Məhkəmə qərarları › İş №2-1(103)-4993/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4993/2025

24.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4993/2025 24.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: “qərarın ləğv edilməsi”) QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-544/2025 saylı, 03 oktyabr 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişindən görünür ki, İddiaçı (VÖEN **********) Azərbaycan Respublikasının əlavə dəyər vergisi ödəyicilərinin dövlət reyestrinə daxil edilmişdir. Qeydiyyatın aparılmasına əsas: **********867300, qeydiyyatın qüvvəyə minmə tarixi: xx.xx.2022, qeydiyyata alınma tarixi: xx.xx.2023

2. Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2023-cü il tarixli məktubuna əsasən iddiaçıdan həmin dövr üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi tələb olunmuşdur. Məktubda bildirilmişdir ki, təqdi olunan “Gəlir vergisinin bəyannaməsi”nin 1200.1-ci (Malların təqdim edilməsindən gəlir) və 1200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətrlərində göstərilmiş cəmi 0 manat gəlir məbləği hesabat dövrü ərzində idxal edilmiş və e-qaimə əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan məbləğdən 80076.13 manat az əks etdirilmişdir. Uçot-baza məlumatlarına əsasən bəyannamənin aid olduğu ilin müvafiq dövrlərində iddiaçı tərəfindən mallar idxal edilməsinə və e-qaimə əsasında mallar (işlər, xidmətlər) alınmasına baxmayaraq bəyannamənin “Aktivlər, öhdəliklər və kapitallar barədə” 1 №-li Əlavəsi təqdim edilməmişdir. İddiaçı tərəfindən hesablama metodu ilə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi”nin 1200.1-ci (Malların təqdim edilməsindən gəlir) və 1200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 0 manat gəlir məbləği hesabat dövrü ərzində iddiaçı tərəfindən təqdim edilmiş online kassa aparatı ilə müəyyən edilən (259426.33 manat), iddiaçı tərəfindən ixrac edilmiş (0.00 manat) və elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) (0.00 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 259426.33 manat məbləğdən 259426.33 manat az əks etdirilmişdir.

3. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********471400 nömrəli qərarına əsasən iddiaçıya 2022-ci ilin gəlir vergisi üzrə hesablanmış 4036.79 manat vergi 290,12 manat azaldılmış və ümumilikdə 3.746,67 manat vergi hesablanmışdır. Əsas: Aparılmış araşdırmalara əsasən müvafiq düzəlişlər edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Gəlir vergisi 04 noyabr 2023-cü il tarixli **********471400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsinə dair müvafiq qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “cavabdeh tərəfindən qəbul edilmiş 04 noyabr 2023-cü il tarixli **********471400 saylı qərarın, həmçinin **********3 saylı, xx.xx.2023 tarixli ƏDV qeydiyyat bildirişinin ləğv edilməsi” formasında icraata qəbul edilmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı barəsində 2022-ci il üzrə gəlir vergisi hesablamış, həmçinin vergi tutulan əməliyyatlarının həcminin ardıcıl 12 ay ərzində 200.000 manatı keçməsi əsası ilə onu 2023-cü ilin yanvar ayında məcburi olaraq əvvəlki tarixdən ƏDV məqsədləri üçün qeydiyyatdan keçirmişdir. İddiaçı hesab edir ki, kameral yoxlama zamanı onun tərəfindən sənədlər təqdim olunmuş, həmçinin onun sadələşdirilmiş vergi ödəyicisi olmağını nəzərə almadan barəsində əsassız qərar qəbul etmiş və onu ƏDV ödəyicisi kimi qeydiyyata almışdır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

7. Cavabdeh tərəfindən təqdim olunmuş etiraz onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən hesablama metodu ilə təqdim edilmiş gəlir vergisinin bəyannaməsi”nin 1200.1-ci (Malların təqdim edilməsindən gəlir) və 1200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 0 manat gəlir məbləğinin hesabat dövrü ərzində təqdim edilmiş online kassa aparatı ilə müəyyən edilən (259426.33 manat), ixrac edilmiş (0.00 manat) və elektron qaiməfaktura əsasında satılmış mallar (işlər, xidmətlər) (0.00 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 259426.33 manat məbləğdən az olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. ƏDV qeydiyyatı ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda növbəti ayın birinci günündə qüvvəyə minir. Qeyd olunmalıdır ki, uçot-baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən 10 gün ərzində ƏDV məqsədləri üçün qeydiyyata dair müvafiq ərizə təqdim edilmədiyi müəyyən edildiyindən xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına qoyularaq xx.xx.2022-ci il tarixli **********243200 nömrəli əlavə dəyər vergisi ödəyicisinin qeydiyyatı bildirişi göndərilmiş, 2022-ci il üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrinə əsasən vergi ödəyicisinin dövriyyəsinin 138322.61 manat olduğu müəyyən edilmişdir. Həmçinin qeyd olunmalıdır ki, vergi ödəyicisinin fəaliyyət növünün “Restoranlar tərəfindən xidmətlərin göstərilməsi” olduğu halda ictimai iaşə (8%) məlumat forması təqdim edilmədiyi, eyni zamanda müvafiq fəaliyyət növü ilə bağlı aktiv obyekti olduğu müəyyən edilməmişdir. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********535100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə gəlirlərə əsasən Nazirlər Kabinetinin 55 nömrəli Qərarına uyğun 4036.79 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********936300 “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Yenidən aparılmış araşdırma zamanı vergi ödəyicisinin xx.xx.2022-ci il tarixində ƏDV qeydiyyatına alındığı, xx.xx.2022- xx.xx.2022-ci il tarix aralığında onlayn kassa məlumatlarının 47346.61 manat, əldə edilmiş elektron qaimə fakturalarının dəyərinin 28438.25 manat, əmək haqqı və sosial sığorta xərclərinin 175.00 manat təşkil etdiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən baza üzrə gəlirlər və xərclər əsas götürülməklə kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin 290.12 manat hissəsi azaldılmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023cü il tarixli **********471400 “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-544/2025 saylı, 03 oktyabr 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının gəlirinin əldə edilməsi ilə bağlı xərclər barədə sənədlərin iddiaçı tərəfindən tam təqdim edilmədiyinə istinadən cavabdeh tərəfindən iddiaçıya münasibətdə şərti rentabelliyin tətbiqi əsassız sayılmalıdır. Nəzərə almaq lazımdır ki, həmin normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə həmçinin VM-in 67-ci maddəsinin (67.1-67.4cü maddələrinin) tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamış, şərti rentabellik institutunun tətbiqi ilə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi nəzərə alınmamışdır.

10. Məhkəmə hesab edir ki, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli qərarı qanunvericilik normalarının pozuntusu ilə qəbul edildiyindən, həmin qərar iddiaçı üçün əlavə vergi məsuliyyəti yaratmamalıdır.

11. Məhkəmə qeyd edir ki, iddiaçının vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 ay ərzində 200,000.0 manatı keçdiyindən, cavabdeh vergi orqanı iddiaçını xx.xx.2023-cü il tarixdə məcburi olaraq əvvəlki – xx.xx.2022-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçirmişdir. Bundan sonra cavabdeh vergi orqanı iddiaçıya məxsus onlayn kassa və bank hesabı üzrə əməliyyatları əsas götürərək, 2022-ci il üzrə əlavə vergi məbləğləri hesablamışdır.

12. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının dövriyyəsinin 200.000 manatdan artıq olmasına, iddiaçının ƏDV məqsədləri üçün uçota alınmasına əsas olmuş məlumatlar (bank əməliyyatları və onlayn kassa məlumatları), eləcə də 200.000 manat həddini keçməsi cavabdeh vergi orqanına xx.xx.2023-cü il tarixdən əvvəl, əməliyyatlarının faktiki olaraq baş tutduğu tarixlərdə də məlum olmasına baxmayaraq, cavabdeh vergi orqanı iddiaçını ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə vermək öhdəliyi yarandığı tarixdən 5 ay sonra əvvəlki tarixdən məcburi şəkildə ƏDV ödəyicisi kimi qeydiyyatdan keçirmişdir.

13. Hazırkı işdən görünür ki, iddiaçı 2022-ci il ərzində sadələşdirilmiş vergi ödəyicisi olmuş və ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmiş və apardığı əməliyyatlara ƏDV tətbiq etməmişdir.

14. Bundan başqa Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, cavabdeh inzibati orqanın da qanunda irəli gələn məsuliyyəti mövcuddur. Belə ki, o, qanunvericiliklə ona verilmiş səlahiyyətə uyğun olaraq vergi ödəyicilərinin təqdim etdikləri hesabat və bəyannamələrə əsasən onların ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcminin 200.000 manatdan artıq olmasını hesabat və bəyannamələr təqdim olunmasını hesabat və bəyannamələr təqdim edilən vaxt məlum olmasını bilmək imkanına malik olmuş, həmin vaxt kameral vergi yoxlaması əsasında araşdırma aparmaq hüququ olmuş, lakin bu imkandan istifadə etməmişdir

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

15. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-544/2025 saylı, 03 oktyabr 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əlavə dəyər vergisi ödəyicisi kimi qeydiyyata alınmaya dair: Uçot baza məlumatlarına əsasən İddiaçı xx.xx.2019-cu il tarixində ********** nömrəli VÖEN ilə qeydiyyata alınmış və əsas fəaliyyət növü restoranlar tərəfindən xidmətlərin göstərilməsidir. Məlum olduğu kimi, ƏDV qeydiyyatı ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda növbəti ayın birinci günündə qüvvəyə minir. Uçotbaza məlumatlarına əsasən İddiaçı tərəfindən xx.xx.2022- ci il tarixində vergi tutulan əməliyyatların həcmi 200 000 manatı keçmişdir. Buna görə də, iddiaçıya 10 gün ərzində ƏDV məqsədləri üçün qeydiyyata dair müvafiq ərizənin təqdim edilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli **********243200 nömrəli bildiriş göndərilmiş, lakin iddiaçı tərəfindən müvafiq ərizə vergi orqanına təqdim edilməmişdir. Nəticədə İddiaçı xx.xx.2023-cü il tarixli, **********3 nömrəli əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişi göndərilmiş və xx.xx.2022-ci il tarixdən etibarən ƏDV ödəyicisi hesab edilmişdir. xx.xx.2023-cü il tarixli **********471400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarın qəbul edilməsi ilə əlaqədar: İddiaçının təqdim etdiyi 2022-ci il üzrə gəlir vergisi bəyannaməsi istiqamətində aparılmış kameral vergi yoxlaması zamanı müəyyən edilmişdir ki, 2022-ci il üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrinə əsasən vergi ödəyicisinin dövriyyəsinin 138322.61 manat olduğu müəyyən edilmişdir. Həmçinin qeyd edilər ki, vergi ödəyicisinin fəaliyyət növünün “Restoranlar tərəfindən xidmətlərin göstərilməsi” olduğu halda ictimai iaşə barədə məlumat forması təqdim edilmədiyi, eyni zamanda müvafiq fəaliyyət növü ilə bağlı aktiv obyekti olduğu müəyyən edilməmişdir. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli, **********535100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə gəlirlərə əsasən Nazirlər Kabinetinin 55 nömrəli Qərarına uyğun 4 036,79 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli, **********936300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Bundan sonra həmin dövr üzrə yenidən aparılmış araşdırma zamanı vergi ödəyicisinin xx.xx.2022-ci il tarixində ƏDV qeydiyyatına alındığı, xx.xx.2022-xx.xx.2022-ci il tarix aralığında onlayn kassa məlumatlarının 47 346,61 manat, əldə edilmiş elektron qaiməfakturalarının dəyərinin 28 438,25 manat, əmək haqqı və sosial sığorta xərclərinin 175,00 manat təşkil etdiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən uçot baza məlumatları üzrə gəlirlər və xərclər əsas götürülməklə kameral vergi yoxlaması ilə 3 746,67 manat vergi öhdəliyi hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli, **********471400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Qəbul edilmiş qərar nəticəsində əvvəl qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********936300 qərar ləğv edilmişdir. məhkəmə vergi orqanının qərarına əsaslandırma verən zaman kobud pozuntuya yol vermişdir. Yuxarıda qeyd edildiyi kimi, vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli, **********936300 nömrəli qərar qəbul edildikdən sonradan yenidən araşdırma aparılmış və xx.xx.2023-cü il tarixli, **********471400 nömrəli yeni qərar qəbul edilmişdir. Həmin yeni qərarın qəbul edilmə əsası isə şərti rentabellik olmamışdır. Hesablanmış 3 746,67 manat vergi öhdəliyi iddiaçının gəlir və xərcləri əsasında müəyyən edilmiş və şəxsi hesab vərəqəsinə əlavə edilmişdir. Göründüyü kimi qüvvədə olan xx.xx.2023-cü il tarixli, **********471400 nömrəli qərar əsasında hesablama iddiaçının gəlir və xərcləri əsasında olmasına baxmayaraq məhkəmə əsaslandırma hissəsində Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən hesablanılma aparılmasına istinad etməklə kobud pozuntuya yol vermişdir. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində vergi tutulan əməliyyatların həcmi 200 000 manatdı keçdiyinə görə ƏDV məqsədləri üçün qeydiyyata dair müvafiq ərizənin təqdim etməli olduğu halda etməmiş, nəticədə vergi orqanı tərəfindən iddiaçı xx.xx.2022-ci il tarixdən etibarən ƏDV ödəyici hesab edilmiş və bununla bağlı ona xx.xx.2023-cü il tarixli, **********3 nömrəli bildiriş təqdim edilmişdir. Bundan başqa uçot baza məlumatlarına əsasən 2022-ci il üzrə iddiaçının onlayn kassa məlumatları, elektron qaimə-fakturalar və əmək haqqı və sosial sığorta xərcləri əsasında gəlirləri və xərcləri müəyyən edilmiş və nəticədə 3 746,67 manat vergi öhdəliyi hesablanmaqla xx.xx.2023-cü il tarixli, **********471400 nömrəli qərar qəbul edilmişdir. ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmuşdur. Etiraz iddia ərizəsi ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, sahibkar xx.xx.2019-cu il tarixində fəaliyyətə başlamış, 30 yanvar 2023-cü il tarixində **********3 saylı ƏDV qeydiyyat bildirişi göndərilmiş və qeydiyyat xx.xx.2022-ci il tarixində qüvvəyə minmişdir. İddiaçının vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 ay ərzində 200,000.0 manatı keçdiyindən, cavabdeh vergi orqanı iddiaçını xx.xx.2023-cü il tarixdə məcburi olaraq əvvəlki - xx.xx.2022-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçirmişdir. Bundan sonra cavabdeh vergi orqanı iddiaçıya məxsus onlayn kassa və bank hesabı üzrə əməliyyatları əsas götürərək, 2022-ci il üzrə əlavə vergi məbləğləri hesablamışdır. İddiaçının dövriyyəsinin 200.000 manatdan artıq olmasına, iddiaçının ƏDV məqsədləri üçün uçota alınmasına əsas olmuş məlumatlar (bank əməliyyatları və onlayn kassa məlumatları), eləcə də 200.000 manat həddini keçməsi cavabdeh vergi orqanına xx.xx.2023-cü il tarixdən əvvəl, əməliyyatlarının faktiki olaraq baş tutduğu tarixlərdə də məlum olmasına baxmayaraq, cavabdeh vergi orqanı iddiaçını ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə vermək öhdəliyi yarandığı tarixdən 5 ay sonra əvvəlki tarixdən məcburi şəkildə ƏDV ödəyicisi kimi qeydiyyatdan keçirmişdir. İddiaçı 2022-ci il ərzində sadələşdirilmiş vergi ödəyicisi olmuş və ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmiş və apardığı əməliyyatlara ƏDV tətbiq etməmişdir. İddiaçı malları aldığı tarixdə sadələşdirilmiş verginin ödəyicisi olduğundan, əvəzləşdirmə hüququ olmamış və nəticədə həmin malların satışına ƏDV-nin məqsədləri üçün vergiyə cəlb edilən əməliyyat qismində baxıla bilməz. Bu səbəbdən cavabdehin iddiaçıya mübahisələndirilən qərarla əlavə dəyər vergisi hesablaması əsassız olmuşdur.

d) Prosses iştirakçılarının izahatları

18. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar olunmuş tərəflər (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil elektron kabinetə ərizə yerləşdirərək, üzrlü səbəbdən iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. …. 154.1. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. 154.2. Qeydiyyatdan keçən şəxs qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi ödəyicisi olur. Qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən sonrakı hesabat dövrünün başlanğıcından etibarən vergi ödəyicisi sayılır. 154.3. Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər bu cür idxal malları üzrə ƏDV-nin ödəyiciləri sayılırlar. ….. 154.7. Bu Məcəllənin 33.8-1-ci maddəsində göstərilən şəxslər (bu Məcəllənin 19-cu maddəsi ilə nəzərdə tutulan daimi nümayəndəliklər istisna olmaqla) ƏDV-nin ödəyiciləri sayılır. 155.1. Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2- ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslər dövlət qeydiyyatına və ya vergi orqanında uçota alınmaq üçün ərizə ilə birlikdə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı günədək ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar. Bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər həmin maddədə müəyyən edilmiş hüquqdan istifadə etdikdə ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatı keçdiyi aydan sonrakı ayın 1-dən etibarən 10 gün ərzində fəaliyyətlərini sadələşdirilmiş vergi ödəyicisi kimi davam etdirəcəkləri barədə vergi orqanına yazılı formada ərizə təqdim etməlidirlər. …. 157.4. Vergi orqanı ƏDV-nin ödəyicilərinin reyestrini aparmağa borcludur. Vergi ödəyiciləri ƏDV-nin reyestrinə daxil edilərkən onların uçota alınması haqqında vergi orqanına təqdim etdikləri ərizədəki məlumatlardan istifadə olunur. 157.5. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisini vergi orqanı öz təşəbbüsü ilə qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir. ……

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

24. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, hazırki işin faktiki hallarından görünür ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərarın, həmçinin ƏDV qeydiyyat bildirişinin ləğv edilməsini xahiş edir. Məhkəmə bildirir ki, tərəflər arasında mübahisənin yaranmasının əsası gəlirinin əldə edilməsi ilə bağlı xərclər barədə sənədlərin iddiaçı tərəfindən tam təqdim edilməməsi, həmçinin iddiaçının vergi tutulan əməliyyatlarının həcminin ardıcıl 12 ay ərzində 200.000 manatı keçməsi əsası ilə cavabdeh vergi orqanı tərəfindən iddiaçının 2023-cü ilin yanvar ayında məcburi olaraq əvvəlki – xx.xx.2022-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyatdan keçirilməsidir.

25. Məhkəmə bildirir ki, ödənilməli olan verginin məbləğini vergi orqanlarının əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən VMnin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır.

26. Məhkəmə qeyd edir ki, iddiaçının gəlirinin əldə edilməsi ilə bağlı xərclər barədə sənədlərin iddiaçı tərəfindən tam təqdim edilmədiyinə istinadən cavabdeh tərəfindən iddiaçıya münasibətdə şərti rentabelliyin tətbiqi əsassız sayılmalıdır. Nəzərə almaq lazımdır ki, həmin normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə həmçinin VM-in 67-ci maddəsinin (67.1-67.4-cü maddələrinin) tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamış, şərti rentabellik institutunun tətbiqi ilə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi nəzərə alınmamışdır.

27. Məhkəmə hesab edir ki, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli qərarı qanunvericilik normalarının pozuntusu ilə qəbul edildiyindən, həmin qərar iddiaçı üçün əlavə vergi məsuliyyəti yaratmamalıdır.

28. Məhkəmə Kollegiyası diqqətə çatdırır ki, qanunvericilikdə sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan vergi ödəyicisinin 5 iş günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə vermək öhdəliyi nəzərdə tutulsa da, vergi orqanının həmin vergi ödəyicilərini ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyata almasına münasibətdə konkret müddət qeyd edilməmişdir.

29. ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizənin verilməsinə görə müddətin 5 iş günü nəzərdə tutulması vergidən yayınma halının qarşısını almaqla yanaşı, vergi ödəyicisi tərəfindən ƏDV-nin hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu, əvəzləşdirmə hüququnun nə vaxt yarandığını dəqiqləşdirmək məqsədi daşıyır. Belə ki, qanunvericiliyə əsasən ƏDV vergisi bu məqsədlə dövlət qeydiyyatına alınmış vergi ödəyicilərinə satdığı malların dəyərinə ƏDV tətbiq etmək və malları alarkən ödədikləri ƏDV-ni əvəzləşdirmək hüququ verir.

30. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 ay ərzində 200,000.0 manatı keçdiyindən, cavabdeh vergi orqanı iddiaçını xx.xx.2023-cü il tarixdə məcburi olaraq əvvəlki – xx.xx.2022-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçirmişdir. Bundan sonra cavabdeh vergi orqanı iddiaçıya məxsus onlayn kassa və bank hesabı üzrə əməliyyatları əsas götürərək, 2022-ci il üzrə əlavə vergi məbləğləri hesablamışdır.

31. Həmçinin, məhkəmə Kollegiyası diqqətə çatdırır ki, iddiaçının dövriyyəsinin 200.000 manatdan artıq olmasına, iddiaçının ƏDV məqsədləri üçün uçota alınmasına əsas olmuş məlumatlar (bank əməliyyatları və onlayn kassa məlumatları), eləcə də 200.000 manat həddini keçməsi cavabdeh vergi orqanına xx.xx.2023-cü il tarixdən əvvəl, əməliyyatlarının faktiki olaraq baş tutduğu tarixlərdə də məlum olmasına baxmayaraq, cavabdeh vergi orqanı iddiaçını ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə vermək öhdəliyi yarandığı tarixdən 5 ay sonra əvvəlki tarixdən məcburi şəkildə ƏDV ödəyicisi kimi qeydiyyatdan keçirmişdir.

32. Hazırkı işdən görünür ki, iddiaçı 2022-ci il ərzində sadələşdirilmiş vergi ödəyicisi olmuş və ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmiş və apardığı əməliyyatlara ƏDV tətbiq etməmişdir.

33. Bundan başqa Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, cavabdeh inzibati orqanın da qanunda irəli gələn məsuliyyəti mövcuddur. Belə ki, o, qanunvericiliklə ona verilmiş səlahiyyətə uyğun olaraq vergi ödəyicilərinin təqdim etdikləri hesabat və bəyannamələrə əsasən onların ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcminin 200.000 manatdan artıq olmasını hesabat və bəyannamələr təqdim olunmasını hesabat və bəyannamələr təqdim edilən vaxt məlum olmasını bilmək imkanına malik olmuş, həmin vaxt kameral vergi yoxlaması əsasında araşdırma aparmaq hüququ olmuş, lakin bu imkandan istifadə etməmişdir

34. Apellyasiya şikayətinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, şikayət iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar əsaslandırılmışdır və həmin dəlillərə yuxarıda hüquqi qiymət verilmişdir.

35. Bundan başqa məhkəmə Kollegiyası onu da qeyd edir ki, anoloji iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)- 302/2025 saylı iş üzrə 13 mart 2024-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə də, “.....mövcud vəziyyətdə vergi orqanı diskresion səlahiyyətlərindən həmin səlahiyyətlərin məqsədinə uyğun istifadə etməli, vergi qanunvericiliyinin “vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətlərinin və aydın olmayan məqamlarının vergi ödəyicisinin xeyrinə şərh edilməsi” prinsipini pozmamalı və (vergi orqanı kimi) hüququnun (eləcə də vəzifəsinin) tətbiq edilməməsi nəticəsində iddiaçı üçün əlverişsiz şərait yaratmamalıdır. Vergi ödəyicisinin (iddiaçının) ƏDV məqsədləri üçün qeydiyyata alınmasına əsas olmuş məlumatlar (bank əməliyyatları, onlayn kassa məlumatları), eləcə də iddiaçının vergi tutulan əməliyyatlarının 200.000 manat həddini keçməsi artıq növbəti hesabat dövründə vergi orqanına məlum olduğu halda, məcburi qeydiyyatı vaxtında təmin etməmiş, nəticədə, ödəyici də satdığı mallara görə ƏDV tətbiq etmək və daha sonra əvəzləşdirmə hüququndan məhrum olmuşdur....”

36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

37. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-544/2025 saylı, 03 oktyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-544/2025 saylı, 03 oktyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar