Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-500/2022 11.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyadan tutulmaların aparılmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməsi, ödənilməmiş pensiya məbləğinin və artıq ödəmə adı ilə tutulmuş pensiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 25.08.2021-ci il tarixli, 2-1(112)-6149/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 08-11 fevral 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının yaşa görə əmək pensiyasından tutulmaların aparılmasına dair qəbul edilmiş inzibati aktın (qərar, sərəncam) ləğv edilməsi və iddiaçıya təyin olunmuş əmək pensiyasının yenidən hesablanmaqla yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, uzun müddət məhkəmə orqanlarında, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsində hakim vəzifəsində işləmişdir. DSMF-nin Nəsimi rayon şöbəsi tərəfindən iddiaçıya 01.10.2012-ci ildə hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 01.10.2012-ci ildən 30.12.2019-cu il tarixə qədər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsində işləməklə yanaşı ona təyin olunmuş yaşa görə əmək pensiyasını da almışdır. 30.12.2019-cu il tarixdən isə iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad olunduğuna görə ona təyin edilmiş əmək pensiyası yenidən hesablanmış və “Əmək pensiyaları haqqında” AR Qanununun 20.7.2-ci maddəsinə əsasən vaxtı ilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının 80%, yəni 4171,20 manat məbləğində pensiya hesablanmışdır. İddiaçı ona təyin olunmuş pensiyanı 31.01.2021-ci il tarixə qədər almışdır. Lakin həmin tarixdən etibarən iddiaçıya təyin edilmiş pensiyanın məbləğində azalmalar müşahidə edilmişdir. İddiaçı tərəfindən bununla əlaqədar olaraq cavabdeh inzibati orqana pensiyanın düzgün hesablanması barədə ərizə ilə müraciət edilmişdir. Həmin ərizəyə DSMF tərəfindən verilmiş cavabda belə müəyyən olunur ki, iddiaçıya ilk dəfə DSMF-nin Nəsimi rayon şöbəsi tərəfindən 01.10.2012-ci il tarixdə pensiya təyin edilən zaman əsassız olaraq qulluq stajına görə əlavələr hesablanmış və iddiaçı həmin əlavələri 31.01.2021-ci il tarixə qədər almışdır. Bu əsasdan cavabdeh inzibati orqan iddiaçı tərəfindən 01.10.2012-ci ildə 31.01.2021-ci ilə qədər aldığı əmək pensiyasından 46542,37 manat artıq pul vəsaitinin dövlət büdcəsindən çıxdığını müəyyən etmişdir. Buna görə də cavabdeh inzibati orqan tərəfindən həmin pul vəsaitinin büdcəyə qaytarılması məqsədi ilə hər ay iddiaçının əmək pensiyasından 417 manat 12 qəpik çıxılmaqla tutulması qərara alınmışdır. Cavabdeh inzibati orqanın artıq ödənilməsi iddia olunan pensiya məbləğinin iddiaçıdan tutulması ilə bağlı hərəkətləri qanunsuzdur. Belə ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 39-cu maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Göründüyü kimi qanunvericilikdə artıq ödənilmiş pensiyanın geri qaytarılmasının yalnız iki növü mövcuddur - tərəfin razılığı və məhkəmə qaydasında. Lakin hər iki hal mövcud olmamış və cavabdeh inzibati orqan asan yola baş vuraraq özü inzibati qaydada qərarla məsələni həll etmək istəmişdir. Belə ki, əgər təyinat zamanı hər hansı bir qanunsuzluq mövcud olmuşsa, o zaman həmin məsuliyyəti iddiaçı deyil, cavabdehin məsul şəxsləri daşımalıdır. Yəni mübahisə predmeti olan məbləğ inzibati və ya intizam icraatı zamanı həmin şəxslərdən tutulmalıdır. Bundan başqa, iddiaçıya pensiya təyin olunarkən onun hakim vəzifəsində işlədiyi müddətdə əmək məzuniyyətinə və müalicə üçün aldığı əlavələri cavabdeh inzibati orqan pensiyanı yenidən hesablanması zamanı nəzərə almamışdır. Bununla da iddiaçıya təyin edilmiş pensiyanın məbləğində kifayət qədər azalmalar yaranmışdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 107-ci maddəsinin 1-ci abzasına əsasən hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Məzuniyyət haqqının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Həmin Qanunun 109-cu maddəsinin 4-cü abzasına əsasən hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Göründüyü kimi iddiaçının cavabdeh tərəfindən hüquqları kobudcasına pozulmuş və onun sosial təminat hüquqları məhdudlaşdırılmışdır. Sonradan iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbini dəqiqləşdirərək, İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasından tutmaların aparılmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməsi, İddiaçı 2021-ci ilin fevral ayı üzrə ödənilməli olan, lakin ödənilməmiş yaşa görə əmək pensiyası məbləğinin ona ödənilməsinin cavabdehin üzərinə qoyulması, İddiaçı 2021-ci ilin mart, aprel, may ayları üzrə artıq ödənilmiş pensiyanın geri qaytarılması adı ilə hər ay üzrə tutulmuş 417,12 manat məbləğin ona ödənilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bak İnzibati Məhkəməsinin 04.08.2021-ci il tarixli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 25.08.2021-ci il tarixli, 2-1(112)-6149/2021 saylı qərardadı ilə İddiaçı 2021-ci ilin fevral ayı üzrə ödənilməli olan, lakin ödənilməmiş yaşa görə əmək pensiyası məbləğinin və iddiaçıdan 2021-ci ilin mart, aprel, may ayları üzrə artıq ödənilmiş pensiyanın geri qaytarılması adı ilə hər ay üzrə tutulmuş 417,12 manat məbləğin ödənilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. (hakim: A.Əhədova) Eyni zamanda iddia tələbi təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 25.08.2021-ci il tarixli, 2-1(112)-6149/2021 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasından tutulmaların aparılmasına yönəlmiş hərəkətləri qanunsuz hesab edilmişdir. Qərardaddan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia həmin hissədə mümkün hesab edilərək təmin edilməsi barədə yeni qərar qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsi iddianın mümkün saymamasını onunla əsaslandırmışdır ki, mümkün hesab edilməyən iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aid edildiyindən və həmin iddia növü üzrə məhkəməyə müraciət etmədən öncə cavabdeh inzibati orqana müraciət edilməsi əsas şərtdir. Lakin məhkəmə nəzərə almamışdır ki, mümkün hesab edilməyən iddia tələbi “İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasından tutmaların aparılmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinin tərkib hissəsidir və cavabdeh inzibati orqanın həmin qanunsuz hərəkətləri nəticəsində əlavə tələb, yəni hərəkətlərdən doğan nəticələr yaranmışdır. Buna görə də, hesab edir ki, məhkəmə tərəfindən irəli sürülmüş tələblər vahid şəkildə qəbul edilməli və mümkünlük şərtləri vahid olaraq yoxlanılmalı idi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona məhkəmə qərarı ilə təyin edilmiş əmək pensiyasının ödənişinin dayandırılması hərəkətlərinin qanunsuz sayılması və pensiya ödənişinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və qeyd etmişdir ki, hazırkı iddia tələbinin birinci hissəsi - əmək pensiyasından tutulmaların aparılmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməsi tələbi müəyyən etmə və tanınma haqqında iddia növünə uyğundur və bu iddia növü üzrə məhkəmə qərarı ilə mübahisələndirmə haqqında iddia növündəki kimi hüquqi vəziyyət birbaşa olaraq dəyişmir. Bununla əlaqədar nəzərə alınmalıdır ki, müəyyən etmə haqqında iddia özü digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Subsidiarlığın mahiyyəti ondan ibarətdir ki, iddiaçı müəyyən etmə haqqında iddianı seçməklə başqa iddia növlərinin işin mahiyyəti üzrə qərar çıxarılması üçün zəruri olan xüsusi mümkünlük şərtlərindən yan keçmək və ya növbəti proseslərin yaranmasına səbəb olmaq imkanına malik olmamalıdır. Müəyyən etmə haqqında iddia üzrə çıxarılan qərarla müəyyən olunmuş hal və ya hüquq münasibəti inzibati orqanların, yaxud məhkəmələrin gələcək qərarları üçün məcburi xarakter daşıyır. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçının hazırkı iş üzrə iddia tələbinin birinci hissəsi müəyyən etmə və tanınma haqqında iddia növünə aid olduğu halda iddianın pensiya ödəmələrinin həyata keçirilməsi ilə bağlı tələbi digər iddia növünə - öhdəliyin icrası haqqında iddia növünə uyğundur. İnzibati orqanın qanunsuz hesab edilən hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçının düşdüyü ziyanın (hazırkı halda iddiaçıya ödənilməmiş pensiya və pensiyadan tutulmuş məbləğin geri qaytarılması) ödənilməsinə dair iddianın qaldırıla bilməsi üçün inzibati orqanın tutma ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi halının müəyyən edildikdən sonra iddiaçının həmin məbləğlərin ödənilməsinə dair ərizə ilə əvvəlcə cavabdeh inzibati orqana müraciət etməsi tələb olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fıziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fıziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmim Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara baxılır. İşdən görünür ki, iddiaçının iddia tələbi iki hissədən ibarətdir:
1. İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasından tutmaların aparılmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməsi;
2. İddiaçı 2021-ci ilin fevral ayı üzrə ödənilməli olan, lakin ödənilməmiş yaşa görə əmək pensiyası məbləğinin ona ödənilməsinin cavabdehin üzərinə qoyulması, İddiaçı 2021ci ilin mart, aprel, may ayları üzrə artıq ödənilmiş pensiyanın geri qaytarılması adı ilə hər ay üzrə tutulmuş 417,12 manat məbləğin ona ödənilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması. Lakin kollegiya qeyd edir ki, iddia bir iki hissədən ibarət olsa da, əslində tələbin biri digər tələbin tərkib hissəsidir. Lakin birinci instansiya məhkəməsi tərəfindən tələbin birinci hissəsi təmin edilmiş, ikinci hissəsi isə ərizə ilə əvvəlcə cavabdehə inzibati orqana müraciət etməsi tələb olunduğu əsası ilə mümkün sayılmamışdır. Halbuki iş materiallarında olan cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış əmək pensiyanın yenidən hesablanması haqqında məktubdan görünür ki, iddiaçının ikinci tələbi ilə bağlı müraciətinə baxılmış və müvafiq cavab verilmişdir. İddiaçı isə cavabdeh orqanın cavabı ilə razılaşmayaraq göstərilən tələblə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən irəli sürülmüş tələblər vahid şəkildə qəbul edilməli və mümkünlük şərtləri vahid olaraq yoxlanılmalı idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinə mahiyyəti üzrə baxılmadığından və müvafiq olaraq həmin tələbə dair qərar qəbul edilmədiyindən cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş yenidən araşdırılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87.7.2, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 25.08.2021-ci il tarixli, 2-1(112)-6149/2021 saylı qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.