Məhkəmə qərarları › İş №2-1(103)-4920/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4920/2025

25.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4920/2025 25.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlaka hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası X24 Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi X22, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlaka hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-332/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə xx.xx.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən 2000 kv.m. torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 nömrəli Bakı Ərazi İdarəsinə etdiyi müraciət, torpaq sahəsinin ilkin olaraq X20 ayrılması, daha sonra X1 və bu səbəbdən torpaq sahəsinin X15 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra özgəninkiləşdirilməsinin mümkünlüyü, bundan başqa torpaq sahəsinin digər sahələrlə ümumi hasar daxilində, bir çox hissəsinin neft kəmərinin mühafizə zonasında yerləşməsi və həmin sahəyə dair digər şəxslərin müraciətlərinin olması əsası ilə cavabdeh tərəfindən təmin edilməmişdir. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 2-0965 nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun X6 adına dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 2-0965 kodlu torpaq sahəsinin X9 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddianın dəyişdirilməsi qeyd edilən məzmunda qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” İdarəsi məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşamış mərhum X5 qalan miras əmlaklara dair qızı olaraq iddiaçının 40 nömrəli notariat kontoruna müraciəti əsasında vərəsəlik işi açılmışdır. xx.xx.2005-ci il tarixli, 4Ə-10-1265 nömrəli alqı-satqı müqaviləsi ilə X10 atası X16 2-0965 kodlu torpaq sahəsini almışdır. Buna dair xx.xx.2016cı il tarixli, 1201 nömrəli X7 arayışı təqdim edilmişdir. Qeyd edilən torpaq sahəsinin qeydiyyata alınması üçün müraciət edilsə də, xx.xx.2016-cı il tarixdə sənədlər mövcud olsa da sözügedən ünvana dair cizgi idarənin arxivində aşkar edilmədiyi qeyd edilmişdir. Hazırda hüquqmüəyyənedici sənədləri, o cümlədən cizgini əlavə etməklə daşınmaz əmlakın dövlət reyestrində hüquqların dövlət qeydiyyatına alınması üçün xx.xx.2023-cü il tarixdə yenidən müraciət edilmiş, nümayəndələr əraziyə baxış keçirsələr də, heç bir cavab verilməmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla (surəti iş materiallarına əlavə edilməsə də, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində mövcuddur) elektron qaydada məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, sənədlər toplusuna əlavə olunmuş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X7 xx.xx.2016-cı il tarixli, 1201 nömrəli arayışından torpaq sahəsinin ilkin olaraq X20 ayrıldığı, daha sonra notarial alqı-satqı müqaviləsi əsasında X2 aydın olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.3-cü bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Bu səbəbdən torpaq sahəsi X15 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra özgəninkiləşdirilə bilər. Bundan başqa, İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin digər sahələrlə ümumi hasar daxilində yerləşdiyi müəyyən edilmişdir. Həmçinin elektron kadastr məlumatına əsasən torpaq sahəsinin 1487 kv.m hissəsi neft kəmərinin mühafizə zonasında yerləşir. Qeyd olunanlarla yanaşı, göstərilən torpaq sahəsinə X21 və X26 tərəfindən müraciətlər olmuşdur. Üçüncü şəxs və onun tabe olduğu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iddia ərizəsinə münasibətini məhkəmə tərəfindən göndərilmiş sorğulara cavab məktublarında bildirmiş və iddia olunan torpaq sahəsinin yerüstü magistral neft kəmərinin mühafizə zonasına düşən 1447 kv.m. sahəsinə münasibətdə hüquqların dövlət qeydiyyatına alınmasına etiraz etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-332/2025 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 2-0965 kodlu torpaq sahəsinin 513 kv.m. hissəsinin X9 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 nömrəli Bakı Ərazi İdarəsinə həvalə edilməsi, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. İddiaçı birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilən mülkiyyət sənədlərindən aşkar surətdə müəyyən olunur ki. eyni kateqoriya, eyni statuslu ətraf ərazilərdə yerləşən torpaq sahələrinə dair mülkiyyət sənədi verildiyi halda iddiaçıya münasibətdə fərqli yanaşma olmuşdur. Bundan başqa torpaq sahəsinin ayrılması zamanı ərazidə nə boru kəməri, nə də mühafizə zolağı olmuşdur. Artıq torpaq sahəsi vətəndaşlara ayrıldıqdan sonra çəkilən boruların mühafizə zolağının gözlənilməməsi vətəndaşın deyil, inzibati orqanın məsuliyyətidir. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, torpaq sahəsi 2003-cü ildə İcra Hakimiyyəti tərəfindən fərdi yaşayış evi tikintisi üçün müddətsiz ayrılmışdır. Bu təyinat hazırda da dövlət reyestrində qüvvədədir. Həmin sənəd iş üçün həlledici əhəmiyyət daşımasına baxmayaraq, birinci instansiya məhkəməsi ona hüquqi qiymət verməmişdir. Qərarda yalnız mühafizə zonasının mövcudluğu göstərilmiş, lakin imtinanın hüquqi əsası konkret norma üzrə əsaslandırılmamışdır. Xüsusilə “Daşınmaz əmlak haqqında” Azərbaycan Respublikasının qanununun 15-ci maddəsinin hansı bəndinin tətbiq edildiyi göstərilməmişdir. Qərarın hüquqi əsaslandırılmaması onun ləğvi üçün müstəqil əsasdır. Apellyasiya icraatı zamanı xx.xx.2026-cı il tarixli məhkəmə iclasında məhkəmə kollegiyasının protokol qaydasında qəbul etdiyi qərardadla, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 58-ci maddəsinə əsasən, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi hüquq varisi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri 40 nömrəli Notariat Kontorunun xx.xx.2016-cı il tarixli X-1-350 nömrəli məktubunda qeyd edilmişdir ki, X6 xx.xx.2012-ci il tarixdə vəfatı ilə əlaqədar İddiaçı ərizəsi əsasında vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən olunmuş və o, miras qoyanın vərəsəsi kimi tanınmışdır; Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli **********89 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində X11 adına Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyətinin 096 nömrəli xx.xx.1999-cu il tarixli sərəncamından çıxarışı, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X7 28 nömrəli xx.xx.2003-cü il tarixli əmrindən çıxarışı arxiv qovluğunda mövcuddur, lakin sözügedən ünvana dair cizgi idarənin arxivində aşkar edilməmişdir; Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 096 nömrəli sərəncamından çıxarışdan görünür ki, vətəndaş X17 0,20 ha torpaq sahəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik südçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin 30 iyul 1999-cu il tarixli qərarı və sovxozun 16 avqust 1999-cu il tarixli 27/K nömrəli əmrinin nəzərə alınması və vətəndaşa verilmiş həyətyanı torpaq sahəsində 0,20 ha hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X7 xx.xx.2003-cü il tarixli, 28 nömrəli “Vətəndaşlara həyətyanı torpaq sahəsinin ayrılması haqqında” əmrdən çıxarışdan görünür ki, Abşeron Rayon İicra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 nömrəli sərəncamı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X18) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli 02 nömrəli protokolu nəzərə alınaraq, baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən X17 0,20 hektar hesabı ilə həyətyanı torpaq sahəsinin ayrılması əmr edilmişdir; Kod:2-0965 nömrəli torpaq sahəsinin sxemi X18 tərəfindən tərtib və təsdiq edilmişdir; Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X18 üzrə Əmrdən çıxarışda qeyd edilmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 20 avqust 1999-cu il tarixli 096 nömrəli sərəncamı əsasında Tərəvəzçilik Südçülük sovxozunun Həmkarlar təşkilatının xx.xx.2003-cü il tarixli 02 nömrəli Protokoluna əsaslanaraq Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X7 xx.xx.2003-cü il tarixli 28 nömrəli Əmrindən çıxarışa əsasən X17 fərdi ev tikintisi üçün 0,20 ha hesabı ilə 2-0965 kodlu torpaq sahəsi ayrılmışdır; Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X7 1201 nömrəli 05 iyul 2016cı il tarixli arayışında qeyd edilmişdir ki, arayış X12 ondan ötrü verilir ki, Abşeron rayon 2 nömrəli Dövlət Notariat Kontorunun 02 noyabr 2005-ci il tarixli 4Ə-10-1265 nömrəli alqısatqı müqaviləsi ilə X13 alınmış 2-0965 kodlu torpaq sahəsi həqiqətən X18 (Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu) tərəfindən 21 may 2003-cü il tarixli 28 nömrəli Əmrindən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0,20 ha hesabı ilə ayrılmışdır. 2-0965 kodlu torpaq sahəsinin ölçüsü sənəd üzrə uyğundur, məhkəmə mübahisəsi yoxdur; Socar (Dövlət Neft Şirkəti) tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli, 14-2/2-4889/2023 nömrəli məktubda bildirilmişdir ki, 1998 kv.m torpaq sahəsinin UTM WGS 84 koordinat sistemində göstərilən koordinatlarında olan 1447 kv.m hissəsi Socarın “Neft Kəmərləri” İdarəsinin istismarında olan neft kəmərinin mühafizə zonası daxilində, 521 kv.m hissəsi isə xaricində yerləşir. Qanunvericiliyin göstərilən tələblərinə əsasən, həmçinin əhalinin və kəmərin istismarının təhlükəsizliyinin təmin olunması məqsədilə, iddia olunan torpaq sahəsinin kəmərin mühafizə zonasına düşən 1447 kv.m. sahəsinə münasibətdə hüquqların dövlət qeydiyyatına alınmasına etiraz edilir; Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X4 məhkəməyə ünvanladığı 28 mart 2024-cü il tarixli 1-2- 28/2-187/2024 nömrəli məktubu ilə, ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Tərəvəzçilik-südçülük sovxozunun (X7) 21 may 2003-cü il tarixli 28 nömrəli əmrinin, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X7 həmkarlar təşkilatının 17 may 2003-cü il tarixli 02 nömrəli Protokolunun və arxiv kitabında X14 adı qeyd olunmuş səhifənin (23arxa tərəf-cü səhifədə 13-cü sətir) təsdiqlənmiş surəti təqdim edilmişdir; xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd edilmişdir ki, torpaq sahəsinin faktiki ölçüsü 2000,0 kv.m.-dir, sözügedən torpaq sahəsi m/daş hasar daxilində olan ümumi ərazinin bir hissəsidir, bir tərəfi yol, üç tərəf qonşudur, tikili yoxdur, torpaq sahəsinin cənub sərhəddi boyu 20,0 m və 20,5 m məsafədən d=300.0 mm olan neft borusu keçir; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 nömrəli Bakı Ərazi İdarəsinin 2 dekabr 2024-cü il tarixli 3-21-3-30/2-48406/2024 nömrəli məktubu ilə məhkəməyə təqdim etdiyi mütəxəssiss rəyində qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 2000,0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Sözügedən torpaq sahəsi mişar daş hasar daxilində olan ümumi ərazinin bir hissəsidir. Torpaq sahəsinin cənub sərhəddi boyu 20.0 və 20.5 metr məsafədən d=300.0 mm-lık olan neft borusu keçir. Faktiki olaraq göstərilən 2000.0 kv.m torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olundu. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin təqribən 1450.0 kv.m hissəsi neft kəmərinin mühafizə zolağında yerləşir; Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/1136 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 nömrəli Bakı Ərazi İdarəsinin mühəndisinventarlaşdırıcısı Ayaz Naibovun mütəxəssis rəyində qeyd edilir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 2000,0 kv.m təşkil edir Torpaq sahəsinin üzərində tikili yoxdur. Sözügedən torpaq sahəsi mişar daş hasar daxilində olan Ümumi ərazinin bir hissəsidir. Torpaq sahəsinin cənub sərhəddi boyu 20,0 və 20,5 metr məsafədən d=300.0 mm-lik olan neft borusu keçir. Faktiki olaraq göstərilən 2000,0 kv.m torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olundu. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin təqribən 1450,0 kv.m hissəsi neft kəmərinin mühafizə zolağında yerləşir; İddiaçı tərəfindən əlavə olaraq məhkəməyə atası X6 adına 2-0960 nömrəli torpaq sahəsi üzərində hüququnun xx.xx.2021-ci ildə dövlət qeydiyyatına alınması barədə çıxarışı məhkəməyə təqdim edilmişdir. Apellyasiya icraatı zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri İdarəsi” tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2026-cı il tarixli, 14-2-52-272/2026 nömrəli cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 2-0965 kodlu torpaq sahəsi SOCAR-ın “Neft Kəmərləri İdarəsi”nin istismarında olan Buzovna-Ramana Dş-250 mm-lik yerüstü magistral neft kəmərinin 12,39-cu km-də, kəmərdən təqribən 21 metr aralı məsafədə yerləşir. Buzovna-Ramana Dş-250 mm-lik yerüstü magistral neft kəmərinin tikintisinə 1981-ci ildə başlanılmış həmin ildə tikintisi başa çatdırılaraq istismara buraxılmışdır. Kəmərin ilkin layihə təzyiqi 2.5 MPa işçi təzyiqi isə 2.4 MPa-dir. Hal-hazırda kəmərlə Tağıyev Əməliyyat Şirkəti tərəfindən hasil edilən neftlər H.Əliyev adına Bakı Neft Emalı Zavoduna nəql olunur. Neft kəməri hal-hazırda işlək vəziyyətdədir və SOCAR “Neft Kəmərləri” İdarəsinin Abşeron İstehsalat Bölümü tərəfindən istismar olunur. Neft kəməri 1981-ci ildən bu günə kimi tikildiyi marşrut üzrə yerləşir (Xəzər və Sabunçu rayonlarının ərazisi) və SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin balansındadır. 1998 kv.m. torpaq sahəsinin UTM WGS 84 koordinat sistemində göstərilən koordinatlarında olan 1447 kv.m hissəsi SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan neft kəmərinin mühafizə zonası daxilində, 521 kv.m hissəsi isə xaricində yerləşir. Qanunvericiliyin göstərilən tələblərinə əsasən, həmçinin əhalinin və kəmərin istismarının təhlükəsizliyinin təmin olunması məqsədilə, iddia olunan torpaq sahəsinin kəmərin mühafizə zonasına düşən 1447 kv.m. sahəsinə münasibətdə hüquqların dövlət qeydiyyatına alınmasına etiraz edilir. “X19 X3 Qaydaları”nın 6-cı bəndinə əsasən magistral boru kəmərlərinin İstismarı üçün şərait yaratmaq və onların düşəndiyi şəraitdən asılı olaraq, zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədi ilə borunun marşrutu boyunca boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi və kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən torpaq sahələri şərti xətlərlə məhdudlaşdırılır. (məktubda qeyd edilən 521 kv.m. hesablama və ya texniki səhv kimi qəbul edilməlidir, çünki 1998-1447=551) Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsinə uyğun olaraq qərara alıram:

1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. ... Həmin Fərmanla təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı:

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: … 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan X18) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış;

... Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 22.2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ

1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: ... dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; ....

2. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş, “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”: 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının ərazisində Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəmərləri istisna olmaqla, istismar olunan neft ixrac boru kəmərlərinin qorunması, onların təhlükəsiz və etibarlı istismarı üçün normal şəraitin yaradılması və baş verə biləcək hadisələrin qarşısının alınması məqsədilə hazırlanmışdır. 1.2. İxrac neft boru kəmərləri (bundan sonra - İNBK) - yeraltı, yer üzərində, tökmə torpaq altında, yerüstü dayaqlarda, sualtı boru kəmərləri və onlarla bağlı neftin istehlakçıya nəqlini, qəbulunu, təhvilini, boşaldılıb-yüklənməsini təmin edən nasos stansiyaları, neft anbarları və digər texnoloji obyektlərdən ibarət mühəndis qurğularıdır. 1.3. Bu Qaydaların tələbləri torpaq mülkiyyətçiləri ilə yanaşı, torpaq istifadəçilərinə də şamil edilir. 4.1. İNBK-nın istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: İNBK-mn marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası_boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; çoxxətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; su altından keçən boru kəmərinin oxu boyunca - sahilin hər iki tərəfindən 25 metr, çoxxətli boru kəmərləri boyunca kənar kəmərlərinin oxlarından hər tərəfə 100 metrlik məsafədə, su səthindən suyun dibinə qədər mühafizə sahəsi təşkil edilir; fövqəladə hallarda içərisinə neftin, neft məhsullarının buraxılması üçün xüsusi anbarların ətrafı - bu obyektlərin sərhədlərindən hər tərəfə 50 metrlik məsafədə yerləşən torpaq sahəsi şərti xətlə məhdudlaşdırılır; əsas və aralıqvurma, doldurma stansiyalarının, rezervuar parklarının, doldurma və boşaltma estakadalarının və körpülərinin, neftin və neft məhsullarının qızdırılması məntəqələrinin ətrafında göstərilən obyektlərin sərhədlərindən hər tərəfə 100 metrlik məsafədə yerləşən torpaq sahəsi şərti xətlə məhdudlaşdırılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası iddianın qismən təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırması ilə razılaşsa da, qeydiyyata alınmalı torpaq sahəsinin ölçüsü hissəsində gəldiyi nəticəni düzgün və işin hallarına uyğun hesab etmir, bu səbəbdən həmin hissədə qərarın dəyişdirilməsi qənaətinə gəlir. Belə ki, birinci instansiya məhkəməsi faktiki iddia olunan 2000 kv.m. torpaq sahəsinin neft kəmərinin mühafizə zonasına düşən hissəsini cavabdehin etirazında göstərilən kimi 1487 kv.m. müəyyən etməkdə səhvə yol vermişdir. Çünki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təqdim etdiyi məktubda və apellyasiya icraatı zamanı məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri İdarəsi”nin məktubunda iddia olunan torpaq sahəsinin 1447 kv.m. hissəsinin yerüstü magistral neft kəmərinin mühafizə zonasında yerləşməsi göstərilmiş və həmin hissədə hüquqların qeydiyyatına etiraz edilmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsinda icraat zamanı təqdim edilmiş ekspert rəyində belə bu sahənin 1450 kv.m. olması göstərilmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən məsələ ilə bağlı ekspert rəyini nəzərə aldığını göstərsə də, əslində bu hissədə cavabdehin etirazına əsasən qərar qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edilən məsələ ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və onun “Neft Kəmərləri İdarəsi”nin təqdim etdiyi məlumatı daha dəqiq və mötəbər hesab edir. Bu həm də iddiaçı üçün ən əlverişli olan hesablamadır. Bir halda ki, mühafizə zonasına düşən hissənin daha az olması barədə iddiaçı tərəfindən hər hansı dəlil irəli sürülməmiş (iddiaçı tərəfin mövqeyinə əsasən ümumiyyətlə mühafizə zonası hüquqların qeydiyyatına məhdudiyyət yaratmir), məhkəmə araşdırması zamanı da belə hal müəyyən edilməmişdir. Apellyasiya şikayətinin torpaq sahəsinin tam ölçüdə qeydiyyata alınmalı olması ilə bağlı dəlillərinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Qanunvericiliyin yuxarıda istinad olunan normalarından göründüyü kimi, dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmçinin Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. İddiaçının təqdim etdiyi sənəd “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8 və Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı 2.5-ci bəndində nəzərdə tutulmuşdur. Başqa sözlə iddia tələbinin maddi hüquqi əsası həmin müddədır. Lakin qeyd edilən Fərmanın 2-ci hissəsinə əsasən bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsi SOCARın “Neft Kəmərləri İdarəsi”nin istismarında olan Buzovna-Ramana Dş-250 mm-lik yerüstü magistral neft kəmərinin 12,39-cu km-də, kəmərdən təqribən 21 metr aralı məsafədə yerləşir. Buzovna-Ramana Dş-250 mm-lik yerüstü magistral neft kəmərinin tikintisinə 1981-ci ildə başlanılmış həmin ildə tikintisi başa çatdırılaraq istismara buraxılmışdır. Kəmərin ilkin layihə təzyiqi 2.5 MPa işçi təzyiqi isə 2.4 MPa-dir. Hal-hazırda kəmərlə Tağıyev Əməliyyat Şirkəti tərəfindən hasil edilən neftlər H.Əliyev adına Bakı Neft Emalı Zavoduna nəql olunur. Neft kəməri hal-hazırda işlək vəziyyətdədir və SOCAR “Neft Kəmərləri” İdarəsinin Abşeron İstehsalat Bölümü tərəfindən istismar olunur. Neft kəməri 1981-ci ildən bu günə kimi tikildiyi marşrut üzrə yerləşir (Xəzər və Sabunçu rayonlarının ərazisi) və SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin balansındadır. 1998 kv.m. torpaq sahəsinin UTM WGS 84 koordinat sistemində göstərilən koordinatlarında olan 1447 kv.m hissəsi SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan neft kəmərinin mühafizə zonası daxilində yerləşir. Göründüyü kimi, iddiaçıya torpaq sahəsi ayrılmazdan xeyli əvvəl həmin ərazidən yerüstü magistral neft kəməri çəkilmişdir. Bu da qeyd edilən Fərmanın 2-ci hissəsinin tətbiqini zəruri edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-332/2025 nömrəli qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı olan torpaq sahəsinin ölçüsü hissəsində dəyişdirilməlidir.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-332/2025 nömrəli qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı olan torpaq sahəsinin ölçüsü hissəsində dəyişdirilsin və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 2-0965 kodlu torpaq sahəsinin 553 kv.m. hissəsinin X9 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar