Məhkəmə qərarları › İş №2-1(103)-495/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-495/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-495/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X18 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə, Üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “prezident təqaüdünün ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7766/2024 saylı, 14 iyun 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2005-ci il təvəllüdlü X14 orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olmaqla qulluğa görə təyin olunmuş prezident təqaüdünün 2023-cü ilin sentyabr ayından 2024-cü ilin fevral ayınadək olan dövr üçün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X15 ilə xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Bu nikahdan xx.xx.2005-ci il təvəllüdlü oğlu X16 doğulmuşdur. Əli uşaqlıqdan birinci qrup əlil doğulmuşdur. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Həkim-ekspert komissiyasında müayinədən keçərkən ona “Çox ağır əqli gerilik, dərin kəmağıllılıq, idiotiya, kobud nitq, davranış və dayaq hərəkəti aparatının pozuntuları ilə. Kənar şəxslərin himayəsinə ehtiyacı var” diaqnozu qoyularaq müddətsiz birinci dərəcəli əlillik təyin olunmuşdur. Əli əmək qabiliyyətsizdir. Əlinin hərəkət qabiliyyəti olmadığına görə o və anası X15 həmişə ona qulluq göstərmişlər. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 643 nömrəli Fərmanına əsasən 2019-cu ilin aprelin birindən “Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə” Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Buna əsasən də anası X15 oğlumuz xx.xx.2005-ci il təvəllüdlü X14 müddətsiz birinci dərəcəli əlillik təyin olunduğu üçün 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxs kimi təyin olunmuşdur və həmin müavinəti 2023-cü ilin avqust ayına kimi almışdır. Əlinin 18 yaşı xx.xx.2023-cü il tarixdə tamam olmuşdur. Onun yetkinlik yaşına çatması ilə əlaqədar olaraq fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə əlaqədar olaraq Bakı şəhər Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(004)-4273/2023 nömrəli qətnaməsinə əsasən xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş X16 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Məhkəmə tərəfindən keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, xx.xx.2005-ci il təvəllüdlü X10 “dərin əqli gerilik uşaq serebral iflici nəticəsində” diaqnozlu psixi xəstəlik olması müəyyən edilmişdir. Göründüyü kimi oğlu Əlinin düçar olduğu xəstəlik heç də onun 18 yaşı tamam olandan sonra ortaya çıxmamışdır. Həmin psixi xəstəlik onda uşaq vaxtından olmuşdur və onun kobud hərəkət məhdudiyyəti olduğuna görə daim kənar şəxsin köməyinə ehtiyacı olmuşdur. Belə köməyi isə ona anası X15 göstərmişdir və hazırda da bu davam edir. Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 4273/2023 nömrəli qətnaməsinə əsasən Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 56 saylı sərəncamı ilə o, yəni İddiaçı övladı xx.xx.2005-ci il təvəllüdlü X14 qəyyum təyin olunmuşdur. Oğlu Əlinin 18 yaşı tamam olandan sonra ona Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 643 nömrəli Fərmanına əsasən təsis edilmiş 2019-cu ilin aprelin birindən “Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə”, yəni anası X7 Azərbaycan Respublikası Prezidentinin təqaüdünün verilməsi dayandırılmışdır. Yalnız oğlu Əli Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-4273/2023 nömrəli qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan hesab ediləndən və Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 56 saylı sərəncamı ilə ona qəyyum təyin olunandan sonra həmin təqaüdün verilməsi bərpa olunmuşdur. Yəni 2023-cü ilin sentyabr ayından 2024-cü ilin fevral ayınadək olan 6 ay müddətinə həmin təqaüd verilməmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Mərkəzi Filialdan göndərilmiş xx.xx.2024-cü il tarixli, 3- 17-1/2-A-46257/2024 nömrəli cavab məktubunda bildirilir: “Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli sərəncamı ilə fəaliyyət qabiliyyəti olmayan X16 üzərində qəyyum təyin edildiyindən həmin tarixdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluğa görə prezident təqaüdü təyin edilmişdir. Ə.Abdurəhmanov üzərində xx.xx.2024-cü il tarixdən qəyyum təyin edildiyindən ərizədə qeyd edilən dövrlər üzrə prezident təqaüdünün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və ya məhkəmə qaydasında şikayət vermək hüququ var.” Göründüyü kimi cavabdeh həmin cavabı verərkən onun övladının uşaqlıqdan serebral iflic xəstəliyinə düçar olmasını və bu səbəbdən də fəaliyyət qabiliyyətinin olmamasını, ona malik olduğu psixi xəstəliyinə görə müddətsiz əlillik təyin olunduğunu nəzərə almamışdır. Eyni zamanda cavabdeh görmək istəmir ki, 81-100 faiz əlil olan övladı Əli Abdurəhmanovun kənar şəxslərin köməyinə ehtiyacı var. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 643 nömrəli Fərmanına qədər ata və anasının daim qayğı və köməyindən yararlanmışdır, həmin Fərmana uyğun olaraq uşaqlıqdan əlil olan şəxs kimi Prezident təqaüdü almağa başlamışdır. Çünki oğlu Əlinin düçar olduğu xəstəlik heç də onun 18 yaşı tamam olandan sonra ortaya çıxmamışdır. Həmin psixi xəstəlik onda uşaq vaxtından olmuşdur və onun kobud hərəkət məhdudiyyəti olduğuna görə daim kənar şəxsin köməyinə ehtiyacı olmuşdur. Belə köməyi isə ona anası X15 göstərmişdir və hazırda da bu köməyi davam edir. Bunlara əsasən cavabdehin 2019-cu ildən 2023-cü ilin sentyabr ayınadək 81-100 faiz əlil olan övladı Əli Abdurəhmanovun kənar şəxslərin köməyinə görə təyin olunmuş Prezident təqaüdünü, 2023-cü ilin sentyabr ayından 2024-cü ilin fevral ayınadək verməməsi qanunsuz və əsassızdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli protokol qərardadı ilə iş üzrə iddia tələbi “oğluna qulluğa görə təyin edilmiş prezident təqaüdünün xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh tərəfindən verilmiş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına əsasən 2019-cu ilin aprelin 1-dən “Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə” Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi Qaydası”na əsasən təqaüd, əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ olmasından, məşğulluq vəziyyətindən asılı olmayaraq, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə verilir. 2019-cu il aprelin 1-dək əmək pensiyası almaq hüququ yaranan, lakin pensiya təyin edilməsi üçün, 2019-cu il aprelin 1dən sonra müraciət edən şəxslərə münasibətdə həmin il aprelin 1-dək əmək pensiyalarının sığorta hissəsinin üzərinə qulluq üçün əlavə ödənilir, aprelin 1- dən sonra isə qulluq üçün sığorta hissəsinə əlavə əvəzinə onlara qulluq edən şəxsə təqaüd verilir. Müraciət müddətindən asılı olmayaraq, təqaüd 2019-cu il aprelin 1 -dən tez olmamaqla, onu almaq hüququ yarandığı gündən təyin edilir. Qaydaların 2.1-ci bəndinə əsasən təqaüd təyin olunması üçün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X2 Sistemi”nin “Sosial ödənişlər altsistemi"ndə tələb olunan məlumatları daxil edərək elektron qaydada və ya Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yaşayış yeri üzrə müvafiq yerli qurumuna (bundan sonra - Qurum), “DOST” mərkəzlərinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 1 nömrəli əlavəyə uyğun kağız üzərində müraciət edir. Müraciətə daxil olduğu gündən 5 (beş) iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir. Qaydaların 2.2.1-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvlərinə münasibətdə şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) ərizəsi və onların qohumluq əlaqəsini təsdiq edən sənədlərin surətləri təqdim olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yasına, yəni on səkkiz yasına çatdıqda tam həcmdə əmələ gəlir, 7 yaşınadək olan yetkinlik yasına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yasından 18 yaşınadək olan yetkinlik yasına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. İstinad olunan Məcəllənin 33.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi Qaydası”nın 2.2.3-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən şəxsə münasibətdə onun fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti təqdim olunmalıdır. Qeyd olunan normalara əsasən bildiririk ki, xx.xx.2023-cü il tarixədək sözügedən təqaüd 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxsə ödənilmişdir. Daha sonra Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli sərəncamı ilə fəaliyyət Qabiliyyəti olmayan X17 üzərində qəyyum təyin edildiyindən ona həmin tarixdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluğa görə Prezident təqaüdü təyin edilmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr aralığında qəyyumluğun təyin edilməsi ilə bağlı hər hansı bir sənəd mövcud olmadığından həmin dövrlə bağlı Prezident təqaüdünün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7766/2024 saylı, 14 iyun 2024-cü il tarixli qərarı ilə (hakim A.Almazova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti yazılı etiraza uyğun əsaslandırılmış və qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixədək sözügedən təqaüd 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxsə ödənilmişdir. Daha sonra Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli sərəncamı ilə fəaliyyət qabiliyyəti olmayan X16 üzərində qəyyum təyin edildiyindən ona həmin tarixdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluğa görə Prezident təqaüdü təyin edilmişdir. Əlavə olaraq bildirirlər ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr aralığında qəyyumluğun təyin edilməsi ilə bağlı hər hansı bir sənəd mövcud olmadığından həmin dövrlə bağlı Prezident təqaüdünün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Daha sonra cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə məhkəməyə təqdim edilmişdir. Apellyasiya şikayətinə əlavədə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 iyul 2019-cu il tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə əsasən, yalnız fəaliyyət qabiliyyəti olan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin ailə üzvlərinin həqiqətən ona qulluq etdiyi barədə ərizəsi özü tərəfindən müvafiq quruma və ya mərkəzə təqdim edilməlidir. Əgər şəxs həmin ərizəni şəxsən təqdim edə bilmirsə, bu zaman ərizə notariat fəaliyyətini həyata keçirən subyektlər tərəfindən təsdiq edilərək təqdim edilməlidir. Ərizənin təqdim edilməsində əsas məsələ həmin ailə üzvünün həqiqətən əlilliyi müəyyən olunmuş şəxsə qulluq etməsinin müəyyən edilməsidir. Qaydanın 2.2.3-cü yarımbəndi isə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə, müraciət etmiş şəxsin əlilliyi olan şəxsin ailə üzvü olub-olmamasından asılı olmayaraq tətbiq edilir. Həmin bəndə uyğun olaraq, qulluq təqaüdünün təyin edilməsi üçün əsas müraciət etmiş şəxsin fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surətidir. Bu fərqləndirmənin hüquqi mahiyyəti həmin şəxslərin öz hərəkətinin əhəmiyyətini başa düşə bilməməsi, özləri üçün mülki hüquqlar və vəzifələr əldə etmək və ya icra etmək qabiliyyətindən məhrum olmalarıdır. Buna görə də onlar üzərində qəyyumluq müəyyən edilir və sözügedən məsələyə münasibətdə qəyyumun həmin şəxsə qulluq etməsi faktı rəsmiləşərək hüquqi nəticə doğurmaq xüsusiyyəti qazanır. Bu qaydada rəsmiləşmə olmadıqda isə müraciət edən şəxsin əlilliyi müəyyən edilmiş şəxsə həqiqətən qulluq etməsi faktını müəyyən etmək mümkün olmur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Bakı Apellyasiya Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli qərardadı ilə X5 adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştiarak edən üçüncü şəxs X1 təqaüdünün yoldaşı İddiaçı ödənilməsinə dair heç bir etirazının olmadığını bildirirək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli 643 nömrəli Fərmanı:

1. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 100 (bir yüz) manat müəyyən olunsun.

5. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi” Qaydası: 1.1. Bu Qayda “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanının 3.1.2-ci yarımbəndinə əsasən hazırlanmışdır və “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün (bundan sonra – təqaüd) ödənilməsi mexanizmini müəyyən edir. 1.2. Təqaüd, əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ olmasından, məşğulluq vəziyyətindən asılı olmayaraq, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə verilir. 1.3. 2019-cu il aprelin 1-dək əmək pensiyası təyin edilmiş şəxslərə münasibətdə təqaüd onların əmək pensiyasının üzərinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hesablanmış qulluq üçün sığorta hissəsinə əlavənin əvəzinə verilir. 1.4. 2019-cu il aprelin 1-dək əmək pensiyası almaq hüququ yaranan, lakin pensiya təyin edilməsi üçün, 2019-cu il aprelin 1-dən sonra müraciət edən şəxslərə münasibətdə həmin il aprelin 1-dək əmək pensiyalarının sığorta hissəsinin üzərinə qulluq üçün əlavə ödənilir, aprelin 1-dən sonra isə qulluq üçün sığorta hissəsinə əlavə əvəzinə onlara qulluq edən şəxsə təqaüd verilir. 1.5. Müraciət müddətindən asılı olmayaraq, təqaüd 2019-cu il aprelin 1-dən tez olmamaqla, onu almaq hüququ yarandığı gündən təyin edilir. 1.6. Bu Qaydanın məqsədləri üçün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvü dedikdə, onun valideynləri (və ya övladlığa götürənlər), babaları, nənələri, əri (arvadı), övladları (o cümlədən övladlığa götürülənlər), onların ərləri (arvadları), bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, bacıları, qardaşları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin ailə üzvü dedikdə isə onların valideynləri (və ya övladlığa götürənlər), babaları, nənələri, əri (arvadı), bacıları, qardaşları, ərinin (arvadının) valideynləri, bacıları və qardaşları nəzərdə tutulur. 2.1. Təqaüd təyin olunması üçün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxs (bundan sonra – Şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) “X2 Sistemi”nin “Sosial ödənişlər altsistemi”ndə tələb olunan məlumatları daxil edərək elektron qaydada və ya Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yaşayış yeri üzrə müvafiq yerli qurumuna (bundan sonra – Qurum), “DOST” mərkəzlərinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə (bundan sonra – Mərkəz) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 1 nömrəli əlavəyə uyğun kağız üzərində müraciət edir. Müraciətə daxil olduğu gündən 5 (beş) iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir. 2.2. Müraciətə aşağıdakı sənədlər əlavə edilir: 2.2.1. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvlərinə münasibətdə Şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun ərizəsi (bundan sonra – Ərizə) və onların qohumluq əlaqəsini təsdiq edən sənədlərin surətləri. Şəxsin həqiqətən ona qulluq etdiyi barədə ərizə Quruma, “DOST” mərkəzlərinə və ya Mərkəzə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin özü tərəfindən təqdim edilmədiyi halda notariat fəaliyyətini həyata keçirən subyektlər tərəfindən təsdiq edilməlidir. ... 2.2.2. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən, ailə üzvü olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 39-cu maddəsinə uyğun olaraq patronajın təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti və Şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) ərizəsi. Şəxsin həqiqətən ona qulluq etdiyi barədə ərizə Quruma, “DOST” mərkəzlərinə və ya Mərkəzə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin özü tərəfindən təqdim edilmədiyi halda notariat fəaliyyətini həyata keçirən subyektlər tərəfindən təsdiq edilir; 2.2.3. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən Şəxsə münasibətdə onun fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti; 2.2.4. 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə onların qohumluq əlaqəsini təsdiq edən sənəd. Təqaüd təyin edilməsi barədə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə onlarla qohumluq əlaqəsi olmayan qəyyumlar (himayəçilər) müraciət etdikdə, müraciətə qəyyumluq (himayəçilik) təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti əlavə edilir. 3.1. Ailədə iki və daha artıq orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxs olduqda, onlara qulluq edən şəxsə təqaüd orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin hər birinə görə ödənilir. 3.2. Bir nəfər orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə qulluğa görə yalnız bir şəxsə təqaüd ödənilir. 3.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 35.4-cü maddəsinə uyğun olaraq qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan və müvafiq sosial xidmət müəssisələrində olan və ya bu müəssisələrə yerləşdirilmiş fiziki şəxslərin qəyyumları və himayəçiləri həmin müəssisələrdir. Qeyd edilən müəssisələrdə yerləşdirilən və tam dövlət təminatında olan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edilməsinə görə təqaüd ödənilmir. 3.4. Təqaüd dövlət büdcəsinin vəsaiti hesabına, ayda bir dəfə nağdsız qaydada ödənilir. 3.5. Aşağıdakı hallarda təqaüdün ödənişi dayandırılır: 3.5.1. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxs, habelə Şəxs vəfat etdikdə və ya yaşayış yerini dəyişdikdə; 3.5.2. Şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə; 3.5.3. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin həmin faiz dərəcəsi dəyişdirildikdə və ya ləğv edildikdə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsin əlilliyinin müddəti bitdikdə və ya ləğv edildikdə; 3.5.4. sağlamlıq imkanları məhdud uşaq 18 yaşına çatdıqda 3.5.5. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və ya əlilliyi müəyyən edilmiş 14-18 yaşınadək uşaq (14 yaşadək uşaqlara münasibətdə qəyyumluq və himayə orqanı) təqaüd alan şəxsin onlara qulluq etmədiyi barədə müraciət etdikdə. 3.6. Təqaüdün ödənişi bu Qaydanın 3.5.1-3.5.4-cü yarımbəndlərində göstərilən hallardan birinin yarandığı gündən, 3.5.5-ci yarımbəndində göstərilən halda isə müraciət edildiyi gündən dayandırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2022-ci il tarixli, 83 nömrəli Qərarına əsasən İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi Qaydası”nın 3.5.4-cü yarımbəndi ləğv edilmişdir.

Apellyasiya şikayətinin dəlillərinə münasibət:

İşin hallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4273/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş X16 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin 56 saylı xx.xx.2024-cü il tarixli sərəncamına əsasən vətəndaş İddiaçı övladı 18 avqust 2005-ci il təvəllüdlü X14 mülkiyyətlərinə hüququ olmadan qəyyum təyin edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X16 xx.xx.2023-cü il tarixdə müayinə edilərək “F73 çox ağır əqli gerilik, dərin kəmağıllılıq, idiotiya, kobud nitq, davranış və dayaq hərəkəti aparatının pozuntuları ilə. Kənar şəxslərin himayəsinə ehtiyacı var – İQ 0” diaqnozu ilə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən 90% orqanizm funksiyalarının pozulması ilə İ dərəcə əlillik təyin edilmişdir. İddiaçıya İddiaçı qulluğa görə qəyyum təyin edildiyi tarixdən-xx.xx.2024-cü il tarixdən AR Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanına əsasən Prezident təqaüdü təyin edilmişdir. Həmçinin işdən görünür ki, iddiaçının arvadı, hazırki işdə üçüncü şəxs X6 18 avqust 2005-ci il təvəllüdlü oğlu X16 18 yaşına çatanadək Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 643 nömrəli Fərmanına əsasən 2019-cu ilin aprelin birindən “Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxs kimi qeyd olunan Prezident təqaüdünü almışdır. X11 18 yaşı xx.xx.2023-cü il tarixdə tamam olmuş, X11 18 yaşı tamam olandan sonra təqaüdün verilməsi dayandırılmışdır. İddiaçı ona qeyd olunan fərmana görə təqaüdün ödənilməyən aylar üzrə, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, müraciətinin təmin edilməsindən imtina edilmişdir Cavabdeh orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi” Qaydalarının 2.2.3-cü maddəsinə istinad edərək İddiaçı münasibətdə prezident təqaüdünü xx.xx.2024cü il tarixdən, yəni onun Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin 56 saylı xx.xx.2024-cü il tarixli sərəncamı ilə xx.xx.2005-ci il təvəllüdlü X16 üzərində xx.xx.2024-cü il tarixdən qəyyum təyin edildiyi tarixdən təyin etmişdir. Cavabdehin imtinasını əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi” Qaydası”nın tətbiqi zamanı hərfi təfsirə yol verilməməli, müvafiq maddələr tənzimləmənin ümumi məqsədi nəzərə alınaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 iyul 2019-cu tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi” Qaydasında prezident təqaüdünün təyin edilməsi üçün meyarlar (4 meyar) müəyyən edilərkən 1) əlilliyi müəyyən edilmiş şəxs və ona qulluq edən şəxs arasındakı münasibətin xarakteri, 2) əlilliyin təyin edilmə vaxtı nəzərə alınmışdır. Digər tərəfdən qeyd olunmalıdır ki, müvafiq Qaydanın 2.2-ci maddəsində qeyd olunan sənədlərin tələb olunmasında məqsəd şəxsin həqiqətən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq etməsini təsdiqləməkdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının oğlu müddətsiz olaraq orqanizmin funksiyalarının 90 faiz pozulması ilə birinci dərəcə əlildir. İddiaçının arvadı, hazırki işdə üçüncü şəxs X4 18 avqust 2005-ci il təvəllüdlü oğlu X16 18 yaşına çatanadək Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 643 nömrəli Fərmanına əsasən 2019-cu ilin aprelin birindən “Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxs kimi təyin olunan Prezident təqaüdü X11 18 yaşının tamam olması ilə əlaqədar dayandırılsa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi” Qaydasının təqaüdün dayandırılması əsaslarından biri kimi müəyyən edilmiş 3.5.4-cü yarımbəndi (Sağlamlıq imkanları məhdud uşaq 18 yaşına çatdıqda) 15 mart 2022-ci il tarixdən ləğv edilmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq X11 18 yaşının tamam olmasına hələ 4 gün qalmış xx.xx.2023-cü il tarixdə əvvəlcə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə iddia ərizəsi ilə müraciət etmiş, iddiası təmin edildikdən və məhkəmənin qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Yasamal Rayon İcra Hakimiyyətinə müraciət edərək xx.xx.2024-cü il tarixli müvafiq sərəncama əsasən oğlunun qəyyumu təyin edilmişdir. İddiaçı qanunvericiliyə uyğun olaraq həm məhkəməyə, həmçinin inzibati orqanlara müraciət edərkən müddət ötürülməmişdir. İddiaçının ərizə ilə məhkəməyə X11 18 yaşının tamam olmasınından daha əvvəl -xx.xx.2023-cü il tarixdən müraciət etməsi məhz həmin tarixdən iddiaçının oğluna qulluq etməsini ehtiva edir. İddiaçının xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü ilə qədər, eyni zamanda həmin tarixdən əvvəl və sonrakı dövrlərdə birinci dərəcə əlil övladına qulluq etməsi işin mübahisəsiz halıdır, iddiaçı əvvəllər olduğu kimi oğluna qulluq etməkdə davam etmişdir, hüquqi vəziyyəti dəyişən yeganə meyar isə X11 18 yaşına çatması ilə əlaqədar artıq sağlamlıq imkanları məhdud şəxs kimi deyil, orqanizmin funksiyaları 81-100 faiz pozulmuş şəxs kimi nəzərə alınmasıdır, belə olan təqdirdə İddiaçı münasibətdə prezident təqaüdünün təyin edilməsi üçün əsas onun oğluna qulluq etməsini təsdiqləyən qəyyumluq orqanının qərarı olmamalıdır (müvafiq Qaydanın 2.2.3-cü maddəsinə əsasən), İddiaçı X11 ailə üzvü olan və ona qulluq edən şəxs kimi (müvafiq Qaydanın 2.2.1-ci maddəsinə əsasən) nəzərə alınmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, həmin Qayda “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanının 3.1.2-ci yarımbəndinə əsasən hazırlanmışdır və “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi mexanizmini müəyyən edir. Qaydaların 2.2.3-cü bəndinə əsasən “məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən Şəxsə münasibətdə onun fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti”nin təqdim edilməsi tələbi şəxsə təqaüdün məhz qəyyumluq və himayəçilik orqanının qərarının qəbul edildiyi tarixdən təyin edilməli olması qənaətinə gəlməyə əsas vermir. Belə ki, təqaüdü almaq hüququ məhz orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə şəxsin qulluq etməsi kimi başa düşülür. Apellyasiya instansiya məhkəməsində icraat zamanı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş X5 iddiaçı ilə nikah münasibətlərində olmalarını, X14 faktiki olaraq həmişə birgə qulluq etmələrini qeyd etmiş, Prezident təqaüdünün xx.xx.2023cü il tarixdən xx.xx.2024-cü il tarixədək əri İddiaçı ödənilməsinə dair heç bir etirazının olmadığını bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinasında, etirazında və apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olmaqla iddiaçının qanunla müəyyən edilmiş hüquqlarının pozulmasına əsas olmuşdur. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verən Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7766/2024 saylı, 14 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7766/2024 saylı, 14 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar