Məhkəmə qərarları › İş №2-1(103)-491/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-491/2021

01.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-491/2021 01.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinin razılaşdırılmış layihəyə uyğun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınmaqla yeni reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 16 iyul 2019-cu il tarixli, 2-1(81)-2347/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının layihəyə uyğun şəkildə adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmaqla yeni reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan, həmçinin Səbail Rayon İcra Hakimiyyəti Başçısının 38 saylı, 14 mart 2016-cı il tarixli sərəncamına əsasən eskiz layihə üzrə ikinci mərtəbəsinin tikintisinə icazə verilmiş ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının “Bakı Torpaq” Layihə Smeta Bürosu Memarlıq və Planlaşdırma Bölməsi tərəfindən tərtib edilmiş və Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/630 saylı, 26 fevral 2016cı il tarixli məktubu ilə razılaşdırılmış layihəyə uyğun olaraq onun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmaqla yeni reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin qeyriyaşayış binasının ikinci mərtəbəsinin inşası üçün tərəfindən Səbail Rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur. İlk növbədə qeyri-yaşayış binasının eskiz layihəsi hazırlanmış və həmin məsələyə baxılması üçün Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə göndərilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təqdim olunmuş memarlıq-planlaşdırmanın eskiz həlli razılaşdırılmışdır. Bundan sonra Səbail Rayon İcra Hakimiyyəti Başçısının 38 saylı, 14.03.2016-cı il tarixli sərəncamı ilə adıçəkilən qeyri-yaşayış binasının 2-ci mərtəbəsinin inşasına icazə verilmiş və tərəfindən layihəyə uyğun olaraq qeyri-yaşayış binasının ikinci mərtəbəsi inşa edilmişdir. O, qeyri-yaşayış sahəsini mövcud layihəyə uyğun şəkildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması ilə əlaqədar olaraq ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin müraciətinə imtina cavabı verilmişdir. Hesab edir ki, imtina əsassızdır. 1 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(81)-2347/2019 saylı iş üzrə qəbul etdiyi 16 iyul 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, həmçinin Səbail Rayon İcra Hakimiyyəti Başçısının 38 saylı, 14 mart 2016-cı il tarixli sərəncamına əsasən eskiz layihə üzrə ikinci mərtəbəsinin tikintisinə icazə verilmiş ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası “Bakı Torpaq” Layihə Smeta Bürosu Memarlıq və Planlaşdırma Bölməsi tərəfindən tərtib edilmiş və Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/630 saylı, 26 fevral 2016-cı il tarixli məktubu ilə razılaşdırılmış layihəyə uyğun olaraq iddiaçının adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmaqla yeni reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-292/2020 saylı, 03 iyun 2020-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2347/2019 saylı 16 iyul 2019-cu il tarixli qərarı ləğv, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1829/2020 saylı iş üzrə 14 oktyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-292/2020 saylı, 03 iyun 2020-ci tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 55,2 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası (yerləşdiyi 0,00854 ha torpaq sahəsi üzərində mülkiyyət növü dövlət, hüququn növü istifadə) daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyatdan keçmişdir. Lakin inşa edilmiş əlavə sahəyə dair qanunvericliyin tələblərinə uyğun olan hər hansı hüquqmüəyyənedici sənəd (müvafiq icra hakimiyyəti ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikintinin inşa edilməsinə dair icazə barədə qərarı, istismara qəbul aktı və istismara icazə) təqdim edilməmişdir. Bundan əlavə müvafiq ünvanda idarənin mütəxəssisləri tərəfindən yoxlamaölçü işlərinin aparılmasına iddiaçı tərəfindən şərait yaradılmamışdır. Qeyd olunan səbəblərə görə ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və iddiaçıya imtina məktubu ünvanlanmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayəit üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların qeydə alınması üçün əsaslar sadalanmışdır. Cavabdehin mövqeyinə görə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (01.01.2013-cü il tarixdən sonra) inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün nəzərdə tutulmuş tikintiyə icazə barədə qərar və tikinti obyektinin istismarına icazə təqdim edilmədiyindən iddiaçının tələbi əsaslı olmamışdır. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 14 mart 2016-cı il tarixli sərəncamında mövcud qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsinin iddiaçının vəsaiti hesabına tikintisinə icazə verilmişdir. Sərəncama görə tikilinin 2 mərtəbəli olması gözlənilir. Hüququn qeydə alınması xahiş edilən tikilinin mərtəbəsi, hündürlüyü məhkəmə tərəfindən araşdırılmamışdır. Yuxarıda qeyd edildiyi kimi, tikintisinə icazə tələb olunan tikinti obyektlərinə münasibətdə hüququn qeydə alınmasına dair tələb olunan sənədlərin siyahısı ilə məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinə münasibətdə hüququn qeydə alınmasına dair tələb olunan sənədlər fərqlidir. Apelyasiya məhkəməsi iddiaçı tərəfindən inşa edilən tikilinin tikintisinə icazə tələb olunan tikinti obyektləri, yoxsa məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri olmasını müəyyən edib nəticəsindən asılı olaraq hüquqi qiymətləndirmə aparmamışdır. Qanunvericiliyə görə mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan binanın tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə uyğun araşdırma aparmamış, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İddiaçı tərəfindən inşa edilən tikilinin tikintisinə icazə tələb olunan tikinti obyektləri, yoxsa məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri olması ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mərtəbələrinin sayı 3dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq planlaşdırma bölməsinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Qanunvericiliyin tələbindən də göründüyü kimi, yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatının həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırkı halda, iddiaçı qeyri-yaşayış binasının adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmaqla yeni reyestrdən çıxarışın və texniki pasportun verilməsini xahiş edir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan da görünür ki, ünvan 4 ünvanında yerləşən 1 mərtəbəli, ümumi sahəsi 55,2 kv.metr olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 54 nömrəli reyestr kitabının 5034 nömrəli vərəqində 03.10.2013-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Odur ki, reyestrdən çıxarışın və texniki pasportun verilməsi xahiş olunan ünvan 4 ünvanında yerləşən tikinti obyekti qeyri-yaşayış sahəsi olduğundan tikintisinə icazənin alınması tələb olunmayan tikinti obyektlərinə daxil deyildir. Səbail Rayon İcra Hakimiyyəti Başçısının Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/630 saylı, 26.02.2016-cı il tarixli məktubunun icrası ilə əlaqədar tikinti işlərinin aparılmasına icazə verilməsi haqqında 38 saylı, 14 mart 2016-cı il tarixli sərəncamından görünür ki, İddiaçı ünvan 5 ünvanda yerləşən, torpaq sahəsindəki mövcud qeyri-yaşayış obyektinin (DƏDRX ******* saylı, 03.10.2013-cü il tarixli çıxarış) Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 26.02.2016-cı il tarixdə, 18/03-8/630 saylı məktubu ilə razılaşdırılmış eskiz layihəsi əsasında FHN-nin və Dövlət Tikinti və Arxitektura Komitəsinin müvafiq rəylərinin alınması şərti ilə 2-ci mərtəbəsinin öz vəsaiti hesabına tikilməsinə icazə verilmişdir. “Bakı Torpaq” Layihə Smeta Bürosu Memarlıq və Planlaşdırma Bölməsi tərəfindən 05.05.2015-ci il tarixdə tərtib olunmuş eskiz layihəsindən görünür ki, İddiaçı məxsus ünvan 4 ünvanında qeyri-yaşayış binasının layihəsi tərtib olunmuş və həmin layihə Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 26.02.2016-cı il tarixdə, 18/03- 8/630 saylı məktubu ilə razılaşdırılmışdır. İddiaçı hazırkı tələblə bağlı Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 26.10.2018-ci il tarixli, **********48 saylı məktubu ilə müraciətin təmin edilməsindən imtina etmiş. İmtinaya əsas olaraq, aparılan araşdırma zamanı yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmadığı göstərilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən mülkiyyətində olan qeyri-yaşayış binasının ikinci mərtəbəsinin tikintisi sərəncama uyğun olaraq verilmiş icazələr əsasında aparılmışdır. İmtina üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslar olmadığından iddia təmin edilməlidir və cavabdehin imtinası qanunaziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.11.5-ci bəndində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 16 sentyabr tarixli 214 nömrəli qərarı ilə təsdiq edilmiş “İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların təsnifatı”nda İ məsuliyyət səviyyəli bina və qurğular istisna olmaqla, digər bina və qurğular İİ normal məsuliyyət səviyyəli bina və qurğulara aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.18.2-ci bəndinə əsasən bu Əsasnamənin 4.5.4-cü, 4.7.8-ci, 4.11.11.5-ci, 4.11.17-ci, 4.13.6-cı, 4.15.2-ci, 4.16.4-cü bəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. Göründüyü kimi İ və İİ normal məsuliyyət səviyyəli binaların tikintisinə icazə sənədi vermək Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olduğu halda işə qeyri-yaşayış binasının tikintisinə icazə verilməsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı əlavə edilməmişdir. Əksinə işdən görünür ki, 2016-cı il tarixli tikintiyə icazə sərəncamı qanunvericiliyə zidd olaraq Səbail Rayon İcra Hakimiyyəti tərəfindən verilmişdir. Digər tərəfdən işdən görünür ki, işə qanunla tələb olunan iddiaçı tərəfindən inşa edilmiş 2 mərtəbəli qeyri-yaşayış binasının istismarına icazə sənədi əlavə edilməmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən həmin Məcəllənin 101.2-ci maddəsində qeyd olunan müvafiq icra hakimiyyəti orqanı qismində Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi çıxış edir. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04.10.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil”. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 28 mart 2017-ci il tarixli Plenum qərarında qeyd etmişdir ki, “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur. Qanunun həmin maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (Qanunun 8.0.1-ci maddəsi), 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (Qanunun 8.0.5-ci maddəsi) və sair əsas hesab olunur. Məhkəmə kollegiyası hesab edir ki, istismarına icazə verilməyən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından cavabdehin imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin tələblərinə uyğun olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı olmuşdur. Məhkəmə kollegiyası həmçinin Ali Məhkəmənin qərarında qeyd edilənlərə müsibətdə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçının nümayəndəsi tərəfindən “X3” MMC-nin tərtib etdiyi 03.02.2021-ci il tarixli 82 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Rəyin nəticə hissəsində qeyd edilir ki, Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsində yerləşən 2A saylı qeyri-yaşayış binasının mövcud ölçüləri “Bakı Torpaq” Layihə Smeta Bürosu Memarlıq və Planlaşdırma Bölməsi tərəfindən tərtib edilmiş və Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/630 saylı, 26 fevral 2016-ı il tarixli məktubu ilə razılaşdırılmış layihə sənədlərində göstərilən ölçülərlə üst-üstə düşür. Ekspert rəyinin təsviri hissəsində isə qeyd olunur ki, baxış zamanı tədqiq olunan qeyri-yaşayış binası 12.20x11.40x13.30m ölçüdə düzbucaqlı formada olub 123 kv.m tikintialtı sahədə inşa edilmiş üç ümumi və bir texniki mərtəbədən ibarət olduğu müşahidə edildi. Həmçinin ekspert rəyinə əlavə edilmiş foto şəkillərdən də qeyd olunan tikintinin 3 mərtəbədən ibarət olduğu müşahidə edilir. Yəni yuxarıda da qeyd edildiyi kimi mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin tikintisinə icazə buna səlahiyyəti olmayan inzibati orqan tərəfindən verilməklə yanaşı, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 14.03.2016-cı il tarixli sərəncamında qeyd edildiyi kimi inşa edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 iyul 2019-cu il tarixli, 2-1(81)- 2347/2019 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 iyul 2019-cu il tarixli, 2-1(81)- 2347/2019 saylı qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinin razılaşdırılmış layihəyə uyğun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınmaqla yeni reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Xəyalə Cəmilova Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar