Məhkəmə qərarları › İş №2-1(103)-4997/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4997/2025

10.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4997/2025 10.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğvi və əvvəlki məbləğin bərpası” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və X1 ibarət tərkibdə, İbrahimova Nəzrin Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğvi və əvvəlki məbləğin bərpası” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8871/2024-cü il nömrəli 23 sentyabr 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 fevral 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARİ:

1. İddiaçı Dövlət Sosial X3 rayon şöbəsi təərfindən xx.xx.2006-cı il tarixindən ömürlük pensiya təyin edilmişdir.

2. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli qərarına əsasən yenidən hesablama nəticəsində iddiaçının pensiya məbləği (inventarizasiya ilə əlaqədar) 541,42 manat məbləğində müəyyən olunmuşdur.

3. Cavabdehin xx.xx.2024-cü il tarixli “Sosial ödəniş üzrə artıq ödənilmiş vəsaitin aşkar edilməsi haqqında” məktubu ilə iddiaçıya bildirilmişdir ki, xidməti araşdırma zamanı müəyyən olunmuşdur ki, əmək pensiyanızın məbləği xx.xx.2008-ci il tarixdə əsassız şəkildə artırılmışdır. Bu səbəbdən Qanunun 39.1-ci maddəsi tətbiq olunmaqla xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək əmək pensiyasının aylıq məbləğində artıqödəmə müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Sözügedən Qanunun 51.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Qeyd olunanları nəzərə alaraq, sizə təyin edilmiş əmək pensiyasının qanunauyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Bu səbəbdən “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən pensiya hüququnuza yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələıinizin dinlənilməsi üçün xx.xx.2025-ci il tarixində saat 15:00-da Bakı şəhəri, H.ünvan 1 ünvanında yerləşən X4 (Qəbul şöbəsinə) gəlməyiniz və ya yazılı qaydada öz mülahizələrinizi təqdim etməyiniz xahiş olunur. Göstərilən müddət ərzində mülahizələrinizin təqdim edilməməsi barənizdə müvafiq inzibati aktın qəbul edilməsini istisna etmir.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçı barəsində xx.xx.2025-ci il tarixli İNVENTAR saylı qərar qəbul olunmuş iddiaçının pensiya məbləği 811,01 manat və yenidən hesablama nəticəsində (inventarizasiya ilə əlaqədar) 363,86 manat məbləğində müəyyən olunmuşdur. Qərarda qeyd olunmuşdur ki, 14.845,47 manat artıqvermə yaranmışdır.

5. Cavabdehin xx.xx.2024-cü il tarixli xx.xx.2025-ci il tarixli “Müvafiq inzibati aktın qəbul edilməsi haqqında” məktubu ilə iddiaçıya bildirilmişdir ki, Xidməti araşdırma zamanı müəyyən olunmuşdur ki, əmək pensiyanızın məbləği xx.xx.2008-ci il tarixində əsassız şəkildə artırılmışdır. Bu səbəbdən Qanunun 39.1-ci maddəsi tətbiq olunmaqla xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək əmək pensiyanızın aylıq məbləğində artıqödəmə müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, sizə vaxtilə təyin edilmiş əmək pensiyasının qanunauyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Bu səbəbdən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2ci maddəsinə əsasən pensiya hüququnuza yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hal ilə əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinizin dinlənilməsi üçün xx.xx.2024-cü il tarixində dəvət məktubu göndərilmiş (3-17-1/2-Ş- 319901/2024 nömrəli məktub) və xx.xx.2025-ci il tarixində saat 15:00-da Bakı şəhəri, H.ünvan 1 ünvanında yerləşən Dövlət Sosial Müdafiə X2 (Qəbul şöbəsinə) gəlməyiniz və ya yazılı qaydada öz mülahizələrinizi təqdim etməyiniz xahiş olunmuşdur. Yuxarıda qeyd olunan tarixlərdə siz və ya nümayəndəniz qəbula gəlməmisiniz. Pensiya işi qovluğunuzda olan sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən xx.xx.2006-cı il tarixinədək 26 il 9 ay sığorta stajınıza uyğun olaraq 2004-2005-ci illər üzrə orta aylıq əməkhaqqınızın 82 faizi əsasında əmək pensiyanız yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 268,61 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyanızın məbləği indeksləşdirilərək xx.xx.2023-cü il tarixindən 327,21 manata (Qanunun 26.4-cü maddəsinin tələbləri də nəzərə alınmaqla), xx.xx.2024-cü il tarixindən 363,86 manata, xx.xx.2025-ci il tarixdən 393,33 manata çatdırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 19 fevral 2025-ci il tarixdə pensiyanın azaldılması barədə qəbul etdiyi inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçının nümayəndəsinin ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “İddiaçı barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli İnventar nömrəli qərarın ləğv ediməsi, müdaxilədən əvvəlki pensiya məbləğinin bərpa edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2006-cı il tarixdə iş stajı və orta aylıq əmək haqqı əsasında yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin xx.xx.2025- ci il tarixdə qəbul etdiyi inzibati akt əsasında pensiya işi qovluğunda olan sənədlər əsasında yenidən yoxlama aparılaraq əmək pensiyanın məbləğinin xx.xx.2008-ci il tarixdən əsassız artırılması qənaətinə gəlinərək pensiyasının məbləği kəskin şəkildə azaldılmışdır. Yenidən hesablama aparılaraq pensiya işi qovluğunda olan məlumatlara əsaslanaraq xx.xx.2006-cı il tarixinədək 26 il 9 ay sığorta stajı hesablanaraq, 2004-2005- ci illər üzrə orta aylıq əmək haqqının 82 faizi əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2022-ci il tarixdən 268,61 manat müəyyən edilmişdir. Cavabdeh əmək pensiyanın məbləğini indeksləşdirərək xx.xx.2023-cü il tarixdən 327.21 manata, xx.xx.2024-cü il tarixdən 363,86 manata, xx.xx.2025-ci il tarixdən 393.33 manata çatdırılması barədə qərar qəbul etmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əmək pensiyasının aylıq məbləğində artıqödəmə müəyyən etmişdir. Narazı qaldığı halda qəbul edilmiş qərardan inzibati və ya məhkəmə qaydasında şikayət vermək hüququ izah olunmuşdur. Bu səbəbdən məhkəməyə müraciət edir. İddiaçı pensiya yaşına çatdıqdan sonra əmək stajı və əmək haqqı nəzərə alınmaqla pensiya təyin edilmiş və müxtəlif illərdə pensiyası artırılaraq, son artırılma 800 manata çadırılmışdır. 2025-ci ilin yanvar ayında 800 manat pensiya almışdır. 2025-ci ilin fevral ayında pensiyası azaldılaraq 393,33 manata endirilmişdir. Cavabdeh təşkilat özünün bildirdiyi kimi 2008-ci ilin yanvar ayının 1-dən 2024-cü ilin 27 dekabr ayına qədər -16 il ərzində artıq hesablamanı görə bilməməyini heç nə ilə əsaslandırmamışdır. Eyni zamanda əsassız artırılmaya əsas olan sənədlər barədə qərarında göstərməmişdir. Hesab edir ki, cavabdehin gəldiyi bu nəticə əsassızdır. Ona görə də pensiyanın azaldılması barədə qərarı ləğv edilməlidir.

9. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin xx.xx.2006-cı il tarixdə qüvvədə olmuş tələblərinə əsasən İddiaçıya həmin tarixdən orta aylıq əməkhaqqı əsasında yaşa görə əmək pensiyası təyin edilmişdir. Xidməti araşdırma zamanı iddiaçının əmək pensiyasının məbləğinin xx.xx.2008-ci il tarixdə əsassız şəkildə artırıldığı müəyyən olunmuşdur. Bu səbəbdən Qanunun 39.1-ci maddəsi tətbiq olunmaqla xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək iddiaçının əmək pensiyasının aylıq məbləğində artıqödəmə müəyyən olunmuşdur. Göstərilən məsələ xx.xx.2024-cü il tarixli pensiyanın yenidən hesablanması haqqında qərarın qeyd hissəsində öz əksini tapmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibatı orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibatı icraatın başlanılması üçün əsas hesab olunur. İddiaçının pensiya işi qovluğunda olan sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən xx.xx.2006-cı il tarixədək 26 il 9 ay sığorta stajına uyğun olaraq 2004-2005-ci illər üzrə orta aylıq əməkhaqqınızın 82 faizi əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2022-ci il tarixdən 268,61 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2023-cü ıl tarixdən 327,21 manata (Qanunun 26.4-cü maddəsinin tələbləri də nəzərə alınmaqla), xx.xx.2024-cü il tarixdən 363,86 manata, xx.xx.2025-ci il tarixdən 393,33 manata çatdırılmışdır.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8871/2024-cü il nömrəli 23 sentyabr 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi xx.xx.2025-ci il tarixli İnventar nömrəli qərarın ləğv edilməsi və müdaxilədən əvvəlki pensiya məbləğinin bərpa edilməsi qərara alnmışdır.

11. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

Apellyasiya şikayətinin dəlilləri:

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin xx.xx.2006-cı il tarixində qüvvədə olmuş tələblərinə əsasən İddiaçıya həmin tarixdən orta aylıq əməkhaqqı əsasında yaşa görə əmək pensiyası təyin edilmişdir. Xidməti araşdırma zamanı iddiaçının əmək pensiyasının məbləğinin xx.xx.2008-ci il tarixdə əsassız şəkildə artırıldığı müəyyən olunmuşdur. Bu səbəbdən Qanunun 39.1-ci maddəsi tətbiq olunmaqla xx.xx.2022-ci ol tarixindən xx.xx.2025ci il tarixədək iddiaçının əmək pensiyasının aylıq məbləğində artıqödəmə müəyyən olunmuşdur. Göstərilənlər xx.xx.2024-cü il tarixli pensiyanın yenidən hesablanması haqqında qərarın qeyd hissəsində öz əksini tapmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya vaxtilə təyin edilmiş əmək pensiyasının qanunauyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranmışdır. Bu səbəbdən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən iddiaçının pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hal ilə əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün xx.xx.2024-cü il tarixdə iddiaçıya dəvət məktubu göndərilmiş /(3-17-1/2-Ş-319901/2024 nömrəli məktub) və xx.xx.2025-ci il tarixində saat 15.00-da Fonda dəvət olunmuşdur. Lakin nə iddiaçı, nə də nümayəndəsi qəbula gəlməmişdir və 21 yanvar 2025-ci il tarixli aktın tərtibində iştirak etməmişdir. İnzibati icraatın nəticəsi kimi 24 yanvar 2025-ci il tarixli qərarla iddiaçının pensiya məbləği yenidən hesablanaraq 363,86 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçının pensiya işi qovluğunda olan sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən xx.xx.2006-cı il tarixinədək 26 il 9 ay sığorta stajına uyğun olaraq 2004- 2005-ci illər üzrə orta aylıq əməkhaqqınızın 82 faizi əsasında əmək pensiyası yenidən hesablanaraq 01.01,2022-ci il tarixindən 268,61 manat məbləğində müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2023-cü il tarixdən 327, 21 manata (Qanunun 26.4-cü maddəsinin tələbləri də nəzərə alınmaqla), 01.01,2024-cü il tarixdən 363,86 manata, 01.01,2025-ci il tarixdən 393,33 manata çatdırılmışdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin qanuna əsasən, inzibati akt, inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Qanunun 81.1-ci maddəsinə əsasən, inzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. Həmçinin, Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan hüquq normalarının və işin faktiki hallarının qarşılıqlı təhlilindən aydın olur ki, məhkəmə işi tam araşdırmamış və düzgün əsaslandırma aparmadan qərar qəbul etmiş, bununla da pozuntuya yol vermişdir.

Tərəflərin izahatları

13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.

14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

15. xx.xx.2026-cı il tarixdə iddiaçının nümayəndəsi və vəkili "Elektron Məhkəmə" sistemi vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi “ümümi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2025-ci il tarixli və xx.xx.2024-cü il tarixli İnventar nömrəli qərarlarının ləğv edilməsi, cavabdehin müdaxiləsindən əvvəl olan pensiya məbləğinin bərpa edilməsi və xx.xx.2025-ci il tarixindən pensiya ödənişində yaranmış fərqini hesablanaraq cavabdeh tərəfindən iddiyaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsini icraata qəbul etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 25.1.Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 64.2.İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır.

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

19. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

20. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı hazırda cavabdehin xx.xx.2024cü il və xx.xx.2025-ci il tarixli qərarlarını mübahisələndirir. İddiaçı həmin qərarların ləğvi ilə bağlı məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Həmin qərarlar işə birinci instansiya qaydasında baxılarkən təqdim olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İddiaçının digər tələbləri isə birinci tələbdən doğaraq “öhdəliyin icrası haqqında” iddia növünə aiddir və həmin tələb üzrə də iddia müddəti qanunla müəyyən edilmədiyindən həmin tələb üzrə də iddia mümkündür.

21. İşin mahiyyətinə gəldikdə isə iddiaçının birinci instansiya məhkəməsində tələbi “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi xx.xx.2025-ci il tarixli İnventar nömrəli qərarın ləğv edilməsi və müdaxilədən əvvəlki pensiya məbləğinin bərpa edilməsi” barədə olmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin mövqeyi ilə qismən razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

23. İşin faktiki hallarından görünür ki, İddiaçı Dövlət Sosial X3 rayon şöbəsi təərfindən xx.xx.2006-cı il tarixdən ömürlük pensiya təyin edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli qərarına əsasən yenidən hesablama nəticəsində iddiaçının pensiya məbləği (inventarizasiya ilə əlaqədar) 541,42 manat məbləğində müəyyən olunmuşdur. Daha sonra cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçının əmək pensiyasının məbləğinin xx.xx.2008-ci il tarixdə əsassız şəkildə artırıldığı və bu səbəbdən Qanunun 39.1-ci maddəsi tətbiq olunmaqla xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək əmək pensiyasının aylıq məbləğində artıqödəmənin müəyyən olunduğu bildirilmiş və iddiaçının mülahizələrinin cavabdehə təqdim olunması tələb olunmuşdur. Lakin iddiaçı mülhizələrini cavabdehə təqdim etməmiş, həmçinin mülahizələrinin dinlənilməsi üçün Fonda getməmişdir. xx.xx.2025-ci il tarixli akt tərtib olunmuş və cavabdehin nümayəndələri tərəfindən imzalanmışdır. Bundan sonra cavabdeh tərəfindən iddiaçı barəsində xx.xx.2025-ci il tarixli İNVENTAR saylı qərar qəbul olunmuş və iddiaçının pensiya məbləği 811,01 manat və yenidən hesablama nəticəsində (inventarizasiya ilə əlaqədar) 363,86 manat məbləğində müəyyən olunmuşdur. Qərarda qeyd olunmuşdur ki, 14.845,47 manat artıqvermə yaranmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli xx.xx.2025-ci il tarixli “Müvafiq inzibati aktın qəbul edilməsi haqqında” məktubu ilə iddiaçıya “xx.xx.2006-cı il tarixinədək 26 il 9 ay sığorta stajınıza uyğun olaraq 2004-2005-ci illər üzrə orta aylıq əməkhaqqınızın 82 faizi əsasında əmək pensiyanız yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 268,61 manat müəyyən edildiyi və Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyanızın məbləği indeksləşdirilərək xx.xx.2023-cü il tarixindən 327,21 manata (Qanunun 26.4-cü maddəsinin tələbləri də nəzərə alınmaqla), xx.xx.2024-cü il tarixindən 363,86 manata, xx.xx.2025-ci il tarixdən 393,33 manata çatdırıldığı barədə məlumat verilmişdir.

24. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, inzibati orqan tərəfindən iddiaçının pensiyasının məbləğində artıq ödəmələrin aparılması ilə bağlı inzibati icraat cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmiş və cavabdeh qurum tərəfindən iddiaçının əmək pensiyası azaldıqdan sonra xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçını məlumatlandırmışdır.

25. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 26 Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar.

27. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır.

28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1).

29. Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.

30. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur.

31. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

32. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər.

33. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

34. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

35. Həmin Qanununun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

36. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.

37. Həmin Qanunun 64.3-cü maddəsinə əsasən inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

38. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

39. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

40. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər.

41. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.

42. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

43. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.

44. Hazırki işdə iddiaçı barədə qəbul edilmiş inzibati aktın “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilən hallarla bağlı əldə edildiyi müəyyən olunmur. Həmçinin iş üzrə müəyyən olunur ki, iddiaçının pensiya məbləği xx.xx.2023-cü il tarixdən 327,21 manata (Qanunun 26.4-cü maddəsinin tələbləri də nəzərə alınmaqla), xx.xx.2024-cü il tarixdən 363,86 manata, xx.xx.2025-ci il tarixdən 393,33 manata çatdırılmışdır. Halbuki iddiaçının xx.xx.2024-cü il tarixə pensiyası 811.01 manata çatdırılmış və həmin pensiya məbləğinə etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu açıq- aşkardır.

45. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.

46. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.

47. İşə baxan birinci instansiya məhkəməsi əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni saymamış və iddiaçının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi xx.xx.2025-ci il tarixli İnventar nömrəli qərarını ləğv edərək iddiaçının müdaxilədən əvvəlki pensiya məbləğini bərpa etmişdir. Lakin iş materiallarının araşdırılması zamanı müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan iddiaçının pensiya hüququna müdaxilə edən xx.xx.2025-ci il tarixli qərarla yanaşı, iddiaçı barəsində xx.xx.2024-cü il tarixli İnventar nömrəli qərar da qəbul etmişdir. Məhkəmə kollegiyası xidməti vəzifəsindən irəli gələrək və iddiaçının hüquqi marağını nəzərə alaraq iddiaçıya hüquqi yardım etmiş və iddiaçının nümayəndəsi və vəkili də öz növbəsində xx.xx.2026-cı il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim etmişdir. İddiaçının nümayəndəsi və vəkili cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi “ümümi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2025-ci il tarixli və xx.xx.2024-cü il tarixli İnventar nömrəli qərarlarının ləğv edilməsi, cavabdehin müdaxiləsindən əvvəl olan pensiya məbləğinin bərpa edilməsi və xx.xx.2025-ci il tarixindən pensiya ödənişində yaranmış fərqini hesablanaraq cavabdeh tərəfindən iddiyaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsini icraata qəbul etmişdir.

48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8871/2024-cü il nömrəli 23 sentyabr 2025-ci il tarixli qərarı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin məzmununa uyğun dəyişdirilməli və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2025-ci il tarixli və xx.xx.2024-cü il tarixli İnventar nömrəli qərarları ləğv edilməli, cavabdehin müdaxiləsindən əvvəl olan pensiya məbləğinin bərpa edilməsi və xx.xx.2025-ci il tarixindən pensiya ödənişində yaranmış fərqin hesablanaraq İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.

49. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8871/2024-cü il nömrəli 23 sentyabr 2025-ci il tarixli qərarı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin məzmununa uyğun dəyişdirilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2025-ci il tarixli və xx.xx.2024-cü il tarixli İnventar nömrəli qərarları ləğv edilsin, cavabdehin müdaxiləsindən əvvəl olan pensiya məbləğinin bərpa edilməsi və xx.xx.2025-ci il tarixindən pensiya ödənişində yaranmış fərqin hesablanaraq İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar