Məhkəmə qərarları › İş №2-1(103)-50/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-50/2020

18.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-50/2020 18.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızından və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin qeydiyyata alınaraq çıxarışın verilməsi tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1251/2019 saylı xx xxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2007ci il, 2362/1 saylı sərəncamı ilə ona satılmış torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının qeydə alınması barədə müraciətinə verilmiş imtinanın əsassız hesab edilərək həmin torpaq sahəsinin üzərində xüsusi mülkiyyət hüquqlarının vahid dövlət reyestrində qeydə alınmasını və çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi barədə tələb irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 2362/ 1 saylı sərəncamına əsasən onlara fərdi yaşayış evi tikmək üçün bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ayrılaraq satılmışdır. Cavabdehə torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı müraciəti xx.xx.2018-ci il tarixli **********147 saylı cavab məktubu ilə təmin edilməmiş və imtina verilmişdir. İmtinaya əsas kimi elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsinin (yerləşmə cizgisində dəqiq ölçü və istinadlar yoxdur sərhədlər tam hasarlanmamışdır) bələdiyyə mülkiyyətində olan ərazilərə aid olması barədə məlumatın aşkar edilməməsinə və keçmiş DTXK tərəfindən təsdiq edilmiş alqı-satqı aktı əlavə olunmamasına istinad edilmişdir. İmtinada göstərilən dəlilləri əsassız hesab edən iddiaçı iddiasını müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Digər tərəfdən də, “X10” Şirkətinin onlara verdiyi 03/98 saylı, xx.xx.2019 saylı məktubundan görünür ki, ayrılmış torpaq sahəsi şirkətin ərazi hüdudlarından kənarda yerləşir. Buradan da belə çıxır ki, ayrılmış torpaq sahəsi bələdiyyə mülkiyyətində olan ərazidə yerləşir. Ona ayrılmış torpaq sahəsi 2 tərəfdən qonşu ilə 2 tərəfdən isə yol ilə əhatə olunur. Bundan əlavə torpaq sahəsinin hal-hazırda hasarlanmış şəraiti sahələr arasında dəqiq sərhədi müəyyən etmək imkanı verir. İmtinaya əsas kimi torpaq sahəsi ilə bağlı təqdim olunan ərizəyə keçmiş DTXK tərəfindən təsdiq edilmiş alqı-satqı aktının əlavə olunmaması göstərilmişdir. Halbuki, ərizəyə Binəqədi qəsəbə bələdiyyəsinin bağlanmış alqı-satqı aktı əlavə olunmuşdur. Ancaq səhlənkarlığı səbəbindən alqı-satqı aktı iki tərəfdən təsdiq olunsa da keçmiş DTXK tərəfindən təsdiq edilmişdir. Bu isə xüsusi mülkiyyət hüququnun qeydə alınmasının məhdudlaşdırılması və qadağan edilməsi barədə göstəriş deyildir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 453 nömrli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi ləğv edilmiş və Azərbaycan Respublikası Prezidentinin xx xxx 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əsasnaməsinin 3.0.23cü bəndi ilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək həmin Xidmətin vəzifələrinə aid edilmişdir. Ona görə də, təqdim olunan alqı-satqı aktının üç tərəfdən təsdiq olunması DƏDRX-nin vəzifəsidir. Cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi iddia ərizəsinə qarşı etirazını məhkəməyə təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraza görə, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı ərizəsi və ona əlavə edilmiş sənədlər 1 saylı Bakı Ərazi İdarəsinə poçt vasitəsi ilə daxil olmuşdur. Həmçinin elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsinin (yerləşmə cizgisində dəqiq ölçü və istinadlar yoxdur, sərhədlər tam hasarlanmamışdır) bələdiyyə mülkiyyətində olan ərazilərə aid olması barədə məlumat aşkar edilməmiş və keçmiş DTXK tərəfindən təsdiq edilmiş alqı-satqı aktı əlavə olunmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********47 saylı, xx.xx.2018-ci il tarixli və **********14 saylı, xx xxxxxx 2019-cu il tarixli məktublar ünvanlanmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1251/2019 saylı xx xxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verib apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış və əlavə olaraq mübahisələndirilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğunu, hazırda hasarlanmış vəziyyətdə olub sərhədlərinin dəqiq müəyyənləşdirilə bildiyini, keçmiş DTXK tərəfindən təsdiq edilmiş alqı-satqı aktına ehtiyac olmadığını, onların əsas tələbinin mübahisəli torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi və rəy verilməli olduğunu göstərib birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 2362/1 saylı qərarı ilə Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində yerləşən cizgi üzrə təyin olunmuş 600 kv.m torpaq sahəsi əlavə edilmiş cizgiyə uyğun olaraq fərdi yaşayış evinin tikintisi məqsədi ilə İddiaçı mülkiyyətinə ayrılmış və iddiaçıya ayrılmış torpaq sahəsinin situasiya planı tərtib edilmişdir. X3 xx.xx.2005-ci il tarixli, 270 saylı qərarı ilə ona ayrılmış 600 kv.metr torpaq sahəsinə dair plan ölçüsünün tərtib edilməsi və qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsini cavabdehdən xahiş etmiş, cavabdeh müraciətin təmin edilməsindən xx.xx.2017-ci il tarixli **********17 saylı məktubla imtina etmiş və imtinanın əsasları kimi iki hala- birincisi, təqdim edilmiş sənədlərin kserosurət olmasına və torpaqların alqı-satqısına dair aktın təqdim edilməməsinə, ikincisi, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə aid olmamasına istinad edilmişdir. İşin müəyyən olunmuş faktiki hallarına mübahisəyə tətbiq edilməli maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi iddiaçı tərəfindən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası qeyd edir ki, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində yerləşən cizgi üzrə təyin olunmuş 600 kv.m torpaq sahəsi barədə Binəqədi qəsəbə bələdiyyəsi ilə iddiaçı arasında torpaqların alqı-satqısına dair akt tərtib edilsə də, aktın tarixi və nömrəsi qeyd olunmamış, torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında müqavilə iş materiallarında aşkar edilməmişdir. Bundan başqa Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinin situasiya planı tərtib edilsə də, ayrılmış torpaq sahəsi ilə bağlı həmin dövrdə mövcud olmuş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyinin alındığı iş materialları ilə öz təsdiqini tapmır. «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin: 1-ci bəndinə görə bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllərinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazıranmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllələrində tikintisi mümkün olan ayrı-ayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir; 17-ci bəndinə görə bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir; 18-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir; 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 696 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin («DTXK») yerli qurumları həyata keçirirlər. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur; 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 6.5ci maddəsində nəzərdə tutulmıış «müvafıq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini DTXK-nın yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsələri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqısatqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 2362/1 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə ayrılmış Binəqədi qəsəbə ərazi hüdudları daxilində yerləşən 600 kv.m torpaq sahəsi ilə bağlı müvafiq icra hakimiyyətinin rəyinin olmasına dair məhkəməyə iddiaçı tərəfindən sübut təqdim edilməmişdir. Bundan əlavə, mübahisəli torpaq sahəsinin planlaşdırılması layihəsinin Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılması, eləcə də iddiaçının müraciətindən çıxarışın hazırlanması üçün həmin dövrdə fəaliyyət göstərən DTXK Bakı şəhər şöbəsinə göndərilməsi, sonuncunun bələdiyyənin və iddiaçının iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirməsi və ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu işlərini (planlama) aparması, həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda hazırlaması iş materialları ilə təsdiqini tapmır. Bundan başqa mübahisələndirilən torpaq sahəsinin bələdiyyə torpaqlarına aid olubolmadığını, həmin torpaq sahəsinin yüksək təzyiqli neft və qaz kəmərlərinin, yüksək gərginlikli elektrik xətlərinin, su və kanalizasiya kollektorlarının mühafizə zolağına düşübdüşmədiyini müəyyənləşdirmək üçün məhkəmə kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilsə də, torpaq sahəsinə baxış keçirilməsi vaxtı xx xxxxxx 2019-cu il tarixə təyin olunmasına baxmayaraq tərəflər iştirak etmədiyindən ekspertizasının keçirilməsi mümkün olmamışdır. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən qanunvericiliyin tələblərinə əməl edilmədiyindən işə baxan məhkəmə haqlı olaraq iddianı təmin etməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı hesab olunaraq dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1251/2019 saylı xx xxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən:H.Ü.Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar