Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-492/2023 19.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1287/2022 saylı, 24 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək faktiki 1998-2006-cı illərdə işlədiyi 8 il müddətin əmək (sığorta) stajına əlavə edilməsi və 2017- 2020-ci illər ərzində əmək haqqına hesablanmış sosial sığorta məbləğinin nəzərə alınmaqla pensiyanın hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı pensiya yaşı tamam olanda yaşa gərə əmək pensiyası təyini üçün aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Belə ki, xx.xx.1977-ci il tarixdən əmək fəaliyyətinə başladığından, pensiya yaşı çatmamışdan əvvəl 2006-cı ilə kimi artıq 25 ildən çox əmək stajı var idi. Ondan sonra da fasilələrlə işləmişdir. Cavabdehin ona ünvanladığı 21 dekabr 2020-ci il tarixli, 206332/4445 saylı cavab məktubunun məzmunundan aydın olmuşdur ki, yaşa görə pensiya təyin edilməsi ilə bağlı müraciəti müsbət həll edilməmişdir. Səbəbi də onunla izah edilmişdir ki, “xx.xx.2006-cı il tarixinədək sığorta stajı 19 il 9 ay, yəni 25 ildən az, həmçinin xx.xx.2018-ci il tarixədək fərdi hesabında sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır”. Əmək stajının 25 ildən az olması ilə bağlı hissənin əsası kimi “1998-2008-ci illər üzrə əmək fəaliyyətinin əmək kitabçasında qeyd edilmədiyinə istinad edilmişdir”. Bu səbəbdən də yəni “2006-cı ilədək 25 il əmək stajı tamamlanmadığından və 2006-cı ildən sonra sığorta hesablanmadığından əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı” bildirilmişdir. Cavabdeh tərəfindən nəzərə alınmasından imtina edilən 1998-2008-ci illərlə bağlı qeyd edir ki, o, xx.xx.1997-ci ildən xx.xx.2008-ci il tarixədək "xxxx" 24 nömrəli TSMD-cə fasiləsiz işləmişdir. Cavabdeh 1998-2008-ci illərdə iş stajının qeyd edilmədiyini (əslində nəzərə almadığını) göstərir. Halbuki, adıçəkilən təşkilatda xx.xx.1997-ci il tarixdən işə başlamışdır. Bu baxımdan cavabdeh həmin müəssisədə işlədiyi 1 ilini qəbul etmişdir. Göründüyü kimi cavabdeh eyni müəssisədə işlədiyi xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci ilə kimi olan müddəti qəbul edir, yerdə qalan 10 ilini isə qəbul etmir və bunun əsası kimi də hər hansı dəlilə istinad etməmişdir. Əslində həmin müddətin xx.xx.2006-cı il tarixə kimi olan 8 ili nəzərə alınmalı idi. Bundan başqa 2006-cı ildən sonrakı müddətlərdə xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilə kimi "xxxx" MMC-də işləmişdir. Bu illər ərzində əmək haqqı məbləğinə sosial sığorta hesablanmış və hər il üçün növbəti ildə ödənilmişdir. Bu barədə ona verilmiş sosial arayışı cavabdehə təqdim etmişdir. Lakin eyni qayda ilə cavabdeh bəhanə gətirərək, bu illəri də nəzərə almamışdır. Bu baxımdan da qeyd olunan 1998-2006-cı illərin əmək stajına daxil edilməsi və həmçinin 2017-2020-ci illərdə əmək haqqına heablanmış sosial sığotra məbləğini nəzərə almaq məsələsini mübahisələndirməkdə cavabdeh haqlı olmamışdır. Ona görə də qeyd olunan məsələnin müsbət həll edilməsi cavabdehdən tələb edilməklə üzərinə vəzifə qoyulmalıdır. Sonradan İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ona 65 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçının əmək kitabçasında qeyd olunmuş 1998-2008-ci illər üzrə əmək fəaliyyəti əmək kitabçasında qeyd edilmədiyi üçün nəzərə alınmamış və xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək işlədiyi dövrdə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Bildirilir ki, iddiaçı tərəfindən filiala təqdim edilmiş ******* №-li əmək kitabçasında 2008-ci ildə "xxxx" 24 №-iı TSMD-də isdən azad edilməsi barədə heç bir qeyd olmadığı halda, əmək kitabçasının məhkəməyə təqdim edilmiş surətində xx.xx.2008-ci ildə 78 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə isdən azad edilməsi barədə qeydlər edilmişdir. İddiaçının işdən azad edilməsi barədə qeydlər əmək kitabçasına sonradan əlavə edilməklə yanaşı, qüvvədə olan qanunvericiliyə deyil, Azərbaycan SSR-nin Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsaslanmış və müəssisənin möhürü ilə təsdiqlənməmişdir ki, göstərilən hallar qeydin mötəbərliyinə əsaslı şübhə yaradır. İddiaçı əmək kitabçasında xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-də işləməsi göstərilsə də 2019-2020-ci illərdə cəmi 3 ay üzrə müəssisə tərəfindən iddiaçının adına məcburi dövlət sosial sığorta haqqı ödənişləri həyata keçirilmişdir. Odur ki, İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1287/2022 saylı, 24 may 2022-ci il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, "xxxx" ASC tərəfindən Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialına ünvanlanmış xx.xx.2021-ci il tarixli 07/388 AİQ-li cavab məktubunda iddiaçının xx.xx.1997- ci il tarixdə isə daxilolma əmri, 2001-2004-cü illər üzrə əməkhaqqı cədvəlləri göndərilmiş, digər illərdə İddiaçı işə qəbul olunması və isdən azad olunması əmrlərinin mövcud olmadığı bildirilmişdir. Eyni zamanda bildirilir ki, iddiaçının 2001-2004-cü illər üzrə cəmi 25 ay əməkhaqqı aldığı aşkar olunmuş, 2008-ci ilədək sözügedən müəssisədə işləməsini iddia etməsinə baxmayaraq, müəssisə tərəfindən işdən azad edilmə əmri və həmin dövr üzrə əməkhaqqı cədvəlləri təqdim edilməmiş, iddiaçının adına məcburi dövlət sosial sığorta haqqları ödənilməmiş, həmçinin, əmək kitabçasında sonradan əlavə olunmuş xx.xx.2008-ci il tarixdə 78 №-li əmrlə şdən azad edilməyə dair qeyd müəssisənin möhürü ilə təsdiqlənməmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq müəssisə tərəfindən təqdim edilmiş 2001-2004-cü illər üzrə 25 ay müddətində iş stajı iddiaçının mübahisəsiz sosial sığorta stajına əlavə edildikdə belə, qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı tamamlanmır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh iddiaçının xx.xx.2006-cı ilədək sığorta stajının 25 ildən az, yəni 19 il 09 ay olduğunu, xx.xx.2018-ci ilədək fərdi hesabın sığorta hissəsində kapital olmadığını, 1998-2008-ci illər üzrə əmək fəaliyyətinin əmək kitabçasında qeyd edilmədiyini əsas götürərək müraciətin təminindən imtina etmişdir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1ci bənd). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPMin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 3.2.-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. - 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: - 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Sadalanan qanunvericilik normalarının təhlilindən göründüyü kimi, hazırkı iddia tələbi üzrə yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatmalı, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin mübahisəli halı ümumi iş stajının 25 ildən az olması ilə bağlıdır. Belə ki, cavabdeh inzibati orqan iddiaçının əmək kitabçası üzrə 19 il 09 ay əmək stajına malik olduğunu qeyd edir. Cavabdeh inzibati orqan apellyasiya şikayətində iddiaçıya aid 1998-2008-ci illər əmək fəaliyyətinin əmək kitabçasında qeyd edilməməsi və həmin dövrün sığorta stajına hesablanmamasını bildirsə də, məhkəmə kollegiyası şikayətin göstərilən bağlı dəlili ilə razılaşmır. Belə ki, ilk növbədə iddiaçının "xxxx" 24 nömrəli TSMD-də xx.xx.1997-ci ildə 12 nömrəli əmrlə işə qəbul edilməsi həm əmək kitabçasındakı qeydlər, həm də bu barədə iş yerindən işə qəbul edilməsi ilə bağlı əldə edilmiş əmrlər kitabından çıxarışla sübut olunur. Eyni zamanda, iddiaçıya məxsus AT-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci ildə dülgər vəzifəsinə qəbul edilmiş, xx.xx.1978-ci ildə işdən azad edilmişdir. xx.xx.1979-cu ildə Sovxoza usta qəbul edilmiş, xx.xx.1979-cu ildə işdən azad edilmişdir. xx.xx.1979-cu ildə Sovxoza fəhlə qəbul edilmiş, xx.xx.1981-ci ildə işdən azad edilmişdir. xx.xx.1982-ci ildə matros şagirdi vəzifəsinə qəbul edilmiş, xx.xx.1982-ci ildə işdən azad edilmişdir. xx.xx.1982-ci ildə Güzdək Tikinti materialları kombinatına 3-cü dərəcə ütüləyici qəbul edilmiş, xx.xx.1985-ci ildə azad edilmişdir. xx.xx.1985-ci ildə 3-cü dərəcə sürücü qəbul olmuş, xx.xx.1985-ci ildə işdən azad edilmişdir. xx.xx.1985-ci ildə 4-cü dərəcə dülgər vəzifəsinə qəbul edilmiş, xx.xx.1993cü ildə işdən azad edilmişdir. xx.xx.1993-cü ildə usta vəzifəsinə qəbul edilmiş, xx.xx.1994cü ildə işdən azad edilmişdir. xx.xx.1994-cü ildə AZTUR Liftmontaj BMU İstehsalat Bazasına dülgər vəzifəsinə qəbul edilmiş, xx.xx.1995-ci ildə işdən azad edilmişdir. xx.xx.1997-ci ildə "xxxx" 24 nömrəli TSMD-yə 5-ci dərəcəli dülgər qəbul edilmiş, xx.xx.1998-ci ildə "xxxx" 24 nömrəli TSMD "xxxx" X6 Cəmiyyətinin Bakı 3 saylı “Aqrartikinti” filialı adlandırılmışdır. xx.xx.2008-ci ildə işdən azad edilmişdir. xx.xx.2017-ci ildə "xxxx" MMC-nin fəhlə peşəsinə təyin edilmiş, xx.xx.2020-ci ildə işdən azad edilmişdir. Həmçinin, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 17/275 nömrəli məktubuna əlavə edilmiş: - “Əmrlər kitabı”ndan çıxarışa əsasən İddiaçı xx.xx.1997-ci ildə 5-ci dərəcəli dülgər işinə qəbul edilmişdir. - Əmək haqqı cədvəllərindən görünür ki, "xxxx" Bakı 3 saylı ATF-in İddiaçı əmək haqqının ödənilməsi ilə bağlı 2001-ci ilin aprel, iyun, iyul, avqust, sentyabr, 2002-ci ilin iyun, iyul, avqust, sentyabr, oktyabr, dekabr, 2003-cü ilin yanvar, fevral, mart, iyun, iyul, avqust, 2004-cü ilin yanvar, mart, aprel ayları üzrə əmək haqları ödənilmişdir. - "xxxx" ATSC-nin Bakı 3 saylı Aqrartikinti filialının möhürü və rəisinin imzası ilə təsdiq edilmiş xx.xx.2008-ci il tarixli 78 nömrəli əmri ilə İddiaçı xx.xx.2008-ci il tarixində tutduğu dülgər vəzifəsindən azad olunmuşdur. Həmçinin, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubu ilə sığortaolunan İddiaçı (SSN: **********897) 1 yanvar 2006-cı il tarixdən sonra xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatları təqdim edilmiş, həmin məlumatlarda 2017-ci il üçün hesablanmış sosial sığorta haqları 2019-2020-ci illərdə, 2018-ci il üçün hesablanmış sosial sığorta haqları 2020-ci ildə ödənilmişdir. Bundan başqa, işin apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna cavab olaraq təqdim olunmuş "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 07/252 nömrəli məktubuna əsasən, "xxxx" 24 nömrəli TSMD sonradan, Bakı 3 saylı “Aqrartikinti” filialına birləşdirilib. Həmin məktuba əmək haqqı cədvəlləri əlavə edilmişdir. Göründüyü kimi, iddiaçının təhsil dövrü, hərbi xidmət, əmək kitabçasında qeyd edilən əmək fəaliyyəti dövrləri xx.xx.2006-cı il tarixədək hesabladıqda 27 il 06 ay 14 gün, əmək haqqı cədvəllərinə uyğun hesabladıqda isə sonuncu əmək haqqı ödənildiyi xx.xx.2004- cü il tarixədək ümumilikdə 25 il 10 ay 14 gün ümumi iş stajı mövcud olduğu müəyyən olunur. Bununla da, iddiaçıya yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan 25 il ümumi iş stajı tələbi ödənilir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1287/2022 saylı, 24 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-492/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-492/2023
19.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver