Məhkəmə qərarları › İş №2-1(103)-501/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-501/2021

02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-501/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının vəkili Vəkil (“Kredo” Vəkil Bürosu) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4249/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, tərəflər arasındakı hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-22/1 nömrəli xx xxxxxx 2020-ci il tarixli qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsini, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə İddiaçı xx xxxxxxx 2019-cu il tarixli vəsatətini təmin edərək iddiaçı X1çqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, İddiaçı İraq vətəndaşıdır, 29 yaşı var. Etnik mənsubiyyətinə görə ərəb, dini mənsubiyyətinə görə şiədir. Formal təhsili yoxdur, valideynləri İraqın Bağdad şəhərində yaşayırlar. Üç qardaşı, iki bacısı var, onlar da Bağdadda yaşayırlar. O, boşanmışdır. 18 yaşından işləyir, ilk iki ildə plastik torbaları toplayıb satmaqla məşğul olmuş, sonradan 21 yaşından bərbərliyə başlamış və həmin vaxtdan bərbər işləmişdir. Bərbər işlədiyi zaman müasir saç stilləri etmişdir. Həmin vaxt onun Shole adlı bərbərxanası olmuşdur. O, iddia edir ki, onun Azərbaycana gəlməsindən təxminən 1 il əvvəl “Asaib Ahl al-Haq” adlı şiə dini qrupunun üzvləri iş stilinə görə onu təqib etməyə başlamışlar. Bu kimi problemlərlə qarşılaşdığından, o, şəhərin digər hissəsinə, X6 adlı yerə köçmüş və orada bərbər kimi işləməyə başlamışdır. Orada üç ay işlədikdən sonra ona naməlum şəxs zəng etmişdir. Həmin şəxs ona xəbərdarlıq olunmasına baxmayaraq hansı səbəbdən işlədiyini soruşmuşdur. O, iddia edir ki, həmin ərəfədə bir neçə şəxs onun yaşadığı evə yaxınlaşmış və onun istiqamətində atəş açmağa başlamışlar. Bundan sonra o, bərbər kimi işini dayandırmış və 8 – 9 ay işləməmişdir. Başqa işi olmadığından, qazanc əldə edə bilmirdi. İşini davam etdirəcəyi halda, şiə hərbçiləri tərəfindən tapılacağı və öldürüləcəyindən qorxub. Bu səbəbdən İraqı tərk etmiş və xx xxxxxxxx 2019-cu il tarixdə Azərbaycana gəlmişdir. xx xxxxxxx 2019-cu il tarixdə sığınacaq vəsatəti ilə AR Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti ***- **** saylı iş nömrəsi ilə qeydiyyata alınmışdır. Onunla müsahibə aparılmışdır, bu zaman o, bildirmişdir ki, geri qayıdacağı halda şiə hərbi qüvvələri tərəfindən müəyyən edilib öldürüləcəyindən qorxur. AR Dövlət Miqrasiya Xidmətinin xx xxxxxx 2020-ci il tarixli İQ- 22/1 saylı qərarı ilə onun vəsatəti rədd edilmişdir. Xidmət qərarını onunla əsaslandırmışdır ki, ərizəçinin narrativi mötəbər deyil. İddiaçı cavabdehin qərarından şikayət vermiş, şikayət instansiyası 71 saylı x xxxx 2020-ci il tarixli qərarla inzibati şikayəti rədd etmişdir. Şikayət instansiyası qərarını ümumi və qeyri-müəyyən sözlərlə əsaslandırmışdır. Hazırkı işə beynəlxalq hüquq normaları (beynəlxalq müqavilələr), daxili qanunvericilik, eləcə də “yumşaq hüquq" normaları tətbiq edilməlidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Hesab edilir ki, cavabdehin qərarı (əlverişli inzibati aktın qəbul edilməsindən imtina edilməsinə dair akt yaxud imtinaedici akt) qanuni və əsaslı deyil. Qanunilik dedikdə, inzibati aktın maddi və prosessual hüquq normalarına uyğunluğu: əsaslılıq dedikdə, inzibati aktın gəldiyi nəticənin iş materialları ilə təsdiqlənməsi başa düşülür. Dövlət Miqrasiya Xidmətinin qərarında iki fundamental səhvə yol verilmişdir. Belə ki, Xidmət işin mühüm hallarını müəyyən etməmiş və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməmişdir, əsaslı təqib qorxusunun, yaxud real riskin olmamasına dair nəticəyə gələrkən iş üzrə araşdırma aparmamış və şablon ifadələrdən istifadə etmişdir. Qaçqın statusu verilməsi iki mərhələli yoxlamadan ibarətdir. 1-ci mərhələ işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliyinin qiymətləndirilməsi, 2-ci mərhələ əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Mühüm faktların müəyyən edilməsi mərhələsində iddiaçının izahatlarına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliyi qiymətləndirilməlidir. Əsaslı təqib qorxusunun qiymətləndirilməsi mərhələsində isə, müəyyən edilmiş mühüm faktların işığında iddiaçıya münasibətdə əsaslı təqib qorxusunun və real riskin olub-olmadığı yoxlanılmalıdır. Göstərilənlərə və BMT Baş Məclisinin xx xxxx 1951-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş «Qaçqınların statusu haqqında» Konvensiyası və xx xxxxxx 1967-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş «Qaçqınların statusu haqqında» Protokoluna, Azərbaycan Respublikası Ali Sovetinin (Milli Məclisinin) x xxxxxx 1992-ci il tarixli 402 saylı qərarı ilə qoşulmuş 1951-ci il Konvensiyası/1967-ci il Protokoluna, Avropa İnsan Hüquqları Konvensiyası və onun 1, 4, 6, 7 saylı Protokollarına, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1.1.1, 9-cu maddələrinə, «Qaçqın statusunun verilməsi haqqında vəsatətə baxılması haqqında Qaydalar»ına, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19, 21, 36, 45-ci maddələrinə, İPM-in 2.2.2, 33, 35, 38, 73-cü maddələrinə əsaslanaraq, cavabdeh AR Dövlət Miqrasiya Xidmətinin İQ-22/1 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarının qanunsuz sayılaraq ləğv edilməsi və iddiaçının vəsatətinin təmin edilərək ona qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4249/2020 nömrəli qərarı ilə (hakim R.Kərimli) İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «qərarın qanunsuz sayılaraq ləğv edilməsi, iddiaçıya qaçqın statusunun verilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4249/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarına əsasən: - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, MŞ-352-2019 №-li müvəqqəti şəhadətnaməyə dair arayışa əsasən xx.xx.1991-ci ildə anadan olmuş İraq Respublikasının vətəndaşı X2çqın statusu almaq məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə xx xxxxxxx 2019-cu il tarixdə ərizə ilə müraciət etmiş, onun adına ***-**** saylı şəxsi işi açılmışdır. Bu sənəd xx.xx.2020-ci il tarixədək etibarlıdır və Qaydanın 5-ci bəndinə əsasən ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddir. -Azərbaycan Respublikasının Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli, İQ-22/1 saylı “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarı”na əsasən iddiaçıya qaçqın statusu verilməsindən imtina edilmişdir. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx xxxx 2020-ci il tarixli, 71 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarına əsasən qaçqın statusu verilməsindən imtina edilməsinə dair Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli, DMX İQ-22/1 saylı nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir: “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Göründüyü kimi şəxsin qaçqın hesab edilməsi üçün irqi, dini, milli və bu kimi digər əlamətlərinə görə öz ölkəsini tərk etməyə məcbur olmalıdır. İş materiallarında olan qaçqın statusunun verilməsi haqqında xx xxxxxxx 2019-cu il tarixli ***-**** nömrəli vəsatətin (ərizə-anket) 1 №-li əlavəsi olan qeydiyyatı və müsahibəsi zamanı müəyyən еdilmişdir ki, İddiaçı xx xxxxxxx 2019-cu il tarixdə qaçqın statusu verilməsi barədə vəsatətlə cavabdeh AR Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Vəsatət həmin orqanda araşdırılması üçün qeydiyyata alınmış və ***-**** saylı şəxsi iş açılmış, iddiaçı ilə müsahibə keçirilmişdir. İddiaçı müsahibə zamanı iddia ərizəsində göstərilən halları (milliyyətcə ərəb, dini etiqadına görə şiə olmasını, təqiblərə məruz qaldığını və s.) əsas gətirərək ona qaçqın statusunun verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti üzrə inzibati icraat həyata keçirilmiş və gətirilən dəlillər və sübutlar qiymətləndirilərək, iddiaçıya qaçqın statusunun verilməsindən imtina olunması barədə xx xxxxxx 2020-ci il tarixdə qərar qəbul edilmişdir. Qərarda iddiaçı ilə bağlı keçirilmiş inzibati icraatda onun vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmadığı, özünün həmin ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadığının müəyyən edildiyi göstərilmişdir. İddiaçı hazırda cavabdehin imtina barədə həmin qərarını mübahisələndirir və ona qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İş materiallarında olan məhkəməyə təqdim edilmiş mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarından aydın olur ki, iddiaçı bərbər olduğu üçün və müştərilərinin saçına fərqli tərz verdiyi üçün təqib edildiyi, bu işlə məşğul olmadığı müddətdə isə heç bir təhdidə məruz qalmadığını bildirmişdir. O, sonradan başqa iş bacarmadığı üçün İraqda bir müddət işsiz qaldığını, bu səbəbdən də ölkəsini tərk etdiyini etiraf etmişdir. Bundan başqa cavabdeh inzibati orqan tərəfindən iddiaçının pasportuna baxış keçirilərkən onun 2012-2016-cı illər ərzində İrana (bildirdiyinə görə İmam Rzanın məqbərəsini ziyarət etmək məqsədilə) gedib gəldiyi, 2018-ci ilin avqust ayında isə Azərbaycanda olduğu məlum olmuşdur. İddiaçı müsahibə zamanı verdiyi izahatlarından məlum olmuşdur ki, o vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. “Qaçqın statusunun verilməsi haqqında vəsatətə baxılması Qaydası” haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Fərmanının 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin Qaydaların 10-cu maddəsinin ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qaydaların 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən 3 ay ərzində qəbul edir. Həmin Qaydaların 13-cü maddəsinin birinci hissəsinə əsasən şəxs qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalananlara əsasən müəyyən olunur ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamış, heç bir sosial qrupa qoşulmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. Onun qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunmasını mahiyyəti üzrə düzgün olan nəticə kimi qəbul edir və hesab edir ki, onun ləğvi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuzluğu və əsassızlığı ilə bağlı dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4249/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 90, 94, 99-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4249/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar