanı da son nəticədə həmin cəlbetmə məhkəmə tərəfindən həyata keçirilmiş olur.
49. Məhkəmə icraatına cəlbetmə barədə vəsatət ayrıca yazılı sənəd formasında təqdim edilə biləcəyi kimi, iddia ərizəsində, yaxud məhkəmə aktlarından icraatın iştirakçıları tərəfindən verilən şikayətlərdə də göstərilə bilər. Vacib olan belə vəsatətin İPMin 48.2 və 48.3-cü maddələrinə əsasən mütləq yazılı formada təqdim edilməli olduğudur. Bundan başqa, vəsatət şəxsin iradəsini və onun səbəblərini müəyyənləşdirməyə imkan verəcək qaydada tərtib olunmalı, ona istinad olunan sənədlər və sübutlar əlavə edilməlidir. Bu zaman, xüsusilə nəzərə almaq lazımdır ki, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ərizədə icraat iştirakçısı kimi həm də üçüncü şəxslərin göstərilməsi özü-özlüyündə (vasitəsiz olaraq) həmin şəxslərə üçüncü şəxs qismində icraat iştirakçısı statusu qazandırmır. İddia ərizəsində üçüncü şəxslərin göstərilməsinə İPM-in 46.2.3-cü maddəsinə uyğun olaraq iddiaçının həmin şəxslərin üçüncü şəxs qismində icraata cəlb edilməli olduğuna dair vəsatəti kimi yanaşılmalıdır. Son nəticədə, istər iddia ərizəsi tərtib edilərkən iddiaçının özü tərəfindən üçüncü şəxs kimi göstərilməsindən, istərsə də, ayrıca vəsatət kimi verilməsindən asılı olmayaraq, məhkəmə, hər bir halda, üçüncü şəxs qismində cəlbetmə məsələsini İPM-in 28 və 50.0.6-cı maddələrinə uyğun olaraq bu barədə ayrıca akt formasında qərardad çıxarmaqla həll etməlidir. Çünki qeyd edilən normalara əsasən sırf iddia ərizəsində göstərildiyinə və ya bu barədə müvafiq vəsatət verildiyinə görə yox, yalnız məhkəmə tərəfindən çıxarılmış cəlbetmə barədə pozitiv qərardaddan sonra həmin şəxs üçüncü şəxs qismində proses iştirakçısı statusu qazınmış olur.
50. Cəlbetmə barədə vəsatət İPM-in 28.1-ci maddəsinə əsasən iş hər üç məhkəmə instansiyasının icraatında olduğu müddətdə həmin məhkəmələr tərəfindən mübahisə üzrə yekun qərar çıxarılanadək verilə bilər. Müvafiq olaraq vəsatətlə bağlı cəlbetməyə dair qərar da həmin məhkəmələr tərəfindən özlərinin icraatı yekunlaşanadək qəbul oluna bilər. Bundan başqa, məhkəmə öz təşəbbüsü əsasında üçüncü şəxslərin icraata qoşulması məsələsini mübahisəyə mahiyyəti üzrə baxılması ilə bağlı birinci, apellyasiya və kassasiya məhkəməsinin icraatının davam etdiyi müddətlərdə həyata keçirə bilər.
51. Digər tərəfdən, İPM-in 28.1-ci maddəsi məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə də həm vəsatətlər verilməsi, həm də öz təşəbbüsü əsasında məhkəmə tərəfindən cəlbetmənin həyata keçirilə biləcəyini də təsbit edir. Nəzərə almaq lazımdır ki, bu qaydada cəlbetmə kassasiya instansiyası məhkəməsinə münasibətdə yol verilmir, yalnız birinci və apellyasiya məhkəmələri tərəfindən həyata keçirilə bilər. Çünki Ali Məhkəmənin qərarı qəbul edildiyi andan qanuni qüvvəyə minir və qətidir. Qanunvericiliyə görə isə bu imkan yalnız məhkəmə aktlarının qanuni qüvvəyə minmədiyi dövrlərdə həyata keçirilə bilər.
71. Kollegiya həmçinin hesab edir ki, İPM-in 81.2 və 90.2-ci maddələrindəki müddəalar adi və ya zəruri cəlbetmə qaydasında icraata qoşulmasından asılı olmayaraq üçüncü şəxslərin tələblərini təmin etməyən məhkəmə aktından şikayət vermək hüququna təminat verir. Belə ki, İPM-in 29-cu maddəsi üçüncü şəxslərin prosessual hüquqlarını müəyyən edən ümumi norma, həmin Məcəllənin 81.2 və 90.2-ci maddələri isə üçüncü şəxslərin məhkəmə aktlarından şikayət vermək hüquqlarını müəyyən edən xüsusi normadır. Məhkəmə aktlarının mübahisələndirilməsi məsələsinin həllində də məhz xüsusi normanın müəyyən etdiyi qayda rəhbər tutulmalıdır. Digər tərəfdən, İPM-in 29-cu maddəsində də aşkar şəkildə təsbit edilmişdir ki, üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, üçüncü şəxslər məhkəmə aktlarından şikayət vermək hüququnu müstəqil şəkildə həyata keçirə bilərlər. Məhkəmə müdafiəsi hüququnun konstitusion əhəmiyyəti nəzərə alındıqda üçüncü şəxslərin prosessual hüquqlarını tərəflərdən birinin tələbi daxilində həyata keçirəcəkləri ilə bağlı qeyd-şərt həmin hüquqların həyata keçirilməsinin ümumilikdə tərəflərin iradəsindən asılı edilməsi kimi təfsir olunmamalıdır. Çünki qanunverici açıq şəkildə üçüncü şəxslərin hüquqi müdafiə vasitələrindən müstəqil şəkildə istifadə etmək hüquqlarını təsbit etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda Əmlak Məsələləri Dövlət Xidmətinin üçüncü şəxs qismində cəlb edilməsi barədə cavabdehin vəsatəti təmin edilməsə də, birinci instansiya məhkəməsinin bu mövqeyi üçüncü şəxs qismində işə cəlb olunması tələb olunan şəxs tərəfindən deyil, cavabdeh tərəfindən mübahisələndirilmişdir. Halbuki Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 01/2022 nömrəli qərardadında qeyd edilir ki, “...üçüncü şəxslər məhkəmə aktlarından şikayət vermək hüququnu müstəqil şəkildə həyata keçirə bilərlər. Məhkəmə müdafiəsi hüququnun konstitusion əhəmiyyəti nəzərə alındıqda üçüncü şəxslərin prosessual hüquqlarını tərəflərdən birinin tələbi daxilində həyata keçirəcəkləri ilə bağlı qeyd-şərt həmin hüquqların həyata keçirilməsinin ümumilikdə tərəflərin iradəsindən asılı edilməsi kimi təfsir olunmamalıdır. Çünki qanunverici açıq şəkildə üçüncü şəxslərin hüquqi müdafiə vasitələrindən müstəqil şəkildə istifadə etmək hüquqlarını təsbit etmişdir.” Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdeh Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərardadına əsasən qanunla qorunan hüquq və maraqlarına toxunan şəxs deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İPM-in 28.5-ci maddəsində vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verə bilən şəxslərin dairəsi konkret və müfəssəl şəkildə müəyyən edilmişdir. Belə ki, İPM-in 28.5-ci maddəsinin elə birinci cümləsində göstərilmişdir ki, məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Yəni, məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər və məhz onların vəsatətinin təmin edilməsindən imtina haqqında qərardadından yuxarı məhkəməyə şikayət verə bilərlər. Başqa şəxslər, o cümlədən hazırkı işdə cavabdeh qismində iştirak edən şəxs İPM-in 28.5-ci maddəsinin müddəalarının təsiri altına düşmür. Yəni, cavabdehin hüququ yoxdur ki, sözügedən məsələyə dair başqa şəxslərə verilmiş hüquqdan istifadə etsin, belə ki, cavabdehin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etdiyi şəxs, ümumiyyətlə, onun inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsinə dair məhkəməyə hər hansı bir ərizə və ya vəsatət verməmişdir. Qeyd olunan mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1673/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadında öz əksini tapmışdır. Məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9657/2025 nömrəli, 19 sentyabr 2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Yuxarıda qeyd edilən əsaslarla apellyasiya şikayəti mümkün sayılmadığı üçün hazırki qərardaddan kassasiya şikayətinin verilməsi də nəzərdə tutulmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28, 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9657/2025 nömrəli, 19 sentyabr 2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.