Məhkəmə qərarları › İş №2-1(103)-5/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-5/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-5/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, X12 və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X6 və X2) “bağ sahəsi reyestrdə qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2954/2022 saylı, 02 avqust 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi reyestrdə qeydiyyata alınaraq reyestdən çıxarışın verilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər XDS İK-nın 27 oktyabr 1987-ci il tarixli 20/396 nömrəli qərarı ilə 114 şəxsə Dübəndi bağ massivində 0,06 ha torpaq sahəsi ayrılmışdır. Dübəndi bağ massivindəki 82 saylı bağ sahəsi püşkatma yolu ilə iddiaçıya (İddiaçı) verilmişdir. İddiaçı sonradan həmin bağ sahəsini öz vəsaiti hesabına hasarlamışdır. 1998 – 2004-cü illərdə o, həmin sahəyə vaxtaşırı getmiş və orada meyvə ağacları əkmişdir. 2010-cu ildə növbəti dəfə həmin bağ sahəsinə gedərkən məlum olmuşdur ki, “Ocaq” bağçılıq yoldaşlığının siyahısında onun adının olmasına baxmayaraq, bağçılığın yeni sədri sahə müvəkkilinin iştirakı ilə bağın eninə düşən hissəsini sökdürmüşdür. İddiaçı həmin bağ sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı dəfələrlə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, məsələnin həllindən imtina olunmuşdur. Göstərilənlərə əsaslanaraq, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən ümumi sahəsi 0,06 ha olan 82 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Həmçinin, torpaq sahəsi sənəddə 600 kv.m göstərilsə də, faktiki olaraq 1.170 kv.m təşkil edir və göstərilən ərazi 63/27 saylı bağ olaraq daşınmaz əmlakın dövlət reyestrində digər fiziki şəxsin X3 adına (**********59 reyestr nömrəsi ilə) 22 may 2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir. Müraciət olunan 82 saylı bağ isə, reyestrdə **********84 reyestr nömrəsi ilə 18 fevral 2009-cu il tarixdə X4 adına qeydiyyatdan keçmişdir. X8 tərəfindən qeyd olunan 82 saylı bağ sahəsi (0,07 ha) X1 adına 82 saylı bağ sahəsi kimi (**********42 reyestr nömrəsi ilə) 14 iyun 2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə reyestdə qeydiyyata alınmışdır. X9 tərəfindən qeyd olunan 82 saylı bağ sahəsi (qalan 0,05 ha) X1 adına 83 saylı bağ sahəsi kimi (**********44 reyestr nömrəsi ilə) 6 avqust 2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya 27 fevral 2021-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə bildiriş ünvanlanmışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbycan Respublikası Qanununun 8.0.7, 9.1.2, 11.1, 23-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin «Yerli icra hakimiyyəti orqanlarının nəzdindı olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» 22 may 2007-ci il tarixli Sərəncamına əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmənin qərardadı ilə X6 və X2 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2954/2022 saylı, 02 avqust 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qərarı onunla əsaslandırılmışdır ki, iddiaçının adına “Ocaq” bağçılıq yoldaşlığının üzvü kimi 82 saylı bağa dair üzvlük bileti mövcud olsa da, surəti iş materiallarına əlavə edilmiş arxiv daşıyıcısı kimi cavabdeh inzibati orqanın arxiv materiallarında saxlanılan “Ocaq” bağçılıq yoldaşlığının üzvlərinin siyahıslnda hazırkı İddiaçı adı aşkar olunmur. Bu isə, iddiaçının həmin bağ sahəsinə mülkiyyət hüququnun yaranmasını təsdiqləmir. Bundan başqa, nəzərə alınmalıdır ki, iddia edilən bağ sahəsi başqa şəxsin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı və sonradan hissə-hissə özgəninkişləşdirildiyi halda, həmin bağın hazırkı iddiaçının mülkiyyəti kimi ilkin qeydiyyatının aparılması mümkünsüzdür Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə işin obyektiv və ədalətli araşdırılmasi məqsədi ilə ekspertiza təyin etməli olduğu halda bunu təyin etməmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh publik hüquqi şəxs cavabdehlik daşıyan orqandır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən müraciətinə imtina məktubu almışdır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş «Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri»nin 2.3-cü bəndinə görə torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda mərzçəkmə işləri aparılır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin faktiki hallarından görünür ki, Bakı Şəhər XDS İK-nın 24 oktyabr 1987-ci il tarixli 20/396 saylı qərarı ilə Baş Mənzil Təsərrüfat İstehsalat İdarəsinin əməkdaşlarının “Ocaq” bağçılıq yoldaşlığına Bakı şəhəri Əzizbəyov rayonu, Dübəndi ərazisində kollektiv bağçılıq üçün 6,62 ha ölçüdə (xx.xx.1987-ci il tarixli akta əsasən) torpaq sahəsi ayrılmışdır. İddiaçı “Ocaq” bağçılıq yoldaşlığının üzvlük kitabçası verilmiş və həmin kitabçada ona Dübəndi bağ massivində yerləşən 82 saylı bağın ayrıldığı göstərilmişdir. İddiaçı həmin bağ sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh imtina əsası kimi o hallara istinad etmişdir ki, iddiaçının adı bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında aşkar olunmamışdır, torpaq sahəsinin ölçüsü 600 kv.m göstərilsə də, faktiki olaraq 1.170 kv.m təşkil edir, göstərilən ərazi 63/27 saylı bağ sahəsi olaraq digər şəxsin, X3 adına qeydiyyatdan keçmişdir, 82 saylı bağ sahəsi isə 18 fevral 2009-cu il tarixdə X4 adına qeydiyyata alınmış və sonradan başqa şəxslərə satılmışdır. Cavabdehin imtinasını və bununla bağlı birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarının təhlilindən görünür ki, bağ sahəsi üzərində mülkiyyət hüquqlarının əldə edilməsi üçün aşağıda sadalanmış sənədlərdən biri olmalıdır: icarə müqavilələri; sərəncamlar; orderlər; kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının adına “Ocaq” bağçılıq yoldaşlığının üzvü kimi 82 saylı bağa dair üzvlük bileti mövcud olsa da, surəti iş materiallarına əlavə edilmiş arxiv daşıyıcısı kimi cavabdeh inzibati orqanın arxiv materiallarında saxlanılan “Ocaq” bağçılıq yoldaşlığının üzvlərinin siyahısında hazırkı İddiaçı adı aşkar olunmamışdır. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı imtina əsaslarının araşdırılması məqsədilə cavabdeh inzibati orqana sorğu ünvanlanaraq “Ocaq” bağçılıq yoldaşlığına dair arxiv qovluğunun, həmçinin iddiaçının iddia etdiyi Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində yerləşən 0,06 ha torpaq sahəsi olan 82 nömrəli bağ sahəsinə tərəflərin iştirakı ilə yerli baxış keçirilməsi və faktiki vəziyyətlə bağlı (hüquqmüəyyənedici sənədlərlə müqayisədə) müayinə aktının tərtib edilərək məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-5817/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən ərazi digər fiziki şəxsin mülkiyyətindədir. Cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-6507/2023 nömrəli məktubuna əlavə edilmiş Bakı şəhəri, Xəzər rayonu (Əzizbəyov), Dübəndi bağ massivində yerləşən 0,06 ha torpaq sahəsi olan 82 saylı bağ sahəsinin texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə aktının təsdiq olunmuş surətindən görünür ki, göstərilən bağ sahəsinin sərhədlərinin iki tərəfinin bir hissəsi bünövrə, qalan tərəfləri mişar daşları ilə hasarlanmışdır, tikili yoxur. Arxiv qeydində göstərilən bağla üst üstə düşmür. Məktuba əlavə edilmiş “Ocaq” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatlarının dəqiqləşdirilməsi, həmin torpaq sahəsinin naturada harada yerləşməsinin, həmin bağ sahəsinin naturada yeri müəyyən edildikdən sonra başqa şəxslərə (hüquqi şəxs) məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi və 3cü şəxsə məxsus yaşayış evinin yerləşdiyi, 3-cü şəxsin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, iş üzrə mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin "GPS" elektron ölçü aparatına malik mütəxəssislərinə həvalə edilmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, torpaq sahəsinin daxilində inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır, əlavə olaraq bildirmişlər ki, vahid elektron kadastr baza məlumatlarına əsasən şərti olaraq göstərilən ərazi digər fiziki şəxs olan (**********77-11301 reyestr nömrəsi ilə) X3 xüsusi mülkiyyətindədir. 03 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/2103 saylı 18 iyul 2023-cü il tarixli ekspert məktubu məhkəməyə daxil olmuşdur. Sözügedən məktubla məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Daha sonra məhkəmə kollegiyası müəyyən etmişdir ki, iş materiallarında olan “Ocaq” bağçılıq yoldaşlığı tərəfindən ayrılmış bağ sahələrinin bölgü sxemində ( iş v. 120) iddiaçının iddia etdiyi 82 nömrəli bağ sahəsinin mövcudluğu görünür. Məhkəmə kollegiyası cavabdehin imtina əsası olan iddiaçının iddia etdiyi torpaq sahəsinin X3 xüsusi mülkiyyətində olması dəlili ilə bağlı qeyd edir ki, 3-cü şəxsin çıxarışından aydın görünür ki, onun bağ sahəsinin nömrəsi 63/27-dir. Bununla əlaqədar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatlarının dəqiqləşdirilməsi, həmin torpaq sahəsinin naturada harada yerləşməsinin, həmin bağ sahəsinin naturada yeri müəyyən edildikdən sonra başqa şəxslərə (hüquqi şəxs) məxsus torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsi və 3-cü şəxsə məxsus yaşayış evinin yerləşdiyi, 3-cü şəxsin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməsi məqsədilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, “Ocaq” bağçılıq yoldaşlığı tərəfindən İddiaçı (82 nömrəli bağ sahəsinə dair üzvlük kitabçasına əsasən) ayrılmış Bakı şəhəri, Xəzər rayonu (Əzizbəyov), Dübəndi bağ massivində yerləşən 0,06 ha torpaq sahəsi olan 82 saylı bağ sahəsinin qoşmada qeyd edilən bölgü sxeminə əsasən harada yerləşməsi, yeri müəyyən edildikdən sonra koordinatlarının (sahə sərhədləri), faktiki ölçüsünün müəyyən edilməsi, hazırda digər şəxslərin mülkiyyətində olan bağ (torpaq)sahələri ilə üstüstə düşüb-düşməməsi, üçüncü şəxs X5 məxsus 63/27 saylı bağ sahəsinin bölgü sxeminə əsasən yerinin müəyyən edilməsi məqsədilə mütəxəssis rəyinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət olunmuşdur, cavabdeh inzibati orqanın 10 yanvar 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının adı arxiv siyahısında aşkar edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən arxiv rəyində qeyd olunan 82 saylı özəl bağ sahəsi eləcə də, 63/27 saylı bağ sənədlər toplusuna əlavə olunmuş bağçılıq yoldaşlıq bölgüsünə uyğun özəlləşmişdir. Sonuncu dəfə X11 və Ekspertiza Mərkəzi MMC-yə müraciət olunaraq yuxarıda qeyd olunan məsələlərin aydınlaşdırılması məqsədilə mütəxəssis rəyinin tərtib olunaraq məhkəməyə təqdim olunması xahiş olunmuş, X11 və Ekspertiza Mərkəzi MMC-nin 17 yanvar 2025-ci il tarixli, 05 nömrəli mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir: - “Ocaq” bağçılıq yoldaşlığı tərəfindən İddiaçı (82 nömrəli bağ sahəsinə dair üzvülük kitabçasına əsasən) ayrılmış Bakı şəhəri, Xəzər rayonu (Əzizbəyov) Dübəndi bağ massivində yerləşən 0,06 ha 82 saylı bağ sahəsi qoşmada qeyd edilən bölgü sxeminə əsasən iddia olunan ərazidən 57 metr kənarda yerləşir. - İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, (Əzizbəyov), Dübəndi bağ massivində yerləşən 0,06 ha torpaq sahəsi olan 82 saylı bağ sahəsinin yeri müəyyən edildikdən sonra məlum oldu ki, həmin bağ sahəsi hazırda digər şəxsin mülkiyyətində olan bağ (torpaq) sahəsi ilə üst-üstə düşür. - Üçüncü şəxs X5 məxsus 63/27 saylı bağ sahəsi ərazinin bölgü sxeminə əsasən öz yerində, yəni iddia olunan ərazidə yerləşir. Mütəxəssis rəyinə mübahisəli ərazinin ortofoto görüntüsü əlavə edilmişdir. Beləliklə, mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, iddiaçının faktiki iddia etdiyi torpaq sahəsi ilə hüquqmüəyyənedici sənədlərə əsasən iddiaçıya ayrılmış torpaq sahələri üst-üstə düşmür. İddiaçıya ayrılmış torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərə əsasən faktiki olduğu yer digər şəxsin (X1) mülkiyyətində olan bağ (torpaq sahəsi) ilə üstüstə düşür. İş materiallarında olan çıxarışdan görünür ki, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, “Ocaq” b/y, 6-cı Cənub küçəsi, 82 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2021-ci il tarixdə, qeydiyyat nömrəsi ********** olmaqla, X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.3-cü maddəsinə əsasən əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Qanunun 16.5-ci maddəsinə əsasən dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Həmin Qanunun 16.6-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinə əsasən, İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, (Əzizbəyov), Dübəndi bağ massivində yerləşən 0,06 ha torpaq sahəsi olan 82 saylı bağ sahəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakı Dövlət reyestrindən **********42 reyestr nömrəli çıxarışa əsasən X1 mülkiyyətində olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcuddur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Odur ki, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2954/2022 saylı, 02 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar