Məhkəmə qərarları › İş №2-1(103)-4990/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4990/2025

22.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4990/2025 22.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məhkəmə katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun tanınması" tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-17711/2025 saylı, 19 noyabr 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh idarənin, İddiaçı Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universiteti tərəfindən “Hüquqşünaslıq” ixtisasına yiyələndiyinə dair verdiyi “K” seriyalı 74047 nömrəli diplomun kvalifikasiyanın tanınmasından imtina edilməsi haqqında inzibati akt, o cümlədən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017-ci il tarixli T007484 və İ-006688 saylı Şəhadətnamələrin autentik (həqiqi) olmadığına dair inzibati aktların qanunsuz hesab edilərək etibarsız sayılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-17711/2025 saylı, 19 noyabr 2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Təhsildə X1rşı cavabdehin imtinasının əsassız sayılması, cavabdeh idarənin, İddiaçı Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universiteti tərəfindən “Hüquqşünaslıq” ixtisasına yiyələndiyinə dair verdiyi “K” seriyalı 74047 nömrəli diplomun kvalifikasiyanın tanınmasından imtina edilməsi haqqında inzibati akt, o cümlədən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017-ci il tarixli T-007484 və İ-006688 saylı Şəhadətnamələrin autentik (həqiqi) olmadığına dair inzibati aktların qanunsuz hesab edilərək etibarsız sayılması tələbinə dair 2-1(112)- 17711/2025 nömrəli inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia məcburetmə iddia növünə aid olan iddia olmayıb, müəyyən etmə və ya tanınma haqqında iddia növünə aiddir. Belə ki, İddiaçı xx.xx.2012-ci il tarixində Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universiteti (Federal dövlət büdcə professional ali təhsil müəssisəsi (Qeydiyyat No: 108303, xx.xx.2012) tərəfindən verilmiş hüquqşünaslıq ixtisasına dair ali təhsil haqqında “K” seriyalı 74047 nömrəli diplomun Azərbaycan Respublikasında “Hüquqşünaslıq” ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalent (bərabər) olduğuna barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017-ci il tarixli T-007484 və İ- 006688 saylı Şəhadətnamələrin autentik (həqiqi) olmadığına dair Cavabdeh İdarənin verdiyi inzibati aktın qanunsuz hesab edilərək etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş edir. Yəni iddiaçı yeni bir inzibati aktın qəbul edilməsini xahiş etmir. O, ona xarici ölkənin ali təhsil müəssisəsi tərəfindən verilmiş diplomun Azərbaycan Respublikasında “Hüquqşünaslıq” ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalent (bərabər) olduğuna barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017-ci il tarixli T-007484 və İ-006688 saylı Şəhadətnamələrin autentik (həqiqi) olmadığına dair Cavabdeh İdarənin verdiyi inzibati aktın qanunsuz hesab edilərək etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş edir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2-ci maddəsinin 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırkı iddia tələbinə əsasən iddiaçı cavabdeh idarənin, İddiaçı Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universiteti tərəfindən “Hüquqşünaslıq” ixtisasına yiyələndiyinə dair verdiyi “K” seriyalı 74047 nömrəli diplomun kvalifikasiyanın tanınmasından imtina edilməsi haqqında inzibati akt, o cümlədən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017-ci il tarixli T-007484 və İ- 006688 saylı Şəhadətnamələrin autentik (həqiqi) olmadığına dair inzibati aktların qanunsuz hesab edilərək etibarsız sayılmasını tələb edir və həmin tələb cavabdeh Təhsildə X1rşı yönəldilmişdir. Göründüyü kimi hazırkı iddia tələbi məcburetmə haqqında iddia növü olmaqla cavabdehin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində göstərilmişdir:” İnzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur.” İşdə olan AZEMİS Elektron məhkəmə sistemi vasitəsilə əldə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatdadır. Ona görə də Məhkəmə-Hüquq Şurasının 4 nömrəli, xx.xx.2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə qərarına əsasən Şamaxı rayonu Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidi olduğundan, birinci instansiya məhkəməsi haqlı olaraq hazırkı işə Sumqayıt İnzibati Məhkəməsində baxılması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair məcburetmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər. Odur ki, hazırki iddia məcburetməyə dair iddiadır. Belə ki, iddiaçının hüquqi marağı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasından ibarətdir. Azərbaycan Respublikası İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi şikayətdə göstərilən dəlil hazırkı işə Bakı İnzibati Məhkəməsində baxılması üçün əsas hesab edilə bilməz. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-17711/2025 saylı, 19 noyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar