Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4948/2025 11.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsinə qarşı müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququnun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və s. tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-10325/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 11 aprel 2025-ci il tarixli aktının ləğv edilməsi və müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququnun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2021-ci ildə Azərbaycan Dövlət İqtisad Universiteti, Belçikanın “KU Leuven” Universiteti və X2 Universitetlərinə “Biznesin idarəedilməsi” ixtisası üzrə ali təhsil pilləsinin bakalavriat səviyyəsinə qəbul olmuşdur. Həmin ilin sentyabr ayından öz seçimi əsasında Belçikanın “KU Leuven” Universitetində ali təhsil pilləsinin bakalavriat səviyyəsi üzrə təhsilinə başlamış və 2021-2024-cü illər ərzində “KU Leuven” Universitetində hazırlıq, İ və İİ kurs təhsili almışdır. Belçikada təhsil və yaşayış xərcləri qarşısında maddi imkansızlıq və təhsil aldığı müddətdə yiyələndiyi “Biznesin idarəedilməsi” ixtisasının süni intellekt terxnologiyaları çağında yetərsiz hesab etməsi səbəbi ilə “Biznes mühəndisliyi” ixtisası üzrə Türkiyədə təhsil almaq qərarına gəlmişdir. Bu məqsədlə yenidən “SAT” imtahanından “Sxolastik Qabiliyyət/Qiymətləndirmə Testi”ndən 1460 bal və “İELTS” imtahanından “X4 Test Sistemi”ndən 8 bal toplamış və Türkiyənin “ODTÜ”, “İstanbul Teknik” və “Yıldız Texnik” kimi nüfuzlu universitetlərində təhsil hüququ əldə etmişdir. Ailəsinin maddi durumuna əlaqədar “İTU” Universitetində “Biznes mühəndisliyi” ixtisası üzrə təhsil almağa qərar vermişdir. O, Türkiyə və Avropada “Biznes mühəndisliyi” ixtisasından daha asan hesab edilən “Biznesin idarəedilməsi” ixtisasına (Belçikada təhsil aldığı ixtisas) köçürmə edilsə də, başqa ixtisasların heç birindən “mühəndislik” ixtisasına köçürmə edilmədiyini qeyd edir. Bu səbəbdən köçürmə edilməmiş iki ilini itirmək hesabına da olsa “SAT” və “İELTS” imtahanlarını yenidən verərək “mühəndislik” təhsilinə birinci kursdan başlamışdır. O, hazırda Türkiyənin ən nüfuzlu dövlət universiteti olan İstanbul Texnik Universitetində “idarəetmə mühəndisliyi” ixtisası üzrə təhsil alır və birinci kursu bitirmək üzrədir. Hazırda “İTU”-də təhsilini davam etdirməyi haqqında (Belçikada bakalavr təhsilini bitirmədən yarımçıq saxlaması haqqında arayış daha öncə SHXÇDX Bakı Şəhəri Nəsimi Rayon Hərbi Komissarlığına təqdim edilib) rəsmi qaydada apostilə edilmiş arayışı cavabdehə təqdim etmişdir. Buna baxmayaraq onun təhsilini davam etdirməsi üçün ona hərbi xidmətə çağırışa möhlət hüququ verilməmişdir. Belçikada bakalavr təhsilini bitirmədən yarımçıq saxlaması haqqında Bakı şəhəri Nəsimi Rayon Hərbi Komissarlığına təqdim edilmiş arayışda göstərilir ki, O, “KU Leuven” Universitetinin “Biznesin idarəedilməsi” ixtisasına daxil olmuş lakin təhsilini bitirməyib və bakalavr dərəcəsi almamışdır. Onun 20 yaşı olması və yeni qanunvericiliyə görə bakalavr təhsilini davam etdirən gənclərə 24 yaşınadək möhlət hüququ verilməsi və həqiqi hərbi xidmət keçmək üçün 2 illik müddətə mühəndislik ixtisası üzrə təhsilindən ayrılması halının onun təhslinin keyfiyyətinə mənfi təsir göstərəcəyi qeyd edilir. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz məhkəməyə təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.4-cü maddəsinə əsasən, əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əyani təhsilalma formasında bakalavriatda təhsil alanlara - müvafiq təhsilini bitirənədək, lakin 24 yaşdan çox olmamaqla (bu Qanunun 21.8-ci maddəsində qeyd olunan çağırışçılar istisna olmaqla) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında və ya xarici ölkələrdə dövlət müəssisələrində və onların filiallarında, elmi müəssisə və təşkilatlarda təhsil alan aşağıdakı çağırışçılara təhsilini davam etdirmək üçün təhsil pilləsi (təhsil pilləsinin hər bir səviyyəsi) üzrə yalnız bir dəfə möhlət verilir (Qeyd: 2. Bu Qanunun 21.1.2 - 21.1.7-ci maddələrində nəzərdə tutulmuş qaydalar təkrar təhsil alan çağırışçılara şamil olunmur). Həmin Qanunun 21.5-ci maddəsinə əsasən, ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Xidmətin Nəsimi rayon idarəsi tərəfindən İddiaçı KU Leuven Universitetində ali təhsil pilləsinin bakalavriat səviyyəsində təhsil alması ilə əlaqədar Bakı şəhəri Nəsimi rayon çağırış komissiyasının qərarı ilə xx.xx.2024-cü il tarixədək Qanunun 21.1.4-cü maddəsinə (iddiaçıya münasibətdə Qanunun köhnə redaksiyasında 21.1.5-ci maddəsinə) əsasən təhsili davam etdirmək üçün çağırışa möhlət verilmişdir. Möhlət hüququ bitdikdən sonra iddiaçı 2024-cü ilin oktyabr çağırışında Xidmətin Bakı şəhəri Nəsimi rayon idarəsinə dəvət edilmiş, öyrənilmə zamanı məlum olmuşdur ki, o, yuxarıda adıçəkilən universitetdə təhsilini bitirə bilməmiş və 2024/2025-ci tədris ilində İstanbul Texniki Universitetinə qəbul olunmasına dair arayış təqdim etmişdir. Adıçəkilən Qanunun normalarından görünür ki, çağırışçı ali təhsil müəssisəsinə bərpa olunduqda təhsilini davam etdirmək üçün çağırışa möhlət verilir. Lakin İddiaçı təhsilini bitirə bilməmiş (xaric edilmiş) təhsil müəssisəsinə bərpa olunmamış, yenidən bakalavriata başqa ixtisas üzrə qəbul olunmuşdur. Bu səbəbdən iddiaçıya möhlət verilməsi qanunvericiliyin tələblərinə ziddiyət təşkil edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli, 2-1(112)-10325/2025 saylı qərarı ilə (hakim N.İ.Abıyev) iddia tələbi rədd edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı iddiaçı tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2021-ci ildə dünya QS universitetlərinin sıralamasında 43 reytinq mövqeyində olan KS Leuven Universitetinə, eyni zamanda X2 Universitetinə biznes idarəetmə fakultəsinə daxil olmuşdur. Hər iki universitet avtomatik olaraq respublikamızda nostrifikasiya şərtlərini yüksək kriteriyarla qarşılayan universitetdir. 2021-2024-cü illər ərzində Belçikada təhsil almalı idi. Lakin iki kursdan sonra ailənin imkanları məhdud olduğuna görə, eyni zamanda Belçikada yaşayış xərcləri yüksək olduğu üçün o, ancaq həmin ölkədə cəmi 2 il (2 kurs) təhsil ala bilmiş, bundan sonra o SAT və İELTS imtahanlarından yüksək nəticə əldə edib, Türkiyənin OTDÜ və X1 təqaüdlə təhsil almaq hüququ əldə etmişdir. Ailəsinin maddi durumunu nəzərə alaraq o, hazırda İTU-də biznes mühəndisliyi fakültəsində oxuyur. Həmin fakültə eyni zamanda dövlət sifarişi əsasında dəstəklənən proqrama daxildir. O, təhsili başa vurduqdan sonra ölkəmizin inkişafına öz tövhəsini verəcəkdir. O, cavabdehə müraciət etmiş, İTÜ-də təhsil müddətini bitirənə qədər ilkin balalavr təhsili üçün möhlət istəmişdir. O, möhlət üçün müraciət edən zaman onun 24 yaşı tamam olmamışdır. Ərizəçinin iddiası əsaslıdır və bu onun hüququdur. Hərbi vəzifə və hərbi Xidmət Haqqında Qanunun 21.1.4-cü maddəsində birbaşa qeyd edilib ki, 24 yaşından çox olmamaq şərti ilə müvafiq təhsil pilləsini davam etdirmək üçün bir dəfə möhlət verilir. Bu birbaşa iddiaçının hüququdur. Hazırda ərizəçi Türkiyə Respublikasında təhsilini davam etdirir. Cavabdeh belə qiymətləndirmə edib ki, sanki iddiaçı təkrar təhsil alır. Lakin təkrar təhsil o zaman olur ki, şəxs bir təhsili bitirib, yenidən təkrarən təhsil almış olur. İddiaçıda belə hal mövcud olmamışdır. Cavabdeh orqan da səhv qənaət formalaşdıraraq belə nəticəyə gəlmişdir ki, iddiaçı əlavə təhsil alır və bu isə yanlışdır. İstinad edilən Qanunun 21-ci maddəsinin adından da göründüyü kimi, maddə təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsini əhatə edir. Həmin Qanunun 21.1.4-cü maddəsində isə açıq aşkar qeyd edilir ki, əyani təhsil formasında bakalavriatda təhsil alanlara müvafiq təhsilini bitirənədək möhlət verilir. İddiaçı möhlət üçün əsas olmuş ilkin təhsilini bitirməmiş, sadəcə ailənin maddi imkanlarını nəzərə alaraq təhsil müəssisəsini dəyişmişdir. Bu isə müvafiq təhsil pilləsini bitirənədək şərti ilə əhatə edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsaslıdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - “KU Leuven” Universiteti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı arayışda göstərilmişdir ki, “ ... Biz bununla təsdiq edirik ki, Azərbaycan xx.xx.2004-cü il təvəllüdlü İddiaçı, 2021-2022-ci tədris ili üçün “KU Leuven” Universitetinin Brüssel Kampusunda Biznesin Təşkili və İdarə Olunması ixtisası üzrə bakalavr dərəcəsinə tələbə kimi qəbul edilib. Tədris ili xx.xx.2021-ci il tarixdə başlayır və xx.xx.2022-ci il tarixinə kimi davam edir. Cənab Mehdi əyani təhsil alan tələbə kimi qeydiyyatdan keçirilib. Biznesin Təşkili və İdarə Olunması ixtisası üzrə bakalavr dərəcəsi bir ildə 60 kredit, cəmi 180 kredit olmaqla, 3 illik proqramdır”. - İstanbul Texniki Universiteti Tələbə Xidmətləri Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, Z-49764730-302.xx.xx/1439246 saylı arayışda göstərilmişdir ki, ********* tələbə nömrəli, İddiaçı 2024-2025 / Payız semestrində Biznesin təşkili və idarə edilməsi fakültəsinin “İdarəetmə mühəndisliyi” (tədris dili: ingilis) ixtisasına qəbul olunmuş, xx.xx.2024-cü il tarixdə qeydiyyatdan keçmiş və təcrübə keçməsi məcburidir. - “KU Leuven” Universiteti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı arayışda (notarial qaydada təsdiq olunmuş tərcüməsi) göstərilmişdir ki, “Biz bununla təsdiq edirik ki, Azərbaycan Respublikasında xx.xx.2004-cü il tarixində doğulan İddiaçı, həqiqətən də “KU Leuven” Universitetinin Brüssel Kampusunda Biznesin Təşkili və İdarə Olunması ixtisası üzrə bakalavr dərəcəsi kimi qeydiyyatdan keçmişdir. Lakin o proqramı tamamlamamış və müvafiq olaraq bakalavr diplomu almamışdır”. - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsinin xx.xx.2025-ci il tarixli, 343-78/2-420 saylı cavab məktubunda göstərilmişdir ki, “... Sizə KU Leuven Universitetində ali təhsil pilləsinin bakalavriat səviyyəsində təhsil alması ilə əlaqədar Bakı şəhəri Nəsimi rayon çağırış komissiyasının qərarı ilə xx.xx.2024-cü il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilmişdir. Möhlət müddətiniz bitdikdən sonra 2024-cü ilin oktyabr çağırışına cəlb edilmiş, öyrənilmə üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsinə dəvət edilmisiniz. Öyrənilmə zamanı KU Leuven Universitetində təhsilinizi bitirə bilmədiyinizi və cari tədris ilindən etibarən İstanbul Texniki Universitetinə qəbul olduğunuzu qeyd edərək həmin müəssisənin xx.xx.2024-cü il tarixli təhsil arayışını təqdim etmisiniz. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.4-cü maddəsinə əsasən, 21.1.4 əyani təhsilalma formasında bakalavriat pilləsində təhsil alanlara - müvafiq təhsilini bitirənədək, lakin 24 yaşdan çox olmamaqla mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında və ya xarici ölkələrdə dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, elmi müəssisə və təşkilatlarda təhsil alan çağırışçılara təhsilini davam etdirmək üçün təhsil pilləsi üzrə yalnız bir dəfə möhlət verilir. Həmin Qanunun 21-ci maddəsinin qeydin 2-ci hissəsində göstərilmişdir ki, bu Qanunun 21.1.2 - 21.1.7-ci maddələrində nəzərdə tutulmuş qaydalar təkrar təhsil alan çağırışçılara şamil olunmur. Nəzərinizə çatdırırıq ki, Sizin 2025-ci ilin aprel çağırışında müddətli həqiqi hərbi xidmətə göndərilməyiniz nəzərdə tutulur”. Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli, 2-1(112)-10325/2025 saylı qərarından görünür ki, birinci instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır: “ ... İstinad olunmuş normalardan müəyyən olunur ki, Qanunun 21.1.4 və 21.1.5-ci maddələrinə əsasən əyani təhsilalma formasında əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara müvafiq təhsilini bitirənədək, eyni zamanda xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara təhsilini bitirənədək hərbi xidmətdən möhlət hüququ verilir. Qanun həmçinin, ali təhsil müəssisələrindən xaric edilmiş şəxslərin 6 ay müddətində müvafiq ali təhsil müəssisəsinə bərpa olunduqları halda onların xidmətdən möhlət hüququnun saxlanıldığını müəyyən edir. Lakin eyni zamanda qeyd edilməlidir ki, Qanunun 21.1.4-cü və 21.1.5-ci maddələrinə (alt maddələrə) münasibətdə ümumi norma kimi çıxış edən Qanunun 21.1-ci maddəsinin birbaşa tələbi ondan ibarətdir ki, müvafiq təhsil pilləsində (hər pillə üzrə) hərbi xdmətdən möhlət yalnız bir dəfə verilir və 21.1.4-cü və 21.1.5-ci maddələrində nəzərdə tutulmuş qaydalar təkrar ali təhsil alanlara aid edilmir. Hazırkı işin faktiki hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2021-ci il tarixdə KU Leuven Universitetinin Brüssel X3 və İdarə olunması ixtisası üzrə bakalavr dərəcəsinə tələbə kimi qəbul edilmişdir. Bakı şəhəri Nəsimi rayon çağırış komissiyasının qərarı ilə iddiaçıya KU Leuven Universitetində ali təhsil pilləsinin bakalavriat səviyyəsində təhsil alması ilə əlaqədar ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında Qanun”un 21.1.4-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilmişdir. xx.xx.2024-cü il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilmişdir. Lakin müddət ərzində iddiaçı KU Leuven Universitetində bakalavr səviyyəsi üzrə proqramı tamamlamadan universitetindən xaric edilmişdir. İddiaçı isə xx.xx.2024-cü il tarixdə İstanbul Texnik Universitetinin “işlətmə fakültəsi”nə daxil olmuşdur. Hazırki iş üzrə iddiaçının hüquqi marağı İstanbul Texnik Universitetində ali təhsil pilləsinin bakalavriat səviyyəsində təhsil alması ilə əlaqədar ona möhlət hüququnun verilməsinə nail olmaqdır ki, iddiaçının təhsillə bağlı möhlət hüququnun tətbiqi üçün qanunun yuxarıda sadalanan şərtləri ödənilmir. İddianın hüquqi əsasını təşkil edən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən isə müvafiq təhsil pilləsində (hər pillə üzrə) hərbi xdmətdən möhlət yalnız bir dəfə verilir və təkrar ali təhsil alanlara bu hüquq şamil edilmir”. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin bu yanaşması ilə razılaşmır. Belə ki, hazırkı mübahisənin mərkəzində “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun təhsillə bağlı möhlət institutunun mahiyyəti dayanır və bir tərəfdən Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsi ilə vətəndaşın Vətəni müdafiə borcu (hərbi xidmətin ictimai zəruriliyi), digər tərəfdən Konstitusiyanın 42-ci maddəsi ilə təhsil hüququ və dövlətin istedadlı şəxslərin təhsilini maddi vəziyyətindən asılı olmayaraq davam etdirməsinə təminat verməsi durur. Dövlət bu iki konstitusion dəyəri uzlaşdırarkən hüququn ədalətli balans tələbini - məqsədin legitimliyi, vasitənin zəruriliyi və müdaxilənin proporsionallığını qorumağa borcludur. Birinci instansiya məhkəməsi qərarında faktiki halları təsbit etsə də, nəticə olaraq iddianın təmin edilməməli olması qənaətinə gəlmiş, bunu həm “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 21-ci maddəsinin “hər pillə üzrə möhlətin yalnız bir dəfə verilməsi” qaydası, həm də “təkrar ali təhsil alan çağırışçılara şamil olunmaması” qeydi ilə əsaslandırmışdır, əlavə olaraq, çağırışdan azadetmə və möhlət məsələlərində cavabdehin diskresion səlahiyyətlərini önə çəkmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 21.1.4-cü maddəsinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında və ya xarici ölkələrdə dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, elmi müəssisə və təşkilatlarda təhsil alan aşağıdakı çağırışçılara təhsilini davam etdirmək üçün təhsil pilləsi (təhsil pilləsinin hər bir səviyyəsi) üzrə yalnız bir dəfə möhlət verilir: ... əyani təhsilalma formasında bakalavriatda təhsil alanlara – müvafiq təhsilini bitirənədək, lakin 24 yaşdan çox olmamaqla (bu Qanunun 21.8-ci maddəsində qeyd olunan çağırışçılar istisna olmaqla). Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə hüquqi qiymətləndirmə baxımından əsas məsələ “təkrar ali təhsil” anlayışının düzgün şərh edilməsidir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 21.1.4-cü maddəsi əyani formada bakalavriat təhsili alanlara müvafiq təhsilini bitirənədək möhlət verilməsini nəzərdə tutur və bu norma məzmun etibarilə subyektiv hüquq yaradır. Normanın məntiqi konstruksiyası göstərir ki, qanunverici təhsil pilləsinin tamamlanmasını hüquqi meyar kimi götürür, təhsil müəssisəsinin dəyişdirilməsini isə ayrıca məhdudlaşdırıcı hal kimi nəzərdə tutmur. Əgər qanunverici möhlətin yalnız konkret ali məktəb üzrə qüvvədə olmasını istəsəydi, bunu birbaşa normada göstərərdi. Hüquq nəzəriyyəsində qəbul edilmiş qaydaya görə hüquqları məhdudlaşdıran normalar geniş deyil, dar şərh edilməlidir. Buna görə də “təkrar təhsil” anlayışı yalnız əvvəlki təhsil pilləsi bitirildikdən sonra yenidən eyni pilləyə daxil olmanı əhatə etməlidir, təhsilini bitirməmiş şəxsin başqa universitetə keçməsi isə təkrar təhsil deyil, davam edən təhsil prosesidir. Konstitusion müstəvidə məsələ daha aydın görünür. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsi təhsil hüququnu fundamental hüquq kimi tanıyır və dövlət üzərinə bu hüququn həyata keçirilməsi üçün real şərait yaratmaq öhdəliyi qoyur. Eyni zamanda Konstitusiyanın 71-ci maddəsi hüquq və azadlıqların məhdudlaşdırılmasının yalnız qanunla və zəruri həddə mümkün olduğunu müəyyən edir. Bu iki norma birlikdə tətbiq edildikdə nəticə belə olur ki, inzibati orqan təhsil hüququnun həyata keçirilməsinə müdaxilə edən qərar qəbul edərkən həmin müdaxilənin qanuni əsasını, zəruriliyini və proporsionallığını əsaslandırmalıdır. Möhlətdən imtina edilməsi faktiki olaraq şəxsin təhsilini yarımçıq qoymasına səbəb ola bilərsə, belə müdaxilə yalnız qanunun açıq və mübahisəsiz göstərişi olduqda legitim hesab edilə bilər. Cavabdehin diskresion səlahiyyətlərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri hsab edir ki, inzibati orqanların diskresion səlahiyyəti onların mülahizə azadlığı demək olsa da, bu azadlıq hüquqi məqsədlə məhdudlaşır və özbaşınalıq hüququ vermir. Diskresion qərar qanunun məqsədinə uyğun olmalı, faktiki halların tam araşdırılmasına əsaslanmalı və əsaslandırılmış arqumentlərlə müşayiət olunmalıdır. Apellyasiya şikayətində düzgün vurğulandığı kimi, inzibati məhkəmə icraatının əsas funksiyalarından biri diskresion qərarların qanuniliyinə nəzarətdir. Məhkəmə bu nəzarəti həyata keçirmədən yalnız orqanın mövqeyini təkrarlamışdırsa, bu artıq məhkəmə nəzarətinin formal xarakter daşıdığını göstərir ki, bu da Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnda təsbit edilmiş “effektiv məhkəmə nəzarəti” standartına zidd hesab olunur. Hazırkı iş kontekstində isə xüsusi olaraq vurğulanmalıdır ki, cavabdeh etiraz ərizəsində ümumiyyətlə fərqli dəlillərə istinad etmişdir. Belə ki, həmin ərizədə qeyd olunmuşdur ki, “ ... Qanunun normalarından görünür ki, çağırışçı ali təhsil müəssisəsinə bərpa olunduqda təhsilini davam etdirmək üçün çağırışa möhlət verilir. Lakin İddiaçı təhsilini bitirə bilməmiş (xaric edilmiş) təhsil müəssisəsinə bərpa olunmamış, yenidən bakalavriata başqa ixtisas üzrə qəbul olunmuşdur. Bu səbəbdən iddiaçıya möhlət verilməsi qanunvericiliyin tələblərinə ziddiyət təşkil edir”. Məhkəmə kollegiyası göstərilən arqumentlərlə də razılaşmır. Belə ki, cavabdeh orqanın mövqeyi formal baxımdan inzibati praktikanın ən dar interpretasiya modelinə əsaslansa da, hüquqi təhlil göstərir ki, bu yanaşma normanın məzmununa, məqsədinə və hüququn ümumi prinsiplərinə uyğun deyil. Cavabdeh “bərpa olunma” institutunu möhlət hüququnun yeganə hüquqi əsası kimi təqdim edir və belə nəticəyə gəlir ki, yalnız əvvəlki universitetə bərpa olunan şəxs möhlət ala bilər, başqa universitetə yenidən qəbul olunan şəxs isə bu hüquqdan məhrumdur. Bu mövqe normativ hüquq mənbələrində mövcud olmayan əlavə şərtin tətbiqi deməkdir və hüquqi baxımdan əsassızdır. Əvvəla, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun müvafiq maddəsi möhlətin verilməsi üçün əsas meyar kimi konkret ali məktəbə bərpanı deyil, əyani təhsil formasında müvafiq təhsil pilləsində oxuma faktını nəzərdə tutur. Normanın mətnində “bərpa olunmuş tələbələrə möhlət verilir” kimi məhdudlaşdırıcı düstur yoxdur, norma ümumi kateqoriya - “təhsilini davam etdirənlər” anlayışı üzərində qurulub. Hüquq nəzəriyyəsində qəbul olunmuş prinsiplərə görə, qanunda göstərilməyən məhdudiyyətlər tətbiq edilə bilməz, inzibati orqan yalnız qanunun verdiyi səlahiyyət çərçivəsində hərəkət etməlidir. Həmçinin, “bərpa olunma” ilə “yenidən qəbul” anlayışlarının hüquqi mahiyyəti fərqli olsa da, möhlət hüququnun mövcudluğu baxımından bu fərq həlledici deyil. Hər iki halda hüquqi nəticə eynidir: şəxs ali təhsil pilləsində əyani təhsil alır. Möhlət institutunun funksional məqsədi şəxsin təhsil prosesinin yarımçıq kəsilməsinin qarşısını almaqdır. Bu məqsəd baxımından tələbənin əvvəlki universitetə bərpa olunması ilə başqa universitetə qəbul olunması arasında prinsipial hüquqi fərq yoxdur. Əksinə, cavabdehin irəli sürdüyü meyar normanın məqsədini pozur, çünki eyni təhsil pilləsində real təhsil alan şəxsi yalnız formal prosedur fərqinə görə möhlət hüququndan məhrum edir. Bundan əlavə, cavabdehin arqumenti hüquqi müəyyənlik prinsipinə də ziddir. Hüquqi müəyyənlik tələb edir ki, şəxslər hüquqi nəticələri qabaqcadan proqnozlaşdıra bilsinlər. Əgər qanun yalnız “təhsilini davam etdirənlər” deyirsə, vətəndaş bu normanı oxuyaraq belə nəticəyə gəlir ki, o, əyani bakalavriat təhsili aldığı müddətdə möhlət hüququna malikdir. Lakin inzibati orqan sonradan əlavə şərt - “yalnız əvvəlki universitetə bərpa olunma halında” - tətbiq edirsə, bu artıq gözlənilməz hüquqi nəticə yaradır və hüquqi sabitliyi pozur. Göründüyü kimi, cavabdehin yanaşması diskresion səlahiyyət anlayışının yanlış tətbiqidir. Diskresion səlahiyyət inzibati orqana hüquqi variantlar arasında seçim imkanı verir, lakin qanunda olmayan yeni meyar yaratmaq hüququ vermir. “Bərpa olunma şərti” qanunda yoxdursa, orqan onu diskresion qərar kimi tətbiq edə bilməz. Məhkəmə kollegiyası həmçinin onun üzərində dayanmağı zəruri hesab edir ki, mübahisənin hüquqi qiymətləndirilməsi yalnız normativ mətnin formal təfsiri ilə məhdudlaşmamalı, onun sosial məqsədi və dövlət maraqları ilə əlaqəsi də nəzərə alınmalıdır. İddiaçının vəziyyətində söhbət Vətəni müdafiə borcunun inkarından deyil, həmin borcun icrasının qanunla nəzərdə tutulmuş qaydada və rasional zaman çərçivəsində həyata keçirilməsindən gedir. Təhsilini davam etdirən və onu başa çatdırmaq mərhələsində olan gəncin müvəqqəti olaraq hərbi xidmətə çağırılmasının təxirə salınması dövlətin müdafiə qabiliyyətini zəiflətmir, əksinə, bu, uzunmüddətli perspektivdə dövlətin insan kapitalının keyfiyyətini artırır. Apellyasiya şikayətində də göstərildiyi kimi, iddiaçı beynəlxalq reytinqli ali təhsil müəssisələrinə qəbul olunmuş, təhsilini yüksək nəticələrlə davam etdirmiş və hazırda da bakalavriat pilləsində əyani təhsilini davam etdirir. Bu fakt yalnız fərdi nailiyyət deyil, eyni zamanda dövlət üçün strateji resursun formalaşması deməkdir. Müasir dövrdə dövlətlərin iqtisadi və müdafiə gücü yalnız hərbi potensialla deyil, həm də intellektual və texnoloji potensialla ölçülür. Yüksək keyfiyyətli təhsil almış mütəxəssislər innovasiya, idarəetmə, mühəndislik və strateji planlaşdırma sahələrində ölkənin dayanıqlı inkişafına töhfə verir, dövlət idarəçiliyində və özəl sektorda səmərəliliyi artırır, yeni texnologiyaların tətbiqini sürətləndirir. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsində təhsil hüququnun təmin olunması dövlətin vəzifəsi kimi təsbit edilmişdir. Bu norma təkcə fərdin şəxsi inkişafını deyil, həm də cəmiyyətin ümumi tərəqqisini hədəfləyir. Təhsil hüququnun reallaşdırılması dövlətin sosial və iqtisadi inkişaf strategiyasının ayrılmaz hissəsidir. İnsan kapitalının inkişafı milli təhlükəsizliyin mühüm komponentidir və bu baxımdan yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsi müdafiə qabiliyyətinin uzunmüddətli təminatı ilə birbaşa bağlıdır. Əgər yüksək potensiala malik, beynəlxalq təcrübə qazanan və ixtisaslı kadr kimi formalaşmaqda olan şəxs təhsilini yarımçıq qoymağa məcbur edilərsə, dövlət həm fərdin hüququnu məhdudlaşdırmış, həm də gələcəkdə əldə edə biləcəyi intellektual və iqtisadi dividendlərdən məhrum olmuş olar. Halbuki təhsilin tamamlanmasına şərait yaradılması həmin şəxsin daha yetkin, peşəkar və cəmiyyətə faydalı vətəndaş kimi formalaşmasına imkan verir. Belə vətəndaşın sonradan hərbi xidmətə cəlb olunması da daha yüksək intellektual səviyyədə və məsuliyyətlə həyata keçirilir. Bu kontekstdə möhlətin verilməsi dövlətin müdafiə maraqlarına zidd deyil, əksinə, dövlətin strateji maraqlarına xidmət edir. Təhsilli və yüksək ixtisaslı vətəndaş ölkənin iqtisadi dayanıqlığını, innovasiya potensialını və beynəlxalq rəqabət qabiliyyətini artırır. Uzunmüddətli perspektivdə isə bu amillər milli təhlükəsizliyin əsas dayaqlarından birinə çevrilir. Buna görə də təhsilini davam etdirən və onu başa çatdırmaq mərhələsində olan şəxsin möhlət hüququnun tanınması həm hüquqi, həm sosial, həm də strateji baxımdan əsaslandırılmış və dövlət maraqları ilə uzlaşan nəticədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən isə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas verdiyinə görə, şikayət təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli, 2-1(112)-10325/2025 saylı qərarı ləğv edilməli, iddia ərizəsi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli, 2-1(112)-10325/2025 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia ərizəsi təmin edilsin. İddiaçı əyani təhsilalma formasında bakalavriatda müvafiq təhsilini bitirənədək, lakin 24 yaşdan çox olmamaqla müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququnun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsinin üzərinə qoyulsun. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-4948/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4948/2025
11.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver