Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-497/2024 06.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi, onun qaçqın statusu tanınmaqla Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4384/2023 saylı 14 iyul 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İİ seriyalı 330080 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Kurbanau (Qurbanov) X11 Federasiyası Pskov vilayətində anadan olmuş, atası X10, anası X1. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 465 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, iddiaçı ünvan 3 ünvanda yerləşən 1 saylı mənzili xx.xx.1988-ci il tarixdə Ermənistan SSRdən qaçqın olaraq dəyişdirib, xx.xx.1989-cu il tarixdən həmin ünvana qeydiyyata düşmüş, xx.xx.1994-cü ildə qeydiyyatdan çıxarılaraq Belarusiya Respublikasına getmişdir. Qeydiyyat kitabçasından görünür ki, iddiaçı babası və nənəsi ilə birgə ünvan 4 ünvanında qeydiyyatda olmuşdur. Sonradan iddiaçı Belarusiya Respublikasına getmiş və BLR MC ******* seriyalı pasportun surətindən göründüyü kimi, o, Belarusiya Respublikasının vətəndaşıdır. P.M.Qurbanova ünvanlanmış xx.xx.1990-cı il tarixli müraciətin surətinə əsasən onun SSRİ Nazirlər Sovetinə göndərdiyi xx.xx.1989-cu il tarixli ərizəsinə cavab olaraq Ermənistan SSR, Kalinino rayonunda qalmış evi qarşılıqlı razılaşma əsasında Bakı şəhərində dəyişdirildiyinə görə, müavinət verilməsindən imtina olunmuşdur. M.Orucov adına 213 nömrəli məktəb-liseyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışa əsasən Roman Qurbanov xx.xx.1988-ci il tarixdə “5b” sinfinə daxil olmuş, xx.xx.1994-cü il tarixdə 32 nömrəli əmrə əsasən 11-ci sinifdən çıxmışdır. xx.xx.1994-cü il və xx.xx.2001-ci il tarixlərdə verilmiş ölüm haqqında şəhadətnamələrin təsdiqlənmiş surətlərinə əsasən Paşa Qurbanov xx.xx.1994-cü il tarixdə Qızxanım Qurbanova xx.xx.2001- ci il tarixlərdə vəfat etmişlər. Azərbaycan SSR Dövlət Sosial Sığorta İdarəsinin 28 fevral 1990-cı il tarixli məktubundan da görünür ki, iddiaçının babasının Ermənistan Respublikasında qalmış evi, Bakı şəhərindəki mənzilə dəyişdirilməsi ilə əlaqədar müvafiq ödəniş edilmişdir. İddiaçının babası tərəfindən təqdim edilmiş ərizədən də göründüyü kimi, onun nəvəsi olan iddiaçı da daxil olmaqla Ermənistan Respublikasından məlum hadisələrlə bağlı Azərbaycan Respublikasına gəlməsi, əmlakların dəyişdirilməsi ilə bağlı müraciəti qeydə alınmışdır. Azərbaycan Dövlət Miqrasiya Xidmətinin ******* saylı 12 may 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçının qaçqın kimi məskunlaşma faktı öz təsdiqini tapsa da, o, sonradan Belarus Respublikasının vətəndaşlığını qəbul etmişdir. Cavabdeh qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən şəxs digər dövlətin vətəndaşlığını qəbul edirsə, yəni başqa dövlətin himayəsindən istifadə edirsə qaçqın statusunu itirir. Bu səbəbdən də onun mənsubiyyətinin tanınması mümkün deyildir. Hazırda iddiaçı X8 cavabdeh Azərbaycan Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Dövlət Miqrasiya Xidmətinin ******* saylı 12 may 2023-cü il tarixli qərarının ləğv edilməsini, onun qaçqın statusunun tanınmaqla Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması” barədə qərar qəbul edilməsini xahiş edir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdı ki, o, öz ata babası və nənəsi ilə birgə Ermənistan Respublikasında yaşamış, babası Kalinino rayon X5 sədr müavini vəzifəsində işləmişdir. Sonradan məlum hadisələrdən sonra 1988-ci il oktyabr ayında Azərbaycan Respublikasına gəlmiş, babası 19 dekabr 1988-ci il tarixdə Ermənistan Respublikasındakı evi Azərbaycan Respublikasındakı mənzilə dəyişmişdir. Həmin hallar aidiyyəti sənədlərlə də təsdiq edilir. O, qaçqın kimi Azərbaycan Respublikasına gəlməsi ilə əlaqədar cavabdehə müraciət edərək ona qaçqın statusunun verilməsini xahiş etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək göstərlmişdir ki, ilk növbədə şəxsin iddiasında sözügedən məsələ DMX-nin səlahiyyətlərinə aid deyildir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 2.4-cü və 2.9-cu bəndinə əsasən Komitənin vəzifələrinə qaçqınların və məcburi köçkünlərin miqrasiyasının tənzimlənməsində iştirak etmək və qanunvericiliklə müəyyən olunmuş qaydada və əsaslarla "qaçqın" və "məcburi köçkün" statusu verilməsi ilə bağlı müraciətlərə baxmaq və müvafiq qərarlar qəbul etmək daxildir. Eyni zamanda, həm ‘Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun, həm də Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının Qanununun müddəalarından görünür ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın düşən şəxslərlə digər ölkələrdən qaçqın status almaq üçün müraciət etmiş şəxslər eyni deyildir. Belə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın düşən şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri birbaşa tanınsa da, digər qaçqınlar mütləq şəkildə Miqrasiya Məcəlləsinin müddəaları və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin 1-ci və 2-ci hissələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşlığına qəbul ola bilərlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4384/2023 saylı 14 iyul 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, cavabdeh Dövlət Miqrasiya Xidmətinin iddiaçı Kurbanau (Qurbanov) Roman Tellaroviç mənsubiyyətinin tanınmaması barədə 12 may 2023-cü il tarixli qərarının ləğv edilməsi, Kurbanau (Qurbanov) Roman Tellaroviçin qaçqın statusunun və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazla eynilik təşkil edir, əlavə olaraq göstərilmişdir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından iş üzrə qəbul edilmiş qərar əsassızdır və ləğv olunmalıdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hazırki iş üzrə məhkəmə qərarının elan edilməsi Azərbaycan Respublikası İPM-nin 75.1-ci maddəsinə əsasən 06 mart 2024-cü il tarixə təxirə salınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın qərarının tarixi xx.xx.2023-cü il tarixdir. İddiaçı həmin qərarın mübahisələndirilməsi və xeyrinə inzibati aktn qəbul edilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.1, 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1, 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçı X3 cavabdeh Azərbaycan Dövlət Miqrasiya Xidmətinə qarşı tələbi “mənsubiyyətinin tanınmaması barədə 12 may 2023-cü il tarixli qərarın ləğv edilməsi, onun qaçqın statusu tanınmaqla Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması” barədədir. İş üzrə birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin edilməsi qənaətinə gəlmişdir. Belə ki, məhkəmə qəbul etdiyi qərarında qeyd etmişdir ki, cavabdehin mövqeyi qanunsuz və əsassız olmaqla iddiaçının qaçqın statusundan yaranmış mənsubiyyətin tanınmasına dair hüququnun pozulması ilə nəticələnmişdir. İddiaçının qaçqın kimi məskunlaşma faktı cavabdehin özü tərəfindən də mübahisələndirilməyən işin mübahisəsiz halıdır. İşin faktiki halları ilə də sübut olunur ki, iddiaçı babası və nənəsi ilə birlikdə məlum hadisələr nəticəsində ölkə ərazisinə gəlmiş, qeydiyyatda olmaqla yaşamış, 1994-cü il tarixdən sonra başqa ölkəyə getmişdir. İddiaçı mənsubiyyətin tanınmasına dair müraciət edərkən qaçqın statusu dövlətin hər hansı bir qurumu tərəfindən tanınmayan şəxs olmuşdur. Cavabdeh isə həm qaçqın statusunun tanınmasından imtina etmiş, daha sonra isə tanımadığı qaçqın statusunun itirilməsi barədə mövqe nümayiş etdirərək mənsubiyyətin tanınmasından imtina etmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşin faktiki hallarına görə, iddiaçı 1988-ci il tarixdə Ermənistan Respublikasından qaçqın kimi ölkə ərazisinə gəlmiş, 1989-cu il tarixdən Axundzadə küçəsi 44-1 ünvanına qeydiyyata düşmüş, daha sonra 28 aprel 1994-cü il tarixdə qeydiyyatdan çıxaraq Belarus Respublikasına getmiş və həmin ölkənin vətəndaşlığını qəbul etmişdir. İşdə olan sənədlərdən müəyyən olunur ki, ərizəçi (iddiaçı) ərizə ilə məhkəməyə müraciət edərək, onun Ermənistan Respublikasından Azərbaycan Respublikasına 1988-ci ilin oktyabr ayında qaçqın kimi gəlməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(008)-2862/2022 saylı 11 may 2022-ci il tarixli qətnaməsi ilə ərizə təmin olunmuş, qətnamədən narazı qalan maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6057/2022 saylı 17 oktyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Ərizəçi (iddiaçı) tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Ali Məhkəmənin qərarı ilə verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6067/2022 saylı 17 oktyabr 2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hazırda iddiaçının tələbi qaçqın statusu tanınmaqla Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədədir. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə əsasən Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 11-ci maddəsinə əsasən şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; 2) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi» Qaydasının 1.1-ci bəndinə əsasən bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. Həmin Qaydasıların 4-cü bəndinə əsasən aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.1. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; 4.1.2. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; 4.1.3. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; 4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1. doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; 4.1.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; 4.1.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq; 4.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq; 4.1.8. valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların uşağı; 4.1.9. uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı; 4.1.10. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda; 4.1.11. valideynlərdən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağı. 4.2. Bu Qaydanın 4.1.6–4.1.10-cu yarımbəndlərində nəzərdə tutulan hallarda 14 yaşından 18 yaşınadək uşaqların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün onların razılıqları tələb olunur. 4.3. Bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; 3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi; https://e-qanun.az/framework/3187 3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi; 4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsi bu Qanunun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir. Hazırki işdən görünür ki, iddiaçı X8 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın kimi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmış, lakin sonradan 28 aprel 1994-cü il tarixdə qeydiyyatdan çıxaraq Belarus Respublikasına getmiş və həmin ölkənin vətəndaşlığını qəbul etmişdir. Yuxarıda da qeyd olunduğu kimi, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas olan hallardan biri kimi nəzərdə tutulmuşdur. Həmçinin, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 14-cü maddəsinə əsasən qaçqın statusunun itirilməsi hallarından biri kimi şəxsin digər dövlətin vətəndaşlığını qəbul etdiyi və yeni vətəndaşı olduğu dövlətin himayəsindən istifadə etdiyi hal nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan iddiaçıya qaçqın statusu tanınmaqla Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina edib, onun mənsubiyyətinin tanınmaması barədə 12 may 2023-cü il tarixli qərarı qəbul etməkdə haqlı olmuşdur. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi qərarlarında yuxarıdakı qaydada əsaslandırılmışdır (2-1(102)-22/2024 saylı xx.xx.2024-cü il tarixli qərar). Beləliklə, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün cavabdeh qurum apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə cavabdeh orqan mübahisələndirilən qərarının qəbul edilməsi üçün zəruri olan faktiki şərtlərin mövcudluğunu sübuta yetirdiyi üçün və həmin qərarın ləğvi üçün hər hansı hal müəyyən edilmədiyindən iddiaçının iddiası əsassızdır və təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1507/2023 saylı 28 fevral 2023-cü il tarixli qərarı ləğv edilməli və iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4384/2023 saylı 14 iyul 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-497/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-497/2024
06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver