Məhkəmə qərarları › İş №2-1(103)-494/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-494/2020

20.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-494/2020 20.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən və məruzəçi), X9 və X3 ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X12 X13 İdarəsinə (bundan sonra mətndə – DSMF XŞTİ) qarşı «əlavənin hesablanması» tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4577/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiyaşikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh DSMF XŞTİ-nə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinə uyğun olaraq iddiaçının əmək pensiyasının üzərinə 77 manat məbləğində əlavənin təyin olunması və həmin əlavənin xx.xx.2019-cu il tarixdən hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinə uyğun olaraq iddiaçının əmək pensiyasının sığorta hissəsinə 77 manat məbləğində əlavənin hesablanması və həmin əlavənin xx.xx.2019-cu il tarixdən hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdeh DSMF XŞTİ-nə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmə tərəfindən iddianın dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdən ehtiyata buraxılmışdır və ona həmin tarixdən cavabdeh tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir və hal-hazırda ona yaşa görə əmək pensiyası ödənilir. xx.xx.2019-cu il tarixdə iddiaçıya Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi X2 tərəfindən 5 illik müddətə 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. Əlilliyinin səbəbi «Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik» ifadəsi ilə göstərilmişdir. xx xxxxxx 2006-cı il tarixdən bu günədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 11.2.1 maddəsinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış yara, kontuziya və ya zədə nəticəsində, yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirilməklə bağlı xəstəlik nəticəsində əlil olan hərbi qulluqçular müharibə əlilləri hesab olunurlar. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası alan müharibə əlillərinə (Böyük Vətən müharibəsi əlilləri istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan 2-ci qrup əlillərə 77 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə əlavə hesablanır. Lakin belə bir əlavə onun pensiyasının üzərinə hesablanmamışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinə uyğun olaraq onun əmək pensiyasının üzərinə 77 manat məbləğində əlavənin təyin olunması və həmin əlavənin xx.xx.2019-cu il tarixdən hesablanaraq ona ödənilməsi barədə qərar qəbul edilməsi xahişi ilə xx.xx.2019-cu il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin müraciəti cavabsız və nəticəsiz qalmışdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh iddia ərizəsinə qarşı «Etiraz» verərək, bildirmişdir ki, iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 20.14.1-ci maddəsinə əsasən pensiya təyin edilmişdir. Həmin maddəyə müvafiq olaraq, iddiaçıya əmək pensiyasının sığorta hissəsi, sığorta hissəsinə əlavə və qulluq stajına görə əlavələrdən təşkil olunmaqla bütövlükdə iddiaçının təminat xərcliyinin 58 %-i məbləğində pensiya ödənilir. İddiaçı özü də, təminat xərcliyinin (hazırda 969.00 manat) 58 %-i, yəni 562.02 manat məbləğində pensiya aldığını mübahisələndirmir. Həmin məbləğin tərkibi aşağıdakılardan ibarətdir: Əmək pensiyasının sığorta hissəsi - 231.47 manat, «Əmək pensiyaları haqqında» 19.1.7.2-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinə əlavə - 77.00 manat, qulluq stajına görə əmək pensiyasına əlavə - 253.55 manat. Hazırda iddiaçı Qanunun 19.1.7.2-ci maddəsinə istinad edərək həmin maddədə nəzərdə tutulmuş əlavənin əmək pensiyasının üzərinə gəlinməsini xahiş etmişdir, halbuki həmin maddədəhəmin əlavənin əmək pensiyasının deyil, əmək pensiyasının sığorta hissəsinin üzərinə gəlinməsi nəzərdə tutulub və buna uyğun olaraq da iddiaçıya ödənilir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4577/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Qərardan narazı qalan iş üzrə cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın mümkünsüz hesab edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti məzmunca iddiaya qarşı verilmiş etiraza uyğun olmaqla, onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X7 apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın mümkünsüz hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş və apellyasiya şikayətini qəbul etməyərək, onun əsassız olduğundan təmin edilməməsini, qanuni və əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə apellyasiya şikayəti təmin olunmamalı və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4577/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən, məhkəməsi tərəfindən iddiaçının adına tərtib olunmuş pensiya işinin əsli İdarədən tələb olunmuş, cavabdeh orqan məhkəmənin sorğusuna cavab olaraq İddiaçı pensiya işinin surəti məhkəməyə təqdim etmişdir. İş materiallarından görünür ki, iddiaçıya DSMF XŞTİ (Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X12 Hərbi Qulluqçular və X10 İş İdarəsi) tərəfindən xx.xx.2016-cı ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan, AZE seriyalı ******** №-li Şəxsiyyət Vəsiqəsindən müəyyən olunur ki, İddiaçı xx.xx.1977-ci ildə doğulmuşdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında X1 sonuncu müayinəyə dair məlumatına əsasən iddiaçıya xx.xx.2019-cı il tarixdə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehə müraciət edərək əlillik dərəcəsi alması ilə əlaqədar pensiyasına əlavənin ödənilməsini xahiş etmiş və cavabdeh inzibati orqanın həmin müraciətə cavab olaraq verdiyi xx.xx.2019-cu il tarixli məktubunda bildirilmişdir: «Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən daxil olmuş x xxxxxx 2016-cı il tarixli 04148 nömrəli məlumat vərəqəsinə əsasən sizə x xxxxxx 2016-cı il tarixində İdarə tərəfindən yaşa görə (xətəliklə tərxis olunmaqla əlaqədar) əmək pensiyası təyin edilmişdir. Əmək pensiyanızdakı sonrakı artımlar nəzərə alınmaqla x xxxx 2018-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli 3748 nömrəli Sərəncamına əsasən sonuncu xidmət keçdiyiniz vəzifə üzrə vəzifə maaşınızın 495,00 manata artırılması ilə əlaqədar olaraq, rütbə maaşınız 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25 faizi miqdarında əlavəniz-156,25 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavəniz-123,75 manat və ərzaq payı əvəzinə verilən kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyiniz 969,00 manat təşkil etmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.14.1 -ci maddəsinin tələblərinə uyğun qaydada 21 il 5 ay 19 gün xidmət müddəti üçün təminat xərcliyinizin 58 faizi-562,02 manat məbləğində pensiya qanunvericiliyə uyğun olaraq müvafiq kart hesabınıza köçürülür. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun V fəslinin müvafiq müddəalarına uyğun olaraq əmək pensiyalarına əlavələr iki kateqoriyaya bölünür: 1) əmək pensiyasının sığorta hissəsinə əlavələr; 2) qulluq stajına görə əmək pensiyalarına əlavələr. Həmin Qanunun 9.5-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Qanunun 20.14-cü maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası hüququ qazanmış hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərciliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır. Qanunun 20.14.1 -ci maddəsinə uyğun olaraq hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər hesablanır. Sizə sözügedən maddənin tələblərinə uyğun qaydada hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası ödənilir. Qeyd olunanlara əsasən əmək pensiyanız aşağıdakı tərkibdən ibarət olmaqla cəmi 562,02 manat məbləğində müəyyən edilmişdir: -əmək pensiyanızın sığorta hissəsi- 231,47 manat; -»Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx xxxxx 2019-cu il tarixinədək qüvvədə olan 19.1.7.2-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinə əlavəniz-77,00 manat; -qulluq stajına görə əmək pensiyanıza əlavəniz-253,55 manat». İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi bununla əlaqədar qeyd etmişdir ki, cavabdehin imtina məktubunda iddiaçıya 562,02 manat pensiya ödənildiyi, iddiaçının ərizədə qeyd etdiyi əlavənin nəzərə alındığı qeyd edilsə də və cavabdeh iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edildiyi tarixdən qanunvericiliyin tələbinə uyğun olaraq 77 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə əlavənin nəzərə alınmaqla pensiyanın yenidən hesablandığını göstərsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş və birinci instansiya məhkəməsinin sorğusuna əsasən təqdim edilmiş pensiya işindən də iddiaçının pensiyasının sığorta hissəsinə əlavənin nəzərə alındığı müəyyən olunmur. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, iddiaçıya xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və ona xx.xx.2019-cı il tarixdə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunun: - 1.0.3-ci maddəsinə əsasən, hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir; - 4.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası; - 4.2-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: sığorta hissəsindən; yığım hissəsindən. Sadalanmış müddəaların iddiaçının tələblərinə münasibətdə mənası ondan ibarətdir ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət etmiş hərbi rütbəsi olan şəxslər hərbi qulluqçular hesab olunurlar. Qanunda müxtəlif növ pensiyalar müəyyən edilmiş, onların sırasında yaşa görə əmək pensiyası nəzərdə tutulmuşdur ki, həmin pensiyanın tərkibini sığorta və yığım hissələri təşkil edir. Eyni zamanda, həmin Qanunun: - 26.1-ci maddəsinə əsasən, 2017-ci il iyulun 1dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır; - 26.2-ci maddəsinə əsasən, 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən bu Qanunun 19-cu maddəsinə uyğun əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. İstinad edilmiş Qanunun 19-cu maddəsində isə əmək pensiyasının sığorta hissəsinə əlavələr nəzərdə tutulmuş və aşağıdakılar göstərilmişdir: - 19.1.7. yaşa görə əmək pensiyası alan müharibə əlillərinə (Böyük Vətən müharibəsi əlilləri istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan əlillərə: 19.1.7.2. İİ qrup əlillərə 77 manat məbləğində əlavələr hesablanır. Bu normalardan göründüyü kimi, yaşa görə əmək pensiyalarının sığorta hissəsinə İİ qrup müharibə əlillərinə 77 manat məbləğində əlavələr hesablanmalıdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alan birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır ki, şəxsin yaşa görə əmək pensiyasına əlavənin verilməsi üçün zəruri olan şərtlər onun əmək pensiyaçısı olması və müharibə əlili olmasıdır, bu şərtlərin mövcudluğu halında şəxs göstərilmiş əlavənin alınması hüququnu qazanmış olur və işin hallarına görə də, iddiaçıya təyin edilmiş pensiyanın növü yaşa görə əmək pensiyasıdır, o, İİ grup müharibə əlilidir və belə olan halda ona münasibətdə istinad edilmiş Qanunun 19.1.7-ci maddəsinin tətbiqini zəruri edən bütün şərtlərin mövcud olması iddiaçının tələbinin təmin edilməsinin hüquqi əsaslarını təşkil etmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunun 20.15-ci maddəsinə əsasən, bu maddədə göstərilən qaydada hesablanan əmək pensiyasına əlavənin əmək pensiyası ilə birlikdə məbləği müvafiq təminat xərcliyindən artıq ola bilməz. Həmin Qanunun 4.2-ci maddəsindən göründüyü kimi, yaşa görə əmək pensiyasının tərkib hissələri sığorta və yığımı hissələrindən ibarətdir. Əmək pensiyasına əlavələr isə bir halda sığorta hissəsinə əlavələri müəyyən edən 19-cu maddəsi və qulluq stajına görə əmək pensiyasına əlavələri müəyyən edən 20-ci maddəsi qaydasında tənzimlənmişdirlər. Beləliklə, yaşa görə pensiyanın ümumi məbləği müvafiq şərtlərin mövcudluğu halında aşağıdakıların cəmindən ibarət ola bilər: 1. əmək pensiyası (sığorta və yığım hissələri); 2. sığorta hissəsinə əlavə; 3. qulluq stajına görə əlavə. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilənləri nəzərə almaqla birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Qanunun 20.15-ci maddəsində göstərilmiş qayda qulluq stajına görə əlavəyə (3) və əmək pensiyasının (1) məbləğinə dair şərtləri nəzərdə tutmuşdur ki, bu halda həmin hissələrə Qanununun 19-cu maddəsi ilə ödənilən əlavə aid olmamalıdır. Birinci instansiya məhkəməsi həmçinin onu da haqla olaraq qeyd etmişdir ki, pensiya yaşına çatmış müharibə veteranı və ya müharibə əlili olan şəxsin təminat xərcliyindən əlavə olaraq artıq pensiya məbləğinin alınması hüququ həmçinin aşağıdakı əlaqəli qanunvericiliyinin tələblərindən də irəli gəlir. Belə ki, müharibə iştirakçısı olmuş hərbi qulluqçu xidmət dövründə təminat xərcliyi məbləğində gəlir əldə etməklə yanaşı, «Veteranlar haqqında» və «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununa əsasən müharibə veteranlarına verilən müavinətin alınması hüququna da malikdir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanunun: - 4.0.1.6–ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlər təyin edilir; - 7.0-ci maddəsinə əsasən, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.6.müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət — onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda; - 11.1.5-ci maddəsinə əsasən,müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqdamüavinətlərin ödənişi dayandırılır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, müharibə iştirakçısı olmuş hərbi qulluqçulara müvafiq müavinət əmək pensiyası hüququ olmadığı halda ödənilməlidir və belə müavinəti alan şəxs pensiya hüququnu qazandıqda isə, onun ödənilməsi dayandırılmalıdır. Göründüyü kimi, qanunvericilikdə əlaqəli şəkildə eyni hüququ fakta görə, yəni şəxsin müharibə iştirakçısı olması ilə bağlı müvafiq imtiyazın verilməsi nəzərdə tutulmuşdur. Şəxs pensiyaçı olmadığı halda müavinətin alması hüququna malik olmuş, daha sonra əmək pensiyası hüququnu qazandığı dövrdə artıq «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun yuxarıda istinad edilmiş 19.1.7-ci maddəsində bu imtiyaz saxlanılmışdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə almaqla birinci instansiya məhkəməsinin hazırkı mübahisə ilə əlaqədar gəldiyi qənaəti ilə razılaşır ki, iddiaçıya təyin edilmiş pensiyanın növü yaşa görə əmək pensiyasıdır, o, İİ qrup müharibə əlilidir və belə olan halda hazırkı iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinin tələbinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə tərəflər arasında mübahisəyə dair düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qərar qanunun normalarına uyğun əsaslandırılmışdır və apellyasiya şikayətinin dəlilləri həmin qərarın ləğvi üçün əsas verə bilməz. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X12 X11 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4577/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) kassasiya şikayəti verilə bilər. Sədrlik edən /imza/ Hakimlər /imzalar/ Əsli ilə düzdür. Hakim: Ülvi Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar