Məhkəmə qərarları › İş №2-1(103)-4950/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4950/2025

22.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4950/2025 22.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmək haqqı ilə birlikdə digər növ 60% vəsaitdən (Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilən 60% vəsaitin) DSMF-yə bütün tələb olan (22%+3%=25%) məcburi dövlət sığorta haqının ödənilməsini nəzərə alaraq əmək pensiyasının yenidən hesablanması üçün məlumat vərəqində digər növ əlavələr qrafasında aldığı 60% məbləğ göstərilməklə cavabdeh tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına yenidən göndərilməsi haqqında qərar qəbul edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4523/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Cavabdehin iddiaçıya ünvanladığı 3-33/2-Ə-002083/1-1/2024 saylı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1207 nömrəli Fərmanı ilə gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizinin Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunması nəzərdə tutulmuşdur.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanununun 1.0.5-ci maddəsinə dəyişiklik edilmiş, qeyd olunan maddədə “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilmişdir. Bu Qanun xx.xx.2019-cu il tarixdə qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalar "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır. Həmin Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3cü və 1.0.4-cü maddələrində nəzərdə tutulmuş şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində təminat xərcliyinin nədən ibarət olması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 2-ci bəndində isə təminat xərcliyinin hesablanma qaydası müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası"nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 170 nömrəli Qərarına əsasən (qüvvəyə mindiyi tarix) xx.xx.2022-ci il tarixdən Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 90.1 -ci maddəsinə əsasən normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir. Qeyd olunanlardan müəyyən edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.5-ci maddəsinə xx.xx.2018-ci il tarixdə edilmiş dəyişiklik xx.xx.2019-cu il tarixdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 437 nömrəli Qərarına edilmiş dəyişikliyinin qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixədək İddiaçı xx.xx.2019-cu il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-ci bəndinə əsasən qeyd olunan Əsasnamənin 27-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatdığına görə gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Göründüyü kimi müraciət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanmış məlumat vərəqəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmişdir.

2. İddiaçı ИT-İ seriyalı ******* saylı əmək kitabçasından görünür ki, xx.xx.2003-cü il tarixində 396Ş nömrəli xx.xx.2003-cü il tarixli əmrə əsasən Xəzər dənizində Azərbaycan Respublikası İqtisadi Mənafelərinin Mühafizəsi İdarəsinin Neftçala dəniz nəzarət postunun böyük inspektoru keçirilmişdir, xx.xx.2015-ci il tarixində 100/508ş nömrəli xx.xx.2015-ci il tarixli əmrə əsasən Xaçmaz Gömrük İdarəsi gömrük hüquqpozmalara qarşı mübarizə şöbəsinin baş inspektoru keçirilmişdir, xx.xx.2017-ci il tarixidə xx.xx.2017- ci il tarixli 100\983ş saylı əmrə əsasən Bakı Baş Gömrük İdarəsi Yol vergiləri şöbəsinin baş inspektoru keçirilmişdir.xx.xx.2018-ci il tarixində xx.xx.2018ci il tarixli 100/1182ş saylı əmrə əsasən Komitənin sərəncamına götürülmüşdür. xx.xx.2018-ci il tarixində xx.xx.2018-ci il tarixli 100/1187ş saylı əmrə əsasən Enerji resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi Beynəlxalq dəniz ticarət limanı gömrük postunun baş inspektorı təyin edilmişdir. xx.xx.2018-ci il tarixində xx.xx.2018ci il tarixli 100/1296ş saylı əmrə əsasən Bakı Baş Gömrük İdarəsi İnzibati İdarəetmənin təşkili şöbəsinin baş inspektoru keçirilmişdir. xx.xx.2022-ci il tarixində xx.xx.2022-ci il tarixli 1000/071ş saylı əmrə əsasən “GOX H” əsasnamənin 120-ci maddəsi birinci hissəsi 2-ci bəndinə əsasən xidmətdə olmanın son yaş həddinə çatdığına görə xidmətinə xitam verilmişdir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Flialı əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********6 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixində yaşa görə 1011.56 manat pensiya məbləği təyin olunmuşdur.

4. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli 1000- 180/0xx-xx/001349 nömrəli məktubundan görünür ki, Dövlət Gömrük Komitəsinin aşağıda adları göstərilən sabiq əməkdaşlarına pensiya təyin edilməsi ilə bağlı tərtib edilmiş məlumat vərəqələrini aidiyyət üzrə baxılması üçün göndərilmişdir.Onların içində 9-cü sırada İddiaçıda adı var.

5. Əmək pensiyası təminatı üçün hərbi qulluqçu haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan 23/2022 nömrəli məlumat vərəqəsindən görünür ki, İddiaçı 1.111,60 manat pul təminatı almışdır.

6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Flialın xx.xx.2025-ci il tarixli 3-17- 1/2- 73524/2025 saylı məktubundan görünür ki, sorğunun İddiaçı fərdi şəxsi hesabında məcburi dövlət sosial sığortasına cəlb olunan gəlir, ona nisbətdə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların təqdim edilməsi ilə bağlı olduğunu bildirmişdir. Sorğuyla əlaqədar Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydə alınmış İddiaçı fərdi şəxsi hesabı ilə bağlı məlumatları (məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, onlara nisbətdə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları) təqdim edilmişdir. Bildirilir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili xx.xx.2006- cı il tarixdən başlamışdır. 4 aprel 2025-ci il 3-17-1/2-73524/2025 Qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının (bundan sonra – Qayda) 4.1.1-ci bəndinə əsasən xx.xx.2006cı il tarixinədək olan dövr üzrə sığorta stajının hesablanası məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qayda ilə təsdiq edilmiş 8 nömrəli Əlavəyə əsasən aparılmışdır.

7. Sığorta olunanın hesab məlumatlarından görünür ki, İddiaçı 2007 yanvar-2022 mart tarixlərində 239304.83 manat gəlir hesablanmış, 59826.25 manat ödənilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “əmək haqqı ilə birlikdə digər növ 60% vəsaitdən (Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilən 60% vəsaitin) DSMF-yə bütün tələb olunan (22%+3%=25%) məcburi dövlət sığorta haqının ödənilməsini nəzərə alaraq əmək pensiyasının yenidən hesablanması üçün məlumat vərəqində digər növ əlavələr qrafasında aldığı 60% məbləğ göstərilməklə cavabdeh tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına yenidən göndərilməsi haqqında qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, DGK tərəfindən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim olunmuş mənə dair məlumat vərəqində işlədiyi illər boyu və aldığı vəzifə ştatına uyğun aylıq məvacibinə əlavə olunan 60% mavacibi ona aid məlumat vərəqində göstərilmədən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1 -ci maddəsinin tələblərinə uyğun hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. DGK məlumat vərəqəsini düzgün tərtib etməyərək mənim konstitusiyon hüquqlarını pozmuşdur. Cavabdeh İnzibatı orqan müraciət ərizəsinə 3-33/2-Ə-002083/1-1/2024 saylı xx.xx.2024 tarixli cavabında, ona xx.xx.2019 ildə qüvvəyə minmiş yeni normativ hüquqi akta qanuna zidd olaraq əsaslanaraq, ərizəsində konkret qoyulan məsəliyə qeyri konstruktiv və standart imtina cavabı ilə onun konstitusiyon və insan hüquqularını pozmuş olur. Belə ki, müraciət ərizəsində o, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə və 149 maddəsinin 7-ci bəndinə, həmçinin “Sosial Siğorta” Haqqında qanununa əsaslanaraq ona aid məlumat vərəqində illər boyu aldığı aylıq məvacibinə olan 60% əlavənin, müvafiq qrafada göstərilməklə DGK tərəfindən DSMF göndərilməsinin xahiş etmişdir. Belə ki, 30 noyabr 2018-ci il № 1362-VQD “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanunun 1.0.5 maddəsində dəyişikliyə əsasən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) sözləri əlavə edildi. Qanun xx.xx.2019-cu ildə qanuni qüvvəyə mindi. Qeyd edilir ki, qanun qüvvəyə mindiyi günə görə qanunla tələb edilən 20 təqvim ilindən artıq ümumi iş stajı olduğu üçün, artıq onun təqaüdə çıxmaq hüququ yaranmışdır, və qeyd edilən qanunda dəyişikliyi DGK tərəfindən ona tətbiq edilməsi nəticəsində onun sosial vəziyyətini pisləşdirən hal kimi qəbul edildi, onun konstitusiyon və sair aidiyyəti hüquqları pozulmuş oldu. Daha sonra “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 170 nömrəli Qərarının 1-ci hissəsində “Vəsaitin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir” dəyişiklik edərək və həmin qərarın 2-ci hissəsinə əsasən “2023 yanvarın 1” sözləri “Bu Qərar 2022-ci il iyulun 1-dən qüvvəyə minir” sözləri ilə əvəz edildi. Bu dəyişikliyə əsasən, əmək pensiyasının yenidən hesablanması üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan ona aid məlumat vərəqində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən (01 Yanvar 2023-cü ilə qədər qüvvədə olan sözləri*(sonrakı artımlar da nəzərə alınmaqla)) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən vəzifə maaşında yenidən hesablama apararaq məlumat vərəqəsinidə düzəliş edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndrilməsi xahiş etmiş, lakin müraciətlərinə baxmayaraq məsələ öz həllini tapmamışdır.

10. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirir ki, iddiaçı xx.xx.2019-cu il tarixli 1000/071Ş nömrəli Komitə sədrinin əmri ilə “Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 2-ci bəndinə əsasən qeyd olunan Əsasnamənin 27 ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatdığına görə gömrük orqanlarında xidmətinə xitam verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1,0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər Ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş ‘Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaları “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır. Qeyd olunan qaydalar “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.3-cü və 1.0.4-cü maddələrində nəzərdə tutulmuş şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Filiala təqdim olunması qaydalarını müəyyən edir.Göründüyü kimi "Əmək pensiyaları haqqında" Qanunun 1,0.5-ci maddəsində təminat xərcliyinin nədən ibarət olması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması" Qaydalarının 2-ci bəndində İSƏ təminat xərcliyinin hesablanma qaydası müəyyən edilmişdir. Azərbaycan Respublikasının 1999-cu il 07 dekabr tarixli 768-İQ №-li Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 93-cü maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin əmək haqqı vəzifə maaşlarından, xüsusi rütbələrə, fasiləsiz xidmət illərinə, elmi dərəcəyə görə əlavələrdən, habelə natural şəkildə verilməyən ərzaq payının dəyərindən və qanunvericilikdə nəzərdə tutulan digər əlavələrdən ibarətdir. Həmin Əsasnamənin 113- cü maddəsinə əsasən gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununu 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır.“Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 9.5.2-ci maddəsinə əsasən hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərin hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydasında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 170 nömrəli Qərarının 2-ci bəndində bu qərarın xx.xx.2022-ci il tarixdən qüvvəyə minməsi qeyd olunmuşdur. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 90.1-ci maddəsinə əsasən normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir. Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qeyd edilənlərdən də göründüyü kimi iddiaçı barəsində Dövlət Gömrük Komitəsi tərəfindən tərtib edilmiş məlumat vərəqəsi ‘Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 17 avqust tarixli 135 nömrəli Qərarına uyğun olaraq hazırlanmış və Filiala təqdim edilmişdir. Beləliklə qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulmasından söhbət gedə bilməz iddiaçının cavabdehə qarşı hazırkı iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən olunmur.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4523/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

12. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

15. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər.Qanunvericliyin tələbləri baxımından məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir;-xx.xx.2018-ci ildə edilmiş və hazırda qüvvədə olan redaksiya (1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir;-xx.xx.2022-ci il tarixli Qanuna əsasən sonrakı artımlar da nəzərə alınmaqla anlayışı çıxarılmışdır) 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla (22 dekabr 2023-cü il tarixli 1074-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilən tarixədək)

18. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydasına əsasən: 1.1. Bu Qayda Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən hazırlanmışdır və gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsaitdən, cərimələrdən və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə tutulan gömrük ödənişlərindən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin (bundan sonra - Komitə) hesabına köçürülən vəsaitlərdən (bundan sonra - vəsait) istifadə qaydasını müəyyən edir. 1.2. “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 28.13.1-ci yarımbəndi nəzərə alınmaqla, vəsaitin qalan hissəsinin 60 faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edilir.-əvvəlki redaksiya 1.3. Vəsaitin 60 (altmış) faizi Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir.-iddiaçı pensiyaya çıxdığı zaman qüvvədə olan redaksiya (1.3. Vəsaitin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir.-xx.xx.2022-ci il tarixli Qərarla edilmiş dəyişiklikdən sonrakı redaksiya) 1.4. Vəsait Azərbaycan Respublikasının mülkiyyəti hesab olunur və Komitənin sərəncamındadır. Vəsaitin sərəncamçısı dəyişdirilə bilməz. 1.5. Vəsaitdən kommersiya fəaliyyətinə sərmayələr qoyulmur və kreditlər verilmir. 1.6. Vəsaitin xərclənməsinə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) nəzarət edir.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3 və 3.1-ci maddələrinə əsasən)

23. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 16-19-cu bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

24. Belə ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 170 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydasında edilmiş dəyişikliyin ona münasibətdə nəzərə alnıraq yeni məlumat vərəqəsinin tərtib olunaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsini tələb edir.

25. İş materiallarından göründüyü kimi iddiaçının gömrük orqanlarında xidmətinə xx.xx.2022-ci il tarixdə xitam verilmiş, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qərarı ilə Dövlət Gömrük Komitəsinin məlumat vərəqəsi əsasında pensiya təyin edilmişdir. Pensiya təyin edilərkən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə uyğun olaraq təminat xərcliyinə büdcədənkənar vəsaiti hesabına hesablanan əlavələr və digər ödənişlər daxil edilməmişdir.

26. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müvafiq sorğu göndərilmiş, sorğuya cavab olaraq bildirmişdir ki, 2019-cu il tarixdə iddiaçının əmək haqqı məbləğinə 30,427.18 manat əlavə hesablanmış, 2,415.80 manat məbləğində isə tutulma, 2020-ci il üzrə əmək haqqı məbləğinə 33,956.33 manat əlavə hesablanmış, 3,579.55 manat məbləğində tutulma, 2021-ci il üzrə isə tarixdə əmək haqqı məbləğinə 36,027.29 manat əlavə hesablanmış, 4,213.69 manat məbləğində isə tutulmalar aparılmışdır.

27. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 170 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydasında müvafiq dəyişiklik edilmişdir. Qeyd edilən dəyişikliklə qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitin müvafiq hissəsinin dövlət büdcəsinə köçürülməsi və həmin vəsaitin tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edildiyi nəzərdə tutulmuşdur. Bu dəyişikliklə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına verilən əlavə təminat xərcliyinə daxil edilmişdir. Qeyd edilən dəyişiklik 1 iyul 2022-ci il tarixdə qüvvəyə minmiş və həmin müddətdən sonra yaranan münasibətlərə şamil edilir.

28. Hazırda iddiaçı xx.xx.2022-ci il tarixli Qərarla edilmiş dəyişikliyin ona da şamil edilməli olduğu qənaətindədir və bunu onun vəziyyətini yaxşılaşdıran hüquqi aktın qüvvəsinin geriyə şamil edilməli olması ilə əsaslandırır.

29. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, iddiaçının istinad etdiyi Qərar 1 iyul 2022ci il tarixdən qüvvəyə minmiş və yalnız qüvvəyə mindikdən sonra yaranan münasibətlərə şamil edilir və geriyə tətbiq edilmir. Qanunda edilmiş dəyişikliyə əsasən Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitin müvafiq hissəsinin dövlət büdcəsinə köçürülməsi və həmin vəsaitin tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edilməsi nəzərə tutulmuşdur. Başqa sözlə desək iddiaçı 01 iyul 2022-ci ildə gömrük orqanlarında işləyərək təzə qaydalara uyğun olaraq əmək haqqı almış olsaydı o halda ona yaşa görə əmək pensiyası təyin edilərkən aldığı yeni əmək haqqının nisbətində əmək pensiyası hesablana bilərdi. Yəni iddiaçıya 01 iyul 2022-ci ildən sonra əmək haqqının və ona edilmiş yeni artımların verilməməsi səbəbindən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndini tətbiq edilməsi mümkün deyil.

30. Odur ki, həmin tarixədək ödənilən əmək haqqına əlavənin mənbəyi “büdcədənkənar” hesab edilmiş, qeyd edilən tarixdən sonra isə müvafiq ödənişlər dövlət büdcəsinə köçürüldüyündən “dövlət büdcəsi” vəsaiti hesabına aparılan ödəmələr hesab edilir.

31. İddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gömrük orqanlarında xidmətinə xitam verilmiş və pensiya hüququ yaranmış şəxslərə pensiya təyin edilərkən onların aylıq vəzifə maaşlarına verilən əlavələr təminat xərcliyinə daxil edilmir və əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən nəzərə alınmır.

32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

33. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

34. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4523/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4523/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar