Məhkəmə qərarları › İş №2-1(103)-497/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-497/2020

03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-497/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Cavabdehin nümayəndəsi və vəkili X4 (“Əkrəm Həsənov və Partnyorları” Vəkil Bürosu) iştirakı ilə, İddiaçı (xx.xx.1960-cı il tarixdə Qazax rayonunda anadan olmuş, ünvan 1 m. 17 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəzi filialı) qarşı əmək pensiyasının təyin edilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4448/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı ildə doğulmuşdur. O, xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmiş, hərbi xidməti başa vurduqdan sonra xx.xx.1980-ci ildən 11,04.1988-ci ilə qədər «Neft Daşları» NQÇİ-nin X2 Buxar-turbin elektrik stansiyasının avadanlığın təmiri üzrə çilingər vəzifəsində, xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilə qədər Qazanxana və turbin sexinin buxarturbin avadanlığının təmiri üzrə çilingər, xx.xx.1988- ci ildən xx.xx.1992-ci ilə qədər X2 Qazanxana və turbin sexində Buxar-qazturbin avadanlığının təmiri üzrə çilingər vəzifəsində işləmiş, xx.xx.1992-ci ildən hazırkı vaxta qədər isə “Neft Daşları” NQÇİ-nin X2 Qaz-turbin sahəsində avadanlıqların istismarı və təmiri üzrə böyük mühəndis vəzifəsində işləyir. xx.xx.2006-cı il tarixə qədər hərbi xidmət müddəti də daxil olmaqla 27 il 3 ay 3 gün ümumi iş stajı, 25 il 2 ay 9 gün zərərli iş stajını tamamlamışdır. Nəhayət 57 yaşı tamam olan tarixdən yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin DSMF-nin X6 İdarəsi xx.xx.2019-cu il tarixli **********6 №-li imtina məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtinanın səbəbi kimi qeyd olunmuşdur ki, güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Bəli, həqiqətən də hazırda qüvvədə olan Qaydalara əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. Lakin, inzibati orqan ona münasibətdə bir nüansı nəzərindən qaçırır. Belə ki, işlədiyi «buxarturbin (qaz-turbin) avadanlığının təmiri üzrə çilingər» vəzifəsi AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahısının 24-cü Bölməsinin «a» bəndinə əsasən «buxar-turbin (qaz-turbin) avadanlığının təmiri üzrə çilingər» peşəsrinə uyğundur. Eyni zamanda, işlədiyi «mühəndis» vəzifəsi rəhbərlər və mütəxəssislər bölməsinin «ustalar» peşəsinə uyğunlaşdırılmalıdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiya təyinatı zamanı fərdi hesabın sığorta hissəsi üçün ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin nəzərə alınması və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə protokol qaydasında icraata qəbul edilmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etmişdir.Etirazda iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4448/2019 nömrəli qərarı ilə (hakim T.Əsədova) iddia təmin edilmiş, İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2017- ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiya təyinatı zamanı fərdi hesabın sığorta hissəsi üçün ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin nəzərə alınması və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsinə həvalə edilmişdir. xx.xx.2019-cu il tarixdə cavabdeh apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4448/2019 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci ilə qədərki redaksiyasına uyğun olaraq, 57 yaşdan pensiya təyin oluna bilməsi üçün iddiaçının həmin tarixədək həm 57 yaşı tamam olmalı, həm azı 25 il ümumi iş stajına malik olmalı, həm də o stajın azı 12 il 6 ayını zərərli iş şəraitində işləmiş olmalıdır. İddiaçı isə tələb edilən güzəştli iş stajına malik deyil. “İddiaçının 11 il 2 ay 22 gün güzəştli iş stajının mövcud olmasına dair işəgötürən tərəfindən müvafiq arayış tərtib olunmuş və həmin dövrlər işin mübahisələndirilməyən halıdır”. Həmin dövrləri məhkəmə mübahisəsiz qaydada güzəştli iş stajı kimi qəbul etmiş, bu istiqamətdə heç bir araşdırma aparmamışdır. Halbuki, araşdırılsa müəyyən olunardı ki, iddiaçının xx.xx.1980-xx.xx.1988, xx.xx.1988-xx.xx.1988 və xx.xx.1988-xx.xx.1992-ci illərdə işlədiyi işlər Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq siyahılarda nəzərdə tutulmamışdır. İş xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimi Kəmalə Abiyevanın icraatına daxil olmuşdur. xx.xx.2020-ci il tarixdə hazırkı inzibati iş hakim Kəmalə Abiyevanın Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinə hakim təyin olunması ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimi Elmira Nağıyevanın icraatına verilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. İddiaçının xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində məhkəmə prosesinin təyin edildiyi xx.xx.2020-ci il tarixdə rayonda olması həmçinin vəkillə müqavilə bağlayacağını bildirərək, xx.xx.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasının başqa tarixə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ərizəsində vəkillə müqavilə bağlayacağını bildirsə də, müqavilənin bağlanmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, cavabdehin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarına əsasən İddiaçı xx.xx.1960-cı ildə doğulmuşdur. İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir (AO seriyalı ******* №-li Hərbi Bilet). İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1988-ci ilə qədər «Neft Daşları» NQÇİ-nin X2 Buxar-turbin elektrik stansiyasının avadanlığın təmiri üzrə çilingər vəzifəsində, xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilə qədər Qazanxana və turbin sexinin buxarturbin avadanlığının təmiri üzrə çilingər, xx.xx.1988-ci ildən xx.xx.1992-ci ilə qədər X2 Qazanxana və turbin sexində Buxar-qazturbin avadanlığının təmiri üzrə çilingər vəzifəsində işləmiş, xx.xx.1992-ci ildən xx.xx.2017-ci ilədək mühəndis vəzifəsində, xx.xx.2017-ci ildən hazırkı vaxta qədər isə «Neft Daşları» NQÇİ-nin X2 Qaz-turbin sahəsində Avadanlıqların istismarı və təmiri üzrə böyük mühəndis vəzifəsində işləyir (əmək kitabçası). İddiaçı işlədiyi «buxar-turbin (qaz-turbin) avadanlığının təmiri üzrə çilingər» vəzifəsi AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahısının 24-cü Bölməsinin «a» bəndinə əsasən «buxar-turbin (qazturbin) avadanlığının təmiri üzrə çilingər» peşəsinə uyğundur və onun həmin peşələr üzrə 11 il 2 ay 22 gün güzəştli şərtlərlə iş stajı mövcuddur (Neft Daşları NQÇİ-nin PUŞ-02/26 №-li xx.xx.2019-cu il tarixli Arayışı). Məhkəməyə müraciət etməmişdən öncə iddiaçı hazırkı tələbi ilə cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir (xx.xx.2019-cu il tarixli imtina məktubu). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iş materiallarında olan İT № ******* seriya və nömrəli əmək kitabçasında (surəti) NZ seriyalı 366684 №-li Hərbi Biletə əsasən iddiaçının xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçməsi qeyd edilmiş, iş materiallarına əlavə edilmiş AO seriyalı ******* №-li Hərbi Biletin təsdiq edilmiş surətinə əsasən Vİİ. Xüsusi qeydlər hissəsində AO-0553191 saylı hərbi biletin dublikatının 05.1978-ci il tarixdə Yasamal RHK tərəfindən verilmiş NZ-3665384 saylı hərbi biletin əvəzinə verildiyi göstərilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağdakıları qeyd edir : xx.xx.2017-ci il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Qanunun 9.8-ci maddəsinin müddəalarına əsasən hazırkı iş üzrə xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu tətbiq edilməlidir. Belə ki, xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iddiaçının xx.xx.2006-cı ilə qədər təhsil və hərbi xidmət dövrü də daxil olmaqla 27 il 3 ay 5 gün ümumi və 25 il 2 ay 8 gün güzəştli iş stajı mövcuddur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır. Belə ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddiaçının xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilə qədər işlədiyi «Neft Daşları» NQÇİnin X2 Qaz-turbin sahəsində Avadanlıqların istismarı və təmiri üzrə böyük mühəndis vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahısının 24-cü Bölməsinin «b» bəndində nəzərdə tutulmuş avadanlıqların yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbin), yanacaqötürmə, tozhazırlama) peşəsinə uyğunlaşdırılmasını qeyd etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun xx.xx.1992-ci ildən xx.xx.2017-ci ilədək mühəndis vəzifəsi, xx.xx.2017-ci ildən hazırkı vaxta qədər işlədiyi «Neft Daşları» NQÇİ-nin X2 Qaz-turbin sahəsində Avadanlıqların istismarı və təmiri üzrə böyük mühəndis peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahısında, nə də ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiqlənmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nda nəzərdə tutulmamışdır. Birinci intansiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahısının 24-cü Bölməsinin «b» bəndində isə avadanlıqların yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbin), yanacaqötürmə, tozhazırlama) peşələri nəzərdə tutulmuş, iddiaçının işlədiyi Qaz-turbin sahəsində Avadanlıqların istismarı və təmiri üzrə mühəndis və böyük mühəndis peşələri həmin bənddə göstərilməmişdir. İş materiallarında olan iddiaçıya məxsus İT-İ № ******* seriya və nömrəli əmək kitabçasının təsdiq edilmiş surətinə əsasən əmək kitabçasının 1-ci qrafasında olan xx.xx.1987-ci il tarixli, 186 №-li əmrin və 4-cü qrafada olan xx.xx.1986-cı il tarixli, 601 №-li əmrin etibarsız olduğu qeyd edilmişdir. Bununla əlaqədar olaraq, işin apellyasiya icraatı zamanı məhkəmə tərəfindən xx.xx.2020-ci il tarixdə SOCAR “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və qazçıxarma idarəsinə sorğu ünvanlanaraq, işin obyektiv həlli məqsədilə, iş materiallarında olan SOCAR “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və qazçıxarma idarəsinin xx.xx.2019-cu il tarixli, PUŞ-02/26 nömrəli arayışının (arayış baş mühəndis A.Rüstəmov, Baş mühasib-şöbə rəisi X.Baxşıyev və PUŞ-nin rəiş müavini Ç.Kərimov tərəfindən imzalanmışdır) surətinə əsasən İddiaçı münasibətdə olan (1980-1992-ci ilədək) bütün əmrlərin təsdiq olunmuş surətlərini, əmrlərin verilməsinə əsas olan sənədlərin surətlərini, o cümlədən xx.xx.1987-ci il tarixli, 77 nömrəli əmrin ona münasibətdə təsdiq olunmuş surətlərini, ümumiyyətlə, sorğuda əks olunmayan, lakin işlə bağlı olan bütün sənədlərin və məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. xx.xx.2020-ci il tarixdə sorğuya cavab olaraq, SOCAR “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və qazçıxarma idarəsinin cavab məktubunda “işçi İddiaçı NQÇİ-dəki əmək fəaliyyətinə dair Əmək kitabçasında 3 №-li qeydiyyatda göstərilmiş xx.xx.1986-cı il tarixli 05 saylı xx.xx.1987-ci il tarixli əmrin NQÇİ-nin arxiv fondunda tapılmadığı qeyd edilmiş, əmək kitabçasında qeyd edilmiş digər əmr və onların əsaslarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı on iki il altı ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilə qədər işlədiyi “Neft Daşları” NQÇİ-nin X2 Qaz-turbin sahəsində avadanlıqların istismarı və təmiri üzrə mühəndis və 2017-ci ildən sonra isə böyük mühəndis vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiqlənmiş Siyahısında nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddiaçı iddia ərizəsində qeyd kimi – hazırda “Neft Daşları” NQÇİ-də açıq dənizdə işlədiyinə görə məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, odur ki, hazırkı mübahisəyə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, mübahisə ilə bağlı onda mövcud olan sənədlərin əsli və ya notarial qayada təsdiq olunmuş surətlərinin iddia ərizəsinə əlavə edildiyini göstərsə də, nə iddia ərizəsinə, nə də iş materiallarına hər hansı sənədlərin əsli və ya notarial qaydada təsdiq edilmiş surəti əlavə edilməmişdir. Bu səbəbdən işin apellyasiya icraatı zamanı iddiaçıya bildiriş ünvanlanaraq, iddia ərizəsinə əlavə etdiyi sənədlərin notarial qaydada təsdiq olunmuş variantlarını və ya əsillərini məhkəməyə təqdim edilməsi təklif edilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı məhkəməyə ərizə ünvanlayaraq, ona məxsus əmək kitabçasının iş yerindən təsdiq edilmiş surətini və hərbi biletinin notarial qaydada təsdiq edilmiş surətlərini təqdim etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili olan iddiaçının xx.xx.1980-xx.xx.1988, xx.xx.1988-xx.xx.1988 və xx.xx.1988-xx.xx.1992-ci illərdə işlədiyi işlər Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq siyahılarda nəzərdə tutulmaması ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, xx.xx.1980-ci ildən xx.xx.1988-ci ilə qədər «Neft Daşları» NQÇİ-nin X2 Buxar-turbin elektrik stansiyasının avadanlığın təmiri üzrə çilingər vəzifəsində, xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilə qədər Qazanxana və turbin sexinin buxar-turbin avadanlığının təmiri üzrə çilingər, xx.xx.1988-ci ildən xx.xx.1992-ci ilə qədər X2 Qazanxana və turbin sexində Buxar-qazturbin avadanlığının təmiri üzrə çilingər vəzifəsində işləmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının yuxarıda qeyd edilən peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 24-cü Bölməsinin «a» bəndinə əsasən «buxar-turbin (qazturbin) avadanlığının təmiri üzrə çilingər» peşəsinə uyğundur. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddiaçının təhsil müddəti ilə bağlı iş materiallarına hər hansı sənəd əlavə edilməmişdir. Yalnız iş materiallarına əlavə edilmiş, iddiaçıya məxsus AO seriyalı ******* №-li Hərbi Biletin təsdiq edilmiş surətində 10 sinif və 8 saylı (tam oxunmur) bitirdiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş ümumi iş stajına malik olsa da, iddiaçının güzəştli iş stajının mövcud olması iş materialları müəyyən edilmir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4448/2019 nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəzi filialının apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4448/2019 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəzi filialına qarşı ona 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiya təyinatı zamanı fərdi hesabın sığorta hissəsi üçün ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin nəzərə alınması və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar