Məhkəmə qərarları › İş №2-1(103)-493/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-493/2025

16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-493/2025 16.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzil kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3869/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı məcburetmə haqqında iddia ərizəsi, sonradan isə xx.xx.2023-cü il tarixli ərizəsində iddia tələbini dəqiqləşdirmə barədə ərizə təqdim edərək Bakı şəhəri, Özbəkistan küçəsi, ev 21, 69 saylı mənzilin onun adına sənədləşdirilməsi üçün sərəncamın verilməsi və həmin mənzilə dair onunla Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti arasında (1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatə Birliyi) arasında kirayə müqaviləsinin bağlanmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «…İddiaçı 1989-cu ildən Bakı Maşınqayırma Zavodunda ilkin “çilingər”, daha sonra körpülü kran sürücüsü” vəzifəsində işləmiş, 1992-ci ildə ailə qurmuş, o zaman Bakı Keşlə Maşınqayırma Zavodun ailəli işçilər üçün müəyyən edilmiş yataqxanasının 105 saylı mənzili ailəsinə orderlə verilmişdir. Ailəsi ilə birlikdə 2002-ci ilə kimi həmin mənzildə yaşamış və 2002-ci ildə övladının xəstəliyi ilə əlaqədar Lerik rayonuna 10 günlük getmiş, geri qayıdanda ona məxsus mənzilin Zəngilan rayonundan məcburi köçkün X12 və onun ailəsi tərəfindən zəbt olunduğunu görmüşdür. Bu barədə yataqxanın və zavodun rəhbərliyinə müraciət edərək mənzilin boşaldılmasına köməklik edilməsini xahiş etmişdir. Zavodun rəhbərliyi onu sakitləşdirmiş və tezliklə çıxaracağını bildirsələr də, lakin çıxarmamışlar. Belə ki, həmin vaxt “Məcburi köçkün və qaçqınların yaşadıqları mənzildən, onların geri qayıdana kimi çıxarılmaması barədə” Fərmanı əsas gətirərək onları çıxarmaq mümkün olmamışdır. Lakin buna baxmayaraq o müxtəlif instansiyalara müraciət edərək ona köməklik edilməsini xahiş etsə də, nəticəsi olmamışdır. Ona verilən cavablarda, birmənalı olataq bildirilirdi ki, məcburi köçkün və qaçqınların torpaqları geri qaytarılaraq onları öz yurd yuvalarına qaytarandan sonra mənzil ona qaytarılacaqdır. Həmçinin bir neçə dəfə təşəbbüs edərək evin boşaldılmasına cəhd etdikdə, məcburi koçünlər “biz mənzildən çıxmayacağıq, özümüzü balkondan yerə atacağıq, özümüzü öldürəcəyik və ya bədənimizə xəsartlər yetirərək səni günahladıracağıq” deyə şantaj etdikləri üçün o məcbur olub geri çəkilmişdir. Ona görə bu vaxta kimi gözləmişdir. Qeydiyyatı həmin evə olduğu üçün həmin yataqxanaya daimi gəlib getmiş, arayışlar almış, evin kommunal xərclərini ödəmiş və hər dəfə mənzilin nə vaxt boşaldılacağını soruşduqda yataqxana rəhbərliyi bildirmişdir ki, məsələ tezliklə öz həllini tapacaqdır və iddiaçı öz mənzilinə köçəcəkdir. O, ailəsi ilə birlikdə artıq 20 ildən çoxdur ki, adına mənzil ola-ola kirayədə qalır. 2015-ci ildə bədbəxt hadisə zamanı o ağır kəllə-beyin xəsarətləri (kəllə beyin, bud, çanaq, qılçanın, oynağı, beş qabırğa sınığı, kor bağırsaq və böyrək əməliyyarları keçirmiş) almış və uzun müddət yataq xəstəsi olmuş, mənzilini özbaşınalıqla zəbt edən Ruslan İsa oğlunu çıxarılması ilə məşğul ola bilməmişdir. Bununla bağlı o aidiyyatı qurumlara müraciət etdikdə ona bildirilmişdir ki, “ünvan 1 ünvanda yerləşən və X8 məxsus yataqxana binası, Azərbaycan Respublikası İqtisadiyyat Nazirli Dövlət Əmlaknın İdarə edilməsi və Özəlləşdirilməsi Departamentinin xx.xx.2001 ci il arixli 197 saylı sərancamı ilə Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Departamentinin xx.xx.2020-ci il tarixli 136 saylı sərəncamına əsasən 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfat Birliyinin balansına və Birliyin 117 sayl MKİS-nin xidməti dairəsinə verilmişdir. Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2020-ci il tarixli 31 saylı sərəncamının icrası ilə əlaqədar Birliyin sturukturunda qismən dəyişiklik edilmiş, 117 saylı MKİS ləğv edildiyindən, MKİS-nin mənzil fondu 83 saylı MKİS-nin istismarına verilmişdir. Bina Birliyin balansına verildikdən sonra inventarizasiya aparılmış və binanın 4-cü mərtəbəsində 105 saylı otaq 69 saylı, binanın 5-ci mərtəbəsindəki 116 saylı mənzil 105 saylı nömrə ilə nömrələnmişdir. Ona görə də mənzilə olan qeydiyyatında və mənzilin onun istifadə verilməsi barədə orderində ziddiyyət təşkil etdiyindən, həmin ziddiyyətin aradan qaldırılması zərurəti vardır. Belə ki, ona verilmiş order binanın 105-saylı mənzili, binada aparılan inventarizasiya nəticəsində ilkin olaraq X4 və daha sonra isə alqı-satqı əsasında X6 məxsusdur. Hazırda orderlə onun istifadəsinə verilmiş mənzil invertarizasiya nəticəsində 69 saylı olması bildirildiyi üçün, həmin mənzilin onun istifadəsinə verilməsi barədə Kirayə müqaviləsi bağlanmalıdır. Bakı Keşlə Maşınqayırma Zavodunda işlədiyi müddətdə 1992-cu ildən yataqxananın 4cü mərtəbəsində orderlə ailəsinə ayrılmış 105 saylı mənzilinin Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Departamentininin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən saxtakarlıqla başqa şəxsin adına sənədləşdirlməsi qanunsuzdur və ləğv edilməlidir. Mənzilin ailəsinə verilməsi barədə orderin olmasından məlumatları olmasına baxmayaraq, sonradan saxta yolla həmin mənzili başqa adla adına sənədəşdirilməsi onun qanunla qorunan hüquqlarının kobud pozuntusu hesab edilir...» Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Edilməsi və Özəlləşdirilməsi Departamentinin müvafiq sərəncamına əsasən Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2007-ci il tarixli 136 saylı sərəncamı ilə əvvəllər "xxxx" ASC-nin X8 məxsus olmuş ünvan 2 ünvanında yerləşən yataqxana binası 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmiş, aparılan təhvil-təslim zamanı İddiaçı orada yaşamamış və adına yaşayış sahəsi olmamışdır. Yataqxana binasında aparılmış inventarizasiya zamanı sıralanma ardıcıllığına uyğun olaraq təhvil-təslim zamanı binanın 4-cü mərtəbəsində yerləşən 105 saylı otaq 69 sayla, 5ci mərtəbəsində yerləşən 116 saylı otaq 105 sayla nömrələnmişdir. Bina balansa qəbul edilməmişdən əvvəl, 2002-ci ildən hal-hazıradək 69 (keçmiş 105) saylı otaqda Zəngilan rayon məcburi köçkünü X12 ailə üzvləri ilə birlikdə məskunlaşmaqla faktiki olaraq yaşayır. X1 isə 1993-cü ildən digər ailə üzvləri ilə birlikdə 1-ci mərtəbədəki 33 saylı otaqda məskunlaşmışdır. İddiaçı ərizəsində ona məxsus mənzilin 4-cü mərtəbədə yerləşdiyini və orada məcburi köçkün R.İ.İsmayılovun ailə üzvləri ilə birlikdə yaşadığını təsdiq etməsinə baxmayaraq, əsassız olaraq 5-ci mərtəbədə yerləşən 105 (keçmiş 116) saylı otağın başqa şəxsin adına qanunsuz olaraq özəlləşdirildiyini bildirmiş, lakin həmin ünvanda yaşayış otağı ilə təmin olunması barədə onun tərəfindən heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Keşlə Maşınqayırma zavodu tərəfindən 105 saylı otaq order əsasında müəssisədə işləmiş X5 istifadəsinə verilmiş və o, faktiki olaraq yaşadığı mənzili özəlləşdirdikdən sonra 2016-cı ildə alqı-satqı müqaviləsi ilə X2. Hazırda mənzilin mülkiyyətçisi olan, adçəkilən X9 105 saylı mənzillə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada cavabdeh İddiaçı qarşı qeydiyyatın ləğvi tələbinə dair iddia tələbi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı ərizəsində göstərdiyi hallar araşdırma zamanı öz təsdiqini tapmamış, həqiqəti əks etdirmir və əsassız hesab olunur. 01 oktyabr 2009-cu ilə kimi qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə, dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsas verən sənəd order sayılır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə uyğun olaraq dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar- adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanılır. Bu Məcəllənin 49-cu maddəsinin tələbinə əsasən mənzil şəraitini yaxşılaşdırılmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə 50-ci maddəsinə görə, qaydasında etibarsız hesab oluna bilər. Həmin Mənzil Məcəlləsinin Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotunu və yaşayış sahələrinin bölüşdürülməsinin nümunəvi qaydalarını Azərbaycan SSR Nazirlər Soveti təsdiq edir. Məcəllənin 106-cı maddəsinin tələbinə görə fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadı edə bilər. Məcəllənin 107-ci maddəsinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980-ci il tarixli, 363 nömrəli qərarı ilə (halhazırda qüvvədə olan) təsdiq edilmiş “Yataqxanalar haqqında nümunəvi Əsasnamə”nin 2ci bəndinin İİİ hissəsinə əsasən “Yataqxanalar aşağıdakı tipdə ola bilər: çarpayı tipli kişi və qadın yataqxanaları, bu halda 1 otaqda bir neçə nəfər yaşayaraq ayrı-ayrı çarpayıları tuturlar, yaxud otaq tipli yataqxana, bu halda həmin müəssisədə, idarədə, təşkilatda işlədiyi (oxuduğu müddətdə) orada yaşayana və onun ailə üzvlərinə müstəsna olaraq bir və ya ayrı-ayrı hallarda birdən artıq otaq verilir”. Qanunvericiliyin qeyd edilən normaların tələblərinə əsasən yataqxanalarda yaşayış sahələri yalnız iş (və ya təhsil) dövründə yaşamaq (və ya təhsil almaq) üçün verilməsi təsbit edilmiş, yəni idarə, müəssisə və təşkilatlarla yalnız əmək münasibətlərində olan, müəssisədə faktiki olaraq işləyən, yaşayış sahəsinə ehtiyacı olan qismində həmin müəssisədə mənzil uçotunda olan vətəndaşlar iş dövründə yaşamaq üçün yataqxanadan istifadə edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1984-cü il 2 mart tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş «Yaşayış sahələrindən istifadə edilməsi, yaşayış evinin və evlərətrafı ərazinin saxlanması Qaydalarının 1-ci bəndinə görə, yaşayış sahəsindən istifadə üçün kirayəçilər və mənzil istismar təşkilatı arasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında təsdiq edilmiş birtipli müqavilə əsasında yazılı surətdə müqavilə bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüququ aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 200 nömrəli Qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydasının 4-cü bəndinə əsasən “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli, 895 nömrəli Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi, 1992-1994-cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi dayandırılmışdır. İddiaçının Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 21 saylı evin 69 saylı mənzilinə dair kirayə müqaviləsinin onunla bağlanması barədə iddia ərizəsində göstərilən dəlillər tamamilə əsassız olmaqla mənzil qanunvericiıliyinin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarlarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə görə, qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə muqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir…» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3869/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apelyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmənin gəldiyi nəticə işin fatiki hallarına uyğun deyil, onun və ailə üzvlərinin mənzil hüquqularının kobud pozulması kimi qiymətləndirilməlidir. İş üzrə nıəhkəmənin istinad etdiyi maddi hüquq normalarının onun mənzil hüqqularının pozulmasına heç bir aidiyyatı yoxdur. 1989-cu ildən Bakı Maşınqayırma Zavodunda ilkin “Çilingər”, daha sonra “Körpülü Kran sürücüsü” vəzifəsində işləmişdir. 1992-cu ildə ailə qurmuş, Bakı Keşlə Maşınqayırma Zavodun ailəli işçilər üçün müəyyən edilmiş yataqxananın 105 saylı mənzili onun ailəsinə orderlə verilmişdir. O, ailəsi ilə birlikdə 2002-ci ilə kimi həmin mənzildə yaşamışdır. Qeydiyyatı həmin evə olduğu üçün daimi, həmin yataqxanaya gəlib getmiş, arayışlar almış, evin kommunal xərclərini ödəmiş və hər dəfə mənzilin nə vaxt boşaldılacağını soruşmuşdur. Atıq 20 ildədən çoxdur ki, onun adına mənzil ola-ola ailəsi ilə birlikdə kirayədə qalır. 2015-ci ildə bədbəxt hadisə zamanı ağır kəllə-beyn xəsarətləri almış, mənzili zəbt edən Ruslan İsa oğlunun çıxarılması ilə məşğul ola bilməmişdir. Bununla bağlı o aidiyyatı qurumlara müraciət etdikdə, ona bildirilmişdir ki, “ünvan 1 ünvanda yerləşən və X8 məxsus yataqxana binası, Azərbaycan Respublikası İqtisadiyyat Nazirli Dövlət Əmlakmn İdarə edilməsi və Özəlləşdirilməsi Departamentinin xx.xx.2001 -ci il tarixli 197 saylı Sərancamı ilə Bakı şəhəri Mənzil -Kommunal Təsərrüfat Departamentinin xx.xx.2020 -ci il tarixli 136 saylı Sərəncamına əsasən 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfat Birliyinin balansına və Birliyin 117 say 1 MKİS-nin xidməti dairəsinə verilmişdir. Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2020 -ci il tarixli, 31 saylı Sərəncamının icrası ilə əlaqədar Birliyin sturukturunda qismən dəyişiklik edilmiş 117 saylı MKİS ləğv edildiyindən , MKİS-nin mənzil fondu 83 saylı MKİS-nin istismarına verilmişdir. X11 balansına verildikdən sonra inventarizasiya aparılmış və binanın 4-cü mərtəbəsində 105 saylı otaq 69 saylı, binanın 5-ci mərtəbəsindəki 116 saylı mənzil 105 saylı nömrə ilə nömrələnmişdir. Ona görə də onun mənzilə olan qeydiyyatında və mənzilin onun istifadəsinə verilməsi barədə orderində ziddiyyət təşkil etdiyindən həmin ziddiyyətin aradan qaldırılması zərurəti vardır. Belə ki, ona verilmiş Order binanın 105-saylı mənzili binada aparılan inventarizasiya nəticəsində ilkin olaraq X4 və daha sonra isə alqı-satqı əsasında X6 məxsusdur. Hazırda Orderlə onun istifadəsinə verilmiş mənzil invertarizasiya nəticəsində 69 saylı olması bildirildiyi üçün, həmin mənzilin onun istifadəsinə verilməsi barədə Kirayə müqaviləsi bağlanmalıdır. Belə ki, əgər Departamentin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən öz balansında olan yataqxanasında inventarizasiya keçirirsə , o zaman yataqxanada 105 saylı mənzilin sahibi kimi bu barədə mənə məlumat verməli idi . Eyni zamanda , yataqxanada inventarizasiyanın keçirilməsi barədə Sərancami ilə (Qərar, Əmr və.s.) rəsmiləşdirilməli və inventarizasiyanın nəticələri barədə və otaqların nömrələrinin yerdəyişməsini də eyni qaydada sənədləşdirilməli idi. Lakin cavabdeh öz üzərinə düşən vəzifəni qanunla müəyyən edilmiş qaydada icra etməmiş və heç bir sənədləşdirmə aparılmadığı üçün, onun və ailə üzvlərinin qeydiyyatda olduğu mənzildən çıxarılmışlar. Belə olan halda, cavabdeh daxili qaydalara uyğun olaraq ona Orderlə verilmiş mənzilin 105 yox, 69 nömrəli mənzil olması barədə sənədləşdirmə aparmalı idi. Ona görə də hesab edir ki, Bakı Keşlə Maşınqayırma Zavodunda işlədiyim müddətdə 1992-cu ildən yataqxananın 4-cü mərtəbəsində Orderlə onun ailəsinə ayrılmış 105 saylı mənzilin Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Departamentininin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən saxtakarlıqla başqa şəxsin adına sənədləşdirlməsi qanunsuzdur və ləğv edilməlidir. Cavabdehin mənzilin onun ailəsinə verilməsi barədə Orderin olmasından məlumatları olmasına baxmayaraq, sonradan inventarizasiya adı ilə saxta yolla həmin mənzili başqa adamın adına sənədəşdirilməsi, onun qanunla qorunan hüquqlarının kobud pozuntusu hesab edilir. Belə ki, 1992-ci ildə mənzil onun ailəsinə verilən zaman o və həyat yoldaşı həmin mənzilə qeydiyyata düşərək yaşamış və sonradan övladları da həmin mənzilə qeydiyyata götürülmüşlər. Lakin hazırda qanunla ona məxsus mənzilin nömrəsi dəyişdirilmiş və onun və ailə üzvlərinin həmin mənzildən qeydiyyatdan çıxarılmışıq. Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Departamentininin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən yataqxanada mənzillərin nömrələrində aparılmış inventarizasiya qanunsuzdur. Məhkəmə şəraitin dəyişilməsini nəzərə almamışdır. Ona verilmiş order o zaman qanunvericilyin tələblərinə əsəsən Müəssisənin Müdriyyətinin və Həmkarlar İttifaqı Komitəsinin birgə qərarı ilə verilib və bu vaxta kimi ləğv edilməmişdir. Qeyd edir ki, gənc mütəxəssis kimi zavodda ev növbəsində olmuşdur. O zaman Respublika daxili qaydalara əsasən yataqxanada orderlə yaşayan insanlar onlara verilmiş mənzilləri heç bir problem olmadan özəlləşdirə bilərdilər. Həmin vaxt və ondan sonrakı dövrlərdə yataqxanada orderlə sahib olduqları mənzilləri öz xüsusi mülkiyyətlərinə keçirmişlər. Lakin orderlə ona verilmiş mənzili özəlləşdirə bilməmişdir. Çünki, qaçqınlar onun mənzilini zəbt etmişlər. Reyestr Xidməti onun mənzilinin özəlləşdirilməsini qaçqınlar mənzildən çıxarılana kimi dayandırmışlar. xx.xx.1988 - xx.xx.2000-ci illərdə o, Bakı Keşlə Maşınqayırma Zavodunda işlədiyi dövrdə Müəssisənin balansında olan ünvan 4 ünvanında yataqxananın 4-cü mərtəbəsində 105 saylı mənzil 3 nəfər ailə tərkibi ilə yaşamaq üçün verilmiş və yaşayış yeri üzrə qeydiyata alınmışlar. Cavabdehin xx.xx.2007-ci il tarixli 136 saylı Sərancamı ilə ilə ünvan 2 ünvanında yerləşən yataqxana binası 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin balansına qəbul edilmiş və hazırda sözügedən bina, o cümlədən həmin binada 69 nömrəli mənzil Birliyin balansındadır. Balanssaxlayıcı tərəfindən aparılmış inventarizasiya zamanı sıralanma ardıcıllığına uğun olraq binanın 4-cü mərtəbəsində yerləşən 105 saylı otaq 69 saylı, 5-ci mərtəbəsində yerləşən 116 saylı otaq isə 105 saylı mənzil hesab edilmişdir. Belə olan halda onunla 69 saylı mənzil barədə Kirayə müqaviləsi bağlamalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.1-ci maddəsinə əsasən “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçi adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən həmin yaşayış sahəsini haqqı ödənilməkl müvəqqəti yaşamaq üçün digər tərəfə- vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə onun apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının hazırkı tələbi ilə bağlı müraciətinə cavabdeh departament tərəfindən ona ünvanlanmış 15 noyabr 2023-cü il tarixli tarixli cavab məktubuna, habelə, sonuncunun iddia ərizəsinə etirazına əsasən müəyyən olunur ki, iddiaçı ilə Bakı şəhəri, Özbəkistan küçəsi, ev 21, 69 saylı mənzilə dair kirayə müqaviləsi bağlanmasından imtina olunmuş və bu onunla əsaslandırılmışdır ki, həmin vaxt qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən yataqxanalarda yaşayış sahələri yalnız, əmək münasibətlərində olan, müəssisədə faktiki olaraq işləyən, yaşayış sahəsinə ehtiyacı olan qismində həmin müəssisədə mənzil uçotunda olan vətəndaşlar iş dövründə yaşamaq üçün yataqxanadan istifadə edə bilərdi. Həmin imtinadan narazı qalan iddiaçının cavabdehə qarşı məhkəmədə qaldırılan iddia tələbindən göründüyü kimi, Bakı şəhəri, Özbəkistan küçəsi, ev 21, 69 saylı mənzilin onun adına sənədləşdirilməsi üçün həmin mənzilə dair onunla kirayə müqaviləsi bağlanması barədə sərəncam verilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə iddianı rədd edərkən hesab etmişdir ki, iddiaçının kirayə müqaviləsini bağlamaq istədiyi yataqxana binası 2007ci ildən cavabdehin balansındadır və iddiaçı 2007-ci ildən cavabdehlə əmək münasibətlərində olmamışdır. Beləliklə, məhkəmə iddia olunan yaşayış sahəsinin iddiaçıya verilməsinin hüquqi əsaslarını mənzilin verildiyi vaxt qüvvədə olmuş mənzil qanunvericiliyinə uyğun yoxlayaraq bu nəticəyə gəlir ki, iddia olunan mənzilə dair dövlət mənzil fondunun balanssaxlayıcısı və idarəedicisi olan cavabdeh qurumun iddiaçı ilə mənzil kirayə müqaviləsinin bağlaması öhdəliyi yaranmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır. Belə ki, iddiaçıya mübahisəli yataqxanada mənzil (otaq) verildiyi vaxt qüvvədə olmuş 8 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş keçmiş Mənzil Məcəlləsi aşağıdakıları nəzərədə tuturdu: 106.Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Yataqxanalar xüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada qalan vətəndaşların yaşaması, məşğul olması və istirahəti üçün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəni-məişət predmetləri ilə komplektləşdirilir. SSR İttifaqı qanunvericiliyinə uyğun olaraq yataqxanalar haqqında nümunəvi əsasnaməni müvafiq həmkarlar ittifaqı və komsomol orqanları ilə razılaşdırmaqla Azərbaycan SSR Nazirlər Soveti, SSRİ nazirlikləri, dövlət komitələri və baş idarələri təsdiq edirlər. 107.Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Mədəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir.

108. İşi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Eyni zamanda, Azərbaycan SSR Nazirlər Sovetinin 29 avqust 1980-ci il tarixli 363 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yataqxanalar haqqında nümunəvi əsasnamə”nin 2-ci bəndi nəzərədə tuturdu ki, yataqxanada fəhlələrə, qulluqçulara, tələblərə və şagirdlərə yaşayış sahsi yataqxananın tabe olduğu müəssisənin müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Yaşayış sahəsi verilməsi haqqında qərara əsasən müdriyyət yataqxanada yaşayış sahəsinin tutulmasına dair müəyyən edilmiş formada order verir. Həmin Əsasnamənin 16-cı bəndinə görə yataqxanalarda yaşayan şəxslər Azərbaycan SSR Mənzil Məcəlləsinin 108-ci maddəsində nəzərdə tutulan hallarda və qaydada yataqxanadan çıxarılmalıdırlar. Mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş mənzil qanunvericiliyinin qeyd olunan tələblərindən göründüyü kimi, istehsalat müəssisələrinə məxsus yataqxanada mənzil sahəsi verilməsinə əsas olan ilkin sənəd müdriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı hesab olunurdu. Konkret halda, iddia edilən mənzil (otaq) yataqxana binasında yerləşir. İş materiallarına əsasən iddia edilən mənzilin iddiaçının iş yerində mənzil növbəsində olması əsası ilə növbəlilik qaydasında verildiyi müəyyən olunmur. Keşlə “ünvan 5 ünvanında yerləşən yataqxanaya dair verilən order öz təyinatına görə keçmiş Mənzil Məcəlləsinin 106 və 107-ci maddələrinin tələblərinə uyğun olaraq onun işlədiyi dövr üçün yataqxanın 105 saylı otağında ailəsi ilə birlikdə yaşamaq üçün verlən bir sənəddir. Başqa sözlə, həmin order yalnız iddiaçının həmin yaşayış sahəsindən iş dövründə müvəqqəti istifadə etməsi üçün nəzərədə tutulmuşdur və onunla əmək müanasibətləri xitam verildiyində otaq zavoda geri təhvil verilməlidir. İddiaçının da işə əlavə olunmuş əmək kitabçasının surətinə əsasən müəyyən olunur ki, o, sözügedən maşınqayırma zavodunda xx.xx.2000-ci il tarixə qədər işləmiş, həmin tarixdə onunla əmək münasibətlərinə xitam verilmişdir. Onun iddia ərizəsinə və apellyasiya şikayətinin dəlillərindən isə göründüyü kimi, 2002-ci ildən artıq o, yataqxanadan ailəsi ilə birlikdə çıxıb getmiş, faktiki olaraq bir daha orada yaşamamışdır. Lakin, konkret halda, 20 il keçdikdən sonra o, yataqxanada yaşayış sahəsindən istifadə etmək hüququna xitam veilsə də, cavbdehdən sıra nömrəsi 69-a dəyişdirilmiş həmin otağa dair onunla kirayə müqaviləsi bağlanması barədə sərəncam verilməsini tələb edir. Halbuki, qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 91.1.2-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahələri xüsusi təyinatlı yaşayış sahələrinə aiddir. 91.2-ci maddəsinə əsasən dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. 104.2-ci maddəsi isə nəzərdə ətutur ki, yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsi əmək münasibətləri, xidmət keçdiyi və ya təhsil aldığı müddətləri əhatə edir. Əmək münasibətlərinin, təhsilin xitamı, habelə xidmətkeçmədən azad edilmə yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” 6-cı maddəsinin 2-ci abzası isə nəzərədə tutur ki, dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər” Qanunvericilyin qeyd olunan tələbləri baxımından, cavabdeh tərəfindən mübahisəli yaşayış sahəsinə dair iddiaçı ilə kirayə müqaviləsi bağlanması barədə sərəncamın verilə bilməz. Çünki, yataqxana dövlətin mülkiyyətinə və cavabdeh orqanın balansına verilsə də, xüsusi təyinatlı mənzillər kateqoriyasın aid olması və yataqxana tipli bina kimi qalması, həm də iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil qanunvericiliynə müvafiq olaraq növbəlik qaydasında qeydə alınmaması – bütün bunlar cavabdeh departamentin yataqxanada mübahisələndirilən otağa (mənzilə) dair iddiaçı ilə kirayə müqaviləsi bağlanılması barədə sərəncam verilməsi öhdəliyini istisna edir. Məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olan Mənzil məcəlləsinin 50.1-ci maddəsinin tələbələrinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). -50.2-ci maddəsinə görə vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. -51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. -51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Sadalanan normalardan görünür ki, hazırkı halda mövcud mənzil qanunvericiliyi sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələrinin yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsini nəzərdə tutmuşdur. Hazırkı iş üzrə iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması müəyyən olunmamışdır. Göründüyü kimi, Məcəllənin qeyd olunan tələbləri baxımmından da, iddiaçı mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan mənzil uçotuna alınmış şəxs olmadığından onunla mübahisəli yataqxanada mənzilə (otağa) kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsini tələb etmək hüququ da yaranmamışdır. Beləliklə də, iddiaçının tələbində haqlı olmadığı sübuta yetirilir. Odur ki, cavabdehin onunla kirayə müqaviləsi bağlanması barədə sərəncam verilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olduğundan onun hüquqlarını pozması kimi qiymətləndirilməsi istisna olunur. İPM-in 73.1-ci maddəsinin tələbinə görə də məhz, məhkəmə, o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin fatiki hallarına uyğun olmadığını, onun və ailə üzvlərinin mənzil hüquqularının kobud pozulması kimi qiymətləndirdiyini və iş üzrə məhkəmənin istinad etdiyi maddi hüquq normalarının, onun mənzil hüqularının pozulmasına heç bir aidiyyatı olmadığını, əsassız qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3869/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:

İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3869/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar