Məhkəmə qərarları › İş №2-1(103)-498/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-498/2024

10.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-498/2024 10.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8516/2023 nömrəli 16 avqust 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 sentyabr 1977-ci il tarixdən 27 dekabr 2011-ci il tarixinə kimi 32 il 4 ay 28 gün sığorta stajını nəzərə alaraq iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı 63 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Mehriban Qarayeva) 2-1(112)-8516/2023 nömrəli 16 avqust 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 63 yaşının tamam olduğu xx.xx.2023-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeiiyində Dövlət Sosial Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmişdir. İddiaçının müraciətinə mərkəzi filialda baxılmışdır. İddiaçının sosial sığorta stajı qanunvericiliklə tələb olunan müddətdən az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İş üzrə icraat materiallarından müəyyən olunur ki, iddiaçının əmək kitabçasına əsasən sığorta stajı ümumilikdə 6 il 5 ay 16 gün təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1985-ci il tarixdən xx.xx.2011-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Belə ki, əmək kitabçasının 4-7-ci səhifələrində iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.2011-ci il tarixədək “X9”da işlədiyi qeyd olunur. Lakin X1 Sisteminin Sığorta olunanın Altsistemində aparılan yoxlama nəticəsində 1985- 2011-ci illərdə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı olmadığından həmin dövrün iddiaçının sosial sığorta stajı kimi hesablanması mümkün deyildir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının qanunvericiliklə tələb olunan 25 il sığorta stajı olmadığından (sığorta stajı 6 il 5 ay 16 gün) və tələb olunan pensiya kapitalı olmadığından iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2023-ci il tarixindən pensiya yaş həddi qadınlar üçün 63,6 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda Qanunun 7-ci maddəsilə ilə müəyyən edilmiş ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair plenum qərarı). Pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Həmçinin iddiaçıya xx.xx.2023-cü il tarixdən etibarən yaşa görə sosial müavinət təyin olunmuşdur. İddiaçı hal-hazırda da həmin yaşa görə sosial müavinəti almaqda davam edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının qanunvericiliklə tələb olunan 25 il sığorta stajı olmadığından və pensiya kapitalı tələb olunan məbləğdən aşağı olduğundan ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli qərarı qəbul edərkən Azərbaycan Respublikasının Dövlət Arxivinin 2 may 2023-cü il tarixli məktubuna əsasən "X10’nın işçilərinə aid 1973-ci il tarixi üzrə sentyabr ayı ilə bağlı, 1978-ci tarixi üzrə yanvar-mart ayları ilə bağlı və 1986-cı il tarixi üzrə iddiaçının da adının qeyd olunduğu əmək haqqı cədvəllərinə istinad edərək, sözügedən dövrlər üzrə iddiaçının işləməsi faktının onun mübahisəli digər dövrlər üzrə də işlədiyinə əsas verdiyini bildirməklə kifayətlənmiş və iş üzrə araşdırmanı düzgün həyata keçirməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri Səadət Sarayı tərəfindən xx.xx.1979-cu ildə verilmiş İİ-JQ seriyalı 316397 nömrəli Nikahın bağlanması haqqında şəhalətnamənin surətindən görünür ki, Nadir Məmmədov və Esmirə İbrahimova xx.xx.1979-cu ildə nikhaa daxil olmuşlar, nikah bağlandıqdan sonra qadına Məmmədova soyadı verilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən sığorta stajı 6 il 5 ay 16 gün təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq xx.xx.2006-cı ildən xx.xx.2011-ci ilədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1985-ci ildən xx.xx.2011-ci ilədək olan dövrün sığorta stajına daxil edilməsi mümkün olmayıb. Qeyd olunanları nəzərə alaraq ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və iddiaçıya xx.xx.2023-cü ildən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış 2 may 2023-cü il tarixli 3-48-DA/2-00827/2023 nömrəli məktubdan görünür ki, İbrahimova-İddiaçı adı qeyd olunan X12 işçilərinin sentyabr 1977 sentyabr 1978, yanvar - mart 1986-cı illərə dair əmək haqqı cədvəllərinin təsdiq olunmuş kserosurətləri təqdim edilir, X5 şəxsi heyət üzrə əmr kitabları, həmçinin, oktyabr - dekabr 1978, 1979-1985, aprel-dekabr 1986, 1987-2011-ci illərə dair əmək haqqı cədvəlləri arxivə dövlət mühafizəsinə təhvil verilmədiyindən, həmin sənədlərin surətlərinin təqdim olunması imkan xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-28/2-3894/2023 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Əczaçılıq və X8 və Bakı Şəhər Baş Apteklər İdarəsi ləğv edildiyinə görə şəxsi heyət və mühasibatlıq üzrə sənədlər Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə təhvil verilmişdir. Müraciətdə qeyd olunanlarla bağlı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə müraciət edilməsi məqsədəmüvafiqdir. İş materiallarında olan İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək X6 fəhlə, xx.xx.1977-ci il tarixdən xx.xx.1983-cü il tarixədək makinaçı, xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək SSRİ-nın 60 illiyi adına Bakı Quru transformatorlar zavodunda sarğı sexində sarğıçı şagirdi, xx.xx.1985-ci il tarixdən xx.xx.2011-ci il tarixədək X6 fəhlə, xadimə və makinaçı işləmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 01 iyul 2022 - 30 iyun 2023-cü il üzrə qadınlara pensiya təyin edilməsi üçün yaş həddi 63 ildir. İddiaçının yaşa görə pensiya hüququ 63 yaşının tamam olduğu xx.xx.2023cü ildə yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1960-cı il tarixdə doğulduğu nəzərə alındıqda, onun xx.xx.2023-cü il tarixdən (63 il ), “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının xx.xx.1985-ci ildən xx.xx.2011-ci ilədək dövrlər üzrə əmək stajı cavabdeh tərəfindən mübahisələndirilir, cavabdehin mövqeyinə görə əmək kitabçasının 4-7-ci səhifələrində iddiaçının xx.xx.1985ci il tarixdən xx.xx.2011-ci il tarixədək “X9”da işlədiyi qeyd olunur, lakin X1 Sisteminin Sığorta olunanın Altsistemində aparılan yoxlama nəticəsində 1985-2011-ci illərdə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı olmadığından həmin dövrün iddiaçının sosial sığorta stajı kimi hesablanması mümkün deyildir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Həmçinin iddiaçının həmin dövrdə işlədiyi müəssisənin mövcudluğu hər hansı şübhə doğurmur. Bundan başqa, müəssisənin arxiv sənədlərinin saxlanılmamasına, eləcə də aidiyyəti üzrə təhvil verilməməsinə görə iddiaçı cavabdehlik daşımır. Eyni zamanda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2011-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından əmək kitabçasında qeyd edilmiş xx.xx.1985-xx.xx.2011-ci illərə aid dövrün sığorta stajına daxil edilməsinin mümkün olmaması barədə mülahizəsi qismən qanunsuz və əsassız olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan müddəalarına və formalaşmış məhkəmə təcrübəsinə görə xx.xx.2006-cı il tarixədək müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqqının ödənilməməsi iddiaçının günahından baş vermiş, yaxud da ondan asılı olmayan hal oldugundan onun ziyanına şərh edilməməlidir. Odur ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının və arxiv arayışlarının tədqiqi zamanı onun xx.xx.1985xx.xx.2006-cı illərdə X6 xadimə və makinaçı işlədiyi peşələrin ona məxsus əmək kitabçasında qeyd olundugu, həmin qeydlərin işlədiyi müəssisələrin səlahiyyətli şəxsləri tərəfindən imza və möhür ilə təsdiq edildiyi və bu qeydlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları uyğun olması müəyyən edilmiş, bunun əksi isə cavabdeh tərəfindən sübut edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.2006-cı ilədək ümumi stajı 25 ildən çoxdur (xx.xx.1977-xx.xx.1983, xx.xx.1985-xx.xx.1985, xx.xx.1985-xx.xx.2006 - cəmi 26 il 06 ay 17 gün). Göründüyü kimi, iddiaçının xx.xx.2023-cü il tarixdən (63 il) əmək pensiyası hüququ yaranmış və iddiaçı 25 ildən artıq sığorta stajına malikdir, yəni iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8516/2023 nömrəli 16 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar