Məhkəmə qərarları › İş №2-1(103)-495/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-495/2021

25.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-495/2021 25.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızı və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı müvafiq illərin sığorta stajına daxil edilməklə iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati mübahisə üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.12.2019cu il tarixli, 2-1(82)-3212/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.12.2019-cu il tarixli, 2-1(82)-3212/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya 25 yanvar 1993-ci il tarixdən 2006-cı il tarixədək Neft Kəmərləri İdarəsinin tabeliyində olan Mərkəzi İstehsalat Xidmət Bazasında 2-ci dərcəli təsərrüfatçı, mühasib və mühasib-xəzinədar vəzifələrdə işlədiyi dövrlər iş stajına nəzərə alınmaqla, 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim R.Kərimli). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İK-nın 03.06.2020-ci il tarixli 2-1(103)-1070/2020 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-3212/2019 saylı, 27 dekabr 2019-cu il tarixli dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən və məruzəçi H.Həmidov, hakimlər E.Nağıyeva və V.Məmmədov). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İK-nın 30.09.2020-ci il tarixli 2-1(102)- 1735/2020 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İK-nın 03.06.2020-ci il tarixli 2-1(103)-1070/2020 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün məhkəməyə göndərilmişdir (sədrlik edən və məruzəçi İ.Şəfiyev, hakimlər Z.Quliyev və R.Nəbizadə). Bakı Apellyasiya Məhkəməsinin İK-nın 11.12.2021-ci il tarixli qərardadı ilə Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsi – cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Мərkəzi Filialı ilə əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, müvafiq illər sığorta stajına daxil edilməklə iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməs barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxx 1965-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Neft Kəmərləri İdarəsinin tabeliyində olan Mərkəzi İstehsalat Xidmət Bazasında 2-ci dərəcəli təsərrüfatçı vəzifəsinə 25 yanvar 1993- cü il tarixdə 04 saylı əmrlə işə qəbul olunmuşdur. 01 iyun 1994-cü il tarixdə MİXB-nin mühasibi vəzifəsinə iki aylıq sınaq müddəti ilə işə qəbul olunmuşdur. 01 iyul 1994-cü il tarixdə 8-ci dərəcəli mühasib vəzifəsinə, 01 avqust 1995-ci il tarixdə 9-cu dərəcəli mühasib, 11 iyun 2000-ci il tarixdə 10-cu dərəcəli mühasib vəzifəsinə keçirilmiş, 27 iyul 2004-cü il tarixdə 22 dekabr 2003-cü il tarixli 337 saylı sərəncamına əsasən Neft Kəmərləri İdarəsinin tabeliyində olan Mərkəzi İstehsalat Xidmət X4 Xidməti Bazası ASC yaradılmışdır. Fasilə vermədən 01 sentyabr 2005-ci il tarixdə adı dəyişmiş ASC-nin Mühasib-xəzinədar vəzifəsinə keçirilmişdir. 26 fevral 2014- cü il tarixdə işdən azad olunmuşdur. 2-ci qrup əlil olması ilə bağlı işlədiyi dövrlər üzrə sığorta stajı hesablanmaqla əmək pensiyası almaq üçün DSMF Bakı şəhəri Sabunçu rayon şöbəsinə müraciəti əsasında 1993-2006-cı il illərdə əmək stajı tərəflərindən yoxlanarkən öz təsdiqini tapmadığından iddiaçıya 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta kapitalı olmadığına görə ərizəni təmin etmək mümkün olmamışdır kimi imtina edilmişdir. ASC-nin arxivinə müraciətin əsasında bəzi sənədlərin mövcud olması, bəzi sənədlərin isə arxivdən itirildiyini bildirmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, iddiaçının 52 yaş üçün tələb olunan 12 il 04 ay sığorta stajı və 12905,97 manat pensiya sığorta kapitalı olmadığına görə onun əlilliyə görə əmək pensiyası hüququ yaranmır. İddiaçının əmək kitabçasında qeyd olunan 1993-2006-cı illərə aid əmək stajı Filial tərəfindən yoxlanılarkən təsdiqini tapmadığına görə ona İİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta kapitalı olmadığına görə ərizəni təmin etmək mümkün olmamışdır. Bundan əlavə nümayəndə məhkəməyə apellyasiya şikayətinə əlavəni təqdim edərək qeyd etmişdir ki, İddiaçı 25.01.1993-cü il tarixdən 27.07.2004-cü il tarixədək Neft Kəmərləri İdarəsinin tabeliyində olan Mərkəzi İstehsalat Xidməti Bazasında, 27.07.2004- cü 11 tarixdən 26.02.2014-cü il tarixədək Sabunçu İstehsalat Xidməti Bazasında işlədiyini iddia edir. M.R.X10 İdarəsinin tabeliyində olan Mərkəzi İstehsalat Xidməti Bazasında və Sabunçu İstehsalat Xidməti Bazasında qeyd olunan dövrlərdə işləməsi ilə bağlı (işə daxilolma - işdən azad edilmə əmrləri, əmək haqqı cədvəllərinin əldə olunması üçün) Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə və Sabunçu İstehsalat Xidməti Bazasına müvafiq sorğular verilmişdir. 07.05.2021-ci il tarixli Milli Arxiv İdarəsinin cavab məktubunda Mərkəzi İstehsalat Xidməti Bazasının arxiv sənədlərinin təhvil verilmədiyi qeyd olunmuşdur. "xxxx" ASC-yə ünvanlanmış 06.04.2021-ci il tarixli sorğu isə hələ də cavablandırılmamışdır. Daha sonra Filial tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsinə müvafiq sorğu ünvanlanmışdır. Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsinin 26.04.2021-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, hal-hazırda Sabunçu İstehsalat Xidməti Bazasının fəaliyyəti aktivdir. Lakin iddiaçı məhkəmə iclası zamanı bildirmişdir ki, İddiaçı 26.02.2014-cü il tarixdə Sabunçu İstehsalat Xidməti Bazasında tutduğu vəzifəsindən azad edildikdən sonra qeyd olunan Baza fəaliyyətini dayandırmışdır. Maraqlı məqam isə Sabunçu istehsalat Xidməti Bazasının fəaliyyətinin hal-hazırda aktiv olmasına baxmayaraq, Bazaya məxsus olduğu iddia edilən bütün sənədlərin əslinin iddiaçıda mövcud olmasıdır. Eyni zamanda qeyd etmək lazımdır ki, İddiaçı məxsus ******* nömrəli əmək kitabçası dublikatdır. Qeyd olunan əmək kitabçasının dublikat olaraq sonradan doldurulması, iddiaçının müvafiq müəssisədə işləməsi ilə bağlı sənədlərin yalnız vətəndaşda olması və həmin sənədlərdə möhürün mövcud olmaması, ləğv olunduğu bildirilən Bazanın fəaliyyətinin aktiv olması iddiaçının qeyd olunan dövrlərdə Sabunçu İstehsalat Xidməti Bazasında işləməsi faktına şübhə doğurur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, birinici instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul ediılməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İşin faktiki hallarından görünür ki, İddiaçı Neft Kəmərləri İdarəsinin tabeliyində olan Mərkəzi İstehsalat Xidmət Bazasında 2-ci dərəcəli təsərrüfatçı vəzifəsinə 25 yanvar 1993- cü il tarixdə 04 saylı əmrlə, 01 iyun 1994-cü il tarixdə MİXB-nin mühasibi vəzifəsinə iki aylıq sınaq müddəti ilə işə qəbul olunmuşdur. 01 iyul 1994-cü il tarixdə 8-ci dərəcəli mühasib vəzifəsinə, 01 avqust 1995-ci il tarixdə 9-cu dərəcəli mühasib, 11 iyun 2000-ci il tarixdə 10-cu dərəcəli mühasib vəzifəsinə keçirilmiş, 27 iyul 2004-cü il tarixdə 22 dekabr 2003-cü il tarixli 337 saylı sərəncamına əsasən Neft Kəmərləri İdarəsinin tabeliyində olan Mərkəzi İstehsalat Xidmət X4 Xidməti Bazası ASC yaradılmışdır. Fasilə vermədən 01 sentyabr 2005-ci il tarixdə adı dəyişmiş ASC-nin mühasib-xəzinədar vəzifəsinə keçirilmişdir. 26 fevral 2014- cü il tarixdə işdən azad olunmuşdur. O, 2-ci qrup əlil olması ilə bağlı işlədiyi dövrlər üzrə sığorta stajı hesablanmaqla əmək pensiyası almaq üçün DSMF Bakı şəhəri Sabunçu rayon şöbəsinə müraciət etmiş, cavabdeh tərəfindən müraciəti 1993-2006-cı il illərdə əmək stajı tərəflərindən yoxlanarkən öz təsdiqini tapmadığı əsası ilə təmin edilməmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçıların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğil olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 30.1-ci maddəsinə görə əmək pensiyası şəxsin (ərizəçinin)daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsassən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndində göstərilmişdir ki, 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Birinci instansiya məhkəməsinin mövqeyinə görə İddiaçı qızının əmək kitabçasında göstərilən qeydlər onların həqiqətə uyğun olmadığı (1993-2006-cı illərə aid əmək stajı tərəflərindən yoxlanılarkən öz təsdiqini tapmadığına görə), ona İİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sosial sığorta kapitalı olmadığına görə cavabdeh inzibati orqan DSMF Bakı şəhəri Sabunçu rayon şöbəsi tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunmur. Sözügedən iş stajının yoxlanılmasının nəticə verməməsi həmin illərin sığorta stajına daxil olunmamasına əsas verə bilməz. Həm də nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh DSMF Bakı şəhəri Sabunçu rayon şöbəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, cavabdehin iddiaçıya pensiya təyin etməkdən imtinasının bir əsası ondan ibarətdir ki, iddiaçının əmək kitabçasında əksini tapmış «1993-2006-cı illərə aid əmək stajı yoxlanılarkən öz təsdiqini tapmadığına görə» pensiya təyin etməkdən imtina olunmuşdur. Cavabdeh bu yoxlamanın nəyə əsasən aparıldığını, hansı sənədləri əhatə etdiyini müəyyən etdiyinə dair sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini araşdırması məqsədilə iddiaçının həmin dövrdə işləməsini müəyyən etmək üçün iddiaçının işlədiyi müəssiəyə,müvafiq icra hakimiyyəti orqanlarına sorğular vermişdir. AR İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə ünvanladığı 17.05.2021-ci il tarixli, **********16 saylı məktubuna əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında “İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakıının İdarə olunması və özəlləşdirilməsi Departamentinin 22.12.2003-cü il tarixli, 337 saylı sərəncamdan görünür ki, AR Dövlət Neft Şirkətinin “Magistral neft kəmərləri” İstehsalat Birliyinin tabeliyində olmuş ünvan 2 ünvanında yerləşən Mərkəzi İstehsalat Xidməti Bazasının əsasında "xxxx" açıq səhmdar cəmiyyəti yaradılmışdır. Kommersiya qurumlarının hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlardan görünür ki, "xxxx" açıq səhmdar cəmiyyəti 30.01.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cavabdehin məhkəməyə təqdim etdiyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 26.04.2021-ci il tarixli, **********894300 saylı məktubda "xxxx" açıq səhmdar cəmiyyəti 30.01.2004-cü il tarixdə dövlət qeydiyyatına alındığı və Dövlət Neft Şirkətinin “X14” İstehsalat Birliyinin tabeliyində olmuş Mərkəzi İstehsalat Xidməti Bazasının çevrilməsi nəticəsində yaradıldığı, 15.04.2021-ci il tarixə olan uçot məlumatlarına əsasən "xxxx" ASC-nin fəaliyyəti 08.08.2016-cı il tarixdən 01.10.2019-cu il tarixədək dayandırılması barədə bildirilmişdir. AR Milli Arxiv İdarəsinin məhkəməyə ünvanlandığı 07.05.2021-ci il tarixli, 4/951 saylı məktubunda X14 İdarəsinin Mərkəzi İstehsalat Bazasıının arxiv sənədlərin Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməməsi barədə bildirilmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinə əlavəsində iddiaçıya məxsus əmək kitabçasıının dublikat olması, iddiaçının qeyd olunan dövrlərdə Sabunçu İstehsalat Xidməti Bazasında işləməsi faktına şübhə doğurması dəlilləri əsassızdır. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş ******* əmək kitabçasının dublikatına baxış keçirilmiş və əmək kitabçasının 23.04.2001-ci tarixdə doldurulduğu və X14 İB-nin Mərkəzi İstehsalat Xidməti Bazasının möhürü ilə təsdiq edildiyi müəyyən edilir. Bundan əlavə, əmək kitabçasının dublikatında 1 №-li qeydində MNK İB-nin Mərkəzi İstehsalat Xidməti Bazasına işə qəbul olunana qədər iddiaçının ümumi əmək stajı 09 il 03 ay 17 gün olduğu Əmr 29/k 19.04.2001 qeyd edilmişdir. Əmək kitabçasında 04.08.1983- 08.12.1988-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Məmmədəliyev adına X13 İnstitutunda, 13.12.1988-26.11.1992-ci illərdə 7 №-li doğum evində, 25.01.1993-26.02.2014cü illərdə Neft Kəmərləri İdarəsinin tabeliyində olan Mərkəzi İstehsalat Xidmət Bazasında (27.07.2004-cü il tarixdə 22.12.2003-cü il tarixli 337 saylı sərəncamına əsasən Neft Kəmərləri İdarəsinin tabeliyində olan Mərkəzi İstehsalat Xidmət X4 Xidməti Bazası ASC yaradılmışdır). Kitabçada 26.02.2014-cü il tarixdə tutduğu vəzifədən azad edilməsi qeydinin Sabunçu İstehsalat Xidməti Bazası ASC İH-nin sədri Ə.N.Əhmədov tərəfindən aparıldığı və X5 möhürü ilə təsdiq edildiyi müəyyən edilir. Cavabdehin məhkəməyə təqdim etdiyi Neft Kəmərləri İdarəsinin 26.04.2021-ci il tarixli, SOCAR**********80020123X0004 saylı məktubunda bildirilmişdir ki, İddiaçı MNK İB-nin Mərkəzi İstehsalat Xidməti Bazası üzrə əmək kitabçası olmayan işçiləri iş stajının müəyyən edilməsi ilə əlaqədar yaradılmış işçi komissiyasının 02.04.2001-ci il tarixli protokolunda komissiyanın sədri X8, X9, Alıyeva (hazırda Mahmudova) Arifə Nəbi qızı SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin hal-hazıra işçiləridir. Həmin işçilər hazırda qeyd edilən protokoldakı məlumatların və imzaların həqiqiliyini etiraf edirlər. Eyni zamanda SOCAR-a təqdim edilmiş X14 X3 İstehsalat Xidməti Bazasının 19.04.2001-ci il tarixli, 29/k nömrəli əmrini imzalayan rəis X11 hal-hazırda Neft Kəmərləri İdarəsinin Texniki istismar şöbəsinin rəis müavini vəzifəsində işləyir və əmrdə qeyd edilənləri öz imzasının həqiqiliyinin etiraf edir. Həmçinin məktubda bildirilmişdir ki, Mərkəzi İstehsalat Xidməti Bazası AR İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin 22.12.2003-cü il tarixli, 337 saylı sərəncamına əsasən Neft Kəmərləri İdarəsinin tərkibindən ayrılmış və onun X4 Xidməti X20 Cəmiyyəti yaradılmışdır. Bu səbəbdən bazaya məxsus bütün sənədlər və əmrlər Sabunçu İstehsalat Xidmət Bazası ASC-də qalmışdır. Buna görə də NKİ-nin arxivində işçilər barəsində heç bir sənəd yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək kitabçasının dublikatı və orada göstərilən qeydlər qəbul edilməli, kitabçada əksini tapmış iddiaçının dövlət müəssisəsində işlədiyi 1993-2006-cı illər sosial sığorta stajı kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin bu hissədə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçının stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə görə, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yəni, iddiaçının əmək fəaliyyəti göstərdiyi və fəaliyyəti rəsmiləşdirildiyi dövrdə əmək stajını təsdiq edən əsas hüquqi sənəd - əmək kitabçası olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Konstitusiyanın bu norması, hazırki işin stajla bağlı hissəsinin həllində «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun müddəalarına istinad olunmasına imkan verir. Bundan başqa, hazırda qüvvədə olan pensiya qanunvericiliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün əsas sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi, qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edir. Bu halda əmək kitabçasında əksini tapmış əmək stajını inzibati orqanın qəbul etməməsi qanuna ziddir. Çünki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1 və 19.2-ci maddələrinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, digər tərəfdən isə nəzərə almaq lazımdır ki, yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bundan başqa, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində iddiaçının fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən kapitala malik olmaması ilə bağlı aşağıdakıları qeyd edir. «Əmək pensiyaları haqqında» Qanunun 13.3-cü maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. «Əmək pensiyaları haqqında» Qanunun 27.1-ci maddəsinə əsasən, sığorta olunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1- dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanaların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanılmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır..Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. «Əmək pensiyaları haqqında» Qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Cavabdeh iddiaçının 2006-cı ilin yanvarın 1-dək qazanılmış olduğu pensiya hüquqlarının pensiya kapitalına çevrilməklə onun fərdi hesabında nəzərə almamışdır. Belə ki, cavabdehin məhkəməyə təqdim etdiyi sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışdan görünür ki, Vəliyeva Mehriban Rüstəm qızının (SSN: **********122) 01.01.2011-ci ildən 01.01.2012-ci il tarixədək 1 il sosial sığorta stajı və sığorta hissəsində fərdi şəxsi hesab üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90% və 01.01.2018-ci il tarixinədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 71,73 manat pensiya kapitalı vardır. Qeyd: 1.”Sabunçu İstehsalat Xidməti Bazası” ASC tərəfindən təqdim edilmiş 01.01.2006-cı ildən 01.01.2011-ci ilədək olan illik B3 hesabatında vətəndaş haqqında heç bir məlumat qeyd olunmayıb. 2.”Sabunçu İstehsalat Xidməti Bazası” ASC tərəfindən təqdim edilmiş 01.01.2012-ci ildən 01.03.2014-cü ilədək olan illik B3 hesabatında vətəndaş haqqında heç bir məlumat qeyd olunmayıb. Məhkəməyə təqdim edilmiş 2007,2008,2009,2010-ci illər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlardan görünür ki, İddiaçı məcburi dövlət sosial sığorta haqlarının cəlb olunan gəlirlərin məbləğləri barədə qeydlər olsa da, ödənilmiş sosial sığorta haqları barədə məlumat yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, müəssisənin dövlət sosial sığorta haqlarının hər hansı səbəbdən ödənilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan haldır. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin vəkili və nümayəndəsi C.Əhmədov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.12.2019-cu il tarixli, 2-1(82)-3212/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Aida Hüseyn Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar