Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-5008/2025 18.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi ilə, Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi və s. tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, 2- 1(112)-9907/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş və sığorta kapitalının 72 aya bölünməklə aparılması barədə inzibati qərarı etibarsız edən “pensiyanın yenidən hesablanması” barədə inzibati aktın ləğv edilməsi və müdaxilədən əvvəlki pensiyanın bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “cavabdeh tərəfindən pensiyanın yenidən hesablanması barədə qəbul edilmiş xx.xx.2024cü il tarixli, 3-17-1/3-7-7046/2024 saylı qərarın ləğv edilməsi, müdaxilədən əvvəlki pensiyanının məbləğinin bərpa edilməsi, barədə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının yenidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi ” məzmununda icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı mülki aviasiyadan pensiyaya çıxmış və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır. O, pensiyaya çıxdıqdan sonra da işləməyə davam edir. Hər növbəti altı ildən bir işləyən pensiyaçının pensiyası yenidən hesablanır. Altı il stajın tamamlanması ilə bağlı müraciəti əsasında onun pensiyasının yenidən hesablanması icra edilmiş, lakin cavabdeh qanuna zidd olaraq pensiyanın yenidən hesablanmasını sığorta kapitalını 72 aya bölməklə etməmiş, bundan imtina etmişdir. İddiaçı bununla qətiyyən razı deyil. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə xx.xx.2017-ci il tarixində 2-ci cümlə əlavə edilib, həmin cümlə 543 nömrəli qanunla əlavə edilib və həmin normanın geriyə şamil edilməsi haqqında hər hansı göstəriş 543 nömrəli qanunda yoxdur. O isə xx.xx.2017-ci ildən əvvəl pensiyaya çıxmışdır və ona pensiya təyin ediləndə gözlənilən pensiya ödənişi müddəti aylarının sayı 144 ay müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixədək pensiyasının yenidən hesablanması hüququ yarananlar xx.xx.2022-dək pensiya təyin edilmiş şəxslərdir. Cavabdehin mövqeyi aşkar əsassızdır, çünki Qanunda xx.xx.2022-ci il tarixədək pensiyaya çıxanların pensiyasının yenidən hesablanması qaydası barədə iki dəfə göstəriş yazılmamışdır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, xx.xx.2022-ci il tarixinədək təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Lakin həmin tarixindən sonrakı dövrdə sözügedən maddələr üzrə yeni təyinatlar üzrə hesablamalar zamanı gözlənilən pensiya ödəniş aylarının sayının artırılması istisna edilmişdir. "Əmək pensiyaları haqqında" Qanunun 9-cu maddəsinə əsasən əmək pensiyası təyin edilən şəxslərə münasibətdə nəinki əmək pensiyasının təyinatı zamanı, həmçinin pensiyanın yenidən hesablanması zamanı “Əmək pensiyaları haqqında" Qanunun xx.xx.2022-ci il tarixinədək qüvvədə olan 45-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmalıdır. Beləliklə, qanunverici tərəfindən “Əmək pensiyaları haqqında Qanun”a edilən dəyişiklikliyin təsir dairəsi keçid müddəada müəyyənləşdirildiyindən cavabdeh inzibati orqan tərəfindən hüququn aliliyi və hüquqi müəyyənlik prinsipləri rəhbər tutulmaqla Qanunun keçid müddəasının tətbiq edilməsi qanunvericiliyə zidd hal kimi qiymətləndirilə bilməz. İddiaçıya xx.xx.2022-ci il tarixindən əvvəl, təyin olunmasına baxmayaraq, əmək pensiyası yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayına, yəni 277 aya bölünməli (84235.87 277 ay (65 il-47 il 11 ay=305 ay+72 ay (144 ay-72 ay)) olduğu halda, səhvən 72 aya bölünmüşdür. Göstərilənlərlə əlaqədar, iddiaçıya təyin edilmiş əmək pensiyası cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında" yeni qərarla qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanmışdır. Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, 2-1(112)-9907/2025 saylı qərarı ilə (hakim E.A.Abdullayev) iddia tələbi təmin edilərək, cavabdeh tərəfindən pensiyanın yenidən hesablanması barədə qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/3-7- 7046/2024 saylı qərarının ləğv edilməsi və İddiaçı müdaxilədən əvvəlki pensiyanının məbləğinin bərpa edilməsi və onun barəsində “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının yenidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, 2-1(112)-9907/2025 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ... “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi, həmin dəyişikliklə Qanundan çıxarılsa da, aşağıdakı hallarda tətbiq edilməlidir: bu Qanunun qüvvəyə mindiyi günədək, yəni xx.xx.2022-ci il tarixədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanması; həmin günədək, yəni xx.xx.2022-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin günədək, yəni xx.xx.2022-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının yenidən hesablanması. Göründüyü kimi, əlavə olunan həmin keçid müddəa dəyişikliyin qüvvəyə mindiyi tarixədək təyin edilmiş Qanunun 9.1-ci (əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlar), 9.2-ci (hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar), 9.3-cü (mülki aviasiya uçuş və uçuşsınaq heyətində çalışanlar), 9.5-ci (hərbi qulluqçular) və s. maddələrində nəzərdə tutulmuş şəxslərin pensiyasının yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqini nəzərdə tutur. Başqa sözlə, xx.xx.2022-ci il tarixədək həmin maddələr üzrə təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakıayların sayı qədər artırılır. Lakin həmin tarixdən sonrakı dövrdə sözügedən maddələr üzrə yeni təyinatlar üzrə hesablamalar zamanı gözlənilən pensiya ödəniş aylarının sayının artırılması istisna edilmişdir. Bu məsələ ilə bağlı nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq, sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Xüsusilə qeyd olunmalıdır ki, qanunverici pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində müstəqildir (sərbəstdir) (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2010-cu il tarixli Qərarı). Eyni zamanda, Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” 27 mart 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici bu hüquqları tənzimləyərkən geniş mülahizə sərbəstliyinə malikdir. Bu mənada qeyd olunmalıdır ki, pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə mövcud qanunvericiliyə dəyişikliklərin edilməsində qanunverici Konstitusiyanın tələblərini nəzərə almaqla mülahizə sərbəstliyinə malikdir. Göründüyü kimi, digər hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanlarından bilavasitə aslı olduğundan bu sahədə dövlətə (o cümlədən qanunverici orqanına) geniş mülahizə sərbəstliyi verilmişdir. Məhz bu səbəbdəndir ki, sosial təminat sahəsində dəyişikliklə bağlı qanunvericilikdə aktlarında həmin aktların hüquqi qüvvəsini tənzimləyən Keçid müddəaları əlavə olunur. Həmin Keçid müddəalarının nəzərə alınmaması isə onun deklarativ xarakter daşımasına gətirib çıxarar. Eyni zamanda, hər hansı normativ hüquqi aktın bu və ya digər norması tətbiq olunarkən həmin aktın məqsədi, hüquqi funksiyası, habelə həmin sahə üzrə ardıcıl həyata keçirilən dəyişikliklər də mütləq nəzərə alınmalıdır. Bu baxımdan, qanunverici orqan 13 may 2022-ci il tarixli Qanunun 2.2-ci maddəsinin məntiqi davamı olaraq 05 noyabr 2022-ci il tarixli Qanunun 1.13-cü maddəsində Qanunun 45-ci maddəsinə yeni məzmunda ikinci cümlə əlavə etmişdir. Beləliklə, hər iki dəyişiklik dövlətin sosial sahədə siyasətinin maliyyə yükü ilə bağlı olması müddəası ilə uzlaşmaqla Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tətbiq dairəsini müəyyənləşdirir. Bundan əlavə, iddia tələbi onunla əsaslandırılmışdır ki, Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olan 45-ci maddəsinin ikinci cümləsində pensiyanın “yenidən hesablanma” qaydası deyil, “hesablanma” qaydası müəyyən edilmişdir, yəni həmin müddəa pensiyanın yenidən hesablanması hallarına şamil edilə bilməz. Digər tərəfdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalar xx.xx.2022-ci il tarixədək qüvvədə olmamış, 2022-ci ilin aprel ayında ləğv edilmişdir. Göstərilənləri nəzərə alaraq xx.xx.2022-ci il tarixli 175 nömrəli Qaydaların, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci və 45-ci maddələrinin düzgün tətbiq edilmədiyi qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Həmin Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olan 45-ci maddəsinin ikinci cümləsinə əsasən bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Qanunun 45-ci maddəsinin ikinci cümləsində qeyd olunan “hesablanması” ifadəsi ümumi məna kəsb etməklə, həm pensiya təyinatı, həm də Qanunun 37.3.1-ci maddəsində qeyd olunmuş pensiyanın yenidən hesablanması zamanı əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasını ifadə edir. ... Nümunə olaraq qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 05 noyabr 2022-ci il tarixli Qanunun Keçid müddəaları adlanan 2.1-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsi 2023-cü il yanvarın 1-dək həmin Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə də tətbiq edilir. Göründüyü kimi qanunverici yeni tənzimetməni həmin dəyişikliyin qüvvəyə mindiyi tarixədək pensiya təyin edilmiş şəxslərə də aid etmiş və bunu elə həmin dəyişiklik edilməsi barədə qanunun keçid müddəalarında təsbit etmişdir. Analoji qaydada əgər qanunverici hazırkı iş üzrə mübahisələndirilən yeni tənzimetməni həmin dəyişikliyin qüvvəyə mindiyi tarixədək pensiya təyin edilmiş şəxslərə də aid etsə idi, bu elə həmin qanunda öz əksini tapmış olardı. Lakin bunun əksinə olaraq, 13 may 2022-ci il tarixli Qanunda yeni dəyişikliyin həmin qanunun qüvvəyə mindiyi günədək pensiya təyin edilmiş şəxslərə şamil edilməyəcəyi birbaşa göstərilmişdir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edilir ki, qanunverici tərəfindən “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklikliyin təsir dairəsi keçid müddəada müəyyənləşdirildiyindən cavabdeh inzibati orqan tərəfindən hüququn aliliyi və hüquqi müəyyənlik prinsipləri rəhbər tutulmaqla Qanunun keçid müddəasının tətbiq edilməsi qanunvericiliyə zidd hal kimi qiymətləndirilə bilməz. Qanunun 9-cu maddəsinə əsasən əmək pensiyası təyin edilən şəxslərə münasibətdə pensiyanın yenidən hesablanması zamanı Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 45-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı isə məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iş üzrə birinci instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/3-7-7046/2024 saylı qərarı ilə iddiaçının təyin edilmiş əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsi tətbiq edilməklə yenidən hesablanmışdır. İddiaçıya ilk dəfə xx.xx.2009-cu il tarixdə əmək pensiyası təyin edilmişdir. Onun sonuncu əmək pensiyasının məbləği 4111,48 manat olsa da, xx.xx.2024-cü ildən əmək pensiyası 3278,98 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-14-1/2-13-185086/2024 saylı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” məktubu ilə bildirilmişdir ki, “... sizə xx.xx.2009-cu il tarixindən Fondun Bakı şəhər Xəzər rayon şöbəsi tərəfinden güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir... Bununla əlaqədar olaraq, əmək pensiyanız xx.xx.2018-ci il tarixindən 6 il işləməyinizlə əlaqədar yenidən hesablanaraq 1273,01 manatdan 1673,97 manata (indeksləşdirilərək xx.xx.2024-cü il tarixinə 2974,88 manat) artırılıb. Eyni zamanda, pensiyanız yenidən hesablandıqdan sonra yenidən 6 il işlədiyinizə görə, işləyən əmək pensiyaçısı olduğunuz dövrdə fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 84235,70 manat sığorta kapitalına əsasən Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada (84235,70:277 ay (65 il-47 il 11 ay=205 ay+(144 ay-72 ay)=304,10 manat) əmək pensiyanız xx.xx.2024-cü il tarixindən yenidən hesablanaraq 2974,88 manatdan 3278,98 manata (2974,88+304,10) artırılıb. Həmçinin keçmiş müddət üçün sizə ödənilməli olan 1930,81 manat pul vəsaiti hesablanmışdır. Həmin vəsait cari ilin iyun ayından etibarən hissə-hissə əmək pensiyanızın üzərinə əlavə edilərək müvafiq kart hesabınıza köçürülür”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 37.3.1-ci maddəsinə müvafiq olaraq, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 45-ci maddəsinə müvafiq olaraq, bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 6 mart 2006-cı il tarixli 377 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.11-ci bəndinə görə Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 45-ci maddəsinə xx.xx.2017-ci il tarixli 543-VQD nömrəli Qanunla (xx.xx.2017-ci ildən qüvvəyə minmişdir) 45-ci maddəsinə əsasən aşağıdakı məzmunda ikinci cümlə əlavə edilmişdir: “Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.” xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun (xx.xx.2022-ci ildən qüvvəyə minmişdir) 1.11-ci maddəsi ilə həmin Qanunun 45-ci maddəsinin ikinci cümləsi çıxarılmışdır. Yəni Qanunun 45-ci maddəsinə edilmiş dəyişikliklərlə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslər üçün gözlənilən pensiya ödənişi müddəti aylarının sayı: - xx.xx.2017-ci il tarixədək 144; - xx.xx.2017-xx.xx.2022-ci illərdə 144+ güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı; - xx.xx.2022-ci ildən yenidən 144 olmuşdur. Qanunun 1.0.14-cü maddəsinə əsasən, gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir. Gözlənilən pensiya ödənişi müddəti - pensiyaya çıxan şəxsin orta hesabla pensiya alacağı illərin sayını ifadə edir. Bu müddət statistik göstəricilərə əsaslanaraq müəyyən edilir və ölkədəki orta ömür uzunluğu, pensiyaya çıxma yaşı və digər demoqrafik faktorlarla əlaqəlidir. Bu göstərici əsasən aşağıdakı məqsədlər üçün istifadə olunur: 1. Pensiya kapitalının hesablanması – İşləyən şəxsin topladığı pensiya kapitalı onun gözlənilən pensiya ödənişi müddətinə bölünərək aylıq pensiya məbləği müəyyən edilir. 2. Pensiya sisteminin dayanıqlığının təmin edilməsi – Dövlət və ya pensiya fondları pensiya ödənişlərini planlaşdırarkən, gözlənilən ömür uzunluğunu nəzərə alaraq sistemin maliyyə dayanıqlığını təmin edirlər. 3. Fərdi pensiya planlaşdırılması – Şəxslər pensiyaya çıxdıqda, onların yığılmış pensiya kapitalının nə qədər müddətə çatacağını hesablamaq üçün bu göstəricidən istifadə olunur. Qanunvericiliyə nəzər saldıqda aydın olur ki, xx.xx.2017-ci ilədək gözlənilən pensiya ödənişi müddəti bütün əmək pensiyaçılarına münasibətdə 144 ay (12 il) müəyyən edilmişdir. Sonradan, xx.xx.2017-xx.xx.2022-ci illər arasındakı dövrdə həmin müddət 9-cu maddəyə əsasən güzəştli şərtlə pensiyaya çıxan şəxslərə münasibətdə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmış, bununla da xüsusi hallara görə daha tez yaşa görə əmək pensiyası təyin edilmək hüququ olan şəxslərin vəziyyəti ağırlaşdırılmışdır. Sonradan həmin şəxslərin pensiya təmnatı hüququnu digər pensiyaçılara münasibətdə ağırlaşdıran 45-ci maddənin ikinci cümləsini Qanundan çıxarılmışdır. Beləliklə, işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı mülki aviasiyadan 2009-cu ildə güzəştli şərtlərlə pensiyaya çıxmış, pensiyaya çıxdıqdan sonra işləməyə davam etmişdir. Bundan sonra cavabdeh tərəfindən bir neçə dəfə onun pensiyasının yenidən hesablanması aparılmışdır. Cavabdeh iddiaçının pensiyasını sonuncu dəfə xx.xx.2024-cü il tarixli qərarla yenidən hesablamış və hesab etmişdir ki, iddiaçının pensiyası gözlənilən pensiya ödənişi aylarının sayı, güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı cəmlənməklə aparılmalıdır. Beləliklə iddiaçının əmək pensiyasında azalma yaranmışdır. Məhkəmə kollegiyası bununla bağlı və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan AzərbaycanRespublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)-1999/2025 saylı qərardadında aşağıdakılar göstərilmişdir: “ ... 11. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, xx.xx.2025-ci il tarixli, 2- 1(102)- 53/2025 nömrəli qərarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2 fevral 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunverici “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsində pensiyaya çıxmasına baxmayaraq hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. Hazırkı iş üzrə iddiaçının pensiyaya çıxdıqdan sonra işləməsi və onun pensiya kapitalında müvafiq məbləğin toplanması işin mübahisəsiz halıdır və həmin kapital əsasında onun pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablandıqda pensiya məbləği artacaqdır. Bu səbəbdən iddiaçının əmək pensiyası 45-ci maddənin tələbinə əsasən deyil, 37.3.1-ci maddənin tələbinə istinad olunmaqla yenidən hesablanmalıdır”.
12. Hazırkı iş üzrə iddiaçıya xx.xx.2017-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, pensiya təyin edildikdən sonra əmək fəaliyyətinə davam etmiş, fərdi hesabın sığorta hissəsində yığılan pensiya kapitalına əsasən iddiaçının əmək pensiyası bir neçə dəfə yenidən hesablanmışdır. Sonuncu dəfə cavabdeh xx.xx.2023-cü il tarixli qərarla onun əmək pensiyasını yenidən hesablamış, daha sonra yenidən hesablanma zamanı səhvə yol verdiyinə istinad edərək, xx.xx.2024-cü il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin 01 iyul 2017-ci il tarixdən 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsini tətbiq edərək pensiyanı yenidən hesablamış və nəticədə pensiya məbləği azaldılmışdır.
13. Bununla bağlı kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, xx.xx.2025-ci il tarixli 2- 1(102)-2361/2025, xx.xx.2025-ci il tarixli 2-1(102)-2928/2025 nömrəli qərarlarda və xx.xx.2025-ci il tarixli 2-1(102)-2514/2025 nömrəli qərardadda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin ikinci cümləsi qüvvədə olduğu müddətdə pensiyanın yenidən hesablanması qaydasını deyil, məhz pensiyanın təyin edilməsi qaydasını tənzimləyir. Pensiyanın təyin edilməsi və yenidən hesablanması isə fərqli hüquqi anlayışlar olmaqla, fərqli hüquqi tənzimləmələrə tabedir.
14. Bundan başqa, hazırkı iş üzrə cavabdehin mübahisələndirilən 3-17-1/3-3- 8614/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı qəbul edilərkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin ikinci cümləsi qüvvədə olmamış, beləliklə də, cavabdeh istinad edilən keçid müddəalarındakı normaların tələblərinə uyğun olmayan əks yanaşma tətbiq edərək normanın artıq qüvvədən düşmüş ikinci cümləsinə istinad etməklə iddiaçının pensiyasını yenidən hesablamışdır.
15. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, 2-1(112)-9907/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov