Məhkəmə qərarları › İş №2-1(103)-4927/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4927/2025

17.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4927/2025 17.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Arif qızının sədrliyi və məruzəsi ilə, X2 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Burcalıyev Ələsgər Müşfiq oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “2-ci dərəcə əlillik qiymətləndirilməsinin “Əlillik” altsisteminə bərpa edilməsi” iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4582/2025 saylı, 18 sentyabr 2025-ci il tarixli qərarından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə 17 fevral yanvar 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 16 nömrəli TibbiSosial Ekspert Komissiyasının TSE-OAR 945787 №-li arayışı əsasında ümumi xəstəlik səbəbindən müddətsiz olaraq təkrarən təyin edilmiş 2-ci dərəcəli əlillik qiymətləndirilməsinin “ƏLİLLİK” altsisteminə bərpa edilməsi vəzifəsinin cavabdeh AR ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4582/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

3. Qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4582/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin izahatları:

4. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında çıxış edərək qeyd etmişdir ki, şikayəti verdikləri zaman məhkəmənin inzibat binası köçürüldüyündən həmçinin elektron məhkəmə sisteminin serverlərinin köçürülməsi prosesi başlamışdır, bu səbəbdən elektron qaydada şikayəti təqdim etməmişdir.

5. Həmçinin iddiaçının vəkili və nümayəndəsi məhkəmə kollegiyasına ərizə təqdim edərək qeyd etmişdir ki, apellyasiya şikayəti verilən qərardan şikayət verilmənin sonuncu günü xx.xx.2025-ci il tarixidir. Lakin xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi ölkədə bayram tətili olmuşdur. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin inzibati binası yeni inzibati binaya köçməsi səbəbi ilə həmin məhkəmə üzrə həm elektron məhkəmə informasiya sistemi, həm də Bakı İnzibati Məhkəməsində sənəd qəbulu dayandırıldığına görə tərəfimizdən apellyasiya şikayəti xx.xx.2025-ci ildə verilmişdir. Hamıya bəlli olan haldır ki, Bakı İnzibati Məhkəməsi xx.xx.2025-ci ildən xx.xx.2025-ci il tarixədək məhkəmənin inzibati binasının köçürülməsinə görə sənədlərin və şikayətlərin istər elektron qaydada, istərsə də kağız daşıyıcıda qəbul edilməsi mümkün olmadığından məhkəmənin fəaliyyət başladığı tarixdən apellyasiya şikayəti verilmişdir. Hesab edirik ki, apellyasiya şikayətinin verilməsi üçün qanunvercilikdə nəzərdə tutulmuş müddətin bizdən asılı olmayan səbəblərə görə ötürüldüyünü nəzərə alınaraq apellyasiya şikayətimiz mümkün sayılaraq şikayətə baxılması məqsədəmüvafiqdir. İnzibati Prosessual Məcəllənin 24.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır.

Əsaslandırıcı hissə

III. Tətbiq olunan hüquq

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi. Maddə 75. Məhkəmə qərarının elan olunması və təqdim edilməsi. Maddə 75.3. Məhkəmə qərarı, bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati məhkəmə icraatının iştirakçılarına təqdim edilir. Maddə 20. Təqdimetmə. Maddə 20.1 Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.2. Azərbaycan Respublikasının ərazisində yaşayış yeri və ya olduğu yer olmayan proses iştirakçısı, məhkəmənin tələbinə əsasən ona ünvanlanmış məhkəmə aktlarını və digər məhkəmə sənədlərini almaq üçün Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olan tam fəaliyyət qabiliyyətli şəxsi müvəkkil təyin etməyə borcludur. Müvəkkilin təyin edilmədiyi hallarda, məhkəmə həmin proses iştirakçısı qarşısında təqdimetmə vəzifəsi daşımır və təqdim edilməli sənədləri məhkəmə binasının elanlar lövhəsində asmaqla kifayətlənə bilər. Maddə 20.3. Məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1-ci və 20.2ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. M a d d ə 22. Müddətlər. 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2.Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. M a d d ə 23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması. 23.1.Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. 23.2. Hüquqi müdafiə vasitələri, həmin hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti ilə bağlı məlumat bu Məcəllənin 23.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim olunmadıqda və ya təhrif olunmuş şəkildə təqdim olunduqda, məhkəmə qərarına (qərardadına) qarşı onun təqdim olunduğu və ya elan olunduğu gündən 1 il müddətində şikayət verilə bilər. Həmin müddətdə şikayətin verilməməsinin təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə ilə, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olduğunu sübut edən inzibati məhkəmə icraatının iştirakçısı, hüquqi müdafiə vasitələrindən istifadə etməyə mane olmuş hallar aradan qalxdığı gündən 15 gün ərzində şikayət verə bilər. Maddə 24. Prosessual müddətlərin bərpa olunması. Maddə 24.1.Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2.Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.3.Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddə 24.4.Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 24.5.Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. Maddə 85.Şikayətin verilməsinə dair tələblər. Maddə 85.1.Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. Maddə 87.2.Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3.Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir.

IV. Məhkəmənin mövqeyi

7. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir.

8. Belə ki, iş materiallarında mövcud olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4582/2025 saylı, 18 sentyabr 2025-ci il tarixli qərarı xx.xx.2025-ci il tarixdə iddiaçının vəkili Vəkil elektron kabinetinə yerləşdirilmişdir. Lakin, iddiaçının vəkili və nümayəndəsi həmin qərardan apellyasiya şikayətini xx.xx.2025-ci il tarixdə verməklə, qanunla müəyyən edilən 30 günlük müddəti ötürmüşdür. Göründüyü kimi iddiaçı məhkəmə qərarını qeyd edilən tarixdə alsa da, qərardan apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür.

9. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun MPM-in 403.2-ci maddəsinin şərh edilməsinə dair 2020-ci il 24 iyul tarixli Qərarında da qeyd edilmişdir ki, MPM-in mülki məhkəmə icraatının vəzifələrini təsbit edən 2-ci maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məcəllənin 4.1-ci maddəsinə əsasən isə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli qərarı). Qərarda Konstitusiya Məhkəməsinin Plenumu mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərlə bağlı qeyd edir ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. MPM-də məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və s. amillər nəzərdə tutulmuşdur.

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq, şikayətin mümkünlük məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlamalıdır. Belə ki, MPM-in 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

12. Məhkəmə kollegiyası iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsi səbəbləri və buraxılmış müddətin bərpa edilməsi ilə bağlı qeyd edir ki, iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş ərizədə göstərilən səbəblər prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmuş, onun tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxmamışdır. Əksinə, iddiaçı birinci instansiya məhkəməsinin qərarı ona təqdim edilmiş hesab edilməsinə baxmayaraq, müddətin ötürülməsi səbəblərini həm prosessual normalara istinad etməklə, həm də texniki səbəblərlə əsaslandırmağa çalışmışdır.

13. Lakin məhkəmə kollegiyası hesab edir ki, tələkar tərəfindən təqdim edilən əsaslar hər hansı şəkildə onun apellyasiya şikayətinin vaxtında verilməsini istisna edən hallar kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı həmin müddətin ötürülməsini özündən asılı olmayan, iradəsindən kənar və ya məhkəməyə müraciət etmək hüququnu obyektiv cəhətdən mümkünsüz və ya istisna edən edən hallarla əsaslandırmamışdır. Odur ki, buraxılmış prosessual müddətin üzrlü hesab edilməsini əsaslandıran hallar və üzrlü əsaslar mövcud deyildir. Belə ki, sənədlərin elektron kabinetə yüklənməsini istisna edən hər hansı texniki imkansızlıq halı mövcud olmamış və iddiaçı belə hala istinad etməmişdir.

14. Qeyd edilən halları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya qeyri-mümkün hesab edilərək, apellyasiya şikayətinin qəbul edilməsindən imtina olunmalıdır.

Nəticə hissəsi

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.4, 89, 90.1-90.2 və 94.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4582/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarından verilən apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin apellyasiya qaydasında icraata qəbulundan imtina olunsun. Apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Günel Sevdimalıyeva Hakimlər Pərviz Hüseynov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar