Məhkəmə qərarları › İş №2-1(103)-496/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-496/2022

25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-496/2022 25.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlundan və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı (xx.xx.1969-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2-1(112)-5758/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 14 aprel 2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 19.06.2006-cı il tarixindən təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 19.06.2006-cı il tarixli, 1415 ş/hı nömrəli əmrinə əsasən öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur. Ona 28.02.2014-cü il tarixdən əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. 03 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə müraciət etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 23 yanvar 2020-ci il tarixli, 23 nömrəli məlumat vərəqəsinə əsasən ona yaşa görə 525.98 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Bildirir ki, o daxili işlər orqanlarında xidmətdən xaric olunduğu 19.06.2006-cı il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən xidməti illəri 22 il 01 ay 27 gün təşkil edir. O güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 19.06.2006-cı il tarixdən hesablanaraq ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına yazılı şəkildə müraciət etmişdir. Qeyd olunan idarə tərəfindən ona ünvanlanmış 05 mart 2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, yaşa görə əmək pensiyası ilə əlilliyə görə əmək pensiyasının məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi nəzərdə tutulmadığından idarənin ona ödənilməli hər hansı borc məbləği yoxdur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Qanunun 31.1-ci maddəsinə 01 iyul 2017-ci il tarixinədək qüvvədə olan məzmununa əsasən "əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər." İddiaçı hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ daxili işlər orqanlarından xaric olunduğu 19.06.2006-cı il tarixdən yarandığı üçün ona pensiya həmin tarixdən təyin edilməli və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq birdəfəlik ödənilməlidir. Bakı İnzibati Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2-1(112)-5758/2021 nömrəli qərarı ilə (hakim F.Mədətli) iddia rədd edilmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2-1(112)-5758/2021 nömrəli qərarının ləğv edilərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İşə baxan birinci instansiya məhkəməsi isə öz qərarında ümumiyyətlə onun iddia ərizəsində göstərdiyi hallara qiymət verməmiş, qərarın əsaslandırma hissəsində tamamilə başqa şəxs tərəfindən verilmiş mahiyyətcə başqa iddia tələbinin dəlillərinə münasibət bildirməklə X1 tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, mübahisələndirilən qərarın əsaslandırma hissəsi bütövlükdə başqa şəxs tərəfindən verilmiş "təyin olunmuş əmək pensiyasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi üzrə verilmiş 05.06.2014-cü il tarixli 0456-001-14 nömrəli əmrə əsasən istintaq, təhqiqat və kriminalistik tədqiqatlar qurumlarında xidmət edən xüsusi rütbəsi olan əməkdaşların vəzifə maaşlarına edilmiş əlavələr nəzərə alınmaqla yenidən hesablanması və yaranmış fərqin 01 iyun 2014-cü il tarixdən ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə" iddia tələbinin rədd edilməsinin əsaslandırılmasına həsr olunmuşdur. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflərin nümayəndələri sonuncu məhkəmə iclasına gəlməmişlər, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və qərarın ləğv edilməsini xahiş etmişlər. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndələri X3 və X2 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə iddiaçının apellyasiya şikayətinin dəlili ilə razılaşaraq hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi qərarının əsaslandırma hissəsində tamamilə başqa şəxs tərəfindən verilmiş mahiyyətcə başqa iddia tələbinin dəlillərinə münasibət bildirməklə iddiaçının tələbinin əsası kimi hazırkı işlə əlaqəsi olmayan işin mətnini qeyd etdiyindən iddiaçının bu dəlili əsaslıdır. Belə ki, Bakı İnzibati Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2-1(112)-5758/2021 nömrəli qərarının təsviri və əsaslandırma hissələrində - məhkəmə qərarının 4,5,6,7,8,9,10cu səhifələrində tamamilə başqa məhkəmə işinin halları sadalanaraq, həmin iş üzrə hüquqi əsaslandırma aparılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında qeyd edilən qərarda yol verilmiş yanlışlığın aradan qaldırılması barədə məhkəmə qərardadı mövcud deyildir. Azərbaycan Respublikası İPM-nin 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2- 1(112)-5758/2021 nömrəli qərarı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87,90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2-1(112)-5758/2021 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 19.06.2006-cı il tarixindən təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar