Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-491/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X12 qızının, İddiaçı X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3854/2021 saylı, 24 avqust 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.07.1993-cü il tarixdən 10.06.1996-cı il tarixədək “Maştağa təsərrüfat hesablı avtomobil müəssisəsi”ndə 3-cü dərəcəli sürücü, 10.06.1996-cı il tarixdən 17.05.2011-ci il tarixədək “X1” şirkətində sürücü vəzifəsində işləməsinə dair iş illərinin sığorta stajına daxil edilərək ona 13.06.2020ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1955-ci ildə doğulmuşdur, 13.06.2020-ci il tarixdə 64 il 6 ay yaşından pensiya yaşına çatmış və bununla əlaqədar o, müvafiq sənədləri toplamış, o cümlədən işləməsinə dair əmək kitabçasını cavabdehə təqdim edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Onun 39 il sığorta stajı vardır, lakin cavabdeh tərəfindən 32 il 4 ay sığorta stajı nəzərə alınmaqla 13.06.2020-ci il tarixdən 200 manat məbləğində pensiya təyin edilmişdir. Lakin o, həmin pensiyanı ala bilməmış, cavabdeh tərəfindən əsassız olaraq onun pensiyası dayandırılmış, ləğv edilmiş və 130 manat məbləğində müavinət təyin edilmişdir. Belə ki, cavabdeh əsassız olaraq pensiya təyin edilməsindən imtina edərək iş stajının 25 ildən az təşkil etdiyini bildirmişdir. Onun 01.07.1993-cü il tarixdən 01.01.2006-cı il tarixədək işlədiyi «X1» şirkətinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığından həmin dövrlərin sosial sığorta stajını araşdırmaq və onun sosial sığorta stajına əlavə etmək mümkün hesab edilməmişdir. Ona görə də ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Beləliklə, onun 39 il iş stajının olmasını təsdiq edən əmək kitabçası olduğu halda ona pensiya təyin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3854/2021 saylı, 24 avqust 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 13.06.2020-ci il tarixdən (64 yaş 6 ay) yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının ümumi iş stajı 19 il 05 ay 10 gün, pensiya kapitalının məbləği 16357,77 manatdır. Qeyd edilən Qanunun müddəalarına əsasən tələb olunan sığorta stajı və pensiya kapitalı ödənmədiyindən iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur - iddiaçıya məxsus NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 13.11.1976-cı ildən 26.11.1978- ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 11.12.2020- ci i tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa çatmış şəxslərin fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 2020-ci ilin 1 iyul tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Məlumat üçün bir daha bildirilmişdir ki, 19.06.2020-ci il tarixli müraciət zamanı iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi ümumi iş stajı 25 ildən az təşkil edir. Belə ki, 01.07.1993-cü il tarixindən 01.01.2006-cı il tarixinədək işlədiyi “X1” şirkətinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajını araşdırmaq və sosial sığorta stajınıza əlavə etmək mümkün hesab edilməmişdir. Həmçinin bildirilmişdir ki, 01.01.2006-cı ildən 01.07.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab olunmamışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 13.08.2020- ci i tarixli məktubda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddiaçıya 13.06.2020-ci il tarixindən əmək pensiyasının təyinatı aparılarkən 01.01.2006-cı il tarixinədək 32 il 4 ay sığorta stajı nəzərə alınaraq 167,11 manat məbləğində pensiya hesablanmışdır. Eyni zamanda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 12 iyul 2019cu il tarixli 1650-VQD nömrəli Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinin tələblərinə uyğun olaraq ərizəçiyə əmək pensiyası 200,00 manat məbləğində müəyyən edilmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən DSMFnin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış 04.03.2021-ci il tarixli məktubundan görünür ki, «X1» müəssisəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 19.02.2021-ci il tarixli məktubdan görünür ki, “Maştağa təsərrüfat hesablı avtomobil müəssisəsinin” və “X1 şirkətinin” arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına mühafizə üçün təhvil verilməmişdir. - “Kommersiya qurumlarının dövlət reyestri məlumatları”ndan görünür ki, “X1” ASC 08.01.2003-cü ildə dövlət qeydiyyatına alınmışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən məhkəməyə ünvanlanmış 24.02.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə “Maştağa Təsərrüfat hesablı Avtomobil Müəssisəsi”, “X1” Müəssisəsi barədə məlumatın verilməsinə dair daxil olmuş müraciətinə qanunvericiliyə uyğun olaraq baxılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, idarədə olan reyestrdə “Maştağa Təsərrüfat hesablı Avtomobil Müəssisəsi” adlı kommersiya qurumu aşkar edilməmişdir. Bu səbəbdən müvafiq hüquqi şəxsə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verilməsi xahiş olunmuşdur. Bundan əlavə idarədə olan reyestrə əsasən “X1” Müəssisəsi qeydiyyat qovluğunda olan sənədlər məhkəməyə göndərilmişdir və bildirilmişdir ki, “X1” Müəssisəsi 08.07.1996-cı ildə dövlət qeydiyyatına alınmışdır və şirkətin ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir. Həmçinin bildirilmişdir ki, hüquqi şəxsin fəaliyyət göstərib-göstərməməsi barədə məlumat “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1- ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin dövlət reyestr məlumatlarına aid deyildir -İddiaçı məxsus 26.07.1972-ci il tarixli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 01.09.1971-ci ildən 20.07.1972-ci ilədək 37 saylı politexnik məktəbdə təhsil almış, 26.07.1972-ci ildə Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 10 nömrəli mərkəzi avtomobil nəqliyyatı kontorunda 2-ci dərəcəli avtoçilingər qəbul edilmiş, 01.11.1973-cü ildə 3-cü dərəcə avtoçilingər dərəcəsi verilmiş, 29.08.1974cü ildə 3-cü dərəcəli sürücü vəzifəsinə keçirilmiş, 23.12.1974-cü ildə işdən azad edilmiş, 17.01.1975-ci ildə Bakı sanitar kommunikasiya nəqliyyat şöbəsində 1-ci dərəcəli çilingər qəbul edilmiş, 30.01.1975-ci ildə 3-cü dərəcəli sürücü vəzifəsinə qəbul olunmuş, 18.10.1976-cı ildə orduya getməsi ilə əlaqədar işdən azad edilmiş, 13.11.1976-cı ildən 21.11.1978-ci ilədək Sovet Ordusunda xidmət etmiş, 01.02.1979-cu ildə Abşeron bitki təsərrüfat şöbəsində SUN-MMZ-554 avtomaşınına 3-cü dərəcəli sürücü təyin edilmiş, 17.04.1984-cü ildə Bakı Nəqliyyat Müəssisəsinin sərəncamına köçürülmüş, 17.04.1984-cü ildə Azərbaycan SSR X9 Texnikası PATO Bakı TM-da Azərbaycan SSR X9 Texnikası Abşeron DKTT-dan köçürmə qaydasında 3-cü dərəcə sürücü vəzifəsinə qəbul edilmiş, 02.07.1984-cü ildə işdən azad edilmiş, 23.07.1984-cü ildə 7 nömrəli Bakı taksimotor parkında BC kateqoriyalı sürücü qəbul edilmiş, 29.10.1984-cü ildə işdən azad edilmişdir. - İddiaçı məxsus 25.03.1985-ci il tarixli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 25.03.1985-ci ildə 7 nömrəli Bakı taksimotor parkında BC kateqoriyalı sürücü qəbul edilmiş, 17.01.1986-cı ildə işdən azad edilmiş, 23.01.1986-cı ildə Azərittifaqın Bakı avtomobil bazasında Maştağa dəstəsinə 3-cü dərəcəli sürücü qəbul olunmuş, 10.02.1986-cı ildə işdən azad edilmiş, 07.04.1986-cı ildə Azərbaycan SSR X9 Texnikası Komitəsi PATO Bakı Nəqliyyat Müəssisəsində Zabrat avtomobil dəstəsinə 3-cü dərəcə sürücü qəbul edilmiş, Ləğv edilmiş Azərbaycan SSR X9 Texnikası Komitəsi PATO Bakı Nəqliyyat Müəssisəsinin adı dəyişdirilərək Azərbaycan SSR X14 Nəqliyyat Komitəsinin "xxxx" RPATO Bakı Nəqliyyat Müəssisəsi olmuşdur, 01.09.1989-cu ildə işdən azad edilmiş, 01.09.1989-cu ildə «Elektromexanizasiya» Trestinin 4 №-li avtonəqliyyat dəstəsi mərkəzi qaraja 3-cü dərəcəli sürücü qəbul edilmiş, 03.02.1992-ci ildə işdən azad edilmişdir, 03.02.1992-ci ildə “Xidmət” k/m-ə köçürmə yolu ilə qəbul edilmiş, 30.12.1992-ci ildə işdən azad edilmiş, 04.01.1993-cü ildə Maştağa İAİMə köçürmə yolu ilə sürücü qəbul edilmiş, 01.07.1993-cü ildə işdən azad edilmiş, 01.07.1993cü ildə Maştağa təsərrüfat hesablı avtodəstəsinə 3-cü dərəcəli sürücü qəbul edilmiş, 10.06.1996-cı ildə işdən azad edilmiş, 10.06.1996-cı ildə “Xəzər” ixtisaslaşdırılmış nəqliyyət müəssisəsi Maştağa TH İİM-dən köçürülmə yolu ilə 2 №-li md. sürücü təyin edilmiş, 17.05.2011-ci ildə işdən azad edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. “Əmək pensiyaları haqqında” AR Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 4.1.2-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir: dövr 01.07.2019 - 30.06.2020, kişilər üzrə pensiya yaşı 64 il 6 ay. Həmin Qaydaların 2 nömrəli əlavəsinin 1-ci bəndinə əsasən növündən asılı olmayaraq pensiya təyin edilməsi üçün aşağıdakı sənədlər tələb olunur: şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun surəti; ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Lakin həmin Qanunun 21.2-ci maddəsinə sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müddətlərin daxil edilməsi sadalanmış, təhsil müddətinin sığorta stajına daxil edilməsinin nəzərdə tutulduğu isə göstərilməmişdir. Bununla əlaqədar qeyd edilməlidir ki, şəxsin pensiya hüququ onun qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur. Pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, lakin təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə deyil, onun təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri ilə müəyyən edilməlidir. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən Vİİ. fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının texniki peşə məktəbində təhsil aldığı müddət də sosial sığorta stajına əlavə edilməlidir. Hazırkı işin hallarından müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. İddiaçı 01.09.1971-ci ildən 20.07.1972-ci ilədək 37 saylı politexnik məktəbdə təhsil almış, 13.11.1976-cı ildən 26.11.1978-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı 26.07.1972-ci ildən 23.12.1974-cü ilədək Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 10 nömrəli mərkəzi avtomobil nəqliyyatı kontorunda, 17.01.1975-ci ildən 18.10.1976-cı ilədək Bakı sanitar kommunikasiya nəqliyyat şöbəsində, 01.02.1979-cu ildən 02.07.1984-cü ilədək Abşeron bitki təsərrüfat şöbəsində, 23.07.1984-cü ildən 29.10.1984-cü ilədək 7 nömrəli Bakı taksimotor parkında, 25.03.1985-ci ildən 17.01.1986-cı ilədək 7 nömrəli Bakı taksimotor parkında, 23.01.1986-cı ildən 10.02.1986-cı ilədək Azərittifaqın Bakı avtomobil bazasında Maştağa dəstəsində, 07.04.1986-cı ildən 01.09.1989-cu ilədək Azərbaycan SSR X9 Texnikası Komitəsi PATO Bakı Nəqliyyat Müəssisəsində Zabrat avtomobil dəstəsində, 01.09.1989-cu ildən 03.02.1992-ci ilədək «Elektromexanizasiya» Trestinin 4 №-li avtonəqliyyat dəstəsi mərkəzi qarajda, 03.02.1992-ci ildən 30.12.1992-ci ilədək “Xidmət” k/m-də, 04.01.1993-cü ildən 01.07.1993- cü ilədək Maştağa İAİM-də, 01.07.1993-cü ildən 10.06.1996-cı ilədək Maştağa təsərrüfat hesablı avtodəstəsində, 10.06.1996-cı ildən 17.05.2011-ci ilədək “Xəzər” ixtisaslaşdırılmış nəqliyyət müəssisəsində işləmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil aldığı müddət də daxil olmaqla 25 ildən artıq ümumi iş stajı mövcuddur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaq qeyd edir ki, iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, cavabdeh tərəfindən mübahisələndirilən dövrlər üzrə iddiaçı həmin iş yeri və vəzifələrdə işləmişdir. İddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən məhkəməyə ünvanlanmış 24.02.2021-ci il tarixli məktubdan görünür ki, “X1” Müəssisəsi 08.07.1996-cı ildə dövlət qeydiyyatına alınmışdır və şirkətin ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir. İddiaçının 01.07.1993-cü il tarixdən 10.06.1996-cı il tarixədək Maştağa təsərrüfat hesablı avtodəstəsində olan stajı (02 il 11 ay 10 gün) nəzərə alınmasa belə, onun ümumi iş stajı 25 ildən çoxdur. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı 64 yaş 6 ayının tamam olduğu 13.06.2020-ci ilədək hərbi xidmət və təhsil dövrü də daxil olmaqla 25 ildən artıq sığorta stajına malik olduğundan, iddia tələbi əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3854/2021 saylı, 24 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-491/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-491/2022
07.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver