Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4914/2025 21.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası X9 Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-1398/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə xx.xx.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.2001-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra iddiaçı xx.xx.2024-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitsiya Agentliyinə əyani müayinəyə dəvət edilmiş, iddiaçı əyani müayinədə iştirak etmiş və cavabdehin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qərarları ilə xx.xx.2001-ci ildən təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyi “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilməklə ləğv edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2001-ci il tarixdə təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin ləğv edilməsi haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəf iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə, ərizə təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir. Daha sonra, iddiaçı tərəf iddianın dəyişdirilməsi barədə ərizə verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarlarının ləğv edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında protokol qaydasında qəbul etdiyi qərardadla iddianın dəyişdirilməsi qeyd edilən məzmunda qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda İ Qarabağ müharibəsində iştirak etmişdir. xx.xx.1993-cü il tarixdə Füzuli rayonunun Aşağı Veysəlli kəndinin yaxınlığında gedən döyüşlər zamanı sağ aşağı ətrafından odlu silahdan güllə və qəlpə yarası almışdır. xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə qədər Füzuli hospitalında, xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilədək Bakı şəhəri M.Nağıyev adına TTYKX-da, xx.xx.1993-сü ildən xx.xx.1993-cü ilədək Respublika həkim-əmək ekspertiza mərkəzində müayinə və müalicə olunmuşdur. Nəticə etibarı ilə ona AR MN Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.1993-cü il tarixli qərarı ilə “Sağ baldırın aşağı üçdə birinin böyük baldır sümüyünün sınığı və böyük baldır sinirinin zədələnməsi, sağ pəncənin funksiyasının orta pozulması ilə dəlib keçən odlu silah güllə yarasının nəticəsi. Sağ böyük baldır sümüyünün bitişmiş sınığı. Sağ budun yumşaq toxumalarında kor qəlpə yaralanma nəticəsində yad cisimlər (qəlpələr)” yekun diaqnozu qoyulmuşdur. Həmin qərarla “Xəstəliklər və fiziki çatışmazlıqlar” cədvəlinin (SSRİ MN 1987-ci il tarixli 260 saylı əmri) İ qrafasının 14 “b” maddəsinə əsasən dinc dövrdə hərbi xidmətə yararsız, hərb dövründə qeyri-nizami xidmətə yararlı kimi qiymətləndirilmişdir. Ona xx.xx.2001-ci ildən “2.2. İkinci dərəcə əlillik”- müddətsiz əlillik qrupu təyin edilmiş, mənzil, maşın verilmişdir. X2 qızı, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək DOST Agentliyində, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək DOST Çağrı Mərkəzinin 142 MMC-də işləmişdir. Bu zaman, qızına sosial sahədə işlədiyinə və yaxın qohumu qismində, atasının (onun) əlillik qrupu olduğu üçün yenidən komissiyanı keçməli oduğunu demişlər. Qızı isə bu təklifdən acıqlanaraq, ərizə yazıb həmin təşkilatdan işdən çıxmışdır. Buna baxmayaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiz və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2024-cü il tarxdə saat 11.40-də Agentliyə əyani müayinəyə dəvət olunmuşdur və müayinəyə getmişdir. Qeyd edir ki, yaralandıqdan sonra 1994-cü ildən başlayaraq hal-hazıradək onun sağ ayağının baş barmağında irinləmə prosesi gedir. Hər 15 gündən bir irini təmizləyir, sonra yenə irinləmə prosesi davam edir. Müayinə zamanı həkimlər bunu görüblər. Müayinədən sonra ona, Dovlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2024cü il tarixli 3-17-4/2-M-12091/2024 saylı məktubla, xx.xx.2001-ci il tarixdə təyin edilmiş müddətsiz ikinci dərəcəli əlilliyinin ləğvi barədə qərar qəbul edildiyi bildirilmişdir. Həmin məktub ona xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə çatdırılmışdır. Ayağında mövcud olan narahatçılıqla (sızıltı vı ağrılar) bağlı xx.xx.2024-cü il tarixdə AR Səyiyyə Nazirliyinin "Azərbaycan Elmi-Tədqiqat Travmatalogiya və X6 Hüquqi Şəxsin poliklinika şöbəsində müayinə olunmuş və orada bud sümüyünün rentgeoqrafiyasına əsasən, ona “Sağ budun, baldırın və pəncənin yumşaq toxumalarının yad cisimləri (nutal qəlpələr) qamış sümüyünün aşağı 1/3-də pəncənin İ barmağının əsas falanqası oynağının omkelozu, aşıqbaldır oynağının açıcı (10 dərəcə). bükücü (15 dərəcə) nantventurası olması, ağrı sindromu, axsama, yerişin və dayaq funksiyasının pozulması” diaqnozu qoyulması və Y 36.2, R 26.2, T 93.0, M 86.6, R 52.2, M 24.6, M 24.5, Z 73.6, Z 74.1 bəndlərində nəzərdə tutulmuş xəstəlikləri olduğu göstərilən xx.xx.2024 tarixli, a/M ********** (AB 4498/2024) saylı arayış verilmişdir. Bu məlumatlar təsdiq edir ki, onun əlilliyinə səbəb olmuş hallar aradan qalxmamış, sağlamlığı bərpa olunmamışdır. Onun müddətsiz ikinci dərəcəli əlilliyinin ləğvi və bu qərardan şikayət hüququnun olması barədə xx.xx.2024-cü il tarixli 3- 17-4/2-M-12091/2024 saylı məktubda göstərilmişdir ki, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə Tibbi-sosial ekspertiza komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Lakin nə məktubda, nə də, Qərarda Tibbi-sosial ekspertiza komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların kim tərəfindən təqdim edilməsi, hansı sübutların mövcudluğu barədə məlumat verilməmişdir. Onun əmək kitabçasının 46-47-ci səhifələrində xx.xx.1992-ci il tarixli qeyddə Silahlı qüvvələrin sıralarına çağırılmağı, xx.xx.1993-cü il tarixli qeyddə isə keçmiş Əmək Qanunları Məcəlləsinin 38-ci maddəsinin 2-ci bəndinə əsasən işdən azad edilməsi, həm də İl qrup əlilliyə keçirilməsi barədə qeydlər edilmişdir. Bu gün o, taleyin ümidinə atılmışdır. Qəlpələrlə dolu bədəni, müharibədə aldığı xəsarətin nəticəsi olaraq sağalmayan və irin verən yarası işləmək iqtidarında deyildir. Tibbi-sosial ekspertiza komissiyası qərar qəbul edərkən hətta İl qrup əlillikdən İİİ qrup əlilliyə keçirilməsi belə müzakirə etməmişdir. Çox təəssüf edir ki, eyni yanaşmanı ona münasibətdə xx.xx.2020-ci ildə Dövlət Sığorta Kommersiya Şirkəti də sərgiləmiş, hərbi xidmət dövründə xəsarət alması ilə bağlı qanunla nəzərdə tutulmuş 6600 manat dövlət icbarı sığorta məbləğini ödəməkdən imtina edilmiş, yalnız Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-1167/2021 saylı qətnaməsi ilə bu ödənişi almışdır. Bütün bunlar, onun, tam əsassız olaraq əyani müayinəyə çağırılmasında, səthi müayinə aparılmasında Komissiyanın qərəzli, subyektiv mövqedə durmasına dəlalət edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiz və Reabilitasiya Agentliyi tərəfindən “ikinci dərəcə əlillik”müddətsiz əlillik qrupu ləğv edilərkən, ətraflı müayinələr aparılmadan, qeyri-obyektiv qərar qəbul edilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, İddiaçı xx.xx.2001-ci il tarixli göndəriş əsasında Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən müayinə olunmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Vətəndaş DTSERA-nın xx.xx.2024-cü il tarixli 3-17-4/2-İ- 5082/2024 nömrəli bildirişi əsasında müayinəyə dəvət edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1993-cü il tarixli 3048 nömrəli xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağ budun kor qəlpə, sağ baldırın aşağı 1/3-nin dəlib keçən odlu silah güllə yaralanması (xx.xx.1993) nəticəsində sağ baldır sümüyü sınığı, baldır sümüyü zədələnməsindən sonrakı kafi bitişmiş sınığı, sağ budun yumşaq toxumaların yad cismi (metal qəlpə), sağ ayağın funksiyasının mülayim dərəcədə pozulması” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlik Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, sağ aşağı ətrafında qəlpələr olduğunu bildirmişdir. Müayinə zamanı sağ baldırın aşağı 1/3-də çapıqlar izlənilmiş, xəstə sərbəst tapçana (kuşetka) uzanmış, lakin ətraflı müayinə etməyə (qısalığı ölçməyə, hərəkətləri yoxlamağa) imkan yaratmamışdır. Müayinə gedişatında vətəndaşın stula əyləşərkən bütün oynaqlarında hərəkətlərinin sərbəst olduğu, yeriş zamanı aşağı ətraflarında nisbi qısalıq olmadığı müşahidə edilmiş, sağ aşağı ətrafın 1-ci barmağında çapıqlaşmış osteomielit fistulası izlənilmişdir. X4 və Ortopediya İnstitutunun xx.xx.2021-ci il tarixli **********/11361 nömrəli Arayışında diaqnoz “Sağ budun, baldırın və pəncənin odlu silah yaralanmasından sonrakı çapıqları, budun, baldırın və pəncənin yumşaq toxumalarının yad cisimləri (metal qəlpələr), qamış sümüyünün aşağı 1/3-də, pəncənin İ barmağının əsas falanqasının qeyrihemogenliyi, destruktiv ocaqları-xroniki osteomielit İ barmağın falanqaarası oynağının ankilozu, aşıq-baldır oynağının açıcı (10 dərəcə), bükücü (15 dərəcə) kontrakturası, daimi ağrı sindromu, axsaması, yerişin və dayaq funksiyasının pozulması ” kimi qeyd olunsa da, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində alt sistemə daxil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-1398/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarlarının ləğv edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasıİnın 3.7-ci bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində alt sistemə daxil edir. İnzibati icraat haqqında qanunun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsaslardan biridir. Qanunvericilik Agentliyə öz verdiyi qərarın düzgünlüyünə şübhə yarandığı halda əsaslılığının yenidən yoxlanması üçün hüquq vermişdir. Bu hüquqdan istifadə edilməsi nəticəsində şəxsin dəyişkən sağlamlıq vəziyyəti ilə əlaqədar yeni halın aşkarlandığı halda barəsində yeni qərar qəbul etməkdə də tamhaqlıdır. Agentlik müayinə-müalicə müəssisəsi deyil, həmin müəssisələr tərəfindən aparılmış laborator və instrumental müayinələrin nəticələrini və müalicə müddətlərinin qiymətləndirməsini həyata keçirən orqandır. Əyani müayinə zamanı vətəndaşın xəstəlik müddətində aldığı müalicələri əks etdirən sənədlər qiymətləndirilərək barəsində yekun qərar qəbul edilir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Belə ki, cavabdehin təqdim etdiyi poçt xəbərnaməsinə əsasən mübahisə predmeti qərarı iddiaçı xx.xx.2024-cü il tarixdə almış, xx.xx.2024-cü il tarixdə iddia ilə məhkəməyə müraciət etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh tərəfindən iddiaçıya əyani müayinəyə dəvət edilməsi barədə xx.xx.2024cü il tarixli, 3-17-4/2-12091/2024 nömrəli məktub ünvanlanmışdır. İddiaçının sağlamlıq vəziyyətini əks etdirən tibbi sənədlər iş materiallarına əlavə edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus əlillik təyinatı ilə bağlı məlumatları özündə əks etdirən “Əlillik alt sistemi”ndən çıxarışlar məhkəməyə təqdim edilmişdir. Məhkəmənin 2-1(112)-1398/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məhkəmə tibbi ekspertizasının təyin edilməsi barədə qərardadının icrası ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” publik hüquqi şəxsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3231 nömrəli məktubla təqdim edilmiş İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T517/2025 saylı ekspert rəyinə əsasən Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” phş müalicə müəssisəsi olmadığından və vətəndaş İddiaçı kifayət qədər tibb müəssisələrində müayinə olunduğundan onun digər tibb müəssisəsindəki mütəxəssisə göndərilməsinə ehtiyac olmamışdır. Onun adına X10 tərtib edilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan qeyd edilmiş “Y36.2, R26.2, M86.6, M24.6, M25.2, R52.2, T93.0, M24.5, Z73.6, Z74.1 – Sağ budun, baldırın və pəncənin odlu silah yaralanmasına mxəsus dartıcı çapıq toxuması və yad cisimləri (qəlpə), qamış sümüyünün aşağı 1/3-nin pəncənin İ barmağının əsas falanqasının qeyri-homogen destruksiyalı xroniki ocaqlı osteomielit, İ barmağın ankilozu, sağ aşıq-baldır oynağının açma 10 0 , bükmə 150 kontrakturası, ətrafın dayaq hərəkət funksiyasının kəskin pozulması, axsama, davamlı ağrı ilə” diaqnoz barəsində X4 və Ortopediya İnstitutu tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, **********/11361 nömrəli arayışda göstərilən “Sağ budun, baldırın və pəncənin odlu silah yaralanmasından sonrakı çapıqları, budun, baldırın və pəncənin yumşaq toxumalarının yad cisimləri (metal qəlpələr), qamış sümüyünün aşağı 1/3-də, pəncənin İ barmağının əsas falanqasının qeyri-homogenliyi, destruktiv ocaqları – xroniki osteomielit, İ barmağın falanqarası oynağının ankilozu, açıqbaldır oynağının açıcı (10 dərəcə), bükücü (15 dərəcə) konstrakturası, daimi ağrı sindromu axsaması, yerişin və dayq funksiyasının pozulması” diaqnozlarla tam əhatə olunsa da, şəxsin xx.xx.2024-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı həmin diaqnoz öz təsdiqini tapmamış, sağ baldırın aşağı 1/3-də çapıqlar, sağ aşağı ətrafın 1-ci barmağında çapıqlaşmış ostemilelit fistulası izlənilmiş, sərbəst tapçana (kuşetka) uzanmış, stula əyləşərkən bütün oynaqlarında hərəkətlərinin sərbəst olduğu, yeriş zamanı aşağı ətraflarında nisbi qısalıq olmadığı müşahidə edilmişdir. Şəxsin xx.xx.2025-ci il tarixdə məhkəmə-tibbi müayinəsi zamanı isə sağ baldırın aşağı və sağ budun orta 1/3-də çapıqlar izlənilmiş, aşağı ətraflarda hərəkət funksiyasının və yerişin pozulması, axsaması, sağ aşıq-baldır oynaqlarda hərəkət məhdudluğu (bükmə-açma natamam) aşkar edilmişdir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmənin mövqeyi: Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçı barəsində qəbul edilmiş “diaqnozun əlillik əlaməti təyin etməməsi barədə” qərarı qanunsuz və əsassız olmuşdur. Belə ki, işin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçının əlillik vəziyyəti ilkin olaraq xx.xx.2001-ci il tarixli göndəriş əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş və həmin tarixdən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Həmin vaxtdan halhazıradək iddiaçı uzun illərdir ki, ikinci dərəcə əlildir. İşin materiallarında həmin ilkin müddətsiz əlilliyin müəyyən edilməsinə dair yazılı formada qərarlar mövcuddur, onun mötəbərliyini şübhə altına almaq üçün hər hansı əsaslar müəyyən edilmir. Cavabdeh faktiki xarakterli hərəkətlərlə iddiaçıya münasibətdə onun müddətsiz əlilliyini dayandırmış və bu dayandırma iddiaçıya münasibətdə hər hansı bir əyani müayinə aparılmadan, qəbul edilmiş qərar barədə iddiaçı məlumatlandırılmadan həyata keçirilmişdir. “Əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar”ın mövcudluğu ilə bağlı məsələ qiymətləndirilərkən burada əsaslı şübhədən kənar sübut standartı tətbiq olunmamış, yəni, müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsasların ortaya çıxması ilə bağlı sübutlar təqdim edilməmişdir. Bundan başqa, sözügedən hallar üzrə konkret iddiaçı ilə birbaşa bağlı halların olmasını əsaslandırmamış, məhz ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş əsaslar təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırması ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından göründüyü kimi, İddiaçı xx.xx.2001-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra iddiaçı xx.xx.2024-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitsiya Agentliyinə əyani müayinəyə dəvət edilmiş, iddiaçı əyani müayinədə iştirak etmiş və cavabdehin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qərarları ilə xx.xx.2001-ci ildən təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyi “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilməklə ləğv edilmişdir. İddiaçı hazırda onun əlilliyinin ləğvinə dair həmin qərarları mübahisələndirir. Cavabdehin etirazından, apellyasiya şikayətindən və digər sənədlərdən göründüyü kimi, mübahisə predmeti qərarların qəbul edilməsinin səbəbi kimi cavabdeh qeyd edir ki, əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, əyani komissiyada iştirak etmiş, həkim ekspertlər tərəfindən müayinəsi həyata keçirilmişdir. Bunun nəticəsində “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilməklə əlilliyi ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1-8-10/2- 824/2024 saylı məktubu ilə təqdim edilmiş, “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” İcmalda göstərilmişdir ki, “83.Göründüyü kimi, Agentliyə müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarı müəyyən şərtlər daxilində dəyişdirmək və ya ləğv etmək imkanı tanınmışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır...85. Bu kateqoriyadan olan işlər üzrə Ali Məhkəmənin çoxsaylı qərarlarında ifadə etdiyi hüquqi mövqeyə və nəticə etibarilə formalaşdırdığı məhkəmə təcrübəsinə görə, əlilliyin inzibati orqan tərəfindən müəyyən olunduğu hallarda, inzibati orqan əlilliyin müəyyən olunması barədə qərarı ləğv etməyə və ya dəyişdirməyə haqlıdır. Lakin bu haqqından istifadə edərək əlilliyin müəyyən olunması barədə qərarın ləğvi ilə bağlı məsələni həll edərkən, eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və sahəvi normativ aktların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni, inzibati orqan qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə, ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. 86. İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan növbəti məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. 87. Bununla bağlı olaraq qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə görə Agentlik istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, həmin qurum “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. 88. Ali Məhkəmənin bu məsələyə dair qərarlarında “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” müddəasının mahiyyəti açıqlanaraq vurğulanmışdır ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar kimi qəbul edilə bilər. Lakin həmin daxili audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni, daxili audit yoxlaması iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, qurum ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, onun əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır. Məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Bu o deməkdir ki, istənilən halda, şəxs üçün əlverişsiz olan hər bir inzibati hərəkət üçün qanuni əsas mövcud olmalı, inzibati orqanın müdaxilə edə bilmək səlahiyyəti qanundan irəli gəlməli, müdaxilə “qanuna uyğun” olmalıdır. Qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Qanunvericiliyin tələblərinə görə Agentlik istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, həmin qurum “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Hazırkı iş üzrə cavabdeh ümumi qaydada əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılmasına istinad etmiş, həmin yoxlamanın iddiaçıya aid hallarla bağlı olmasına dair hər hansı dəlil irəli sürülməmiş və sübut təqdim etməmişdir. Məhkəmə, həmçinin, qeyd edir ki, cavabdehin xx.xx.2024 və xx.xx.2024-cü il tarixli qərarları mahiyyət etibarilə iddiaçı barədə əlillik təyinatının ləğv olunması barədə qərar olmaqla əliverişli inzibati aktın ləğvinə yönəlmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 68.1-ci maddəsinə əsasən, qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər; 68.2-ci maddəsinə əsasən, qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Hazırkı iş üzrə iddiaçının əlillik təyinatının ləğv edilməsinə əsas verə biləcək Qanunun 68.2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunmamışdır. Beləliklə, cavabdeh “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinin tələblərinə əməl etmədən qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. Qanunsuz əliverişsiz inzibati akt isə hər bir halda ləğv edilməlidir. Buna görə də birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin olunması ilə bağlı düzgün nəticəyə gəlmişdir. O ki qaldı cavabdehin apellyasiya şikayətinin dəlillərinə, bu barədə məhkəmə kollegiyası bildirir ki, həmin dəlillər məhkəmə qərarının ləğv edilib, iddiaçının iddiasının rədd edilməsi üçün əsas yaratmır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-1398/2025 nömrəli qərarı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-1398/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-4914/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4914/2025
21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver