Məhkəmə qərarları › İş №2-1(103)-4998/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4998/2025

03.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4998/2025 03.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X7 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, Cavabdehin nümayəndəsi X4, 3-cü şəxsin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6604/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı, Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “pensiyanın yenidən hesablanması” tələbinə dair iddias Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6604/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə rədd edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6604/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxılması üçün məhkəmə iclasına təyin olunmuşdur. Məhkəmə Kollegiyası İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya məktub göndərərək bildirilmişdir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 24-cü maddəsinə və həmin məcəllənin 13-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsinə əsasən, məhkəmə apellyasiya şikayəti vermiş şəxsə izah edir ki, , iş materiallarında mövcud olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6604/2025 saylı, 15 oktyabr 2025-ci il tarixli qərarı xx.xx.2025-ci il tarixdə İddiaçı məxsus şəxsi elektron kabinetinə yerləşdirilmişdir. Lakin, iddiaçı həmin qərardan apellyasiya şikayətini xx.xx.2025-ci il tarixdə verməklə, qanunla müəyyən edilən 30 günlük müddəti ötürmüşdür. Yuxarıda qeyd olunanlara əsasən, 15 gün müddətində məhkəmə qərarından apellyasiya şikayəti verilməsi üzrə müddətin ötürülməməsini, yaxud prosesual müddətin üzrlü səbəblərdən ötürülməsini sübut edən sənədlər əlavə edilməklə müvafiq prosessual hərəkətin edilməsi, yəni buraxılmış prosessual müddəti bərpası barədə ərizənin təqdim edilməsi təklif olunur. İddiaçı məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-6604/2025 nömrəli qərarına əsasən, iddia tələbi tamamilə qanunsuz və əsassız olaraq rədd edilmişdir. Hakim qərarını elan etdikdən sonra məhkəmə qərarının yaşadığı ünvana göndəriləcəyini və ondan sonra qərardan şikayət verə biləcəyini bildirsə də, qərar ünvanına göndərilməmişdir. Bu halı apellyasiya şikayətində də qeyd etmişdir. Beləliklə, hakim tərəfindən hüquqları doğru qaydada izah edilməmişdir. 20 noyabr 2025-ci il tarixədək məhkəmə qərarının göndərilməsini gözləmişdir. 20 noyabr 2025- ci il tarixdə xarici ölkəyə səfərə getmişdir. Bundan sonra xaricdə ciddi internet problemi ilə üzləşdiyi üçün şəxsi kabinetinə daxil ola bilməmişdir. İnternet problemi uzun müddət davam etmiş və ancaq 29 noyabr 2025-ci ildə şəxsi kabinetinə daxil olmaq imkanı əldə etmişdir. Elə həmin gün də apellyasiya şikayətini kabinetə yerləşdirmişdir. Həmin tarixdən sonra da yalnız ərizə verdiyi gün şəxsi kabinetinə daxil ola bilmişdir və məhkəmənin məktubunu əldə etmişdir. Hazırda prosessual müddətin bərpasına dair ərizəni təqdim edir. Hesab edir ki, 30 günlük apellyasiya şikayəti müddəti iddiaçıdan asılı olmayan səbəblərdən cəmi 1 gün ötürülmüşdür. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-6604/2025 nömrəli qərarından verdiyi apellyasiya şikayəti üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. İddiaçı həmçinin, ərizə təqdim edərək hazırda ölkə xaricində olduğu üçün xx.xx.2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, odur ki, işə iştirakı olmadan baxılmasını və ərizəni təmin etməyi xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizədə qeyd edilən hallarla bağlı sübutlar və dəlillər təqdim olunmadığını nəzərə alaraq apellyasiya şikayəti üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi ərizəsinin rədd olunmasını və şikayətin mümkün hesab edilməməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi apellyasiya şikayəti üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi ərizəsinin təmin olunmasına və şikayətin mümkün hesab edilməsinə etiraz etməmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya mümkün sayılmamalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayəti verilməsi müddətini ərizədə göstərilən səbəbindən ötürməsi dəlilini əsaslı saymır. Belə ki, apellyasiya şikayəti üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə ərizədə qeyd edilən hallarla bağlı sübutlar və dəlillər təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən İPM ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin İPM ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən İPM ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasınä dair 08 may 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, “qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6604/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti İPM-də nəzərdə tutulan müddətin ötürülməsi ilə verildiyindən apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası İPM-in 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiya məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6604/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbulundan imtina olunsun . Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar