Məhkəmə qərarları › İş №2-1(103)-499/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-499/2022

14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-499/2022 14.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı (xx.xx.1962-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğvi və s.” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2-1(112)-3380/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 07 yanvar 2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı işdən azad olunmasının qanunsuz hesab edilməklə cavabdehin **********3 saylı, 27 noyabr 2020-ci il tarixli əmrinin ləğv edilib, onu əvvəlki iş yeri olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsinə baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsinə bərpa edilməsi və xx.xx.2020-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1998-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsində baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsində işləyir. Cavabdehin **********3 saylı, 27 noyabr 2020-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsi əsasında (Qanunun 25.2.6-cı maddəsinə (intizam tənbehi) uyğun olaraq dövlət qulluğundan azad edildikdə) işdən azad edilmişdir. Bildirir ki, cavabdeh tərəfindən guya onun əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara (müraciətlərin vaxtında icra edilməməsi və gecikdirilməsi) görə çağrılıb izahatı alınmış və o, xx.xx.2020-ci il tarixində yazdığı izahatında müraciətlərin gecikmə səbəblərini qeyd edərək araşdırılmasını tələb etmişdir. Lakin, heç bir araşdırılma aparılmadan Xidmət rəisi tərəfindən işdən azad edilməsi barədə 24 noyabr 2020-ci il tarixli, **********7 nömrəli xidməti məruzə verilmişdir. Sözügedən yazılı məruzəni tanış olmaq üçün tələb etsə də, təqdim edilməmişdir. O, dövlət qulluqçusu olaraq əmək müqaviləsindən irəli gələn əmək funksiyasını və əmək vəzifələrini vicdanla yerinə yetirmişdir. Bu səbəbdən onunla bağlanan əmək müqaviləsinə işəgötürən tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş və onun işdən azad olunması qanunsuzdur. Buna görə də, o, məcburi iş buraxma üçün pul ödənilməkə işə bərpa edilməlidir. Bundan başqa, o, işlədiyi müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən X2 üzvü olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllə dövlət qulluqçularına habelə prokurorluq polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlara həmin qulluqçuların əmək sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə görə Bu Məcəllənin 70-ci maddəsinin “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə və “ç” (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud surətdə pozduqda) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X2 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X3 əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar İttifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işə götürənə təqdim etməlidir. Lakin, cavabdeh tərəfindən qanunvericiliyin bu zəruri tələblərinə riayət edilməmiş onunla olan əmək müqaviləsinin ləğvi zamanı cavabdeh Əmək Məcəlləsinin 80-ci maddəsinin göstərişlərini pozaraq üzvü olduğu həmkarlar təşkilatına bu barədə hər hansı təqdimatla müraciət etməmiş və onun əmək müqaviləsinə xitam verilməsi barədə həmkarlar ittifaqından razılıq alınmamışdır. Baxmayaraq ki, onunla olan əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.6-cı maddəsi əsasında xitam verilsə də, hazırkı məsələdə Əmək Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavabdeh tərəfindən əməl edilməli idi. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyi ilə tənzimlənir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinin 25.3-cü bəndinə əsasən “Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Qanunun bu maddəsi hətta izahat tələb etsə də, məhəl qoyan olmamışdır. Bu Qanunun 19-cu maddəsinin 19.0.2-ci bəndinə əsasən “Dövlət qulluqçusunun vəzifəyə təyin və vəzifədən azad etmək hüquna malik olan vəzifəli şəxsdən öz qulluq vəzifələrinin yazılı surətdə təsbit edilməsini və onların icrası üçün şərait yaradılmasını tələb etmək” hüququna malikdir. DƏMX-nin rəisinin adına yazdığı izahatında bunları tələb etdiyi üçün işdən azad edildiyini düşünür. xx.xx.2020- ci il tarixində beşinci gün saat 17:00-da nazirliyin kadrlar şöbəsinə dəvət edilmiş və kadrların rəisi öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, ondan təqdimat yazıldığını və 2020-ci il ərzində onun icraatında olan 40-a yaxın işə imtina verildiyini bildirərək işdən çıxma ərizəsini yazmasını tələb etmişdir. DƏMX-nin rəhbərliyi ondan müraciətləri vaxtında icra etmədiyini əsas gətirərək, izahat tələb edir, nazirliyin rəhbərliyi isə tamamilə başqa işə görə imtinanın olmasını əsas gətirərək ondan işdən çıxma ərizəsi tələb edir. Tərəfindən gecikmələrin və imtinaların əsas səbəblərinin nazirliyin və DƏMX-nin rəhbərliyinin yarıtmaz fəaliyyəti və qanunsuz əməlləri nəticəsində olduğunu bildirsə də, Nazirliyin Kadrlar Şöbəsinin rəisi ciddi cəhdlə ərizə yazmağını tələb etdi və əks təqdirdə maddə ilə işdən çıxarılacağını nəzərinə çatdırdı. Milyonlarla işçinin əmək hüquqlarına nəzarət edən orqanın işçisi kimi, belə bir haqsız hərəkəti ona çox pis təsir etmiş və o da, öz növbəsində ərizə yazmayacağını və nə başarırsınızsa edin, cavabını verərək otaqdan çıxmışdır. xx.xx.2020-ci il tarixində həmişəki qaydada işə gəlmiş və portala baxış keçirərəkən məlum olmuşdur ki, onu xx.xx.2020-ci il tarixindən işdən azad ediblər. Bakı İnzibati Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2-1(112)-3380/2021 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilməmişdir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2-1(112)- 3380/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - X19 Xidməti Bakı şəhər İdarəsinin rəisi tərəfindən X19 Xidmətinin rəisinə verilmiş xx.xx.2020-ci il tarixli, **********7 nömrəli təqdimatdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin rəhbərliyinin iştirakı ilə keçirilmiş iclasda verilmiş tapşırıqlar əsasında Xidmətin Bakı şəhər İdarəsində icra müddəti gecikdirilmiş müraciətlər üzrə ilkin araşdırma aparılmışdır. Bildirir ki, X19 Xidmətinin Bakı şəhər İdarəsinin əməkdaşları baş məsləhətçi-baş əmək müfəttişi X18, X21, X10, X11, İddiaçı, X4, X12, əmək müfəttişi X13 və X22 ayrı-ayrı vətəndaşların müraciətlərinin araşdırılması zamanı nöqsanlara yol vermiş, müraciətlərin araşdırılmasının icra müddəti bitməsinə baxmayaraq bu günədək vətəndaşlara cavab verilməmişdir. Qeyd olunanları nəzərə alaraq yuxarıda göstərilən işçilərin icra fəaliyyətinin Xidmətin Daxili Nəzarət Şöbəsində araşdırılmasına göstəriş verilməsi xahiş edilmişdir. Təqdimata qoşma şəklində icra müddəti bitmiş müraciətlərin sayı əlavə edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Bakı şəhəri üzrə X5 Komitəsinin Rəyasət Heyəti iclasının 20 noyabr 2020-ci il tarixli, 35 nömrəli protokolundan görünür ki, iclasda 12 nəfər iştirak etmiş, iclasın gündəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhəri üzrə X5 təşkilatı komitəsi Nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri X1 yazılı müraciəti əsasında Nazirlik yanında X19 Xidmətinin Bakı şəhər İdarəsinin baş məsləhətçi-baş əmək müfəttişi İddiaçı barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi olmuşdur. İclasda eşidilmişdir: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsinin baş məsləhətçi-baş əmək müfəttişi İddiaçı barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi, gündəlikdəki məsələ ilə bağlı X5 Komitəsinin sədri B.Əzizov çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsinin baş məsləhətçisi-baş əmək müfəttişi İddiaçı barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 2- ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi məsələsinə münasibət bildirməklə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məktub daxil olmuşdur. Eyni zamanda, həmin məsələ X19 Xidmətinin İlk Həmkarlar İttifaqı təşkilatında da, müzakirə edilib və qəbul olunmuş müvafiq qərar protokollaşdırılaraq təqdim edilmişdir. İclasda müzakirə olunmuşdur: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin ilk Həmkarlar Təşkilatı Komitəsinin sədri X9 çıxış edərək bildirmişdir ki, X19 Xidmətinin Bakı şəhər İdarəsinin baş məsləhətçi-baş əmək müfəttişi X27 qanunvericiliyin tələblərini kobud şəkildə pozmuş, vəzifə səlahiyyətlərini düzgün həyata keçirməmişdir. Bunları nəzərə alaraq, X19 Xidmətinin Bakı şəhər İdarəsinin baş məsləhətçi-baş əmək müfəttişi İddiaçı əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsinə dair razılıq verilməsini xahiş etmişlər. Müzakirədən sonra məsələ səsə qoyulmuş, leyhinə 8, əleyinə 0 səs verilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən və “Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X5 Komitəsinin Rəyasət Heyəti qərara almışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsinin baş məsləhətçi-baş əmək müfəttişi İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən öhdəsinə düşən vəzifələri yerinə yetirməyərək etik davranış qaydalarını pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmə məsələsinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X5 Komitəsi etiraz etmir. - iddiaçı – X19 Xidmətinin Bakı şəhər İdarəsinin Əməyin mühafizəsi məsələləri üzrə müraciətlərin baxılması sektorunun məsləhətçisi – baş əmək müfəttişi İddiaçı tərəfindən X19 Xidmətinin rəisinə təqdim edilmiş izahatdan görünür ki, İddiaçı öz izahatında bildirmişdir ki, Bakı şəhər İdarəsinin rəisi Həmid Ədhəmovun Xidməti məruzəsindən xəbəri yoxdur. Şikayətlərin gecikmə səbəbini ilk növbədə rəhbərlik onlardan soruşmalı və sözügedən nöqsanların nədən ibarət olduğunu dinləməli, bu nöqsanların aradan qaldırılması üçün tədbirlər görməli olduğu halda, onlardan izahat tələb olunması 2020-ci ilin noyabr ayının sonunda Nazirlik səviyyəsində keçiriləcək iclasda özlərinə haqq qazandırmaqdan başqa bir şey deyildir. DƏMX-nin rəhbərliyi ərizələrin gecikmə səbəblərini hamıdan yaxşı bilir, lakin, bunları aradan qaldırmaq barədə heç bir tədbir görmür. Yazmağı və oxumağı bilən 3-cü sinif şagirdi də, rəhbər vəzifələrə təyin edilsə, o da, xidməti məruzə yaza izahat tələb edə və yaxşı göstərişlər verə bilər. DƏMX-də və 2019-cu ilin dekabr ayının 26-dan fəaliyyətə başlayan DƏMX-nin Bakı şəhər İdarəsində bu günə qədər ümumiyyətlə bir dəfə də olsun iclas və yığıncaq keçirilməyib ki, onlar da, sözlərini desinlər. Üz-üzə görüşlərdə çatışmamazlıqlarla bağlı söz dedikdə kimin xoşu gəlmirsə, ərizəsin yazıb gedə bilər kimi fikirlər bildirilir, işçilərə normal iş şəraiti yaratmaq rəhbərliyin vəzifə borcudur. Vəzifə borcunu həyata keçirə bilməyən şəxslərin ondan xidməti məruzə yazmasına və izahat alınmasına qəti şəkildə öz etirazını bildirir. Əvvəla rəhbərlik ona normal iş şəraiti yaratsın (30 kv.m sahədə, 6 kompüter işlədirlər, pandemiya dövründə su, qaz, internet yoxdur, otaqda üst geyimində işləyirlər, məcburiyyət qarşısında qalıb bu problemləri aradan qaldırmaq üçün əmək haqqlarından dəfələrlə pul yığırlar) sonra tələblər irəli sürsün. Bildirir ki., öz işçilərinə normal iş şəraiti yarada bilməyən rəhbərlik milyonlarla işləyən işçilərin əmək hüquqlarını qoruya bilməz və onların normal iş rejimində işləməsinə Dövlət nəzarətini həyata keçirə bilməz. Nəzərə çatdırır ki, o, 1998-ci ilin yanvar ayından X7 baş əmək müfəttişi vəzifəsində işləyir, işlədiyi müddət ərzində bir dəfə də, olsun bülletendə olmamış və həmişə işinə vicdanla yanaşmışdır. Bakı şəhər İdarəsi yaranan gündən işləri saat 9-da başladığı halda, o, hər gün səhər saat 7-8 radələrində işdə olmuş və işini icra etmişdir. İstirahət və bayram günləri də işinin çoxluğunu nəzərə alaraq işləmişdir. Bunu elektron qaydada göndərdiyi sənədlər də, təsdiq edir. 2020-cı ilin oktyabr ayının 5-dən, noyabr ayının 12-nə qədər 38 gün məzuniyyətdə olduğu halda isin çox olduğunu nəzərə alaraq, 38 günün 34 gününü işdə olmuş və işini icra etmişdir. Bütün bunları müavin, iki sektor müdürü və 20 müfəttiş təsdiq edə bilər. Onların sektorunda 15 müfəttiş olduğu halda, hal-hazırda 7-8 müfəttiş işləyir və ərizələrin çoxunu da, 3-4 müfəttiş icra edir. Belə olan halda, iş vaxtından artıq işləsələr də, çatdıra bilmirlər. Xahiş edir ki, 2019-2020-ci illərdə İddiaçı nə qədər şikayət araşdırdığını və neçə halda inzibati xəta haqqında protokol tərtib etdiyini araşdırasınız. Nəzərə çatdırır ki, ancaq bir maddə ilə 2019-2020-ci illərdə 4 halda İnzibati Xətalar Məcəlləsinin 192.1 maddəsinə əsaslanaraq hüquqi səxslərə protokol tərtib etmiş qərardad verilərək məhkəmələrdə baxılmış və tərəfindən bütün hallarda rayon və apellyasiya məhkəmələri tərəfindən udulmuşdur. Rəhbərlik ondan xidməti məruzə yazmaqdansa və izahat tələb etməkdənsə məhkəmələr tərəfindən çıxarılan qərarların icrasına nəzarət edib 80000 (səksən min) manat məbləğin dövlət büdcəsinə keçirilməsi barədə tədbir görsə daha effektli olar. 2013cü və 2014-cü ildə DƏMX-i üzrə ən çox şikayət ərizəsi araşdıran müfəttiş o, olmuşdur. Nəzərə çatdırır ki, o, 5 oktyabr 2020 ci il tarixində məzuniyyətə gedərkən icraatında olan bütün işlər ondan alınmalı və digər işçilərə paylanmalı idi. Bu qayda ədliyyə, məhkəmə prokurorluq, vergi və digər bütün orqanlarda tətdiq edilir. 12 noyabr 2020-ci il tarixində məzuniyyətdən qayıtmış, bu günə qədər 20-dən çox şikayət məktubu bağlayaraq imzaya göndərilib. Heç bir əsas olmadan bu məktubların çox qismi 3- 4 dəfə hər dəfə də bir bəhanə ilə geri qaytarılıb. Belə olan halda, əlbəttə ki, gecikmə olacaq. Bunun da, araşdırılmasını xahiş edir. Hal-hazırda az qalıb bir ili tamam olan şikayət məktubları var ki, protokol və qərar yazılmasına baxmayaraq bu günə qədər imzalanmayıb. Hər-hansı bir vətəndaş bir şikayət ərizəsində 5-6 dövlət qurumuna müraciət edir və bütün dövlət qurumlarıda şikayətləri aidiyyəti üzrə onlara göndərir. Bakı şəhər İdarəsi yaranana qədər bölgədə bu işlərə nəzarət edən şəxslər şikayətin bir şəxsə məxsus olduğunu, eyni məzmunlu olduğunu nəzərə alaraq hamısını baxılması üçün bir müfəttişə həvalə edilirdi və qayda qanun var idi. Ancaq DƏMX-nın Bakı şəhər İdarəsi yarandıqdan sonra bir nəfərə məxsus eyni məzmunlu 5-6 şikayət məktubu baxılması üçün 3-4 müfəttiş arasında bölüşdürülür. Müəssisə rəhbərliyi ilə əlaqə saxlandığı təqdirdə onlar haqlı olaraq irad tuturlar ki, bu necə müfəttişlikdir ki, eyni adamın eyni məzmunlu şikayəti əsasında Bakı şəhər İdarəsindən Elgün müəllimin, Sadiq müəllimin, Araz müəllimin adından onlara məktublar gəlib. Rəhbərlik adi qaydalara riayət edə bilmir. Qısa olaraq bildirir ki, ərizə və şikayətlərin gecikmə səbəbi pandemiya dövrünə təsadüf etdiyi, müəssisə və idarələrin işləməməsi, sektorda iş yükünün onun və bir neçə müfəttişin üzərinə düşməsi, əmək şəraitinin bərbad vəziyyətdə olması ESDAS-ın bir gün işlədikdə dörd gün işləməməsi, skan bir həftə işlədikdə bir həftə işləməməsi (dəfələrlə kənardan usta dəvət etmişlər), vətəndaş müraciətlərinin rəhbərlik tərəfindən tələbə uyğun araşdırılmasına imkan verilməməsi, pandemiya dövründə şikayətçilərin DƏMX-nin Bakı şəhər idarəsinə kütləvi şəkildə dəvət edilərək izahatın alınması tələbi DƏMX-nin Bakı şəhər idarəsinin bir yerdə olmaması, qərar yazmaq və hərhansı bir işlə əlaqədar Yasamal rayonunda yerləşən Bakı şəhər İdarəsinə getmələri. (2 saat yola vaxt gedir, ən azı da 2-3 saat Bakı şəhər İdarəsində olurlar və bütün iş günü boşa gedir) Əlavə olaraq bildirir ki, məhkəmələrdə müfəttişliyin işi ilə əlaqədar, 3-cü şəxs qismində, İcra və Probasiya şöbələrinə, mühasibatlıq ekspertizasına ən çox cəlb edilən müfəttişlərdən biri də, odur. Bildirir ki, yuxarıda qeyd etdiyi səbəblərdən müraciətlərin gecikməsi hal-hazırda bütün əməkdaşlarda mövcuddur. 23 il fəaliyyəti dövründə müfəttişlik bu cür acınacaqlı vəziyyətə düşməmişdir. Müfəttişlikdə kadr islahatının düzgün aparılmaması vəziyyətin bu həddə gəlib çıxmasına səbəb olmuşdur. Müraciətlərin gecikdirilməsinin aradan qaldırılması ilə bağlı tərəfindən tədbirlər görülür və noyabr ayının sonuna qədər aradan qaldırılacaq. Cənab Prezident çıxışlarında savadı, biliyi, dövlətçiliyi, millətçiliyi olan gənclərə vəzifə verilməsini irəli çəkilməsini tövsiyə etmişdir. Bəzi məmurlar bundən sui-istifadə edərək cənab prezidentin ancaq bir sözünü (cavan kadr) əsas götürürlər. O, bilsə ki, işə götürüləcək gənc kadr onun gördüyü işlərin 70-80 faizini görə biləcək, bu gün ərizə yazıb işdən çıxar - X19 Xidmətinin rəisi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə ünvanlanmış **********7 nömrəli, xx.xx.2020-ci il tarixli yazılı məruzədən görünür ki, X19 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X20 bəzi əməkdaşlarının vəzifə funksiyalarının icrası zamanı yol verdikləri nöqsanlar barədə xx.xx.2020-ci il tarixli, **********7 nömrəli təqdimatı əsasında Xidmətin Daxili nəzarət şöbəsi tərəfindən araşdırma aparılmışdır. Məlum olmuşdur ki, Xidmət rəhbərliyinin Bakı şəhər İdarəsində vətəndaş müraciətlərinin icrası ilə bağlı tapşırığına əsasən ilkin araşdırma aparılmış və İdarənin əməkdaşları - baş məsləhətçi - baş əmək müfəttişləri X21, X11, İddiaçı, X4, X12, əmək müfəttişləri X13 və X17 vətəndaşların müraciətlərinin araşdırılması zamanı nöqsanlara yol verdikləri, müraciətlərin icra edilməsi zamanı qanunvericiliyin tələblərini pozduqları müəyyən edilmişdir. Xidmətin Daxili nəzarət şöbəsi tərəfindən aparılan araşdırma zamanı təqdimatda qeyd olunanlar öz təsdiqini tapmışdır. Belə ki, Bakı şəhər İdarəsinin əməkdaşları K.Əliyev, E.Gülüşov, İddiaçı, C.Fərhadov, E.Hacıyev, Q.Əliyev və E.Əliyev tərəfindən 2019-cu ilin noyabr ayından 2020-ci ilin oktyabr ayınadək olan dövr ərzində müvafiq dərkənarla icrası onlara tapşırılmış vətəndaş müraciətlərinin baxılması zamanı “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının qanununun tələblərini kobud şəkildə pozulduğu, müraciətlərə baxılması üçün qanunvericiliklə təyin edilən müddətləri ötürməklə cavab verildiyi, bir çox hallarda araşdırmaların natamam və səthi aparıldığı müəyyən edilmişdir. Nəticədə, vətəndaşlar tərəfindən Nazirliyin “142 Çağrı Mərkəzi”nə, elektron poçt ünvanı, sosial şəbəkələr və yazılı ərizələr vasitəsilə Xidmətə çoxsaylı şikayət məktubları ünvanlanmışdır. Eyni zamanda, ESDAS-a baxış zamanı məlum olmuşdur ki, vətəndaş müraciətlərinin düzgün araşdırılmasına Xidmətin Əməyin sosial-hüquq məsələlərinə nəzarət şöbəsi tərəfindən nəzarət həyata keçirilərkən bir çox hallarda təqdimatda adları qeyd olunan əməkdaşlar tərəfindən müraciətlərin qanunvericiliyə uyğun baxılmaması səbəbindən işə alınmasından imtina edilmiş və düzgün araşdırmanın təmin edilməsi üçün müvafiq tapşırıqlar verilmişdir. Əməkdaşlar üzrə işə alınmasına imtina edilmiş sənədlərin sayı aşağıdakı kimi olmuşdur:- İddiaçı - 2 dəfə imtina verilmiş sənəd sayı 10, 3 dəfə imtina verilmiş sənəd sayı 1 və 4 dəfə imtina edilmiş sənəd sayı 2-dir. Ümumi imtina sayı 50 ədəddir; - X6 -1 imtina verilmiş sənədi mövcuddur; - X24 - 2 dəfə imtina verilmiş sənəd sayı 4, 3 dəfə imtina verilmiş sənəd sayı 3-dür. Ümumi imtina sayı 27 ədəddir; - X25 - 2 dəfə imtina verilmiş sənəd sayı 4, 3 dəfə imtina verilmiş sənəd sayı 1 -dir. Ümumi imtina sayı 20 ədəddir; - X14 - 3 dəfə imtina verilmiş sənəd sayı 2 ədəddir. Ümumi imtina sayı 24 ədəddir; - X15 - 2 dəfə imtina verilmiş sənəd sayı 2, 3 dəfə imtina verilmiş sənəd sayı 1 ədəddir. Ümumi imtina sayı 19 ədəddir; - X16 - 2 dəfə imtina verilmiş sənəd sayı 5 ədəddir. Ümumi imtina sayı 17 ədəddir. Qeyd olunanları nəzərə alaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.1-ci (qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli), 18.0.4-cü (başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli), 18.0.5-ci (vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli) maddələrinin tələblərinin pozulduğunu nəzərə alaraq və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli, 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti haqqında Əsasnamə”nin 5.7.9-cu yarımbəndini rəhbər tutaraq baş məsləhətçi - baş əmək müfəttişləri X21, X11, İddiaçı, X4, X12, əmək müfəttişləri X13 və X22 barələrində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbirlərdən birinin tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Münasibət bildirməsi xahiş edilmişdir. - Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X5 Komitəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdirinə ünvanlanmış 18 nömrəli, 25 noyabr 2020-ci il tarixli, “Birləşmiş X2 razılığının təqdim edilməsi haqqında” məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsinin Əməyin mühafizəsi məsələləri üzrə müraciətlərin baxılması sektorunda baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçılə bağlanmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsi məsələsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X5 Komitəsinin üzvlərinin iştirakı ilə müzakirə edilmiş, təqdim edilmiş məruzəyə əsasən Nazirlik yanında X19 Xidmətinin Bakı şəhər İdarəsinin Əməyin mühafizəsi məsələləri üzrə müraciətlərin baxılması sektorunda baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı öhdəsinə düşən əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə onunla bağlanmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsinə etiraz etmirlər. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********3 nömrəli, 27 noyabr 2020-ci il tarixli, “İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında” əmrin surətindən görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.6-cı maddəsinə əsasən əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsinin Əməyin mühafizəsi məsələləri üzrə müraciətlərin baxılması sektorunda baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı 27 noyabr 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla 16 sentyabr 2014- cü il tarixdən bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrin verilməsinə əsas: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin 24 noyabr 2020-ci il tarixli, **********7 nömrəli xidməti məruzəsi olmuşdur. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. Həmin Qanunun 18.0.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçmək dövlət qulluqçularının əsas vəzifələrinə aiddir. Həmçinin Qanunun 18.0.12-ci maddəsinə əsasən etik davranış qaydalarına əməl etmək də dövlət qulluqçularının əsas vəzifələrindəndir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Həmin Qanunun 33.1.6-ci maddəsinə əsasən dövlət qulluqçusu Bu Qanunun 25.2.6cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə, dövlət qulluğuna xitam verilə bilər. Hazırkı işin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli əmrə əsasən iddiaçı tutduğu vəzifədən azad olunan zaman onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qulluğuna “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.6-cı maddəsinə istinad edilməklə xitam verilmişdir. Həmin əmrə əsas kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin 24 noyabr 2020-ci il tarixli, **********7 nömrəli xidməti məruzəsi göstərilmişdir. Həmin məruzədən müəyyən edilmişdir ki, X19 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X20 bəzi əməkdaşlarının vəzifə funksiyalarının icrası zamanı yol verdikləri nöqsanlar barədə xx.xx.2020-ci il tarixli, **********7 nömrəli təqdimatı əsasında Xidmətin Daxili nəzarət şöbəsi tərəfindən araşdırma aparılmışdır. Məlum olmuşdur ki, Xidmət rəhbərliyinin Bakı şəhər İdarəsində vətəndaş müraciətlərinin icrası ilə bağlı tapşırığına əsasən ilkin araşdırma aparılmış və İdarənin əməkdaşları - baş məsləhətçi - baş əmək müfəttişləri X21, X11, İddiaçı, X4, X12, əmək müfəttişləri X13 və X17 vətəndaşların müraciətlərinin araşdırılması zamanı nöqsanlara yol verdikləri, müraciətlərin icra edilməsi zamanı qanunvericiliyin tələblərini pozduqları müəyyən edilmişdir. Xidmətin Daxili nəzarət şöbəsi tərəfindən aparılan araşdırma zamanı təqdimatda qeyd olunanlar öz təsdiqini tapmışdır. Belə ki, Bakı şəhər İdarəsinin əməkdaşları K.Əliyev, E.Gülüşov, İddiaçı, C.Fərhadov, E.Hacıyev, Q.Əliyev və E.Əliyev tərəfindən 2019-cu ilin noyabr ayından 2020-ci ilin oktyabr ayınadək olan dövr ərzində müvafiq dərkənarla icrası onlara tapşırılmış vətəndaş müraciətlərinin baxılması zamanı “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının qanununun tələblərini kobud şəkildə pozulduğu, müraciətlərə baxılması üçün qanunvericiliklə təyin edilən müddətləri ötürməklə cavab verildiyi, bir çox hallarda araşdırmaların natamam və səthi aparıldığı müəyyən edilmişdir. Nəticədə, vətəndaşlar tərəfindən Nazirliyin “142 Çağrı Mərkəzi”nə, elektron poçt ünvanı, sosial şəbəkələr və yazılı ərizələr vasitəsilə Xidmətə çoxsaylı şikayət məktubları ünvanlanmışdır. Eyni zamanda, ESDAS-a baxış zamanı məlum olmuşdur ki, vətəndaş müraciətlərinin düzgün araşdırılmasına Xidmətin Əməyin sosial-hüquq məsələlərinə nəzarət şöbəsi tərəfindən nəzarət həyata keçirilərkən bir çox hallarda təqdimatda adları qeyd olunan əməkdaşlar tərəfindən müraciətlərin qanunvericiliyə uyğun baxılmaması səbəbindən işə alınmasından imtina edilmiş və düzgün araşdırmanın təmin edilməsi üçün müvafiq tapşırıqlar verilmişdir. İddiaçı - 2 dəfə imtina verilmiş sənəd sayı 10, 3 dəfə imtina verilmiş sənəd sayı 1 və 4 dəfə imtina edilmiş sənəd sayı 2-dir. Ümumi imtina sayı 50 ədəddir. Qeyd olunanları nəzərə alaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.1-ci (qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli), 18.0.4-cü (başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli), 18.0.5-ci (vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli) maddələrinin tələblərinin pozulduğunu nəzərə alaraq və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli, 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti haqqında Əsasnamə”nin 5.7.9-cu yarımbəndini rəhbər tutaraq baş məsləhətçi - baş əmək müfəttişləri X21, X11, İddiaçı, X4, X12, əmək müfəttişləri X13 və X22 barələrində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbirlərdən birinin tətbiq olunmasını məqsədəmüvafiq hesab etmişdir. Bununla yanaşı, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X5 Komitəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsinin Əməyin mühafizəsi məsələləri üzrə müraciətlərin baxılması sektorunda baş məsləhətçi – baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı öhdəsinə düşən vəzifələri yerinə yetirməyərək etik davranış qaydalarını pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsinə etiraz etməmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı barəsində qəbul etdiyi **********3 saylı, xx.xx.2020-ci il tarixli əmri qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Məhkəmə Kollegiyası iddiaçının tələbinin əsası kimi qeyd edilmiş barəsində intizam tənbehi tətbiq edilərkən həmkarlar təşkilatının razılığı alınmaması və Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbinin pozulması ilə bağlı qeyd edir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçisinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X2 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin birinci hissəsində həmin Məcəllənin 70-ci maddəsinin b) və c) bəndlərində göstərilən əsaslar olduğu halda işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X2 qabaqcadan razılığı alınmaqla ləğv edilir. İddiaçı Əmək Məcəlləsinin 70- ci maddəsinin b) və c) bəndlərində göstərilən əsaslarla deyil, “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsi ilə dövlət qulluğuna xitam verilmişdir. Həmçinin cavabdeh müvafiq əmri qəbul edərkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X5 Komitəsinin rəyini də, almışdır. Göründüyü kimi iddiaçı dövlət qulluqçusu kimi ona həvalə edilmiş vəzifələri lazımi şəkildə yerinə yetirməmiş, cavabdehin əmri ilə araşdırma aparılmış, iddiaçının kobud pozuntulara yol verməsi müəyyən edilmiş, araşdırmanın nəticəsində iddiaçıdan izahat alınmış və araşdırmanın nəticəsindən sonra 1 ay müddətində onun haqqında intizam tənbehi tətbiq edilmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2-1(112)-3380/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2-1(112)-3380/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar