Məhkəmə qərarları › İş №2-1(103)-494/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-494/2022

08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-494/2022 08.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2- 1(112)-5316/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçı işlədiyi müddətlər iş stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququ yarandığı gündən təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunmuşdur. İddia ərizəsində bildirlir ki, İddiaçı xx xxxxxx 1966-cı il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. İT-İ seriyalı ******* nömrəli əmək kitabçasından, eləcə də Azərbaycan Respublikası Müdafiə Nazirliyi 412 saylı Hərbi hissənin 48 saylı arayışından göründüyü kimi, iddiaçı həqiqətən də 2 iyun 1995-ci il tarixdən bu günədək Azərbaycan Respublikası 312 saylı Hərbi Hissədə “halvanik, syanisti” vəzifəsində işləmişdir. Əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 10 noyabr 2015-ci il tarixli əmri ilə hərbi hissənin nömrəsi dəyişdirilmişdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən qadınlar – 55 yaşma çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bu səbəbdən də, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi 3 mart 2021-ci il tarixli imtina məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtinanın səbəbi kimi göstərilmişdir ki, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Yəni, pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45.600 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21.364 manat təşkil edir. Halbuki o, artıq 26 ildir ki, Hərbi hissədə əmək şəraiti xüsusilə zərərli və ağır olan “halvanik syanisti” vəzifəsində işləyir. İnsan sağlamlığına zərərli olan maddələrlə işləyir. Bu səbəbdən də, səhhətində ciddi problemlər yaranmışdır. Bu müddət ərzində sığorta kapitalı toplanmış olur. Bundan əlavə «Əmək pensiyaları haqqında» AR Qanunun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxan məbləğdə pensiya təminatının formalaşdırlması imkanına malik olmuşdur. Bu əsasdan da iddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının etirazında göstərilmişdir ki, İddiaçı iddiası əsassızdır. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda (qeyd edilən dəyişiklik 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvəyə minməmişdən əvvəl yaş 57), azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “«Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kolleqiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı Qərarının 3.2-cü bəndində göstərilmişdir – 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər əlavə edillər. Qeyd edilən 2 saylı əlavəyə əsasən həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir. Şəxsə güzəştli əmək pensiyası hüququ verən peşələrdə işləməsini təsdiq edəcək iş yerindən arayışların təqdim edilməsi həmçinin hal hazırda qüvvədən düşən «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunun tədbiq edilməsi müddətində də tələb edilmiş və qüvvədə olmuşdur. Belə ki, AR Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 saylı Qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 19-cu bəndində qeyd edilmişdir ki, əmək kitabçasında xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar (məsələn isti iş sahələrində, isti işlərdə işləmək, müəyyən təhlükə dərəcəsi olan maddələrlə işləmək, yeraltı işlərdə çalışmaq, müəyyən üsullarla iş aparmaq və s.) barədə tam məlumat olmadıqda xüsusi əmək stajının təsdiqi üçün idarə və müəssisənin dəqiqləşdirici arayışı qəbul olunur. Arayışda göstərilməlidir: xüsusi staja daxil olan dövr; peşə və ya vəzifəsi, görülən işin xarakteri, həmin iş dövrünün hansı siyahının bölməsi, hansı yarım bölməsi bəndinə daxil olması, həmin arayışın verilməsinə əsas olan ilkin sənədlər. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Belə ki, qeyd edilən maddənin mətnindən də bəlli olduğu kimi, həmin maddə «Əmək pensiyaları haqqında» AR Qanunundan əvvəl güvvədə olan qanunvericilikdən bəhs edir. Qeyd edilən maddədə göstərilən şəxslərin həmin Qanun qüvvəyə minməmişdən əvvəl «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunu ilə tənzimləmişdir. Sözügedən Qanunun 13-cü maddəsinə “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə çalışan kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ay həmin işlərdə çalışarsa, qadınlar isə 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İddiaçıya «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunu tətbiq edilə bilməz, onun 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı qanunvericiliklə müəyyən edilmiş 20 ildən azdır. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçasından göründüyü kimi, iddiaçı əmək fəaliyyətini 2 iyun 1995-ci il tarixdə başlamışdır və onun 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 10 il 06 ay 29 gün olmuşdur. İddiaçıya hal-hazlda qüvvədə olan «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsi tətbiq edilə bilməz. İddiaçının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalnın aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45.600 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 21.364 manatdır. İddiaçı «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabının sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada əsasən xüsusi hesaba əlavə vəsait ödəyərək artırılmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı mənbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdir. Bakı İnzibati Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2-1(112)-5316/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etirazın məzmununa uyğun apellyasiya şikayətinə etiraz təqdim etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2-1(112)-5316/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, xx xxxxxx 1966-cı il tarixdə doğulmuşdur və 2 iyun 1995-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. O, həmin tarixdən 22 yanvar 2021-ci il tarixədək Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsində “halvanik” vəzifəsində (iş yerindən verilən arayışa əsasən) işləmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı hazırkı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, onun (iddiaçının) fərdi hesabının sığorta hissəsində pensiya kapitalı tələb olunan 45.600 manat məbləğin qarşılığında, cəmi 21.364 manat təşkil edir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 67-ci maddəsinin birinci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin Qərarla təsdiqlənmiş 2 nömrəli Siyahının “XİV. Metal emalı” bölməsinə halvanik üsulla metallara üzçəkmə istehsalı sahəsində 2150500a – 11629 kodu ilə müəyyən edilən “halvaniklər (yalnız hissələrin asılıb və çıxarılması, həmçinin bağlı vannaların avtomatik rejimində məşğul olanlardan başqa)” peşəsi daxil edilmişdir. Həmçinin iddiaçının işlədiyi həmin vəzifə AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda halvanik üsulla metallara üzçəkmə istehsalına aid bəndinin 11.7-ci bəndin “a” yarımbəndində də nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mövcud qanunvericilik normaları 1 yanvar 2006-cı il tarixədək 20 il ümumi iş stajına, o cümlədən 10 il güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR NK-nın 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda göstərilən) iş stajına malik qadınlar 52 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını nəzərdə tutur. Hazırkı İddiaçı 10 ildən artıq AR NK-nın 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda 2150500a – 11629 kod ilə göstərilən “halvanik” vəzifəsində çalışsa da, həmin tarixədək (yəni, 2006-cı ilədək) onun 20 il ümumi stajı toplanmadığından, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinin tələbləri ona münasibətdə tətbiq oluna bilməz. Həmçinin, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya əmək pensiyasının «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinin tələbləri baxımından təyin olunması məsələsinə gəldikdə isə, maddənin hazırda qüvvədə olan tələbləri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu iş stajı ilə bərabər “pensiya kapitalı”nın tələb olunan miqdarda toplanması ilə də şərtləndirir. Hazırkı iddiaçının fərdi hesabında toplanmış pensiya kapitalı isə müəyyən olunur ki, tələb olunan 45.600 manat məbləğin qarşılığında, 21.364 manat təşkil etməklə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş sayılmır. Apellyasiya baxışı zamanı sorğuya Azərbaycan Respublikası Müdafiə Nazirliyi 412 saylı hərbi Hissə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı həqiqətən xx.xx.1995-ci il tarixdən bu günə kimi N nömrəli hərbi hissədə ağır, zərərli və təhlükəli istehsalatda halvanik vəzifəsində işləyir, bu müddət ərzində metalların halvanik üsulla (üzçəkmə) ilə məşğul olmuş və işlədiyi istehsalat sahəsində əmək şəraiti qanunvericiliyə əsasən halvanik vəzifəsinə uyğundur. Apellyasiya baxışı zamanı verilmş sorğuya Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 18 mart 2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 10 il 6 ay 29 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 8602,35 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 16239,16 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə onun Mərkəzi Filiala müraciətində qeyd etdiyi kimi 55 yaşının tamam olduğu 13 yanvar 2021-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 52,800 manat məbləğində hesablanmışdır. Beləliklə, kollegiya qeyd edir ki, cavabdehin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsaslı olmuş və apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Bakı İnzibati Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2-1(112)-5316/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar