Məhkəmə qərarları › İş №2-1(103)-4954/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4954/2025

14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4954/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, X1 və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon İdarəsi) “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8625/2025 nömrəli, 25 sentyabr 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon İdarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Agentliyin yekun tibbi müayinə barədə qərarının ləğv edilməsi və iddiaçının dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməsi barədə müayinə qərarının qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) 2-1(112)-8625/2025 nömrəli, 25 sentyabr 2025-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı barəsində qəbul etdiyi yekun tibbi müayinə barədə qərarının ləğv edilməsi, iddiaçının hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi məsələsinə baxılması ilə əlaqədar məhkəmənin yuxarıda göstərilən hüquqi mövqeyi nəzərə alınmaqla yeni qərar qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Hazırda cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsini tərəflərin dinlənilmə hüququnu təmin etməklə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, icraatın bütün iştirakçıları kimi cavabdehə münasibətdə də şikayət verə bilmək hüququnun yaranması üçün həlledici şərt mövcud olmalıdır - qəbul edilmiş məhkəmə qərarı ilə cavabdehin tələblərinin təmin olunmaması halı baş verməlidir. Bu zaman, dəqiqləşdirilməli olan məqam ondan ibarət olmalıdır ki, məhz hansı hallarda qəbul edilmiş məhkəmə qərarları cavabdehlərə münasibətdə onların “tələblərinin təmin olunmaması” vəziyyətini yaratmış olur. «İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 01/2022 nömrəli qərardadında qeyd edilmişdir ki, “...İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin normada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. Buraya bir qayda olaraq, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsi, məhkəmə tanınması, üzərinə hər hansı öhdəliyin qoyulması və s., üçüncü şəxslərin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması, habelə, məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran prosessual pozuntularla qəbul edilməsi aid edilməlidir.” Birinci instansiya məhkəməsi qərarda qeyd edir ki, “Nəzərə alınmalıdır ki, şəxsin yararlılıq kateqoriyasının müəyyən edilməsi baxımından aparılmalı olan tibbi araşdırma məhkəmə baxışı çərçivəsində həyata keçirilə bilməz. Əsasnamənin tələblərindən də göründüyü kimi kifayət qədər kompleks tibbi müayinələrin aparılması, yanaşı xəstəliklər aşkar edilərsə də, bununla bağlı hansı tədbirlərin görülməli olması, instrumental tibbi müayinəsi həyata keçirilməsi, laborator və əlavə diaqnostik müayinələrə zərurətin olubolmaması və bu kimi tibbi yoxlamalar keçirilməklə, aidiyyəti tibb müəssisələrdən zərurət olduğu halda rəy və digər aidiyyəti sənədlər alınmaqla inzibati icraatın aparılması zərurəti mövcuddur ki, həmin tədbirlər məhkəmə icraatı çərçivəsində həyata keçirilmək xüsusiyyətinə malik deyildir və xüsusi tibbi bilik tələb edir. Odur ki, cavabdehin yararlılıq barədə yekun tibbi müayinə barədə qərarı ləğv edilməklə bərabər, ekspert rəyində göstərilən xüsusatlar, həmin rəy çərçivəsində aparılmış tibbi müayinələr, eləcə də iddiaçı barəsində əvvəl aparılmış tibbi yoxlamalar nəzərə alınmaqla, eləcə də yeni tibbi yoxlamalar həyata keçirilməklə təkrarən iddiaçının yararlılıq kateqoriyası üzrə inzibati icraat aparılmalı və yekun tibbi müayinə barədə qərar qəbul edilməlidir.”. Göründüyü kimi, hazırkı mübahisə birinci instansiyası məhkəməsi tərəfindən mahiyyəti üzrə həll edilməmiş, inzibati məhkəmə icraatı iştirakçılarının, o cümlədən cavabdeh inzibati orqanın əleyhinə və ya ziyanına hər hansı məhkəmə qərarı qəbul olunmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məzmunda qərar qəbul edilməsi inzibati məhkəmə icraatı iştirakçılarının, o cümlədən hazırkı mübahisəyə münasibətdə cavabdehin ziyanına şərh oluna bilməz. Odur ki, cavabdehin birinci instansiyası məhkəməsinin hazırkı qərarından apellyasiya şikayəti vermək hüququ da istisna edilir. Bu baxımdan, barəsində şikayət verilən məhkəmə aktından cavabdehin “məzmunca ziyan çəkməsi” halı müəyyən olunmadığından, birinci instansiyası məhkəməsinin qərarından apellyasiya şikayəti vermək üçün İPM-in 81.2-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərti (mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər) ödənilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qərardan verdiyi apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Məhkəmə kollegiyasının yuxarıda nəzərdə tutulan nəticəyə gəlməsi analoji işlər üzrə Azərabaycan Respublikasının Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsindən irəli gəlir. Belə ki, Azərabaycan Respublikasının Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)- 1108/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərardadının qəbul edilməsilə nəticələnən işin mahiyyətindən müəyyən olur ki, cavabdehin “məzmunca ziyan çəkməsi” halı müəyyən olunmadığından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlbolunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 81, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8625/2025 nömrəli, 25 sentyabr 2025-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar