Məhkəmə qərarları › İş №2-1(103)-500/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-500/2021

15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-500/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, iddiaçı X1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4298/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli İQ-39/1 nömrəli qərarının qanunsuz hesab edilməsi və ləğv edilməsi, ona qaçqın statusunun verilməsinə dair vəsatətinin təmin edilərək, qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı ümumi təhlükəsizlik səbəbindən Əfqanıstanda qala bilmir. Bu səbəbdən də o, ölkəsini tərk edib. Belə ki, hazırda ölkədə vəziyyət qeyri-stabildir və anti-həzara motivi olan talib silahlı qüvvələri bölgədə dominantlıq edirlər. DMX işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib. Belə ki, iş üzrə mühüm fakt ərizəçinin etnik/dini mənsubiyyətinə (həzara olmasına) görə təqib edilməsi riskidir. Ərizəçi qeyri-rəsmi qurumlar tərəfindən təqib edilir. Əfqanıstanın rəsmi qurumları onu qorumaq iqtidarında və niyyətində deyil. Dövlət işində əmək fəaliyyəti ilə məşğul olan və taliblərlə əməkdaşlıqdan imtina edənlər adekvat müdafiə ilə təmin edilmirlər. Əfqanıstana dair Mənşə Ölkəsi Məlumatlarına əsasən, qeyri-dövlət nümayəndələri tərəfindən təhdid olunan zaman dövlət vətəndaşlara effektiv müdafiə təmin edə bilmir. “Hüquqi çərçivədə insan hüquqlarının qorunmasını nəzərdə tutsa belə, bu hüquqların praktikada təşviq edilməsi və qorunması üçün Əfqanıstanın milli və beynəlxalq hüquqa əsasən öhdəlikləri yerinə yetirilməsi problem olaraq qalır. Əfqanıstan rəhbərliyi xüsusilə zəif olaraq qəbul edilir. Yüksək səviyyədə korrupsiya, səmərəsiz idarəetmə və cəzasızlıq mühiti müşahidəçilər tərəfindən qanunun aliliyinin zəiflədilməsi və dövlətin insan hüquqlarının pozulmasından qorunma qabiliyyətini zəiflədən amillər kimi təqdim olunur. Hökumətin insan hüquqlarını qoruması imkanı bir çox rayonlarda təhlükəsizliyə və antihökumət qüvvələri tərəfindən çox sayda hücumlar səbəbindən səmərəsiz olur”. Göstərilənlərdən hasil olan nəticələrə görə, iddiaçının işin mühüm faktları üzrə verdiyi izahatları mötəbərdir, buna görə də həmin izahatlar iş üzrə müəyyən edilmiş fakt kimi qəbul edilməlidir; iddiaçı milliyətcə həzara və ölkədə kriminal vəziyyətin qeyri-sabit olması, cəzasızlıq mühiti hökm sürdüyü üçün dövlətin himayəsindən istifadə edə bilməyən şəxsdir. Odur ki, iddiaçıya qaçqın statusu verilməsinin maddi-hüquqi əsasları mövcuddur. İşə apellyasiya qaydasında baxılarkən iddiaaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdırib, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. İşdən müəyyən edilir ki, qaçqın statusu verilməsi haqqında vəsatətin (ərizə-anketin) qeydiyyatı və müsahibə zamanı iddiaçı Əfqanıstan İslam Respublikasının Kabil şəhərində (pasportda Qəzni qeyd edilib) anadan olduğunu, milliyyətcə həzara, dini etiqadına görə müsəlman (şiə) olduğunu, 7 yaşından etibarən “Əbdülrəhim şəhid” məktəbində təhsil aldığını, 11-ci sinfi 2019-cu ildə bitirdiyini, lakin Əfqanıstanda həyatı üçün təhlükə yarandığından imtahanları verə bilmədiyini, 15 yaşından etibarən məktəbdə təhsil almaqla bərabər qış tətillərində dərzi işlədiyini bildirmişdir. İddiaçı ailə vəziyyəti ilə bağlı məlumat verərək subay olduğunu, 2 bacısı və 2 qardaşı olduğunu, ailədə 3-cü uşaq olduğunu, ailə üzvlərinin Kabildə yaşadıqlarını qeyd etmişdir. Ölkəsini tərketmə səbəbi haqqında danışarkən iddiaçı 2018-ci ilin qışında evə qayıdarkən qonşusu X2 öz qardaşı arvadını öldürdükdən sonra evindən çıxıb qaçan zaman həmin şəxsin anasının təkidi ilə onu tutduğunu, bundan sonra onun (X2) öz qardaşı arvadını öldürməsi səbəbilə polis tərəfindən həbs olunduğunu, 6 ay həbs cəzası çəkdikdən sonra 2018-ci ilin Mizan (23 avqust-23 sentyabr tarixlərinə təsadüf edir) ayında atası tərəfindən pul müqabilində azad edildiyini, azad olunduqdan sonra həmin şəxsin iddiaçını döydüyünü, dəfələrlə onlar arasında mübahisə yarandığını, bu səbəbdən iddiaçının 2019-cu ilin qış aylarının sonunda Behzud əyalətinə xalasının evinə getdiyini, orada 7 ay yaşadığını bildirmişdir. İddiaçı burada iş tapmayacağını və gələcəyini qura bilməyəcəyini anladığı üçün 2019-cu ilin Mizan ayında Kabilə qayıtdığını, valideynləri əvvəlki ünvandan naməlum istiqamətdə köçdükləri üçün onlarla əlaqə yarada bilmədiyini, xalasından Behzud əyaləti istiqamətində işləyən sürücülər vasitəsilə borc pul alaraq xx.xx.2019-cu ildə ölkəsini tərk etdiyini, Özbəkistandan keçməklə xx.xx.2019-cu il tarixdə Azərbaycana gəldiyini demişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı iddiaçının verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, iddiaçı etibarlı pasportunu və təzkərəsini təqdim edərək adını, yaşını və vətəndaşlığını sübut etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Bununla yanaşı, iddiaçının söylədiklərindən məlum olmuşdur ki, X3 həbsdən azad olunduqdan sonra o, (iddiaçı) təxminən 1 il müddətində Əfqanıstanda yaşamış, bu müddət ərzində ciddi təhdidə və təqibə məruz qalmamışdır. Bundan əlavə, iddiaçı ilə keçirilmiş müsahibə zamanı onun Behzuddan qayıtdıqdan sonra Kabildə yaşadığı 2 ay müddətində ailə üzvlərini axtarmadığı, onlarla əlaqə yaratmağa səy göstərmədiyi məlum olmuşdur. Bu isə onun söylədiklərinin həqiqətə uyğunluğuna şübhə yaratmış, bu şübhə iddiaçının xeyrinə həll edilməmişdir. Buna görə də iddiaçının ölkəsini tərk etməsi və qayıdacağı təqdirdə təzyiqlərə məruz qalacağı ilə bağlı gətirdiyi səbəblər inandırıcılıq baxımından qeyri-məqbul hesab edilmişdir. İddiaçının müsahibə zamanı dediklərindən məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, iddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra iddiaçının şəxsi işi “İnzibati icraat haqqında” AR Qanununun 21.1 və 21.2-ci maddələrinə əsasən “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada onun iştirakı ilə müzakirə edilmiş, Komissiyada dinlənilməsi, o, cümlədən qeyd edilən arqumentlərə qarşı öz dəlillərini təqdim etməsi imkanı təmin edilmiş, qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” AR Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, cavabdehin Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2020-ci il tarixli İQ-39/1 nömrəli qərarı ilə iddiaçıya qaçqın statusu verilməsindən imtina edilmiş, iddiaçı bu qərardan inzibati şikayət vermiş, lakin həmin qərar cavabdehin İnzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2020-ci il tarixli 100 nömrəli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 8.4-cü bəndinə görə, immiqrasiya haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını təmin etmək, miqrasiyanın və daxili miqrasiyanın tənzimlənməsində iştirak etmək cavabdehin fəaliyyət istiqamətlərinə aiddir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun: 1-ci maddəsinə əsasən, qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb, oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir; 10-cu maddəsinin birinci hissəsinə görə, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər; ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; 12-ci maddəsinin birinci hissəsinə əsasən, qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir; 13-cü maddəsinin birinci hissəsinə görə, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın: 3-cü bəndinə əsasən, “Qaçqın” statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir; 9-cu bəndinə görə, “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən sonuncunun səlahiyyətləri çərçivəsində qanunvericiliyə uyğun qaydada baxılmış, onun tərcüməçinin iştirakı ilə dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı vətəndaşı olduğu ölkəyə qayıtmaq istəməməsini etnik və dini ayrıseçkiliyə məruz qalması, bu səbəbdən ölkəsini tərk etməyə məcbur qalması ilə əlaqələndirmək istəsə də, müsahibə zamanı verdiyi izahatlardan onun təhdid və təqibə məruz qaldığı aşkar olunmamışdır. İddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır, ölkəsində vəziyyətin qeyri-stabil olması, habelə həzaralara münasibətdə dini və etnik dözümsüzlüyün hökm sürməsi ehtimalı isə ona qarşı da belə bir əsaslandırılmış təqib qorxusunun mövcudluğuna dəlalət etmir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona qaçqın statusunun verilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiqini tapır (İPM-in 14.3-cü maddəsi), “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsi). Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4298/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı X1 apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar