Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-495/2022 25.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 qızının, İddiaçı, Cavbadehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı «torpaq sahəsinə dair cizgi aktının verilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5313/2021 saylı, 10 avqust 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı RİH-ə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı 23 fevral 1998-ci il tarixli 218 saylı sərəncama əsasən Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsinin cənub-şərq hissəsi ərazisində fərdi yaşayış evi tikmək üçün ayrılmış 0,06 ha torpaq sahəsinə ayrıc aktı və cizgi sənədi verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı RİH-in üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1998-ci İl tarixdə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması ilə bağlı Bakı şəhəri Suraxanı RİH-ə müraciət etmişdir. Həmin müraciət əsasında Bakı şəhəri Suraxanı RİH-in 23 fevral 1998-ci il tarixli 218 saylı sərəncamına əsasən Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsinin cənub-şərq hissəsi ərazisində ona fərdi yaşayış evi tikmək üçün 0,06 ha torpaq sahəsi ayrılmış və həmin sərəncamla ona göstərilən torpaq sahəsində fərdi yaşayış evi tikilməsi icazə verilmişdir. Həmin sərəncamla eyni zamanda mütəxəssisə sahənin ölçülərinin natura ilə təyin edilməsi və layihə smeta sənədlərinin hazırlanmasına tapşırıq verilmiş və həmin tapşırıq əsasında da sərəncamda nəzərdə tutulan torpaq sahəsi Rüstəmov tərəfindən ölçülərək faktiki olaraq iddiaçının sahibliyinə verilmiş və torpaq sahəsinin hüdudları təyin edilmişdir. Bundan sonra iddiaçı həmin torpaq sahəsində müxtəlif ağaclar əkmiş, həmin torpaq sahəsinin hasarlayaraq ondan faktiki olaraq istifadə edir. Həmin dövrdə torpaq sahəsi ona faktiki olaraq ölçülüb verilsə də, bu barədə heç bir təhvil-təslim aktı verilməmişdir. İddiaçı sonradan bu barədə RİH-ə müraciət edərək ona torpaq sahəsinin ayrıc aktı və cizgi sənədlərinin verilməsi barədə müraciət etsə də, qurum müraciətiətə cavab olaraq, RİH-in sənədlərin 2006-cı il daxil olmaqla Dövlət Arxivinin Bakı filialına təhvil verməsini bildirmişdir. Göründüyü kimi, Bakı şəhəri Suraxanı RİH-in 23 fevral 1998-ci il tarixli 218 saylı sərəncamına əsasən iddiaçıya torpaq sahəsinin ayrılmasına, həmin torpaq sahəsinin faktiki olaraq ona verilməsinə baxmayaraq, həmin torpaq sahəsinin təhvil verilməsi barədə akt tərtib etməkdən RİH bilavasitə imtina etməsə də, torpaq sahəsinin ayrılması səlahiyyətinin ona aid olmamasını əsas gətirərək iddiaçının haqlı tələbindən imtina etmişdir. AR Torpaq Məcəlləsinin 59-cu maddəsinə əsasən yaşayış məntəqələrində bələdiyyələrin ehtiyat fondu torpaqlarından sahələr fərdi yaşayış və bağ evlərinin tikintisi üçün əvəzi ödənilməklə vətəndaşların xüsusi mülkiyyətinə verilir. «Torpaq islahatı haqqında» AR Qanununun 25-ci maddəsinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Bakı şəhəri Suraxanı RİH-in 21 avqust 1993-cü il tarixli 2075 saylı sərəncamına əsasən iddiaçının Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, 1-ci Mədən ərazisində yerləşən 0,06 ha torpaq sahəsinə hüququ yaranmışdır. Sözügedən torpaq sahəsi iddiaçıya Bakı şəhəri Suraxanı RİH tərəfindən ayrıldığından həmin torpaq sahəsinə dair ayrıc aktı və cizgi sənədi də RİH tərəfindən verməlidir. Lakin RİH öz sərəncamında nəzərdə tutulmuş hərəkətləri yerinə yetirməkdən imtina edir. Bu səbəbdən ona verilmiş və artıq 23 ildir istifadəsində olan torpaq sahəsinin dövlət reyestrində xüsusi mülkiyyəti kimi qeydə aldıra bilmir. Bu da onun (iddiaçının) mülkiyyət hüquqlarını pozur. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, Yeni Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində fərdi yaşaylş evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin cizgi aktı həmin dövrdə Bakı şəhəri Suraxanı RİH başçısının 23 fevral 1998-ci il tarixli 218 saylı Sərəncamı ilə birlikdə vətəndaşa təqdim edilmişdir. Qeyd olunanları nəzərə alaraq, Suraxanı RİH-ə qarşı iddia əsassız hesab edilir və iddianın rədd edilməsi məhkəmədən xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5313/2021 saylı, 10 avqust 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri Suraxanı RİH-in 23 fevral 1998-ci il tarixli 218 saylı sərəncamı ilə Yeni Suraxanı qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,06 ha torpaq sahəsinə dair cizginin (plan-sxemin) verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı RİH-in üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti cavabdehin iddiaya qarşı təqdim etdiyi yazılı etiraza uyğun əsaslandırılmış və İddiaçı o cümlədən digər vətəndaşlara Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən həmin dövrdə torpaq sahələri ayrılarkən natura qaydada bölgülər aparıldığı və torpaq sahəsinə dair cizgi (plan-sxem) RlHB-nin sərəncamları ilə birlikdə onun ayrılmaz hissəsi kimi vətəndaşlara təqdim edildiyi qeyd edilmişdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etirraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan Bakı şəhəri Suraxanı RİH başçısının 23 fevral 1998ci il tarixli 218 saylı sərəncamı ilə vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Yeni Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı Suraxanı rayonu İcra Hakimiyyətinə müraciət edərək həmin torpaq sahəsinə dair cizgi aktının verilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı RİH-in İddiaçı ünvanlanmış 1 mart 2021ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri Suraxanı RİH başçısının 23 fevral 1998ci il tarixli 218 saylı sərəncamı ilə Yeni Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinə dair cizgi aktının verilməsinə köməklik göstərilməsi haqqında ərizəyə RİH-də baxılmışdır. RİH-i sənədlərinin 2014-cü il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verildiyini və bu barədə Suraxanı RİH-də heç bir məlumatın olmadığını nəzərə alaraq, müraciətin müsbət həllinin RİH-in imkanı xaricində oldugunu bildirərək imtina edilmişdir. İddiaçı Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59-cu və Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnaməsi”nə istinad edərək 23 ildən çox istifadəsində olan torpaq sahəsinin dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata ala bilməməsini əsas kimi göstərərək həmin torpaq sahəsinə ayrıc aktı və cizgi sənədinin verilməsi vəzifəsinin Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialının 20 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması haqqında Suraxanı rayon İH-nin arxiv fondu üzrə 23.02.1998-ci il tarixli, 218 saylı sərəncamı arxivdə mövcuddur. Məktuba sərəncamın təsdiq edilmiş ksero surəti əlavə edilmişdir. Sərəncama ayrıc aktı və cizgi (plan-sxem) sənədlərinin əlavə edilmədiyi göstərilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edir və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin: - 1-ci bəndinə görə yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir; - 3-cü bəndinə görə yerquruluşu, ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin hazırlanması işlərini də nəzərdə tutur; - 4-cü bəndinə əsasən yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. Həmin Məcəllənin 65-ci maddəsinin - 1-ci bəndinə görə torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir; - 2-ci bəndinə görə torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir; - 3-cü bəndinə görə torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır; - 6-cı bəndinə görə torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir; - 7-ci bəndinə görə torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır; - 8-ci bəndinə görə torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanunvericilik torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş (16 iyun 1999-cu il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə»nin 13-cü bəndinin “q” yarımbəndinə görə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçısının əsas səlahiyyətləri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (06 iyun 2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə görə müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə görə torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının tələbini cavabdehin müvafiq sərəncamına əsasən ona fərdi yaşayış evi tikmək üçün ayrılmış 0,06 ha torpaq sahəsinə ayrıc aktı və cizgi sənədi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması təşkil etdiyindən yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən istər iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılan vaxtda (1998-ci ildə) , istərsə də ondan sonrakı dövrlərdə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında yerquruluşu sxemlərinin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxildir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasının və apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması barədə Bakı şəhəri Suraxanı RİH-in 23 fevral 1998-ci il tarixli sərəncamı mübahisələndirilmədiyindən və hazırda qüvvədə olduğundan, həmin qurum torpaq ayrılan həmin qərarda nəzərdə tutulmuş torpaq sahəsinin cizgisinin verilməsindən imtina etməkdə haqlı olmamış və bu imtina qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Eyni zamanda cavabdeh inzibati orqan apellyasiya şikayətində iddiaçıya torpaq sahəsinə dair cizginin (plan-sxemin) RİHB-nin sərəncamı ilə birlikdə onun ayrılmaz hissəsi kimi təqdim edildiyini göstərsə də, bu əsasla həmin cizginin təkrarən təqdim edilməsindən imtina etməkdə haqlı olmamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5313/2021 saylı, 10 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-495/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-495/2022
25.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver