Məhkəmə qərarları › İş №2-1(103)-494/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-494/2021

26.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-494/2021 26.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2443/2020 nömrəli iş üzrə 27 fevral 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona 57 yaşı tamam olan tarixdən, yəni 18.10.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 27.02.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının əmək kitabçasından və hərbi biletindən görünür ki, ümumi iş stajı 24 il 11 ay 19 gün təşkil edir. Beləliklə, 01.01.2006-cı il tarixədək onun topladığı ümumi iş stajı 25 ildən azdır. Belə olan halda, iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilə bilməz. Bundan başqa, iddiaçının işləmiş olduğu “texnoloji qurğuda texnoloji qurğu əməliyyatçısı” və “1 saylı yağ istehsalında növbətçi-çilingər" peşələri güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarında öz əksini tapmamışdır. İddiaçının işləmiş olduğu peşələrdən yalnız 16.08.1883-06.03.1988-ci illər arasında (4 il 6 ay 18 gün) “texnoloji qurğu operatoru” və 06.03.1988-16.05.1994-cü illər arasında (6 il 2 ay 10 gün) “texnoloji nasos maşinisti” qeyd edilən siyahıda mövcuddur. Bakı Apellyasiya Məhkəməsi İK-nın 2-1(103)-1113/2020 nömrəli iş üzrə 09.06.2020ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 27.02.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərarla razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İK-nın 2-1(102)-1729/2020 nömrəli iş üzrə 23.09.2020-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İK-nın 09.06.2020-ci il tarixli qərarı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı və onun vəkili və nümayəndəsi apellyasiya şikayətini qəbul etməyib, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. İşdə olan, AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən müəyyən edilir ki, iddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. NZ ******* nömrəli hərbi biletin notarial təsdiqli surətinə əsasən iddiaçı 10.05.1981-ci il tarixdən 27.05.1983-cü il tarixədək həqiqi hərbi xidmət keçmişdir. 06.07.1989-cu ildə verilmiş 2116 nömrə ilə qeydə alınmış PV 013965 nömrəli diplomun notarial təsdiqli surətinə görə, iddiaçı 1980-1989-cu illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda təhsil almışdır. Azərbaycan Texniki Universiteti tərəfindən verilmiş 06.12.2019-cu il tarixli 022-466 nömrəli Arxiv arayışında göstərilmişdir ki, iddiaçı 174-U(p) saylı 18.09.1980-cı il tarixli əmrə əsaslanaraq Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (hazırkı Azərbaycan Texiki Universiteti) qiyabi olaraq “Avtonəqliyyat” fakültəsinə qəbul olunmuşdur. 1981-ci ildə hərbi xidmətə çağırıldığı üçün İnstitutdan xaric edilmişdir (əmr № 53-U(p) 07.05.1981-ci il). Hərbi xidmətdən geri qayıtdıqdan sonra İnstituta bərpa olunmuşdur (əmr № 149-U(p) 19.09.1983-cü il). 148U(p) saylı 07.06.1989-cu il tarixli əmrə əsasən iddiaçı Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu qiyabi olaraq “Avtomobil və avtomobil təsərrüfatı” ixtisası üzrə (qr. № 2203a) tam kursu bitirərək mühəndis-mexanik ixtisası və ona PV 013965 saylı diplom verilmişdir (qeydiyyat № 2116). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il tarixli qərarına əsasən Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutu Azərbaycan Texniki Universiteti adlandırılmışdır. İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasının müvafiq təsdiqli surətinə görə, o, 24.10.1980-cı ildən 27.04.1981-ci ilə qədər “XXİİ qurultay” adına Bakı X1 1 saylı texnoloji sexində texnoloji qurğuların təmiri və xidməti üzrə çilingər peşəsində işləmişdir. 04.05.1981-ci ildən 07.06.1983-cü il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 16.08.1983-cü ildən 06.03.1988-ci ilə qədər “XXİİ qurultay” adına Bakı X1 2 saylı texnoloji sexin 201 saylı texnoloji qurğusunda texnoloji qurğu operatoru peşəsində işləmişdir. 06.03.1988-ci ildən 16.05.1994-cü ilə qədər “XXİİ qurultay” adına Bakı X1 2 saylı texnoloji sexində texnoloji nasos maşinisti peşəsində işləmişdir. 16.05.1994-cü ildən 10.10.1997-ci ilə qədər “Azərneftyağ” İB-nin 1 saylı yağ istehsalı 201 saylı texnoloji qurğuda texnoloji qurğu əməliyyatçısı peşəsində işləmişdir. 10.10.1997-ci ildən 15.07.2008-ci ilə qədər “Azərneftyağ” İB-nin 1 saylı yağ istehsalında növbətçi-çilingər peşəsində işləmişdir. 15.07.2008-ci ildən 07.07.2015-ci ilə qədər “Azərneftyağ” NEZ-in 7 saylı texnoloji sexin 1 saylı sahəsinin təmir bölməsində təmirçi-çilingər peşəsində işləmişdir. 07.07.2015-ci il tarixli SOCAR/15-1700/8-04-002186 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.6-cı maddəsinə əsasən Heydər Əliyev adına X1 25 saylı texnoloji sahənin təmir üzrə xidmət sahəsində təmirçi-çilingər peşəsinə keçirilib, halhazırda (18.02.2020-ci il) işləyir. Heydər Əliyev adına X2 tərəfindən verilmiş 20.11.2019-cu il tarixli SOCAR**********80020123X00230 nömrəli arxiv arayışında göstərilmişdir ki, iddiaçı: 1) 24.10.1980-cı ildən (işə qəbul əmri 224/K 24.10.1980-cı il) 27.04.1981-ci ilə qədər “XXİİ qurultay” adına Bakı X1 1 saylı texnoloji sexində texnoloji qurğuların təmiri və xidməti üzrə çilingər peşəsində işləmişdir; 2) 27.04.1981-ci ildə (işdən çıxma əmri 103/k 28.04.1981-ci il) Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 36.3-cü maddəsinə əsasən hərbi xidmətə çağırışla əlaqədar olaraq işdən azad edilib; 3) 16.08.1983-cü ildən (işə qəbul əmri 169/şh 16.08.1983-cü il) 06.03.1988-ci ilə qədər “XXİİ qurultay” adına Bakı X1 2 saylı texnoloji sexin 201 saylı texnoloji qurğusunda texnoloji qurğu operatoru peşəsində işləmişdir; 4) 06.03.1988-ci ildən (işə qəbul əmri 69/şh 05.03.1988-ci il) 16.05.1994-cü ilə qədər “XXİİ qurultay” adına Bakı neftemalı zavodunun 2 saylı texnoloji sexində texnoloji nasos maşinisti peşəsində işləmişdir; 5) 16.05.1994-cü ildən (işə qəbul əmri 295 16.05.1994-cü il) 10.10.1997-ci ilə qədər “Azərneftyağ” İB-nin 1 saylı yağ istehsalı 201 saylı texnoloji qurğuda texnoloji qurğu əməliyyatçısı peşəsində işləmişdir; 6) 10.10.1997-ci ildən (işə qəbul əmri 214/şh 10.10.1997-ci il) 15.07.2008-ci ilə qədər “Azərneftyağ” İB-nin 1 saylı yağ istehsalında növbətçi-çilingər peşəsində işləmişdir; 7) 15.07.2008-ci ildən (işə qəbul əmri 343/k 15.07.2008-ci il) 07.07.2015-ci ilə qədər “Azərneftyağ” NEZ-in 7 saylı texnoloji sexin 1 saylı sahəsinin təmir bölməsində təmirçi-çilingər peşəsində işləmişdir; 8) 07.07.2015-ci il tarixli SOCAR/15-1700/8-04-002186 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.6-cı maddəsinə əsasən Heydər Əliyev adına X1 25 saylı texnoloji sahənin təmir üzrə xidmət sahəsində təmirçi-çilingər peşəsinə keçirilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı, “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”, 10.5. neftin, qazın, qazkondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı bölməsinə əsasən zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir. Heydər Əliyev adına X1 15.03.2021-ci il tarixli SOCAR**********30490075X00052 nömrəli Məlumatın verilməsi haqqında arayışında iddiaçının 10.10.1997-ci il tarixdən 15.07.2008-ci il tarixədək işlədiyi texnoloji qurğuda növbətçi-çilingər peşəsinin çilingər peşəsi ilə eyni əmək funksiyasının icrasının izahı açıqlanmış şəkildə təqdim edilərək, qeyd olunmuşdur ki, “Müəssisəmiz təsərrüfat hesablı fasiləsiz iş qrafiki ilə işləyən dövlət əhəmiyyətli strateji müəssisədir. Bu səbəbdən işçinin xidmət etdiyi sahələrdə görülən işlər günün istənilən vaxtında təkrarlana bilər. Belə ki, işçinin işlədiyi “texnoloji qurğuda növbətçi çilingər”, “texnoloji qurğuda çilingər”, “texnoloji qurğuların təmiri üzrə çilingər” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli qərarı (2 №li siyahının Xİİ bölməsi, 2130200a-18547 saylı kod) və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı (10.5 Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şiştin emalı bəndi) peşələri üzrə işləyən fəhlələr eyni əmək fuksiyasını yerinə yetirirlər. İşçi növbəli iş qrafiki ilə işlədiyi üçün növbətçi çilingər kimi qeyd olunmasına baxmayaraq, texnoloji qurğuların təmiri üzrə çilingərin icra etdiyi funksiyaların eyni ilə növbə ərzində icrasını təmin edir. Əlavə olaraq nəzərinizə çatdırmaq istərdik ki, həmin peşənin adı hazırda Heydər Əliyev adına X1 təsdiq edilmiş ştat cədvəlində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin neft sənayesi sahələrinə aid olan “Fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçası”nın 36-cı hissəsinə uyğun olaraq “texnoloji qurğuların təmiri üzrə çilingər” olaraq qeyd edilmişdir və adıçəkilən tarif-ixtisas sorğu kitabçasının 1-ci və 36-cı hissəsində qeyd olunduğu kimi aşağıda göstərilən peşə funksiyalarını yerinə yetirir: Texnoloji sahələrdə çilingər (növbətçi) peşəsi üzrə işləyən zaman işçinin əsas funksiyası texnoloji avadanlıqların təmiri, dəqiq və mürəkkəb texnoloji avadanlıqların və mexanizmlərin təmiri və xidmətindən ibarətdir. Bundan başqa, xüsusi avadanlıq tətbiq etməklə daha mürəkkəb və daha dəqiq avadanlıq və mexanizmlərin hazırlanması; fiqurlu çevrəsi olan detalların tamamlanması, sürtülməsi və 7-10-cu kvalitetlər üzrə tam hamar səthin alınması; mexanizmlərdən istifadə etməklə xüsusi mürəkkəb qovşaq və texnoloji qurğuların, kalonların, peçlərin, buxarla işləyən və mərkəzdənqaçma nasoslarının, aparatların, avadanlıqların, boru kəmərlərinin, armaturların təmiri, yığılması, silinməsi və təmirdən sonra istisimar üçün tam yararlı şəkildə təhvil verilməsi; tutum və çənlərin, rezervuarların avadanlıqlarının işçi və nəzarət qoruyucu klapanlarının çıxarılması və təmir edildikdən sonra qaytarılıb yerinə qoyulması; tam təmirdən sonra avadanlığın yığılması və quraşdırılması üçün mürəkkəb qurğuların hazırlanması; qaldırıcı-nəqliyyat mexanizmləri və xüsusi alətlər tətbiq etməklə takelaj işlərinin yerinə yetirilməsi; təmir ediləcək texnoloji avadanlıqların mürəkkəbliyinə və texnoloji istismar müddətinə uyğun olaraq qüsurlar cədvəlinin tərtib edilib siyahıya salınması; növbə ərzində lazım gələn təmir işlərinin vaxtında yerinə yetirilməsi.” Ali Məhkəmənin iş üzrə 23.09.2020-ci il tarixli qərarında göstərilmişdir ki, “Cavabdeh iddiaçıya pensiya təyin etməkdən imtina etməsinin səbəbini onun 01.01.2006cı il tarixinə 25 il ümumi stajının olmaması ilə əsaslandırmışdır. Həqiqətən də iddiaçıın əmək kitabçasında əksini tapmış əmək fəaliyyəti dövrü və hərbi xidmətdə olduğu müddət toplam 24 il 11 ay 19 gün təşkil edir. İşə baxmış apelyasiya instansiyası məhkəməsi iddiaçının ali təhsil haqqında diplomunda göstərilən təhsil müddətini də staja daxl etmişdir. Həmin diplomdan görünür ki, iddiaçı 1980-ci ildən 26.06.1989-cu ilədək tələbə olmuşdur. Bu dövrün iki ilində (19811983cü illər) iddiaçının hərbi xidmətdə olduğu nəzərə alınarsa, onun təhsil müddəti 7 il təşkil edir. Məlumdur ki, ali təhsil müddəti bundan azdır və işin bu halı ehtimal etməyə əsas verir ki, iddiaçı bu müddətin bir hissəsində təhsildən kənarda qalmışdır. Bu halda həmin dövrü bütövlükdə sosial sığorta stajına daxil edilən ali təhsil müddəti kimi qəbul etmək olmaz. Apelyasiya instansiyası məhkəmə iddiaçının fasiləsiz təhsil müddətini dəqiqləşdirməmişdir. Ümumiyyətlə, məhkəmə iddiaçının işlədiyi dövrləri qərarda göstərsə də, hər bir iş üzrə müddətləri, habelə bu müddətləri toplamaqla iş stajının cəmini müəyən etməmişdir. Verilmiş iddianın həlli isə, məhkəmədən məhz bunu tələb edirdi. Çünki iddiaçı əmək fəaliyyətinə başladığı 24.10.1980-ci ildən 01.01.2006-cı il tarixə kimi ümumi iş stajının 25 ildən çox olduğuna əsasən pensiya təyin olunmasını tələb edir. Bu iddianın həlli üçün də əhəmiyyətli olan hallardan biri məhz 24.10.1980-ci ildən 01.01.2006-cı il tairxə onun 25 il ümumi satıjının olmasıdır. Bundan başqa, cavabdeh apelyasiya şikayətində iddiçının 16.08.1983-06.03.1988ci illərdə (4 il 6 ay 18 gün) işlədiyi texnoloji qurğu operatoru və 06.03.1988-16.05.1994-cü illərdə (6 il 2 ay 10 gün) işlədiyi texnoloji nasos maşinisti peşələrinin Siyahılarda nəzərdə tutulduğunu, qalan peşələrin isə Siyahılarda qeyd olunmadığını bildirmişdir. Apelyasia məhkəməsi cavabdehin bu dəlilini ayrılıqda araşdırmamış, nəyə əsasən bu dəlili qəbul etmədiyini əsaslandırmamışdır. Apelyasiya məhkəməsi iddiaçının çalışdığı peşəni zərərli peşə sayarkən Heydər Əliyev adına X2 tərəfindən verilmiş 20.11.2019-cu il tarixli arayışa istinad etmişdir. Bu arayışın sübut kimi əhəmiyyəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Lakin iş materiallarında olan və məhkəmələrin sübut kimi istinad etdikləri Heydər Əliyev adına X2 tərəfindən verilmiş 20.11.2019-cu il tarixli arayış bu tələblərə cavab vermir. Həmin arayışda iddiaçının 1980-ci ildən etibarən işlədiyi müxtəlif peşələr və həmin peşələrdə çalışdığı müddətlər göstərilməsinə baxmayaraq, hansı peşənin hansı Siyahıda və hansı bölmədə (kodda) nəzərdə tutulduğu göstərilməmiş, ümumi şəkildə qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin “Siyahısı”nın 10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı bölməsinə əsasən zərərli iş şəraitində işləməsi müəyən olunmuşdur. Sözügedən arayışda iddiaçının işlədiyi peşələr üzrə Siyahıya uyğunluğu göstərilməsə də, birinci instansiya məhkəməsi özü iddiaçının texnoloji qurğuların operatorları, texnoloji avadanlıqların təmiri üzrə çilingər, nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər peşələrini də 2 nömrəli Siyahıya uyğunlaşdırmışdır. Cavabdeh apelyasiya şikayətində həmin peşələrin Siyahıda nəzərdə tutulmadığını bildirərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsi apelyatorun bu dəlilinə qiymət verməmiş, gəldiyi nəticəni əsaslandırmamışdır, iddiaçının əmək kitabçasında qeyd olunmadığı halda onun çalışdığl çilingər peşasinin nəyə görə Siyahıda göstərilən “nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər” peşəsinə uyğunlaşdırdığını əsaslandırmamışdır. İşin hallarının bu vəziyyətində, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasına imkan verən peşə və istehsalatlarda işlədiyinə dair məhkəmənin gəldiyi nəticə, Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsində müəyyən olunan sübutların məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldaqdan sonra qiymətləndirilməsi barədə qaydaya, habelə İPM-nin 12-ci maddəsində nəzərdə tutulan işin hallarının araşdırılması prinsipinə uyğun gəlmir. Məhkəmə bu prosessual normaların tələblərinə uyğun olaraq, iddiaçının 01.01.2006cı il tarixədək 25 il ümumi staja malik olmasını dəqiqləşdirməli, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən, Siyahılarda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğunu müəyyən etmək üçün, həmin peşənin siyahıya uyğun olmasını ətraflı araşdırmalı, onun işlədiyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayılması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməklə işin xarakterinə dair əlavə məlumatlar almalı, həmin sübutlara qiymət verməklə yekun qərar çıxartmalı idi.” İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin qərarında şərh edilən göstərişlərin icrası ilə bağlı Azərbaycan Texniki Universitetinin 28.01.2021-ci il tarixli TU-X/O/001-22/233 nömrəli məlumatı, Heydər Əliyev adına X1 29.01.2021-ci il tarixli SOCAR**********30490075X00005 nömrəli Zərərli iş şəraiti haqqında arayışı Məhkəməyə təqdim olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail omaq üçün işə aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. 01.01.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun: 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; 21.2-ci maddəsinə görə, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər 01.08.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşagörə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra - 2 nömrəli Siyahı) üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 67-ci maddəsinin üçüncü abzasının ğ) yarımbəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə əsasən, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. AR Nazirlər Kabinetinin 26.12.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərbibi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi-hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası cavabdehin imtinasının və apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, istinad olunan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı 01.01.2006-cı il tarixədək mövcud olmalıdır; 4) güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Qeyd olunan şərtlərə iş üzrə əməl olunur. Belə ki, əmək kitabçası, arxiv arayışı və güzəştli arayışdan müəyyən edilir ki, 24.10.1980-ci il tarixdən əmək fəaliyyətinə başlayan iddiaçının 18.09.1980-24.10.1980 tarixlərdə iş stajı ilə üst-üstə düşməyən təhsil müddəti (1 ay 6 gün), 10.05.1981-27.05.1983 tarixlərdə hərbi xidmət müddəti (2 il 17 gün), 24.10.1980-27.04.1981 (6 ay 3 gün), 16.08.1983-01.01.2006 (22 il 4 ay 15 gün) tarixlərdə olmaqla, cəmi 25 il 5 gün ümumi iş stajına malikdir, 10.10.1997-01.01.2006-cı illərdə işlədiyi texnoloji qurğuda növbətçi çilingər (2 nömrəli Siyahıda kod: 2130301a-18559, peşə: “təmirçi çilingərlər”) və 24.10.1980-27.04.1981-ci illərdə işlədiyi texnoloji qurğuların təmiri üzrə çilingər (2 nömrəli Siyahıda kod: 2130301a-18547, peşə: “texnoloji avadanlıqların təmiri üzrə çilingərlər”) peşələri üzrə işləyən fəhlələr eyni əmək fuksiyasını yerinə yetirirlər, cavabdeh imtinasında iddiaçının xüsusi stajını bütövlükdə, apellyasiya şikayətində isə 16.08.1983-06.03.1988-ci illərdə işlədiyi texnoloji qurğu operatoru (2 nömrəli Siyahıda kod: 2130301a-16081, peşə: “texnoloji qurğuların operatorları”) və 06.03.1988-16.05.1994-cü illərdə işlədiyi texnoloji nasos maşinisti (2 nömrəli Siyahıda kod: 2130200a-14259, peşə: “texnoloji nasosların maşinistləri”) peşələrini mübahisə etmir. Göründüyü kimi, iddiaçının 01.01.2006-cı il tarixədək 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajının minimum 12 il 6 ay, təhsil və hərbi xidmət müddəti də daxil olmaqla ümumi iş stajının minimum 25 il olması onun əmək kitabçası, arxiv arayışı və güzəştli arayışla təsdiq olunur. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçının 01.01.2006-cı il tarixədək ümumi stajı 24 il 11 ay 19 gün deyil, 25 il 5 gündür, onun 16.05.1994-10.10.1997-ci illərdə işlədiyi texnoloji qurğu əməliyyatçısı (2 nömrəli Siyahıda kod: 2130301a-16081, peşə: “texnoloji qurğuların operatorları”) və 10.10.1997- 01.01.2006-cı illərdə işlədiyi texnoloji qurğuda növbətçi çilingər (2 nömrəli Siyahıda kod: 2130301a-18559, peşə: “təmirçi çilingərlər”) peşələri də güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranmasına əsas verən peşələr kimi 2 nömrəli Siyahıda nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-in 14.3-cü maddəsi), “Əmək pensiyaları haqqında” Qanunla və Qaydalarla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur. Bununla bağlı olaraq, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2443/2020 nömrəli iş üzrə 27 fevral 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar