Məhkəmə qərarları › İş №2-1(103)-491/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-491/2024

09.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-491/2024 09.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2-1(112)-3724/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Filialı tərəfindən pensiyasının yenidən hesablanaraq 363 manat pulun pensiyasına əlavə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1997-ci ilin yanvar ayından 2017-ci ilin iyun ayına qədər vergi orqanlarında müxtəlif vəzifələrdə çalışmış, 2017-ci ilin iyun ayında xəstəliklə əlaqədar təqaüdə çıxmış, həmin dövrdə 2400 manat pensiya almışdır. Cari ayın iyul ayından əlillik müddəti başa çatdığı üçün, eyni zamanda 65 yaşı tamam olduğundan yaşla əlaqədar pensiya növünü seçmiş, yenidən pensiyası hesablanaraq 827 manat müəyyən edilmişdir. Sənədlərdən görünür ki, yenidən pensiya hesablanarkən kompensasiya və son haqq-hesab, hesablamaya az salınmışdır. Eyni zamanda, kompensasiya və haqq-hesaba 255 manat az hesablanmış və Prezidentin sərəncamı ilə 01 yanvardan hesablanmalı olan 10 %, yəni 108 manat güzəşt nəzərə alınmamışdır. Beləliklə, ümumilikdə iddiaçıya 1191 manat əvəzinə 827 manat pensiya hesablanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə filialı tərəfindən iddiaçıya yenidən pensiya hesablanarkən “Pensiya təminatı haqqında” Qanunun 1.01, 9 və 20 ci maddəsinin 20.1.7 və eləcədə "dövlət qulluğu haqqında" 23.4-cü maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən əmək pensiyası vətəndaşlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin kompensasiya məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Qanunun qeyd edilən maddələrinə əsasən "Dövlət Qulluğu haqqında" Azərbaycan Respublikası Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-də "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyət orqanlarının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18- dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığından çıxması ilə bağlı dövlət qulluğunda olan şəxslər istisna olmaqla) göstərilmişdir. Bundan başqa, “Dövlət qulluğu haqqında” Qanunun 23.4-cü maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləğinin fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. İddiaçı qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, İddiaçı əmək pensiyanın yenidən hesablanaraq göstərilən 363 manat pulun pensiyasına əlavə edilməsinə dair iddiası tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, iddiaçı 30 sentyabr 2022-ci il tarixdə ərizə ilə Mərkəzi Filiala müraciət edərək, pensiyasının düzgün hesablanmasını xahiş etmişdir. Həmin müraciətə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Aparılmış inzibati icraat tədbirləri nəticəsində iddiaçıya Fondun Nəsimi rayon şöbəsi tərəfindən 6 iyun 2017-ci il tarixindən vergi orqanlarının əməkdaşı kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Əlillik dərəcəsinin müddətinin 6 iyun 2022-ci il tarixində bitməsi ilə əlaqədar pensiya ödənişi 1 iyul 2022-ci il tarixindən dayandırılmışdır. Eyni zamanda, iddiaçıya 1 iyul 2022-ci il tarixindən vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 525,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 157,50 manat, rütbəyə görə əlavəsi 36,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 86,88 manat, digər növ əlavəsi 508,63 manat olmaqla orta aylıq əmək haqqı 1314,01 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 19 il 4 ay 17 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1314,01 manat) 63 faizi, 827,83 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. İddia ərizəsində göstərilən Prezidentin Sərəncamına əsasən 10% maddi yardımın verilməsi ilə bağlı isə bildirilir ki, “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardım 1 yanvar 2022-ci il tarixinədək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına ödənilir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun fəaliyyət göstərdiyi son 24 ayda, yəni 2015-ci ilin iyul ayından 2017-ci ilin iyun ayına qədər olan dövrün sosial sığortaya cəlb olunmaqla büdcədənkənar fond hesabına iddiaçıya ödənilmiş vəsaitlər nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçıya 2017-ci ildən əlilliyə görə əmək pensiyası təyin edilmiş, əlillik müddəti bitdikdən sonra yaşa görə, 2022-ci ilin iyul ayında 65 yaşından ona pensiya təyin edilmiş, lakin pensiyası hesablanarkən vaxtilə qanuni gəlirləri olaraq əmək haqqı kimi aldığı və məcburi dövlət sosial sığortasına cəlb olunmuş vergi orqanlarının büdcədənkənar fondu hesabına ödənilmiş gəlirlər nəzərə alınmamış, pensiya məbləği 827,83 manat məbləğində təyin olunmuşdur. İlk növbədə qeyd olunmalıdır ki, digər bəzi dövlət orqanlarında olduğu kimi, vergi orqanlarında da uzun illər dövlət büdcəsi hesabına rəsmi əmək haqqı az olmuş və bunun da məqsədi işçilərə büdcədənkənar fond hesabına əlavə olaraq əmək haqqı verilməsi olmuşdur. Artıq qeyd olunduğu kimi, həmin gəlirlərdən qanunla müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları tutulmuşdur və işçilərdə həmin gəlirlərin onların gələcəkdə pensiyaları hesablanarkən nəzərə alınmaması ilə bağlı hər hansı şübhə olmamışdır. Yəni vergi orqanlarının xüsusi rütbəli şəxslərində onların aldıqları bütün gəlirlərin gələcəkdə pensiya hesablanması zamanı dövlət tərəfindən nəzərə alınması ilə bağlı haqlı, qanuni və əsaslı gözləntiləri və beləliklə, dövlət orqanının fəaliyyətinə etimadları olmuşdur. Pensiya qanunvericiliyində nəzərdə tutulmuş əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sığorta stajı şəxsin məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə işlədiyi dövrləri ehtiva edir. Sonradan 30 noyabr 2018-ci il tarixində “Əmək pensiyaları haqqında” Qanuna və “Sosial sığorta haqqında” Qanuna dəyişikliklər edilərək, təminat xərcliyi (pul təminatı) anlayışına daxil olan məbləğdən büdcədənkənar vəsaitlər hesabına olan əlavələr çıxarılmış, müvafiq olaraq təminat xərcliyinə daxil edilməyən ödənişlərdən, yəni büdcədənkənar vəsaitlərdən məcburi dövlət sosial sığorta haqqının tutulmaması təsbit edilmişdir. Qeyd olunan dəyişikliklərə qədər büdcədənkənar fond hesabına ödənilmiş əmək haqqı rəsmi qanuni gəlir kimi vətəndaşların pensiyaları hesablanarkən nəzərə alınırdı. Dəyişikliklərdən sonra isə büdcədənkənar fond hesabına verilən əmək haqqından sığorta haqqı tutulmur və beləliklə də pensiya hesablanması zamanı nəzərə alınmır. Bunun da əsas səbəbi odur ki, müəyyən bir məbləğin pensiya hesablanması zamanı nəzərə alınması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş əsas şərt həmin məbləğdən məcburi dövlət sosial sığorta haqlarının tutulmasıdır. Eyni zamanda, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli **********512800 nömrəli əmək haqqı barədə məlumatda orada qeyd olunmuş bütün gəlirlərdən, o cümlədən büdcədənkənar vəsait hesabına verilən ödənişlərdən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi öz əksini tapmışdır. Lakin qanunvericiliyə edilmiş dəyişikliklər vaxtilə büdcədənkənar vəsaitlər hesabına əmək haqqı almış və həmin məbləğdən məcburi dövlət sosial sığorta haqları ödəmiş şəxslərə şamil edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu dəfələrlə öz qərarlarında qeyd etmişdir ki, qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi üçün müəyyən edilmiş zəruri şərtlərdən biri sığortaolunanın sığorta stajının olmasıdır. “Sosial sığorta haqqında” Qanunun 8-ci maddəsində də sığortaolunanın sığorta stajı sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti kimi müəyyən edilmişdir. Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təqdim edilmiş sənəddən görünür ki, son 24 ayda, yəni iyul 2015 - iyun 2017-ci il üzrə dövrdə büdcədənkənar fond hesabına iddiaçıya mükafatlar ödənilmişdir. Məktubdan göründüyü kimi, həmin gəlirlərdən məcburi dövlət sosial sığorta haqqı tutulmuş və aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fonduna ödənilmişdir. Lakin pensiya təyin edilərkən büdcədənkənar fond hesabına ödənilmiş bu məbləğlər nəzərə alınmamışdır. Odur ki, büdcədənkənar fond hesabına ödənilmiş və məcburi dövlət sosial sığortasına cəlb olunmuş vəsaitlər pensiya hesablanarkən nəzərə alınmalıdır. Göründüyü kimi, qanunvericilik sosial sığorta stajını əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirmiş və həmin iş dövrlərinin nəzərə alınması üçün məhz məcburi dövlət sosial sığorta haqlarını ödəmək şərtini müəyyən etmişdir. İddiaçı Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarına istinad edərək şəxsin məcburi dövlət sosial sığorta haqqı tutulmaqla aldığı gəlirlərin onların pensiyasının hesablanması zamanı mütləq şəkildə nəzərə alınmalı olduğunu bildirərək iddianın təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2-1(112)-3724/2023 nömrəli qərarı ilə (hakim T.Məlikov) iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə 2019-cu ilin yanvar ayından qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsinə istinad etməklə qeyd etmişdir ki, dövlət qulluğunda xidmət etmiş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin nəzərə alınması istisna edilir. Məhkəmə qərarında gəldiyi nəticəni formal olaraq, qanunun qüvvəyə mindikdən sonra yaranan münasibətlərə tətbiq edilməli olması ilə bağlı hüququn ümumi prinsipi ilə əsaslandırmışdır. Lakin Bakı İnzibati Məhkəməsi vaxtilə rəsmi olaraq büdcədənkənar fond hesabına aldığı gəlirlərdən qanunla müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqlarının tutulmasını və bunun qanunvericilikdə təsbit olunma məqsədini nəzərə almamışdır. Belə ki, məhkəmə tərəfindən iddia tələbinə hüquqi qiymət verilən zaman müəyyən gəlirlərdən məcburi dövlət sosial sığorta haqlarının tutulmasında qanunvericinin güddüyü hüquqi məqsəd rəhbər tutulmalı idi. 30 noyabr 2018-ci il tarixində “Əmək pensiyaları haqqında” Qanuna və “Sosial sığorta haqqında” Qanuna dəyişikliklər edilərək, təminat xərcliyi (pul təminatı) anlayışına daxil olan məbləğdən büdcədənkənar vəsaitlər hesabına olan əlavələr çıxarılmış, müvafiq olaraq təminat xərcliyinə daxil edilməyən ödənişlər məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növləri siyahısından da çıxarılmışdır. Sadalanan maddələrin məzmunundan görünür ki, dəyişikliklərə qədər büdcədənkənar fond hesabına ödənilmiş əmək haqqı məcburi dövlət sosial sığortasına cəlb olunmaqla, rəsmi qanuni gəlir kimi vətəndaşların pensiyaları hesablanarkən nəzərə alınırdı. Dəyişikliklərdən sonra isə büdcədənkənar fond hesabına verilən əmək haqqından sığorta haqqı tutulmayaraq, pensiya hesablanması zamanı nəzərə alınmır. Qanunvericiliyə edilmiş dəyişikliklərin mahiyyətindən də görünür ki, hər hansı məbləğin pensiya hesablanması zamanı nəzərə alınmasında qanunla müəyyən olunmuş əsas şərt, həmin gəlirdən məcburi dövlət sosial sığorta haqlarının tutulmasıdır. İddianın bu dəlilini normayaratma prosesi, qanunvericiliyə edilmiş dəyişikliklərdəki ardıcıllıq da sübut edir. Əks halda büdcədənkənar fondlardan ödənilmiş vəsaitlərdən sığorta haqları tutulmaqda davam edərdi. Xüsusi Şərtlərlə Mərkəzi Filial tərəfindən onun pensiyasının büdcədənkənar ödənilmiş vəsaitlər nəzərə alınmadan az hesablanması və bununla bağlı haqlı iddianın məhkəmə tərəfindən təmin olunmaması nəticəsində Konstitusiya və Konvensiya ilə qorunan sosial təminat və mülkiyyət hüquqları pozulmuş, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi ilə bağlı dövlətin ali məqsədinə xələl gətirilmişdir. Vaxtilə şəxslər müvafiq vəzifədə çalışaraq aldıqları büdcədənkənar vəsaitlərdən sığorta haqlarının tutulmasını bilmiş və həmin gəlirlərin gələcəkdə pensiyalarının hesablanması zamanı nəzərə alınacağına əminlikləri olmuşdur. Apellyasiya şikayətinin əsas dəlili də odur ki, qanunvericiliyə edilmiş dəyişikliklər vaxtilə büdcədənkənar fond hesabına aldığı əmək haqqıdan məcburi dövlət sosial sığorta haqları ödəmiş şəxslərə şamil edilə bilməz və onların pensiyalarının hesablanması zamanı həmin gəlirlər mütləq şəkildə nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli **********512800 nömrəli əmək haqqı barədə məlumatda qeyd olunmuş bütün gəlirlərdən, o cümlədən büdcədənkənar vəsait hesabına verilən ödənişlərdən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi öz əksini tapmışdır. Qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi üçün müəyyən edilmiş zəruri şərtlərdən biri sığortaolunanın sığorta stajının olmasıdır. “Əmək pensiyaları haqqında" Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Sosial sığorta haqqında” Qanunun 8-ci maddəsində də sığortaolunanın sığorta stajı sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti kimi müəyyən edilmişdir. Göründüyü kimi, hər iki Qanun sosial sığorta stajını əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirmiş və həmin iş dövrlərinin nəzərə alınması üçün məhz məcburi dövlət sosial sığorta haqlarını ödəmək şərtini müəyyən etmişdir. Qeyd olunan Qanun normalarının, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun qərarlarına uyğun olaraq, şəxsin məcburi dövlət sosial sığorta haqqı tutulmaqla aldığı gəlirlər onların pensiyasının hesablanması zamanı mütləq şəkildə nəzərə alınmalıdır. Cavabdeh inzibati orqan tərəfindən apelyasiya şikayətinə etiraz verilərək şikayətin təmin edilməyib, Bakı İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2-1(112)-3724/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya şikayətinə qarşı etirazı müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: -xx.xx.1973-cü il tarixdən doldurulmağa başlamış iddiaçının əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1998-ci ildən xx.xx.2017-ci il tarixədək vergi orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. Birinci instansiya məhkəməsinin sorğusu ilə cavabdeh tərəfindən iddiaçının pensiya işinin materiallarının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə əlavə edilmiş: -Nəsimi RPİ tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-in Bakı şəhəri Nəsimi rayon şöbəsinin xx.xx.2017-ci il tarixli, 078 saylı qərarının surətindən görünür ki, İddiaçı İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. -Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********1 nömrəli qərarından görünür ki, İddiaçı onun ərizəsinə əsasən təyin olunmuş pensiya növü dəyişdirilərək 1 iyul 2022-ci il tarixindən 827,83 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiyanın yenidən hesablanması zamanı əsas götürülən dövlət məvacibi aşağıdakılardan ibarət olmuşdur: vəzifə maaşı 525,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 157,50 manat, mükafat və müavinətlərin cəminə görə əlavə 86,88 manat, rütbəyə görə əlavə 36,00 manat, son haqqhesaba görə əlavə 508,63 manat. Dövlət məvacibinin cəmi 1314,01 manat təşkil etmişdir. -Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlilər Baş İdarəsinin cavabdehə ünvanladığı 27 iyul 2022-ci il tarixli əmək haqqı barədə məlumatdan görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2017-ci il tarixədək vergi orqanlarında müxtəlif vəzifələrdə işləmiş və işlədiyi dövrlərə aid edilən vəzifə maaşları ştat cədvəlinə əsasən şöbə rəhbəri vəzifəsi üzrə 580,0 manat, baş dövlət vergi müfəttişi vəzifəsi üzrə 540,0 manat, böyük dövlət vergi müfəttişi vəzifəsi üzrə 525,0 manat, dövlət vergi müfəttişi vəzifəsi üzrə 510,0 manat, ona verilmiş 1ci dərəcəli müfəttiş xüsusi rütbəsinə görə əlavə 36,0 manat təşkil etmişdir. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 1 yanvar 2020-ci il tarixdən vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında xidmət illərinə görə hər ay 1 ildən 5 ilədək - vəzifə maaşının 5 faizi məbləğində, 5 ildən 10 ilədək - vəzifə maaşının 10 faizi məbləğində, 10 ildən 15 ilədək - vəzifə maaşının 20 faizi məbləğində, 15 ildən yuxarı vəzifə maaşının 30 faizi məbləğində əlavə haqq ödənilir. Məktubda həmçinin bildirilmişdir ki, bütün hesablamalardan məcburi dövlət sosial sığorta haqqları tutulmuş və aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi təmin edilmişdir. -Cavabdeh DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 14 may 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində qulluq stajına görə əlavələr alan şəxslərin dairəsi müəyyən olunmuşdur. Həmin maddənin 20.30-cu bəndinə əsasən bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Qeyd olunan səbəbdən, vətəndaş İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərkən ona büdcədənkənar vəsait hesabına ödənilən mükafatlar nəzərə alınmamışdır. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1998-ci il tarixdən 13 iyun 2017-ci il tarixədək vergi orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. Ona pensiya qurumu tərəfindən ilk dəfə xx.xx.2017-ci il tarixdə əlilliyə görə pensiya təyin edilmiş, 2022-ci ildə 65 yaşının tamam olması ilə əlaqədar özünün müraciətinə əsasən xx.xx.2022-ci il tarixli pensiyanın yenidən yenidən hesablanması barədə qərarla ona 827,23 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı pensiyası hesablanarkan vergi orqanlarında işlədiyi dövrdə büdcədənkənar vəsaitlər hesabına ona verilən ödənişlərin nəzərə alınmamasından narazıdır. Bu məqsədlə cavabdehə müraciəti təmin edilməmişdir. İddiaçı hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir. İddiaçının tələbi vergi orqanlarında fəaliyyət göstərdiyi son 24 ayda, yəni 2015-ci ilin iyul ayından 2017-ci ilin iyun ayına qədərki dövrdə sosial sığortaya cəlb edilmiş büdcədənkənar vəsaitlər hesabına ödənilmiş vəsaitlərin nəzərə alınması və yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ 2022-ci ilin iyul ayında yaranmışdır. Ona görə də iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının məbləği hesablanarkən həmin dövrdə qüvvədə olan pensiya qanunvericiliyi tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 2019-cu ilin yanvar ayından qüvvədə olan 20.30-cu maddəsinin tələbinə əsasən isə dövlət qulluğunda xidmət etmiş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin nəzərə alınması istisna edilir. Qanunvericilik göstərilən məsələni məcburi göstərişlə şərtləndirdiyindən iddiaçı tələbində haqlı sayıla bilməz. İddiaçının apelyasiya şikayətinin əsas dəlili odur ki, büdcədənkənar vəsaitlər hesabına əlavələr “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsinin qüvvəyə minməsindən əvvəl ona ödənilmiş və həmin ödənişlərdən də məcburi dövlət sosial sığorta ayırmaları tutulmuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin həmin dəlilinə münasibətdə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci və 20.30-cu maddələri xx.xx.2019-cu il tarixdən əvvəl təyin olunmuş əmək pensiyalarında qulluq stajına görə əlavə hesablanarkən büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınan şəxslərə münasibətdə geriyə tətbiq edilmir. İddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası göstərilən tarixdən sonra təyin edilmişdir ki, bu hal da “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsinin onun hüquqi sferasına birbaşa təsirini şərtləndirir. “Əmək pensiyasları haqqında” Azərbaycan Respublikası Qanunun: -1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.3. Hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir. -1.0.4. Xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. -1.0.5. Təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. -3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. -7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -20.11.2-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. -20.12-ci maddəsinə əsasən bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanuna 30 noyabr 2018-ci il tarixli Qanunla əlavə edilmiş və 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 20.30-cu maddəyə əsasən bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” xx.xx.2006-cı il tarixli 499 nömrəli Fərmanının 2.3-cü məndinə əsasən həmin Qanunun 1.0.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Prokurorluğu, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti nəzərdə tutulur. -2.4-cü bəndinə əsasən həmin Qanunun 1.0.4-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 94 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaların: -2-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun pensiya təyinatı tarixinədək sonuncu artımlar nəzərə alınmaqla, müvafiq vəzifədə aldığı vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. -3-cü bəndinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. -9-cu bəndinə əsasən dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) də nəzərə alınır. Qeyd olunanlardan görünür ki, dövlət qulluğunda xidmət etmiş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin nəzərə alınmaması qanunvericiliklə imperativ qaydada müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur, bu səbəbdən apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, Kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2-1(112)-3724/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar