Məhkəmə qərarları › İş №2-1(103)-4940/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4940/2025

22.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4940/2025 22.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızından və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmağı” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2557/2025 nömrəli, 30 sentyabr 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək müharibə veteranı və əlili kimi mənzil növbəsinə qeydiyyata alınaraq yaşayış sahəsi ilə təmin olunmağı vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsinə qeydiyyata alınmağı vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə iddia tələbi “yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsinə alınma öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2557/2025 nömrəli, 30 sentyabr 2025-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmasından cavabdeh Bakı şəhəri Cavabdeh imtinasının qanunsuz hesab edilməsi, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması ilə bağlı İddiaçı müraciəti üzrə araşdırmanı davam etdirməklə qərar qəbul edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Hazırda cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsini tərəflərin dinlənilmə hüququnu təmin etməklə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmədə İddiaçı iddia tələbinə uyğun izahat verərək apellyasiya şikayətinin rədd edilməsini məhkəmdən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştrakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, icraatın bütün iştirakçıları kimi cavabdehə münasibətdə də şikayət verə bilmək hüququnun yaranması üçün həlledici şərt mövcud olmalıdır - qəbul edilmiş məhkəmə qərarı ilə cavabdehin tələblərinin təmin olunmaması halı baş verməlidir. Bu zaman, dəqiqləşdirilməli olan məqam ondan ibarət olmalıdır ki, məhz hansı hallarda qəbul edilmiş məhkəmə qərarları cavabdehlərə münasibətdə onların “tələblərinin təmin olunmaması” vəziyyətini yaratmış olur. «İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 01/2022 nömrəli qərardadında qeyd edilmişdir ki, “...İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin normada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. Buraya bir qayda olaraq, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsi, məhkəmə tanınması, üzərinə hər hansı öhdəliyin qoyulması və s., üçüncü şəxslərin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması, habelə, məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran prosessual pozuntularla qəbul edilməsi aid edilməlidir.” Birinci instansiya məhkəməsi qərarda qeyd edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozur. Belə ki, yeni Mənzil Məcəlləsində yaşayış sahəsinə ehtiyacı olan şəxslərin uçota alınmasını tənzimləyən normalar nəzərdə tutulmuşdur. Cavabdeh qurum yeni Mənzil Məcəlləsi xx.xx.2009-cu il tarixdə qüvvəyə minəndən sonra faktiki olaraq əhəmiyyətini itirən Bakı Şəhər Xalq Deputatları Sovetinin xx.xx.1989-cu il tarixli Qərarına əsasən təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları”na istinad etməklə iddiaçının fərdi vəziyyətinə mütənasib olmayan, onu əlverişsiz vəziyyətə salan qənaətə gəlmişdir. Belə ki, Mənzil Məcəlləsi vətəndaşlara uçota alınma haqqında ərizələri (qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada) yaşayış yeri üzrə deyil, digər yer üzrə vermək imkanlarını da nəzərdə tutmuşdur. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən şəxs kimi uçota alınmaq üçün Bakı şəhərində qeydiyyatda olma müddəti ilə bağlı tələb hazırda qüvvədə olan yeni Mənzil Məcəlləsində nəzərdə tutulmamışdır (Mənzil Məcəlləsinin 48-ci maddəsi) və yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinanın əsası kimi müəyyən edilməmişdir (Mənzil Məcəlləsinin 53.1-ci maddəsi). Odur ki, inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruridir və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün hesab edilmir. Göründüyü kimi, hazırkı mübahisə birinci instansiyası məhkəməsi tərəfindən mahiyyəti üzrə həll edilməmiş, inzibati məhkəmə icraatı iştirakçılarının, o cümlədən cavabdeh inzibati orqanın əleyhinə və ya ziyanına hər hansı məhkəmə qərarı qəbul olunmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məzmunda qərar qəbul edilməsi inzibati məhkəmə icraatı iştirakçılarının, o cümlədən hazırkı mübahisəyə münasibətdə cavabdehin ziyanına şərh oluna bilməz. Odur ki, cavabdehin birinci instansiyası məhkəməsinin hazırkı qərarından apellyasiya şikayəti vermək hüququ da istisna edilir. Bu baxımdan, barəsində şikayət verilən məhkəmə aktından cavabdehin “məzmunca ziyan çəkməsi” halı müəyyən olunmadığından, birinci instansiyası məhkəməsinin qərarından apellyasiya şikayəti vermək üçün İPM-in 81.2-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərti (mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər) ödənilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qərardan verdiyi apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Məhkəmə kollegiyasının yuxarıda nəzərdə tutulan nəticəyə gəlməsi analoji işlər üzrə Azərabaycan Respublikasının Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsindən irəli gəlir. Belə ki, Azərabaycan Respublikasının Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)- 1108/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərardadının qəbul edilməsilə nəticələnən işin mahiyyətindən müəyyən olur ki, cavabdehin “məzmunca ziyan çəkməsi” halı müəyyən olunmadığından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlbolunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 81, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2557/2025 nömrəli, 30 sentyabr 2025-ci il tarixli qərarından cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar