Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-493/2023 06.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə alınma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5791/2022 saylı, 23 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının Aparatının 24 dekabr 2021-ci il tarixli, H392-068 saylı inzibati aktın ləğv edilməsi və onun ev növbəsinə qeydiyyata alınması öhdəliyinin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 22 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Başçısına ərizə ilə müraciət edərək, onun birinci qrup gözdən əlil olduğunu və yaşayış evinin olmadığını əsas gətirərək, bununla əlaqədar olaraq onun ev növbəsinə qeydiyyata alınmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti 24 dekabr 2021-ci il tarixli, H-392-068 saylı cavabda bildirmişdir ki, “araşdırma zamanı iddiaçının Xətai rayonu, X21 küçəsində yerləşən 113 saylı evi yaşayış sahəsi 91.0 kv.m olan 3 otaqlı 25 A nömrəli mənzildə 3 nəfər ailə tərkibi ilə daimi qeydiyyatda olmaqla yaşadığı müəyyən edilmişdir. Qüvvədə olan qanunvericilik tələblərinə əsasən əlillərin və onlara bərabər tutulan güzəştli şəxslərin hər adam payına düşən mənzil norması 6.0 kv.m və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitininin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs hesab edilirlər. Yuxarıda qeyd edilənlər və mövcud qanunvericiliyinin tələbləri nəzərə alınaraq iddiaçı mənzilə ehtiyacı olan şəxs hesab edilmədiyindən xahişinin təmin edilməsi imkan xaricindədir”. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti xx.xx.2021-ci il tarixli, H-392-068 saylı cavabı (akt) məhkəmə qaydasında qanunsuz hesab edilərək ləğv edilməli, iddiaçının ev növbəsinə uçota götürülməsinə dair Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə öhdəlik qoyulmasına dair qərar qəbul olunmalıdır. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ərizə ilə Xətai Rayon İcra Hakimiyyətinə müraciət edərək gözdən əlil olduğunu bildirərək, yaşayış yeri üzrə mənzil növbəsinə alınmağını xahiş etmişdir. Araşdırma zamanı iddiaçının Xətai rayonu, X21 küçəsində yerləşən 1B saylı evin yaşayış sahəsi 91.0 kv.m olan 3 otaqlı 25A nömrəli mənzilində 3 nəfər ailə tərkibi ilə daimi qeydiyyatda olmaqla yaşadığı müəyyən edilmişdir. Məlumat üçün iddiaçıya bildirilmişdir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən əlillərin və onlara bərabər tutulan güzəştli şəxslərin hər adamsayına düşən mənzil norması 6.0 kv.m və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs hesab edilirlər. Mövcud qanunvericiliyin tələbləri nəzərə alınaraq mənzilə ehtiyacı olan şəxs hesab edilmədiyindən vət. İddiaçı xahişinin təmin edilməsinin imkan xaricində olduğu nəzərinə çatdırılmışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Bakı İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2-1(112)-5791/2022 nömrəli qərarı ilə (hakim A.Əhədova) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının yaşadığı yaşayış yerinin sahəsi onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas vermir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, iş materiallarına əlavə olunmuş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya HH 0018961№-li çıxarışdan məlum olur ki, onun ailə üzvləri ilə birlikdə qeydiyyatda olduğu Bakı şəhəri, Xətai rayonu, X21 küçəsində istifadədə olan 0,26 ha torpaq sahəsində yerləşən 16 №-li 10 mərtəbəli binanın mansardında 91.0 kv.m ümumi, 91.0 kv.m əsas və köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi onun yox, tam mülkiyyət hüququ üzrə X3 mülkiyyətindədir. Buna baxmayaraq, həmin yaşayış sahəsi mülkiyyətində olmadığı halda Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyəti həmin qeyri-yaşayış sahəsini əsas götürərək mənzil uçota alınmaqdan qanunsuz imtina etmişdir. Həmçinin, nə o, nə də ailə üzvlərinə Xətai rayon Xətai Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, hazırda qardaşı ilə aralarında münasibətlərin pozulması əsası ilə o ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında kirayədə qalırlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia təmin edilməlidir. İnzibati işdən müəyyən olunur ki, iddiaçı birinci dərəcə müddətsiz gözdən əlildir. İddiaçı yaşayış yerinin olmadığını əsas götürərək, qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə müraciət edərək mənzil növbəsinə qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh iddiaçının Xətai rayonu, X21 küçəsində yerləşən 113 saylı evin yaşayış sahəsi 91.0 kv.m olan 3 otaqlı 25 A nömrəli mənzilində 3 nəfər ailə tərkibi ilə daimi qeydiyyatda olmaqla yaşadığına, adam payına düşən mənzil normasına uyğun olaraq mənzilə ehtiyacı olan şəxs hesab edilmədiyinə istinad edərək müraciətin təminindən imtina etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, qərar maddi hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məcburetmə haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtləri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi və inzibati aktın qəbul edilməsindən imtina barədə məlumatın verildiyi vaxtdan 30 gün müddətində məhkəmədə iddia qaldırmasıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdehin verdiyi xx.xx.2021-ci il tarixli imtina cavabından sonra iddia ərizəsini xx.xx.2022-ci il tarixdə poçt xidmətinə təqdim etmiş, beləliklə, 30 günlük iddia müddətini ötürməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslıdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: - 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - 49.4-cü maddəsinə əsasən yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra - uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. - 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. - 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. - 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. - 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. - 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. - 53.2-ci maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. - 53.3-cü maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın: - 1-ci bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və dövlət, ictimai mənzil fondu evlərində yaşayış sahələri verilməsi ictimai nəzarət altında həyata keçirilir. - 2-ci bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar – mənzil-tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər. Hərbi qulluqçuların yaşayış sahəsi ilə təmin edilməsi mənzil-istismar hissələri vasitəsilə həyata keçirilir. SSRİ Silahlı Qüvvələrinin fəhlə və qulluqçuları mənzil-şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar uçotuna ümumi əsaslarla götürülürlər. - 4-cü bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. - 5-ci bəndinə görə aşağıdakılar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sayılır: a) həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə təminat nəzərə alınmaqla, ailəsinin hər üzvünün mənzil sahəsi ilə təminatı rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetinin qərarı ilə müəyyənləşdirilmiş səviyyədən aşağı olan vətəndaşlar; b) dövlət və ictimai mənzil fondu evlərində əsas kirayəçidən kirayəyə götürmək şərtilə və ya mənzil-tikinti kooperativlərinə məxsus evlərdə, yaxud da fərdi mənzil fondu evlərində kirayə müqaviləsi ilə uzun müddət yaşayan və başqa yaşayış sahəsinə malik olmayan vətəndaşlar. Bu müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Soveti həmin rayonun, şəhərin və ya digər yaşayış məntəqəsinin şəraitini əsas götürməklə müəyyən edir; v) mövsümi və müvəqqəti işçilər, habelə təhsillə əlaqədar olaraq, yataqxanaya köçmüş vətəndaşlar istisna edilməklə, yataqxanada yaşayan vətəndaşlar; q) müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən yaşayış evində (yaşayış sahəsində) yaşayan vətəndaşlar. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq aşağıdakı sübutları nəzərdən keçirir: İş materiallarında olan: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdən müddətsiz birinci dərəcəli əlilllik təyin edilmişdir. - 079856 nömrəli, xx.xx.2013-cü il tarixli vəsiqədən görünür ki, İddiaçı ümumi xəstəlik səbəbi ilə müddətsiz birinci dərəcəli əlildir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli arayışda görünür ki, Bakı şəhəri, Xətai rayonu, X21 küçəsi, ev 1B ünvanında İddiaçı (xx.xx.2016-cı il tarixdən etibarən), X9, X6, X10, X11, X4 qeydiyyatdadırlar. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, X21 küçəsində istifadədə olan 0.26 ha torpaq sahəsində yerləşən 1b nömrəli 10 mərtəbəli binanın mansardında 91.0 kv.m ümumi, 91.0 kv.m əsas, - kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 818 nömrəli vərəqində ********* qeydiyyat nömrəsi ilə xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı adına Bakı şəhəri, Nərimanov rayonu, X15 prospekti, 2 ünvanında yerləşən ü/s 48.8 kv.m olan qeyri-yaşayış sahəsi mülkiyyət hüquqlu daşınmaz əmlak ********** nömrəsi ilə xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. - Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 62 nömrəli arayışında göstərilmişdir ki, vətəndaş İddiaçı, X4 və X10 həqiqətən Bakı şəhəri, Xətai rayonu, X21 küçəsindəki 1B nömrəli evin 10-cu mərtəbəsində 91.0 kv.m sahəsi olan 3 otaqlı 10 mərtəbəli binada qeydiyyatdadırlar. Məhkəmənin sorğusu əsasında təqdim edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********65 nömrəli məktubundan görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X15 prospekti, 2 ünvanında yerləşən 48.8 kv.m sahəsi olan qeyriyaşayış sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. X1 adına Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, ev 4V, 112 saylı mənzil xx.xx.2021-ci il tarixində qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. - X5 ilə İddiaçı arasından bağlanmış 04 avqust 2022-ci il tarixli Kirayə müqaviləsinin surətindən görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə aylıq 400 manat kirayə haqqı ödəməklə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi, ev 12, mənzil 19-da yaşayırlar. Göründüyü kimi, iddiaçı ailə üzvləri (arvadı və oğlu) ilə qardaşı X3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, X21 küçəsindəki 1B nömrəli evin 10-cu mərtəbəsində 91.0 kv.m sahəsi olan 3 otaqlı mənzildə qeydiyyatda olsalar da, aylıq 400 manat kirayə haqqı ödəməklə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi, ev 12, mənzil 19-da yaşayırlar. Həmçinin, iddiaçı və ailə üzvünün qeydiyyatda olduğu ünvan tam mülkiyyət hüququ ilə X7 məxsusdur (həmin ünvanda yaşamaqda davam etsələr belə). Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi XX çağırış Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının xx.xx.1988-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 7-ci bəndinə və 11-ci bəndinə istinad edərək qeyd etmişdir ki, Bakı şəhərində daimi yaşayan aşağıdakı vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar hesab edilirlər: qohumluq əlaqəsi olmayan, bir otaqda yaxud bir-birindən təcrid edilə bilməyən bir neçə iş-içə otaqda yaşayan iki və daha çox ailə. Əgər bir mənzildə yaşayan ailənin tərkibində faktiki surətdə dolanacaq mənbəyi olan və ayrıca təsərrüfat quran iki və ya bir neçə müstəqil ailə yaranmışdırsa, onda hər bir ailənin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna durmağa ixtiyarı vardır bu şərtlə ki, həmin mənzildə yaşayanların hamısının mənzil şəraiti bu qaydaların 7-ci və 8-ci bəndlərinin tələblərinə cavab vermiş olsun. Əgər belə mənzillərdəki ailələrdən biri köçürülərsə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotunda duran və mənzildə qalan hər nəfərə düşən mənzil sahəsi 8 kv.m-dən artıq olarsa mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülən digər ailələr uçotdan çıxarılmalıdır. Sadalanan normalara görə bir mənzildə iki və daha çox ailə yaşayırsa, bu ailələr qohumluq münasibətində deyillərsə, yaxud qohum olsalar da yaşayış sahəsinin adambaşına 8 kv.m-dən azdırsa, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan qismində uçota alınırlar. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən əsaslandırması ilə razılaşmır. Belə ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçı birinci qrup gözdən əlildir və o mənzil təminatı hüququndan istifadə etmək istəyir. Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanunun 31-ci maddəsi Əlilliyi olan şəxslərin mənzil təminatından bəhs edir. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Aydın göründüyü kimi, qeyd edilən qanunun norması göndərici norma olmaqla əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydalarının Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilməsi qənaətindədir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin isə məhkəmə qərarının istinad edilən qanunvericilik normalarının sadalanan hissəsində qeyd edilən normalarda qohumluq əlaqələrində olan şəxslərin bir mənzildə yaşadıqları halda onların bütün ailə üzvlərinə düşən mənzil sahəsinin normasının müəyyənləşdirilməli olması ilə bağlı müddəa mövcud deyildir. Hazırki iddiada məsələ sadədir: iddiaçı birinci dərəcəli gözdən əlildir. Onun və onunla birgə yaşayan ailə üzvlərinin (arvada və oğlu) mülkiyyətində yaşayış sahəsi və ya torpaq sahəsi mövcud deyildir. Belə olan halda mənzilə ehtiyacı olan şəxs qismində mənzil növbəsinə götürülməsinə maneə olan hal mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, yuxarıda sadalanan mənzil qanunvericiliyinin məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin etməkdir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının ödənilməsi üçün köməklik göstərilməsidir. Hazırkı işin hallarından da göründüyü kimi, iddiaçı həqiqətən də sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxsdir. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, şikayət təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5791/2022 saylı, 23 iyun 2022-ci il tarixli qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5791/2022 saylı, 23 iyun 2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı iddiası təmin edilsin. İddiaçı mənzil növbəsinə qeydiyyata alınması ilə bağlı sərəncam vermək öhdəliyi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-493/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-493/2023
06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver