Məhkəmə qərarları › İş №2-1(103)-491/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-491/2025

11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-491/2025 11.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi X6 və iddiaçının nümayəndəsi və vəkili Vəkil4, Cavabdehin nümayəndəsi X11, Üçüncü şəxsin qanuni nümayəndəsi X4 və üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil1, Tərcüməçi Bağırova -X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X22) qarşı “qeydin ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2-1(112)-3817/2023 saylı qərarından üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X12 Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi, ev 4, mənzil 29-a dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakı Dövlət Reyestri Xidməti tərəfindən verilmiş dövlət reyestrindən (reyestr nömrəs **********70-05101-093012) çıxarışda mənzil ümumi sahəsi hissəsinin ləğv edilməsi həmin hissədə çıxarışda mənzilin ümumi sahəsi 62.5 kvadrat metr qeyd edilməsi, texnik pasportda sanitar qovşağına dair hissədə dəyişilik edilməsi və sanitar qovşağının ümumi istifadədə qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi, ev 4, mənzil 29 üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair X13 adına xx.xx.2013-cü il tarixli ********** nömrəli, X14 adına xx.xx.2020-ci il tarixli ********** nömrəli və X8 adına xx.xx.2020-ci il tarixli ********** nömrəli qeydlərin 1 kv.m sanitar qovşağa aid hissədə ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsi əsasında X31 tərəfindən ünvan 1 ünvanında yerləşən, sahəsi 30 kv.m olan 2 otaqlı mənzil 16 yanvar 1997-ci il tarixli 019712 saylı alqı-satqı müqaviləsi ilə İddiaçı satılmışdır. Nərimanov rayon Xalq Məhkəməsinin qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən, sahəsi 30 kv.m olan 2 otaqlı yaşayış sahəsinin İddiaçı adına hüquqi qeydiyyata alınması və ona qeydiyyat vəsiqəsinin verilməsi qət edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilə İddiaçı adına MH seriyalı 071564 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Həmçinin, X32 ona məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 62.7 kv.m olan mənzili qızı X12 bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş dövlət reyestrindən çıxarışa (reyestr nömrəsi 01101 1000270-05101-093012) əsasən ünvan 3 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ cavabdeh X8 adına qeydiyyata alınmışdır. Hazırda təqdim etdiyi texniki pasportun surətindən də göründüyü kimi X8 adına verilmiş texniki pasportda sanitar qovşağı X8 mülkiyyətinə verilmişdir. Halbuki, həmin sahə ümumi istifadədə olan sahələr olmuşdur. Təqdim etdiyi sənədlərdən də göründüyü kimi ilkin plan sxemdə cavabdeh 25 oktyabr 2022-ci il tarixli məktubla onun müraciətinin təmin edilməsindən imtina olunduğunu bildirmiş və imtinasını belə əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, ev 4 ünvanında yerləşən 29 nömrəli X8 adına mənzilin texniki pasportunda göstərilən sanitar qovşağının ümumi istifadədə olmasına dair hər hansı sənəd mövcud deyildir. Halbuki, DƏDRX özünün təsdiq etdiyi sənədlərdən göründüyü kimi ona verilən plan sxemdə sanitar qovşağı hər ikisi də qeyd edilmişdir və həmin sahələr ümumi istifadədə olduğundan hər ikisində qeyd edilmişdir. Hər ikisində yazılmayan sahələr isə mülkiyyətə verilmiş sahələrdir. Faktiki olaraq X8 adına verilmiş ilkin sənədlərdə, texniki pasportda və arxiv sənədlərində onun mənzilin sahəsi 32 kvadrat metr göstərilmişdir. Köməkçi sahələri ilə birlikdə təxmini 60 kvadrat metr göstərilir. Əvvəla bildirilmişdir ki, X15 (mənzil sonra Yusifli Fayamın, Yusifli Nazimin adına sonra isə X8 adına rəsmiləşdirilib) adına olan mənzilə dair 1972-ci il tarixli 024961 saylı orderdən görünür ki, mənzil 1 otaqlı olmuşvə 20 kvadrat metr sahəsi olmuşdur. Sonradan xx.xx.1997-ci il tarixdə Oktyabr Rayon İcra Hakimiyyətinin 47 saylı sərəncamı ilə ona əlavə olaraq 12 kvadrat metr sahə verilmiş və ümumi sahəsi 32 kvadrat metr sahəsi olan mənzili olmuşdur. Buna dair DƏDRX-in arxivində saxlanılan, MKİS tərəfindən verilən və DƏDRX tərəfindən təsdiq edilən plan-sxemdə də açıq aydın görmək olur. Həmin plan sxemdə X23 məxsus Bakı şəhəri, C.Cabbarlı küçəsi 4 mənzil 38-in 2 otaqdan ibarət olması və 32 kv.m sahəsi olması, ümumilikdə isə 60 kvadrat metr sahəsinin olması göstərilmişdir. Bundan sonra, mənzilin sahəsi 2013-cü il tarixdə bəlli olmayan səbələrdən 62.7 kv.m olmaqla artmış, sonda isə həmin mənzilin sonuncu Çıxarışında isə, yəni X8 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışda isə mənzilin sahəsinin 63.5 kv.m olması müəyyən olunmuşdur. 7 il ərzində də mənzil yenə 3.5 kvadrat təxmini artmışdır. Cavabdeh aydınlıq gətirməmişdir ki, 32 kv.m sahəsi olan mənzil necə 63.5 kvadratla dövlət qeydiyyatına alınmışdır. Təqdim edilən hər iki plan-sxemdə hər kəsin öz yeri qeyd edilmişdir. X8 plan-sxemində sahəsinin Bakı şəhəri, C.Cabbarlı küçəsi 4 mənzil 38-in 2 otaqdan ibarət olması və 32 kv.m sahəsi olması, ümumilikdə isə 60 kvadrat metr sahəsinin olması göstərilmişdir. Təqdim edilən İddiaçı plan sxemində sahəsinin Bakı şəhəri, C.Cabbarlı küçəsi 4 mənzil 27-in 2 otaqdan ibarət olması və 30 kv.m sahəsi olması, ümumilikdə isə 56.6 kvadrat metr sahəsinin olması göstərilmişdir. Təqdim edilən X16 şəxsi mülkiyyətində olan Bakı şəhəri, C.Cabbarlı küçəsi 4 mənzil 27-in 2 otaqdan ibarət mənzilə dair texniki pasportda mənzilin bütün sahələri göstərilmiş və bu da mülkiyyət hüququnun olmasını təsdiq edən vacib sənəddir. Hazırda iddiaçı və ailəsi, qızı, nəvələri bu mənzildə 5 nəfər olmaqla yaşayırlar. Həmin mənzil kommunal mənzil olduğundan sanitar qovşağı bir dənədir. Bütün sənədlərdə də həmin sanitar qovşağı ümumi qeyd edilmişdir. Hazırda da onların mərtəbələrində başqa sanitar qovşağı yoxdur. Yusifli Failya cavabdehin kobud səhvi ucbatından həmin sanitar qovşağın onun mülkiyyəti olduğuna əsaslanaraq ondan istifadə etməyə qoymur. Həmin sahəni bağlayıb və artıq 1 aydan çoxdur ki, o ailə olaraq həmin sanitar qovşaqdan istifadə edə bilmir. Yaşadığı mənzildə nə sanitar qovşaq, nə də hamam mövud deyildir. Yusifli Failya cavabdehin verdiyi sənədə əsasən həmin sahəni tam bağlayıb və ancaq özləri istifadə edə bilir. Cavabdeh kobud pozuntu edərək ona məxsus sahələrin necə eyni cavabdeh tərəfindən plan-sxemdən də artıq sahəsinin (iddiaçıya aid hissələrin) dövlət qeydiyyatına alınmasını aydınlaşdırmamış və faktiki olaraq 1 kvadrat metr sahəsi olan əmlaka dair iddiaçının hüquqlarını məhdudlaşdırmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1986/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X9 qanuni nümayəndəsi X20 üçüncü şəxs qismində cəlb edilməklə çıxarışın verilməsi və texniki pasportda olan qeydin ləğv edilməsi hissəsində və iddiaçı X4 (azyaşlı X8 qanuni nümayəndəsi) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı İddiaçı iş üzrə üçüncü şəxs cəlb edilməklə “texniki pasportda anbarın mənzilə aid olması barədə qeydin ləğv olunması”na dair iddiası mümkün sayılmamış, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2083/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-267/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2083/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14280/2022 saylı, 14 noyabr 2022-ci il tarixli qərardadı ilə X22 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2-1(112)-3817/2023 saylı qərarı ilə (hakim X24) iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi, ev 4, mənzil 29 üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair X13 adına xx.xx.2013-cü il tarixli ********** nömrəli, X14 adına xx.xx.2020-ci il tarixli ********** nömrəli və X8 adına xx.xx.2020-ci il tarixli ********** nömrəli qeydlərin 1,0 kv.m sanitar qovşağa aid hissədə ləğv edilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Üçüncü şəxs apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Apelyasiya və kassasiya instansiya məhkəmələrində aparılan icraatlar: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, mübahisə olunan qərarda tərəflərin münasibətlərinə Mənzil Məcəlləsinin normaları da düzgün tətbiq edilməmiş, həmin Məcəllənin 40.2-ci maddəsi işdə nəzərə alınmamış, bu normanın tələblərinə görə kommunal mənzilin ümumi əmlakının ölçülərinin dəyişdirilməsində, mübahisəli 1.0 kv.m sanitar qovşağının 29 nömrəli mənzil mülkiyyətçisinin adına qeydə alınması, eləcə də qeydə alınmasından mübahisə yaranan vaxtadək tərəflərin arasında buna dair razılığın olmaması təsdiq olunmamışdır. Mənzil Məcəlləsinin 40.2-ci maddəsi tərəflərin hazırki iddia üzrə hüquq münasibətlərinə tətbiq olunmalı idi. Belə ki, işin məhkəmə tərəfindən də mübahisə olunmayan halıdır ki, 1.0 kv.m sanitar qovşağı 2013-cü ildən 29 nömrəli mənzil mülkiyyətçisinin adına qeydə alınıb. Bu halda həmin normanın hüquqi mənasına görə iddiaçının narazılığı, yəni mübahisə 2013-cü ildən yaranmalı idi. Mübahisə olunan qərarın 14-cü səhifəsinin 5-ci abzasında isə göstərilir ki, “sanitar qovşaqla bağlı mübahisə əsasən 2020-ci ildən etibarən yaranmış”dır. Digər tərəfdən, bu dövrdə mənzilin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması da dəfələrlə həyata keçirilmişdir (xüsusilə buna son nöqtəni qanuni qüvvəyə minmiş məhkəmə qərarı qoymuşdur). Mübahisə olunan qərarda Bakı İnzibati Məhkəməsi üçüncü şəxsə aid işdə olan sübutları da düzgün tədqiq etməmiş, “mübahisəli 1.0 kv.m sanitar qovşağı” adlandırdığı sahənin üçüncü şəxsin mülkiyyətinə 2013-cü ildə verilməsi qənaətinə də səhv olaraq gəlmişdir. Göründüyü kimi, üçüncü şəxsin adına texniki pasport və Çıxarış hələ 2013-cü ilin aprel ayında verilməsinə baxmayaraq, “Sözügedən mənzilə dair iddiaçının adına texniki pasport tərtib edilməmişdir”. Halbuki, Bakı İnzibati Məhkəməsi tərəfindən arxiv sənədləri düzgün olaraq tədqiq edilsəydi məlum olardı ki, üçüncü şəxsin adına texniki pasport və Çıxarış tərtib olunandan sonra 29 nömrəli mənzil üç dəfə öz mülkiyyətçisini dəyişmişdir. Xüsusilə 29 nömrəli mənzilin xx.xx.2013-cü il tarixdə vəfat etmiş ilk mülkiyyətçisi X33 olmuşdur. İşdə olan “Ölüm üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməsindən də görünür ki, 1.0 kv.m sanitar qovşağı xx.xx.2013-cü il tarixdə texniki pasport tərtib ediləndən də əvvəl onun mülkiyyətində olmuşdur. Faktiki isə məlum olur ki, mübahisə olunan qərarında Bakı İnzibati Məhkəməsi on ildən artıq müddətdə iddiaçının razılığı əsasında üçüncü şəxsin mülkiyyətində olan, bu dövrdə iddiaçı tərəfindən mübahisə olunmayan, eləcə də heç vaxt istifadə olunmayan (sökdürdüyü sanitaq qovşağı bunu təsdiq edir) 1 kv.m sanitar qovşağı üçüncü şəxsin adına olan əmlakdan çıxarılaraq tərəflərin ümumi əmlakına verilməsi barədə qərar qanunsuz, əsassız, ədalətsiz və qeyriobyektivdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 aprel 2024-cü il tarixli, 2- 1(103)-1365/2024 nömrəli qərarı ilə (hakimlər X25 (məruzəçi), X26 və X27) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2- 1(112)-3817/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini iddia tələbinin təmin olunmamasını və ya iddianın mümkün sayılmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2167/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə üçüncü şəxsin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 aprel 2024-cü il tarixli, 2- 1(103)-1365/2024 saylı qərarı ləğv edilərək işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kassasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “...Apellyasiya məhkəməsi qərarında hazırkı iddianın predmetinin eyni tərəflər arasında əvvəllər məhkəmə aktı çıxarılmış iş üzrə iddianın predmeti olub-olmamasına aydınlıq gətirməmişdir. Hazırkı iş üzrə bu halın aydınlaşdırılması, yəni əvvəlki və hazırkı işdə iddia predmetinin eyni olub-olmamasının müəyyən edilməsi obyektiv qərarın qəbulu baxımından zəruridir. Bu məqsədlə apelyasiya instansiyası məhkəməsi əvvəlki işlə bağlı materialları tələb etməli, eyni tərəflər arasında eyni mübahisə ilə bağlı məhkəmə aktının olub-olmasını müəyyən etməli və bunun nəticəsindən asılı olaraq həmin xüsusata qiymət verməlidir. Mübahisə predmeti fərqli olduğu halda, iddiaçı tərəfindən bu iddianın həmin iş üzrə icraat zamanı verilməməsinin səbəbi araşdırılmalıdır.” Bundan başqa məhkəmə qeyd etmişdir ki, “..təkrar apelyasiya baxışı zamanı aydınlaşdırılmalı hallardan biri də iddiaçının özünün mənzilində və istifadəsində olmuş sanitar qovşağın sökülmə səbəblərinin və bunun iddiaçının iradəsinə bağlı olubolmadığının müəyyən edilməsi ilə bağlıdır.” Təkrar apelyasiya baxışı zamanı apelyasiya instansiya məhkəməsinin mövqeyi : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs tərəf apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İş materiallarından müəyyən edilir ki, xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsi əsasında X31 tərəfindən ünvan 1 ünvanında yerləşən, sahəsi 30 kv.m olan 2 otaqlı mənzil 16 yanvar 1997-ci il tarixli, 019712 saylı alqısatqı müqaviləsi ilə İddiaçı satılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının X2 və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin C.Cabbarlı bina 4, mənzil 27 ünvanının oktyabr 1996-cı il tarixli Şəxsi mülkiyyətində olan mənzilin X16 adına tərtib olunmuş texniki pasportunda mənzilin sxemində otaqların sayı 2, 1-ci otaq 18.5 kv.m, 2-ci otaq 11.5 kv.m, keçid 11, mətbəx 4.0 kv.m, qalereya, anbar 11.6 kv.m və “T” sanitar qovşaq əks olunmuşdur. Nərimanov rayon Xalq Məhkəməsinin qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən, sahəsi 30 kv.m olan 2 otaqlı yaşayış sahəsinin İddiaçı adına hüquqi qeydiyyata alınması və ona qeydiyyat vəsiqəsinin verilməsi qət edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı 071564 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, C.Cabbarlı küçəsindəki 4 nömrəli yaşayış evinin 27 mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 712 nömrəli reyestr kitabında 106898 səhifəsində 30 nömrəli, xx.xx.1997-ci il tarixdə qeydiyyat aparılmışdır. Birinci instansiya məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********10 nömrəli məktubu ilə göndərilmiş hüquqmüəyyənedici sənədlərdən müəyyən edilir: Oktyabr Rayon İcra Hakimiyyətinin xx.xx.1991-ci il tarixli 47 nömrəli sərəncamına əsasən X33 C.Cabbarlı küçəsindəki 4 nömrəli evin yaşayış sahəsi 32.0 kv.m olan 2 otaqlı mənzilinin kirayəçisi hesab edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı 07610 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, C.Cabbarlı küçəsindəki 4 nömrəli yaşayış evinin 29 nömrəli mənzili X13 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 741 nömrəli reyestr kitabında 111257 səhifəsində 30 nömrəli, xx.xx.1996-cı il tarixdə qeydiyyat aparılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən ümumi sahəsi 62.7 kv.m, yaşayış sahəsi 45.2, yardımçı sahə 17.5 kv.m və 2 yaşayış otağı olan ev 4, mənzil 29 X13 adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2013-cü ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən 62.7 kv.m sahəsi olan ev 4, mənzil 29 X14 adına xüsusi mülkiyyət hüquq ilə xx.xx.2020-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən X32 tam mülkiyyət hüququ üzrə ona məxsus olan ümumi sahəsi 62.7 kv.m olan mənzili qızı X12 bağışlamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən 63.5 kv.m sahəsi olan ev 4, mənzil 29 X8 adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2020-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ünvan 4 ünvanına X13 adına **********70-05101-093012 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli texniki pasporta əsasən Mənzil haqqında məlumatda: yerləşdiyi mərtəbə - 2, otaqların sayı – 2, ümumi sahəsi – 62.7 kv.m, yaşayış sahəsi 45.2 kv.m. otaqların təyinatı: yaşayış otağı sahəsi 20.1 kv.m, yaşayış otağı sahəsi 25.1 kv.m, mətbəx sahəsi 9.3 kv.m, dəhliz sahəsi 7.2 kv.m, san. qovşağı sahəsi 1.0 kv.m. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X8 adına Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi ev 4, mənzil 29-a dair verilmiş xx.xx.2020-ci il tarixli Texniki Pasporta əsasən Mənzil haqqında məlumat: yerləşdiyi mərtəbə - 2, otaqların sayı – 2, ümumi sahəsi – 63.5 kv.m, yaşayış sahəsi 45.2 kv.m. otaqların təyinatı: yaşayış otağı sahəsi 20.1 kv.m, yaşayış otağı sahəsi 25.1 kv.m, mətbəx sahəsi 9.3 kv.m, dəhliz sahəsi 7.2 kv.m, san. qovşağı sahəsi 1.0 kv.m, balkon 0.8 kv.m. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, 20 yaşına qədər mübahisəli ünvanda yaşamış, lakin hal-hazıradək gedib gəlməkdədir. Əvvəllər orada yaşadığı zaman ümumi istifadədə olan sanitar qovşaq və mətbəx olmuşdur. Mübahisəli binada təxminən 1965-ci ildən 20 il yaşamışdır. Həmin vaxtlar qonşuların bəziləri özünə ayrıca sanitar qovşaq düzəltdirmiş, bəzilərində isə ümumi olmuşdur. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, mübahisəli ünvanın alt mərtəbəsində qeyri-yaşayış sahəsini işlədir. Həmin qeyri-yaşayış sahəsinə üst mərtəbədə yerləşən iddiaçıya məxsus mənzildən hər hansı su axması və s. bu kimi hallar baş verməmişdir. Bu günədək hər hansı şikayətlərinin olmadığını bildimişdir. Eyni zamanda bildirmişdir ki, ona məxsus qeyri-yaşayış sahəsinin üzərindən hər hansı kanalizasiya borusu keçməmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, ünvan 5 ünvanında, 3-cü mərtəbədə yaşayır. Mənzili 2003-cü ildə almışdır və hal-hazırda həmin ünvanda yaşayır. Mübahisəli ünvanda yaşadığı müddət ərzində hər hansı sanitar qovşağın ümumi istifadədə olmasının şahidi olmamışdır. Mübahisəli sanitar qovşaqdan isə üçüncü şəxsdən başqa kiminsə istifadə etdiyini görməmişdir. Hal-hazırda həmin binada yaşayan sakinlərin hər birinin fərdi istifadə etdiyi sanitar qovşaqları var. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X18, X3, X28, X1 Arifə İmamverdi qızı ilə eyni məzmunlu ifadələr vermişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 149. Daşınmaz əmlaka hüquqların əsassız qeydə alınması 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 16. Dövlət reyestrində düzəlişlər 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Əsaslandırma hissəsi: İş materiallarından müəyyən edilir ki, iddiaçı ilə üçüncü şəxs arasında Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi 4 saylı evin 29 saylı mənzilin ayrı-ayrı köməkçi sahələrinə dair hüququn daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına aparılmış qeydin ləğvi barədə mübahisə ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktları olmuşdur. Məhkəmə aktlarına görə həmin sahələrdən bəziləri üzrə iddia təmin edilmiş, bəzi sahələr üzrə iddia rədd edilmiş, bir sahə üzrə işdə iddia mümkün sayılmamışdır. Üçüncü şəxs apelyasiya şikayətində qeyd etmişdir ki, eyni predmetle bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğundan iddia mümkün sayılmamalıdır. Kollegiya apelyasiya şikayətinin qeyd olunan dəlilini, həmçinin kassasiya instansiya məhkəməsinin göstərişini nəzərə alaraq sözügedən mübahisə ilə bağlı materialları sorğu əsasında birinci instansiya məhkəməsindən tələb etmiş, birinci instansiya məhkəməsi tərəfindən həmin iş materialları Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Təqdim edilən iş materiallarından müəyyən edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1986/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X9 qanuni nümayəndəsi X20 üçüncü şəxs qismində cəlb edilməklə çıxarışın verilməsi və texniki pasportda olan qeydin ləğv edilməsi hissəsində və iddiaçı X4 (azyaşlı X8 qanuni nümayəndəsi) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı İddiaçı iş üzrə üçüncü şəxs cəlb edilməklə “texniki pasportda anbarın mənzilə aid olması barədə qeydin ləğv olunması”na dair iddiası mümkün sayılmamış, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2083/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022ci il tarixli, 2-1(102)-267/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 2083/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərardadı dəyişdirilmədən saxlanılmışdır. Kollegiya qeyd olunan iş materiallarını araşdırdıqdan sonra belə qənaətə gəlir ki, qeyd olunan iş üzrə iddiaçı sanitar qovşaq hissəsinə mülkiyyət hüququnun qeydiyyatını deyil, anbar sahəsinə olan hüququn qeydiyyatını tələb etmiş, məhkəmələr də məhz bu səbəbdən mübahisə predmeti olan anbar sahəsinə münasibət bildirmişlər. Odur ki, əvvəlki mübahisələr üzrə mübahisə predmeti hazırkı iş üzrə mübahisə predmetindən fərqli olduğundan, apelyasiya şikayəti iddianın mümkünsüzlüyü ilə bağlı hissədə əsassızdır. İddianın əsaslılığı ilə bağlı isə Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticə ilə aşağıdakı əsaslara görə razılaşmır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Hazırkı iş üzrə mübahisəli sanitar qovşağın mənzil mülkiyyətçisinin xüsusi mülkiyyəti olaraq qeydiyyata alınmasına əsas verən hüquqmüəyyənedici sənəd daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqanına təqdim edilmədiyi halda cavabdeh inzibati orqan həmin sahəni ümumi istifadədə olan sahə statusundan çıxararaq xüsusi mülkiyyət olaraq qeydiyyata almışdır. Halbuki, yuxarıda da sadalanan normalardan, eləcə də bundan əvvəlki məhkəmə icraat zamanı tərəflər arasında “anbar” sahəsinin ümumi istifadədə olan sahə olması ilə bağlı Ali Məhkəmənin hüquqi mövqeyindən də çıxış edərək qeyd olunur ki, məhdud şəraitli kommunal mənzildə ümumi istifadə üçün nəzərdə tutulan və birdən artıq otağa xidmət etmək üçün istifadə olunan köməkçi xarakter daşıyan sahələr, o cümlədən ümumi istifadə olunan sanitar qovşaq üzərində tam xüsusi mülkiyyət hüququ tanına bilməz. Belə ki, sözügedən 1 kv.mlik sanitar qovşaq qanuna əsasən kommunal mənzillərdə ümumi istifadədə olan sahədir və həmin sahəyə kommunal mənzil mülkiyyətçilərinin yalnız paylı mülkiyyət hüquqları mövcuddur. Başqa sözlə, iddiaçı kommunal mənzildə ümumi istifadə üçün nəzərdə tutulmuş köməkçi xarakter daşıyan sanitar qovşaq üzərində qanuna əsasən ümumi paylı mülkiyyət hüququnun subyektidir və bu halda qonşu mülkiyyətçinin adına həmin sahə ilə bağlı aparılmış qeydlər ləğv edilməlidir. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşmayaraq iş materiallarına istinadən bildirir ki, iddiaçının mübahisələndirdiyi 1,0 kv.m sanitar qovşaq 2013-cü il tarixdən üçüncü şəxsin istifadəsində və mülkiyyətində olmuşdur. Qeyd olunan fakt 02 aprel 2013-cü il tarixdə tərtib edilmiş üçüncü şəxsə məxsus mənzilin texniki pasportu ilə təsdiq edilir. Həmin texniki pasporta əsasən müəyyən edilir ki, mənzilin tərkib hissəsi bu şəkildə olmuşdur: 1. yaşayış otağı; 2. yaşayış otağı; 3. mətbəx; 4. dəhliz; 5. sanitar qovşaq (sahəsi 1.0 kv.m). Qeyd olunanlardan aydın olur ki, mübahisə predmeti olan sanitar qovşaq ən azından 2013-cü il tarixdən üçüncü şəxsin istifadəsində və mülkiyyətində olmuşdur. Ən azından həmin sanitar qovşağın üçüncü şəxsin adına rəsmiləşdirildiyi vaxtdan iddiaçı sanitar qovşaqdan istifadə etməmişdir. Kollegiya hesab edir ki, mübahisə predmeti olan sanitar qovşağ 2013-cü ildən üçüncü şəxsin istifadəsində və mülkiyyətində olmuş, iddiaçı isə həmin tarixdən sonra uzun illər ərzində bu məsələni mübahisələndirməyərək, bu faktla razılaşmışdır. Belə ki, iddiaçının qeyd edilən halı mübahisələndirdiyi və ya etiraz etdiyi, yaxud da iddiaçı ilə üçüncü şəxs arasında bununla bağlı mübahisənin olduğu iş üzrə materiallardan görünmür. Eyni zamanda iş materiallarında olan Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş 26 iyul 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Yasamal Rayon Mənzil- Kommunal Təsərrüfat Birliyinin xx.xx.2023-cü il tarixli, 704/g nömrəli məktubunda bildirilmişdir ki, ünvan 6 ünvanda yerləşən kommunal tipli binanın layihəsinə əsasən mənzillər arasındakı dəhliz, anbar və açıq eyvan sakinlərin (mülkiyyətçilərin) ümumi istifadəsi üçün nəzərdə tutulmuş, bəzi hallarda mənzil mülkiyyətçiləri tərəfindən sahələrin fərdi qaydada və ya qarışılıqlı anlaşma şəraitində ümumi istifadə edilməsi məqsədi ilə bölgü aparılmış, bəzi hallarda isə bir mərtəbə də yerləşən iki mənzil bir şəxs tərəfindən satın alınaraq özəlləşdirilmişdir. Sorğuda göstərilən ünvanın 2-ci mərtəbəsində yerləşən 27 və 29 saylı mənzillərin mülkiyyətçiləri-İddiaçı və X14 arasında layihədə anbar kimi ümumi istifadə üçün nəzərdə tutulmuş 7,6 kv.metrdən ibarət 1 otağa görə münaqişə yaranmış, buna səbəb İddiaçı həmin anbarı heç bir hüquqi əsası olmadan zəbt edərək istifadə etməsi olmuş, lakin Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən mübahisəli anbar hər iki şəxsin birgə istifadəsinə verilmişdir. Bundan başqa, 2022ci ilin oktyabr ayında ünvan 7 ünvandakı mənzillərin birində söküntü işlərinin aparılması barədə məlumat daxil olduğundan (Bina Bakı şəhər İcra Hakimiyyəti və FHN tərəfindən təsdiq edilmiş “Qəzalı evlər” siyahısına daxil edildiyi üçün tərəfimizdən daima nəzarətdə və diqqət mərkəzindədir) həmin ünvana baxış keçirilmiş, baxış zamanı İddiaçı tərəfindən mənzilinin sanitar qovşağının sökülərək ləğv edildiyi müəyyən olmuşdur. Göründüyü kimi, iddiaçıya məxsus mənzildə ayrıca sanitar qovşaq olmuş və yalnız 2022-ci ilin oktyabr ayında həmin sanitar qovşaq iddiaçı tərəfindən sökülmüşdür. Digər tərəfdən məhkəmə iclasında dindirilmiş şahid ifadələrindən məlum olmuşdur ki, tərəflərin yaşadığı bina kommunal tipli bina olsa da, hal-hazırda həmin binada yaşayan mülkiyyətçilərin hər birinin özünə məxsus sanitar qovşağı mövcuddur, mübahisə predmeti olan sanitar qovşaq da ümumi istifadədə deyil, üçüncü şəxsin istifadəsində olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf onun özünə məxsus sanitar qovşaq olmasına baxmayaraq həmin sanitar qovşağın sökülməsinin səbəbi olaraq alt mərtbədə yaşayan qonşuların çoxsaylı şikayətlərini və dövlət orqanlarının iddiaçını narahat etməsini göstərsə də, bununla bağlı hər hansı sübut təqdim olunmaması ilə yanaşı, qeyd olunan hallar məhkəmə iclasında dindirilmiş həmin binada yaşayan qonşuların ifadələri ilə təkzib olunmuşdur. Beləliklə, mübahisə predmeti olan sanitar qovşağın 2013-cü ildən üçüncü şəxsin istifadəsində və mülkiyyətinə olmasına baxmayaraq, iddiaçı tərəfindən 10 ilə yaxın müddət ərzində qeyd edilən halın mübahisələndirməsi və ya iddiaçının buna etiraz etməsi, yaxud da iddiaçı ilə üçüncü şəxs arasında bununla bağlı mübahisənin olması iş materialları, eyni zamanda şahid ifadələrinə görə öz təsdiqini tapmamışdır. Eyni zamanda iddiaçı özünün mənzilində sanitar qovşaq inşa etmiş və 2022-ci ilin oktyabr ayınadək olan müddətdə ondan istifadə etmiş, bununlada üçüncü şəxsin sanitar qovşaqdan mübahisəsiz və fasiləsiz istifadə etməsinə özünün muxtar iradəsinə əsaslanan razılığını ifadə edərək xoş niyyət (bono fidə prinspi) göstərmişdir. İddiaçının sanitar qovşağı sökməsinə səbəb olaraq göstərdiyi hallar isə yuxarda qeyd edildiyi kimi şahid ifadələri ilə təkzib olunmuş, eyni zamanda iddiaçı buna dair hər hansı sübut təqdim etməmişdir. Həmçinin qeyd etmək lazımdır ki, iddiaçı ilə üçüncü şəxs arasında olan əvvəlki məhkəmə mübahisələri zamanı hazırkı mübahisə predmeti olan sanitar qovşaqla bağlı iddiaçı iddia tələbi irəli sürə biləcəyi halda bunu etməmiş, həmin məhkəmə mübahisələri yekunlaşdıqdan sonra iddiaçı özünə məxsus sanitar qovşağı sökməklə özü üçün əlverişsiz vəziyyət yaradaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, üçüncü şəxsin apelyasiya şikayəti qismən əsaslı olduğundan şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilərək, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2-1(112)-3817/2023 tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar