Məhkəmə qərarları › İş №2-1(103)-498/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-498/2025

06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-498/2025 06.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil Nümayəndə və cavabdehin nümayəndəsi X18 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X8 və X11) “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-824/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəlyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 1290a saylı xx.xx.1995-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının qeydə alınması barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir (İPM m. 34.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 1290а nömrəli, 02 may 1995-ci il tarixli sərəncamı ilə ona Bakı şəhəri Səbail rayonu Badamdər qəsəbəsində iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi mişar daşı ilə hasarlamışdır. Torpaq sahəsindən faktiki olaraq təyinatı üzrə həyətyanı sahə kimi istifadə edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Daşınmaz əmikin dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 2.2, 8.0.1- ci maddələrinin tələblərinə əsasən qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2022-cu il tarixdə tərəfindən ərizə ilə müraciət edilmişdir. İdarə tərəfindən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2022-ci il tarixli məktubla təqdim edilmiş sənədlər geri qaytarılmışdır. İdarə məktubda guya torpaq sahəsinin yerləşmə sxeminin başqa şəxsə aid torpaq sahəsi ilə üst-üstə düşməməsi və s. absurd əsas göstərmişdir. İdarə tərəfindən açıq şəkildə qanunvericiliyin tələblərini pozulmuş, heç bir hüquqi əsası olmayan daşınmaz əmlak üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2020-ci il tarixli **********09 nömrəli bildiriş verilmişdir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırmışdır: “...iddiaçı torpaq sahəsi ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi aşkar edilmişdir. Həmçinin, torpaq sahəsinin 33 kv.m hissəsi digər fiziki şəxsi X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Bundan başqa torpaq sahəsinə dair təqdim olunmuş yerləşmə cizgisində istinad, məsafələr və perimetrik ölçülər qeyd edilmədiyindən sənəd üzrə torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Bu səbəblərdən ərizənin icrası tərəfindən mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********84 saylı cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır…” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-824/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçının xx.xx.1995-ci il tarixli, 1290a saylı sərəncamına əsasən Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinə aid plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkün sayılmışdır. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi aşkar edilmişdir. Bundan başqa, torpaq sahəsinə dair təqdim olunmuş yerləşmə cizgisində istinad, məsafələr və perimetrik ölçülər qeyd edilmədiyindən sənəd üzrə torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, iddiaçının İdarəyə müraciəti zamanı göstərdiyi konfiqurasiya ilə qonşu sahə ilə üst-üstə düşmə halı yaranmışdır. Lakin məhkəmə mübahisəsi gedişində isə fərqli konfiqurasiya göstərilmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən etirazda yazılan dəlillərlə bağlı ətraflı araşdırılma aparılmamışdır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi qonşularla iddiaçı arasında mübahisə olmadığını, iki qonşunun da çıxarışı olduğunu, birində bağ evi, digərində isə olmadığını qeyd edərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının cavabdehə qarşı iddia tələbindən göründüyü kimi, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 1290a saylı xx.xx.1995-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının qeydə alınması barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi tələb etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə belə hesab edir ki, iddiaçı tələbində haqlıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; …; Həmin Qanunun 10.2.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; …; Qanunun qeyd olunan tələbləri nəzərə alınmaqla iş materialları araşıdırıldıqda müəyyən olunur ki, iddiaçının mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün Qanunun müəyyən etdiyi həmin əsaslar mövcuddur. Belə ki, birinci instansiya məhkəməsinin sorğusu əsasında Dövlət Arxivinin Bakı Filialının 31 mart 2023-cü il tarixli sorğusu ilə məhkəməyə itəqdim edilmiş - Səbail rayon İcra Hakimiyyəti başçısının 1290a saylı xx.xx.1995-ci il tarixli sərəncamından və ona əlavə edilmiş ərizələrdən görünür, həmin sərəncamla aşağıdakı vətəndaşların ərizələri nəzərə alınaraq: - X9, X21, X10, X19, X12, X4, X6, X14, X15, X3, X22, X24, X13, X28, X16, X7, X1, X5, o cümlədən, hazırkı iş üzrə İddiaçı - fərdi ev tikmək üçün Badamdar qəsəbəsində 600 kv.m ölçüdə torpaq sahəsi ayrılmışdır. Eyni zamanda, həmin sərəncamla ayrılmış torpaq sahələrinin Səbail İcra Hakimiyyəti tərəfindən tərtib olunub təsdiq edilmiş yerləşmə sxeminə (i.v.7.8)və ayrılıqda iddiaçıya ayrılmış torpağın cizgisindən, habelə, Qəsəbə nümayəndəliyi tərəfindən xx.xx.2002-ci il tarixdə tərtib olunmuş aktdan görünür ki, iddiaçıya ayrılmış dördbucaqlı perimetrə malik olub həmin ərazinin sxematik bölgüsündə təsbit olunmaqla 40m-15m sahə ölçülərinə malikdir və torpağın cizgi konfiqurasiyası cavabdehin təqdim etdiyi ortofoto (aerokosmik) görüntüdəki (i.v.51) konfiqurasiyasına uyğun gəlir. Eyni zamanda, işə əlavə edilmiş, iddiaçı və onunla qonşu olan bağ sahələrinin mülkiyyətçiləri arasında razılaşdırılmış bölgü sxemindən (i.v.52) görünür ki, iddiaçıya məxsus 40m x 15m sahə ölçülərinə malik olan 1204 saylı sahə ilə 1208a və 1211 saylı sahələr bilavasitə qonşudur. İş materiallarından görünür ki, 1208a saylı qonşu sahə üçüncü şəxs S.İ.Nurməhəmmədovanın adına mülkiyyət hüququ qeydə alnmış və digər üçüncü şəxs L.E.İsmayılovaya satılmışdır. Digər tərəfdən cavabdeh orqanın məhkəməyə təqdim olunmuş mütəxəssis rəyində isə iddiaçının torpaq sahəsinin istinad nöqtələri olmadığından iddiaçıya məxsus torpağın qonşu torpaq sahələri ilə üst-üstə düşməsinin mümkün olmadığı bildirilsə də, “X32 və Ekspertiza Mərkəzi” MMC-nin mütəxəssisi, yerquruluşu mühəndisi Ayaz Şıxəliyev tərfindən verilmiş rəydən görünür ki, mübahisəli sahə yerində müayinə edilərkən koordinatları kameral şəraitdə ortofoto üzərindən dəqiqləşdirilələk müəyyən olunmuşdur ki, torpaq sahəsi ilə qonşu torpaq sahələrləri arasından yol və daş hasarlar mövcuddur. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı ilə qonşuları arasında ona məxsus torpaq sahəsi ilə bağlı hər hansı ziddiyyətli hallar və mübahisə mövcud da deyildir (İddiaçının nümayəndəsinin izahatından da məhz, göründüyü kimi, qonşularla bağlı mübahisə yoxdur. Onların torpağa dair çıxarışı var.) Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki cavabdehin apellyasiya şikayətinin torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyini, yerləşmə cizgisində istinad, məsafələr və perimetrik ölçülər qeyd edilmədiyindən sənəd üzrə torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmadığını və iddiaçının İdarəyə müraciəti zamanı göstərdiyi konfiqurasiya ilə qonşu sahənin üst-üstə düşmə halı yarandığı halda, məhkəmə mübahisəsi gedişində fərqli konfiqurasiya göstərildiyini mübahisələndirilən dəlilləri əsassızdır. Başqa sözlə, keçmiş Səbail rayon İHB-nın qeyd olunan sərəncamı ilə iddiaçıya ayrılan torpaq sahəsinin «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun qeyd olunan normalarına müvafiq olaraq iddiaçının adına dövlət reyestrində qeydə alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göründüyü kimi, cavabdeh iddiaçının ərizəsinin təmin edilməsindən imtina etməklə, onun qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbinə görə isə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən cavabdehin etirazda göstərilən dəlillərinin ətraflı araşdırılmadan əsassız qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-824/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-824/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar