Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-497/2023 15.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2- 1(112)-144/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli 1000/1289Ş nömrəli əmrinin ləğv olunması, İddiaçı Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarət Limanı” postunun inspektoru vəzifəsinə və ya həmin vakant vəzifəyə uyğun işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və həmin müddətin iş stajına hesablanması tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 20 fevral 2013-cü il tarixindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə (sonuncu - orta rəis heyəti, gömrük xidməti baş leytenantı, inspektor vəzifəsində) xidmət etmişdir. Gömrük orqanlarında xidmətdə olduğu dövrdə xidməti vəzifəsini yerinə yetirərkən heç bir neqativ hallara yol verməmiş, rəhbərlik tərəfindən barəsində heç vaxt heç bir intizam tənbeh tədbiri tətbiq edilməmişdir. 24 iyul 2019-cu il tarixdə sərəncama verilmişdir. Buna səbəb kimi isə müəyyən müddət sonra başqa bir vəzifəyə keçiriləcəyi bildirilmişdir. Verilmiş vədə baxmayaraq, sərəncamda olduğu müddət ərzində ona heç bir iş təklif olunmamış, əksinə 3 ayın tamamında Dövlət Gömrük Komitəsinin sədri tərəfindən xidmətə xitam barədə xx.xx.2019-cu il tarixli 1000/1289Ş nömrəli əmr imzalanmışdır. Həmin əmrə əsasən “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 4-cü bəndinə (təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə) uyğun olaraq işdən azad olunduğu qeyd olunub. Halbuki, sərəncama verildiyi gündən işdən azad olunanadək gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi mümkün olduğu halda, ona bu barədə təklif verilməmiş, nə də o, həmin təklifdən imtina etməmişdir. Onun haqsız işdən azad olunması ilə bağlı şikayətinə və işə bərpa olunması ilə bağlı Dövlət Gömrük Komitəsinin rəhbərliyinə etdiyi şifahi müraciətlərinə baxılmamışdır. İşə bərpa olunmasını məhkəmədən kənar həlli mümkün olmadığından məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətindədir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-525/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı iddia tələbi təmin edilməmişdir. (hakim M.Qarayeva) Qərardan iddiaçının verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-1286/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-525/2020 saylı xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi, işin məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2025/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayətinin təmin edilməməsi Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1286/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş məhkəməyə qaytarıldıqdan sonra xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli 1000/1289Ş nömrəli əmrinin ləğv olunması, İddiaçı Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarət Limanı” postunun inspektoru vəzifəsinə işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və həmin müddətin iş stajına hesablanması” kimi oxunması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2-1(112)-144/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: E.Əliyev) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının iddiasındakı ilk tələbi “əvvəlki iş yerinə bərpa edilmə” ilə bağlıdır ki, bununla əlaqədar məhkəmə orqanlarında mübahisələndirilən inzibati aktın qanuniliyi Bakı inzibati Məhkəməsində məhkəmə tərəfindən formal-hüquqi baxımdan yoxlanılarkən həmin aktda “İnzibati icraat haqqında” Qanunun 58-ci (inzibati akta dair ümumi tələblər) və 61-ci (inzibati aktın əsaslandırılması) maddələrinin icraatla bağlı tələblərinə əməl olunduğu müəyyən olunmuşdur. Eyni zamanda mübahisələndirilən əmr maddi-hüquqi baxımdan da qanunidir, çünki qəbul edildiyi vaxt qüvvədə olan hüquq normalarının, o cümlədən Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin müddəalarının tələbləri Dövlət Gömrük Komitəsi tərəfindən gözlənilmişdir. İş materiallarında öz əksini tapan və Komitə tərəfindən məhkəməyə sübut qismində təqdim olunan sənədlərdən, eyni zamanda eyni məzmunlu sorğular əsasında dəfələrlə təqdim edilmiş məlumatlardan da göründüyü kimi Dövlət Gömrük Komitəsinin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, fəaliyyətinin təşkili və Komitə sədrinin səlahiyyətləri Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə” ilə müəyyən edilmişdir. Belə ki, həmin Əsasnamənin 5.6.6-cı yarımbəndinə əsasən Komitə sədri müəyyən edilmiş qaydada Komitənin aparatının işçilərini, gömrük orqanlarının və tabeliyində olan digər qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, həmçinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir. Həmin Əsasnamənin 5.6.7-ci yarımbəndinə əsasən Komitə sədri vəzifəli şəxslərin vəzifəyə təyin və vəzifədən azad etmə ilə bağlı səlahiyyətlərini müəyyən edir, kadr nomenklaturasını təsdiq edir və qanunvericiliklə müəyyən olunmuş qaydada işçilərin attestasiyasının keçirilməsini təşkil edir. Eyni zamanda Komitə tərəfindən istər məhkəməyə təqdim edilən etirazlarda, istərsə də məhkəmə tərəfindən verilmiş sorğulara əsasən təqdim edilmiş cavablarda Komitə üzrə təşkilati-ştat tədbirlərinin həyata keçirilməsinin əmrləşdirilməsi (sərəncam, qərar) yuxarıda qeyd olunan Əsasnamədə nəzərdə tutulmadığından bununla əlaqədar Komitə tərəfindən hər hansı bir əmrin (sərəncamın, qərarın) qəbul edilmədiyi, eyni zamanda Azərbaycan Respublikasının 1999cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsində nəzərdə tutulmuş təşkilati-ştat tədbirlərinin də Komitə sədrinin diskresion səlahiyyətlərinə aid olduğu bir neçə dəfə vurğulanmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Məhkəmə orqanları Azərbaycan Respublikasının Konstitusiyasının 130-132-ci maddələrinə əsasən, konstitusion, cinayət, mülki və inzibati xətalarla bağlı işlərə baxırlar. Eyni zamanda icra hakimiyyəti orqanlarının, onların vəzifəli şəxslərinin və hakimiyyət nümayəndələrinin fəaliyyətində qanunçuluğa riayət olunmasına müvafiq nəzarəti həyata keçirirlər. Öz növbəsində müvafiq icra hakimiyyəti orqanları səlahiyyətləri daxilində təşkilati-idarəetmə, icraedici-sərəncamverici xarakterli funksiyaları həyata keçirirlər. Bakı İnzibati Məhkəməsinin qərarında göstərilənlər Dövlət Gömrük Komitəsi sədri tərəfindən qəbul edilən inzibati aktın hüquqiliyini və qanuniliyini şübhə altına almaqla inzibati orqanın fəaliyyətində qanunçuluğa riayət olunmasına müvafiq nəzarət prinsipinin həyata keçirilməsini deyil, inzibati orqanın qanunla müəyyən edilmiş təşkilati-idarəetmə, icraedici-sərəncamverici xarakterli funksiyalarına müdaxilənin olduğu qənaətinə gəlinməsinə əsas verir. Komitə tərəfindən məhkəmə orqanlarına təqdim olunan bütün sübutlara baxmayaraq Bakı İnzibati Məhkəməsinin hansı səbəb və məqsədlə gəldiyi nəticə məlum olmamaqla yanaşı, eyni zamanda təşkilatı-ştat tədbirləri yalnız gömrük orqanlarının fəaliyyəti ilə bağlı deyildir. Belə ki, digər hüquq mühafizə orqanlarının (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu (38.2.2 maddə), “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə” (111.4 maddə) oxşar təcrübələrində də təşkilati-ştat tədbirlərinin nədən ibarət olması, həmin tədbirlərin keçirilməsinə əsas verən hallar və qanunvericilikdə bununla bağlı öz əksini tapmış müddəalar deməyə əsas verir ki, məhkəmə iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırmamış və nəticədə inzibati qanunvericiliyin maddi və prosessual normalarını kobud şəkildə pozmuşdur. Dövlət idarəetmə prosesində icra hakimiyyəti orqanları tərəfindən dövlət idarəetməsinin qarşısında duran məqsəd və vəzifələrin tam, vaxtında və effektiv yerinə yetirilməsi üçün müxtəlif məzmunlu funksiyalar həyata keçirilir ki, bu funksiyaların əsas növlərindən biri də tabeçilik, hüquq və vəzifələrin müəyyən edilməsi, kadrların seçilməsi, yerləşdiriliməsi, onların vaxtında komplektləşdirilməsi üçün keyfiyyətli kadrların seçilməsinin və səmərəli yerləşdirilməsinin təmin edilməsi, təşkilatı-ştat strukturunun optimallaşdırmasıdır. Hüquq ədəbiyyatında buna təşkilatı-ştat işi, təşkilati-ştat tədbirləri, kadrların yerləşdirilməsi və hərəkəti deyilir ki, bu istiqamət mövcud ştat imkanlarının və kadr potensialının optimal istifadəsini, gündəlik praktikada hər bir işçinin təcrübə və biliyinin səmərəli tətbiqini, təşkilatı-struktur fəaliyyətində paralelçiliyin və təkrarçılığın istisna edilməsini, dövlət resurslarına qənaət edilməsinin təmin edilməsidir. Bu məqsədlə Dövlət Gömrük Komitəsində mütəmadi surətdə təşkilati-ştat tədbirləri olaraq struktur bölmələrinin funksiyaları daim təhlil edilir, onların optimallaşdırılması üzrə vaxtında tədbirlər görülür, işin nəticələrinə görə fərdi məsuliyyət daşımaları ilə əlaqədar əməkdaşların müstəqilliyinin inkişaf etdirilməsi üzrə tədbirlər həyata keçirilir, kadrların rotasiyası üzrə təkliflər hazırlanır, kadrlarla iş praktikasına onların şəxsi keyfiyyətlərini qiymətləndirilməyin müasir metodları və metodikaları tətbiq edilir. Bütün qeyd olunanlar nəzərə alınmaqla gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinə əsasən Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada üç ayadək müddətdə Komitənin sərəncamında saxlanıla bilər. Xüsusilə nəzərə almaq lazımdır ki, gömrük orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamədən və gömrük orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qərarı ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli 1000/1289Ş nömrəli əmrinin ləğv olunması, İddiaçı Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarət Limanı” postunun inspektoru vəzifəsinə bərpa olunması məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. İnzibati orqan hazırkı iddia tələbi ilə mübahisələndirilən əmri "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü (“təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə”) bəndi ilə əsaslandırmışdır. Azərbaycan Respublikasının 1999-cu il, 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Əsasnamənin 50-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada üç ayadək müddətdə həmin orqanın sərəncamında saxlanıla bilər. Bu müddətə gömrük orqanının vəzifəli şəxsinin məzuniyyətdə olduğu müddət daxil edilmir. Gömrük orqanının vəzifəli şəxsinin sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı əməkhaqqı saxlanılır. Həmin Əsasnamənin 120-ci maddəsinin 4-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, mövcud qanunvericilikdə “təşkilati-ştat tədbirlərin keçirilməsi” gömrük xidmətinə xitam verilməsinə əsas kimi göstərilsə də, həmin təşkilati-ştat tədbirlərinin nədən ibarət olması qanunvericilikdə nəzərdə tutulmamışdır. Eyni zamandan məhkəmə qeyd etmişdir ki, Komitədə əvvəlcədən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə bağlı ayrıca əmrin verilməsi ilə bağlı da cavabdeh inzibati orqan tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Həmçinin, məhkəmə qeyd etmişdir ki, qanunvercilikdə təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsinin qeyri-mümkün olması və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxsin imtina etməsi ilə şərtləndirilmişdir. Hazırkı halda mübahisələndirilən əmr qəbul edilərkən əmrdə hər iki şərt (digər vakant vəzifəyə keçirilməsi mümkün olmadıqda və ya həmin vəzifədən imtina etdikdə) qeyd edilsə də, daha sonra inzibati orqan tərəfindən “və ya həmin vəzifədən imtina etdikdə” sözləri mübahisələndirilən əmrdən çıxarılmışdır. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi xx.xx.2022-ci il tarixli məktubla “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin 1000/1289Ş nömrəli xx.xx.2019-cu il tarixli əmrinə dəyişiklik edilməsi haqqında” Komitənin 2022-ci il 17 may tarixli 1000/374ş nömrəli əmrinin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. İş materiallarında olan “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin 1000/1289Ş nömrəli xx.xx.2019-cu il tarixli əmrinə dəyişiklik edilməsi haqqında” Komitənin 2022-ci il 17 may tarixli 1000/374ş nömrəli əmrinə əsasən Dövlət Gömrük Komitəsinin 1000/1289Ş nömrəli xx.xx.2019-cu il tarixli əmrinin 2-ci hissəsində “və ya həmin vəzifədən imtina etdikdə” sözləri çıxarılmışdır. Beləliklə, göründüyü kimi, iddiaçının gömrük orqanlarında xidmətinə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən “təşkilati ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmaması səbəbi ilə xitam verilmişdir. İş materiallarından görünür ki, məhkəmə iddiaçının təşkilati ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsinin mümkün olub-olmamasını araşdırmaq məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müvafiq sorğular göndərmişdir. Məhkəmənin sorğularına cavab olaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi xx.xx.2021-ci il tarixli 1000-210/2xx-xx/016110 nömrəli məktubla bildirmişdir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin aparatının, strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinin və tabeliyində olan digər qurumlarının ştat cədvəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə məxfi qaydada təsdiqlənmış və yalnız xidməti istifadə üçün nəzərdə tutulmuşdur. Eyni zamanda bildirilmişdir ki, xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə X2 və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Beynəlxalq dəniz ticarət Limanı gömrük postunda, o cümlədən gömrük orqanlarında orta rəis heyəti üzrə vakant vəzifələr mövcud olmamış və bu səbəbdən də həmin tarixlərdə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Beynəlxalq dəniz ticarət Limanı gömrük postuna həmin heyət üzrə işə qəbul həyata keçirilməmişdir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli 1000-210/2xx-xx/002249 nömrəli məktubla bildirmişdir ki, xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə gömrük orqanlarında müvafiq vakant ştat vahidləri olmamış, bu səbəbdən də gömrük orqanlarında xidmətə qəbul ilə əlaqədar Komitənin informasiya ehtiyatında, eyni zamanda digər kütləvi informasiya vasitələrində elan verilməmişdir. Dövlət Gömrük Komitəsinin aparatının, strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinin və tabeliyində olan digər qurumlarının ştat cədvəlinin dövri nəşr olunmadığını, həyata keçirilən ştat tədbirləri ilə bağlı həmin cədvəlin elektron qaydada daima yeniləndiyini nəzərə alaraq sorğuda qeyd olunan tarixlər üzrə məlumatların əldə edilməsi, nəşr olunması faktiki olaraq imkan xaricindədir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçının sərəncamda olduğu müddətdə ona hər hansı vakant ştat təklif etməsinə dair, həmçinin həmin müddət ərzində iddiaçının digər vakant vəzifəyə keçirilməsinin mümkün olmamasına dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır. İş materiallarından müəyyən olunur ki, İddiaçı 100/068ş saylı əmrlə xx.xx.2013-cü il tarixindən Gömrük Mühafizə Xidmətinin X5 Dəstəsinin kiçik mühafizəçisi vəzifəsinə təyin edilmiş, 100/054ş saylı, xx.xx.2015-ci il tarixli əmrə əsasən həmin tarixdən Xidmətin Baş Gömrük Mühafizə Dəstəsinin əməliyyat şöbəsinin mühafizəçisi vəzifəsinə keçirilmiş, xx.xx.2015-ci il tarixli, 100/170ş nömrəli əmrlə həmin tarixdən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin ümumi şöbəsinin böyük inspektoru vəzifəsinə keçirilmiş, 100/613ş saylı, xx.xx.2018-ci il tarixli əmrə əsasən xx.xx.2018-ci il tarixindən Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsi Pirallahı postunun böyük inspektoru vəzifəsinə keçirilmiş, 100/1184ş saylı xx.xx.2018-ci il tarixli əmrlə həmin tarixdən Komitənin sərəncamına götürülmüş, 100/1186ş saylı, xx.xx.2018-ci il tarixli əmrə əsasən həmin tarixdən Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Hövsan postunun inspektoru vəzifəsinə təyin edilmiş, 1000/173ş saylı xx.xx.2018-ci il tarixli əmrlə həmin tarixdən İdarənin Beynəlxalq dəniz ticarəti zamanı dəniz postunun inspektoru vəzifəsinə keçirilmiş, 1000/804ş nömrəli xx.xx.2019-cu il tarixli əmrə əsasən xx.xx.2019-cu il tarixindən Komitənin sərəncamına götürülmüşdür. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin “Xidmətə xitam verilməsi haqqında” 1000/1289ş saylı xx.xx.2019-cu il tarixli əmrinə əsasən “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən təşkilati ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmadıqda və ya həmin vəzifədən imtina etdikdə İddiaçı xidmətinə xx.xx.2019-cu il tarixdən xitam verilmişdir. “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin 1000/1289Ş nömrəli xx.xx.2019-cu il tarixli əmrinə dəyişiklik edilməsi haqqında” Komitənin 2022-ci il 17 may tarixli 1000/374ş nömrəli əmrinə əsasən Dövlət Gömrük Komitəsinin 1000/1289Ş nömrəli xx.xx.2019-cu il tarixli əmrinin 2-ci hissəsində “və ya həmin vəzifədən imtina etdikdə” sözləri çıxarılmışdır. İddiaçı isə iddia tələbini onunla əsaslandırmışdır ki, onun təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilərkən müvafiq vəzifəyə keçirilməklə bağlı heç bir təklif edilməmiş və onun peşəkar keyfiyyətləri obyektiv dəyərləndirilməmişdir. İnzibati orqan hesab etmişdir ki, iddiaçının sərəncamda olduğu müddət ərzində qeyd edilən struktur bölmə üzrə vakant vəzifə olmadığından iddiaçıya hər hansı digər vəzifə təklif olunmamış və onun digər vəzifəyə keçirilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan tərəfindən iddiaçının sərəncamda olduğu müddətdə struktur bölmə üzrə vakant vəzifələrin olub-olmaması, eləcə də iddiaçının digər vakant vəzifəyə keçirilməsinin qeyri-mümkün olması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. Əmrdən də göründüyü kimi cavabdeh orqan Əsasnamənin həmin 4-cü bəndini əsas götürərək iddiaçının xidmətinə xitam vermişdir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli 1000/1289Ş nömrəli əmr qanunsuz və əsassız olmuşdur və iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir. Buna görə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəlləni 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2-1(112)-144/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-497/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-497/2023
15.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver